Məhkəmə qərarları › İş №e-2(011)-3576/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3576/2022

16.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3576/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənəzi zərərə görə təzminat ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – xx.xx.2021-ci il tarixdə qanunsuz və mənəviyyatsız əməllərinin nəticəsi olaraq onu intihar həddinə çatdırdığı üçün Cavabdeh3 vurduğu mənəvi zərəri görə 500 manat təzminat məbləğinin onun xeyrinə tutulması, habelə onun üzərinə iddiaçıdan yazılı şəkildə üzr istəmək öhdəliyinin qoyulması, intihar faktı ilə əlaqədar olaraq Nizami rayon prokurorluğunda aparılan araşdırma zamanı hadisə ilə bağlı bilə-bilə yalan izahatlar verən və nəticə etibarı ilə bu əməlləri ilə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın qəbulunda rol oynayan cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 hər birindən vurduqları mənəvi zərərə görə 250 manat, ümumilikdə 500 manat təzminat məbləğinin onun xeyrinə tutulması, habelə hər iki cavabdehin üzərinə iddiaçıdan yazılı şəkildə üzr istəmək öhdəliyinin qoyulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1999-cu ilin may ayından etibarən “X3 İnstitutu” PHŞ-də həkim-laborant vəzifəsində işləyir. Bu günə qədər davam edən 23 illik əmək fəaliyyəti müddətində iddiaçı bir tibb işçisi kimi əhalinin sağlamlığının keşiyində vicdanla, şərəflə, məsuliyyətlə dayanmağa sözdə deyil, əməldə sadiq olan həkimlərdən olmuşdur. Sözsüz ki, bu xoşməramlı vəziyyətin qalıcı olması üçün münasib əmək şəraiti və müəssisə rəhbərliyi əsas meyarlar sayılır. Birincinin təmini ikincinin mövcudiyyətindən aslıdır. Lakin 2017-ci il 09 fevral tarixində çalışdığı tibb ocağına direktor qismində rəhbər təyin edilən X9 münasib əmək şəraiti anlayışını təsəvvürlərdən belə uzaqlaşdıran ağlasığmaz idarəçilik metodu ilə yadda qaldı və hələ də bu arzuolunmaz vəziyyət təəssüflər olsun ki, davam edir. Sözügedən şəxsin kifayət qədər işçini narazı salan ilk addımı institutun “Klinik diaqnostika laboratoriyası”na şöbə müdiri qismində həmin laboratoriyada həkim vəzifəsində çalışan Cavabdeh3 təyin etməsi oldu. Bu şəxs şöbə müdiri olduğu gündən etibarən tabeliyində çalışan işçilərlə bir lider kimi yox, zülmkar və fitnəkar biri olaraq davranmağa başlamışdır. Müəssisə rəhbərinin xarakterik xüsusiyyətləri baxımından bu təyinat təsadüfi deyildi və zamanla da bu mühakimənin doğruluğu öz təsdiqini tapmış oldu. xx.xx.2021-ci il tarixdə barəsində müəssisə rəhbərliyinə və aidiyyatı dövlət orqanlarına edilmiş çoxsaylı müraciətərə baxmayaraq intizam qaydasında heç bir zəruri tədbir görülməmiş şöbə müdiri Cavabdeh3 növbəti qərəzli, fitnəkar və böhtan xarakterli hərəkətinin təsirinə məruz qalaraq intihara cəhd etmək məcburiyyətini yaşamışdır. Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılsa da xx.xx.2021-ci il tarixdə heç bir qanuni və faktiki əsas olmadan “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Belə bir qərarın qərəzli olaraq qəbul edilməsini iddiaçı qəti istisna etmir. Elə əsaslı ehtimal olunan qərəzli münasibətin təzahürüdür ki, iddiaçı həmin qərarı 6 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə ala bilmişdir. Araşdırmanı aparmış müstəntiq Şahid Məmmədov qəbul etdiyi qanunsuz qərarı belə iddiaçıya göndərməyi qəsdlə gecikdirmiş, ümumiyyətlə belə bir qərarın qəbulu haqqında iddiaçıya şifahi də olsa məlumat verməmişdir. Qəbul edilmiş qanunsuz qərarda haqqında söz açılmış şöbənin işçiləri: X10, X8 və X15 eyni məzmunlu izahatlar verərək həqiqətən şöbə müdiri Cavabdeh3 iddiaçıya qarşı uzun müddəti əhatə edən qanunsuz və mənəviyyatsız davranışlarının mövcud olduğunu təsdiq etmişlər və iddiaçının intihara cəhd etməyinin baiskarı olaraq məhz Cavabdeh3 göstərmişlər. Lakin şöbənin xaraktercə zəif səciyyələnən digər işçiləri: Cavabdeh1 və Cavabdeh2 tamah məqsədilə iddiaçı barəsində və hadisə ilə bağlı yalan olduğunu bildikləri halda qərəzli və həqiqətə uyğun olmayan eyni məzmunlu izahat vermişlər. Burada tamah dedikdə şöbə müdiri Cavabdeh3 onlara qeyri-qanuni yolla pul qazanmaq üçün şərait yaratması gözləntisi başa düşülür. Baxmayaraq ki, hər iki şəxs mütəmadi olaraq şöbə daxilində cərəyan edən neqativ hallarla, mübahisələrə, anlaşılmazlıqlara dəfələrlə şahid olmuşdur. Bu baxımdan təsadüfi deyil ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh3 qanunsuz əməlləri haqqında aidiyyəti orqanlara, onların vəzifəli şəxslərinə ünvanlanmış şikayət ərizəsinə imza atan işçilərindən biri məhz Cavabdeh1 olmuşdur. Xarakter zəifliyi hər iki şəxsin araşdırma zamanı bilərəkdən yalan izahat verməsini gerçəkləşdirmişdir ki, bu da nəticə etibarı ilə iddiaçıya mənəvi zərər vurmuş, faktla bağlı cinayət işinin başlanılmaması üçün bəhanəyə çevrilmişdir. Məhz bu tip şəxslərin xarakter zəifliyindən irəli gələn məddahlığı ucbatından cəzasızlıq şəraiti yaranır; arzuolunmaz hadisənin və onun gerçəkləşməsində məsuliyyət payı olan şəxs və şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi müşkülə çevrilir. Nəticədə iddiaçı kimi faktiki zərərçəkmiş şəxs və şəxslərin hüquqları pozulmuş olaraq qalır. Buna görə də iddiaçı hesab edir ki, X6 və Cavabdeh2 şöbə müdiri Cavabdeh3 iddiaçıya qarşı yol verdiyi cinayət xarakterli əməlin və bu əmələ gətirib çıxaran qanunsuzluqlarının örtbasdır edilməsində tamah məqsədilə rol oynadıqları üçün iddiaçıya mənəvi zərər dəyib və Cavabdeh3 ilə bərabər hər iki şəxs törətdikləri əməlin nəticəsinə görə yaranmış zərərin əvəzini ödəməyə cavabdehdirlər. Qeyd olunanların təsdiqi baxımından əlavə olaraq iddiaçı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, vəziyyət o həddə çatıb ki, hətta institutun direktoru Həqiqət Qədirova belə Cavabdeh3 intizamsız hərəkətlərinə məruz qalmışdır. Buna işçilər də şahid olmuş və akt tərtib edilmişdir. Nəticədə direktor Həqiqət Qədirovanın 19 may 2021-ci il tarixli əmri ilə yaradılmış araşdırma komissiyası şöbə müdiri Cavabdeh3 əmək fəaliyyəti haqqında aşağıdakı məzmunda rəy verilmişdir. Laboratoriya müdiri Cavabdeh3 işində ciddi nöqsanlara yol vermiş, laboratoriya kollektivini birləşdirə və normal iş ahəngi qura bilməmişdir. Hətta son vaxtlar o, institut rəhbərliyinə qarşı itaətsizlik nümayiş etdirmişdir ki, bu haqda TƏBİB-ə təqdimat göndərilmişdir. Nəticə etibarı ilə KDL-də tez-tez münaqişələr baş verir və etik normalara sığmayan davranış nümayiş etdirilir. Göründüyü kimi, müəssisə rəhbərliyi şöbə müdiri haqqında edilən şikayətlərin əsaslı olması ilə əslində razılaşır. Onun mənəvi xüsusiyyətlərinə, qeyri-insani xüsusiyyətlərinə və etik normalara sığmaz davranışlarına bələddir. Bu barədə rəy verir. Lakin zəruri addımlar atmır. Belə çıxır ki, müəssisə rəhbərliyi institutda şöbədaxli konfiliktlərin və özbaşınalıqların olmasında və nəticə etibarı ilə iddiaçını intihara cəhd etmək məcburiyyətini yaşamasında maraqlıdır. Belə olan halda isə əlbəttə ki, mənəvi zərərdən söz açmaq heç də təsadüfi və əsassız sayıla bilməz və belə zərərə gətirib çıxaran əməli pozuntulardan məhkəmə müdafiəsi zəruridir. Çünki bunun başqa alternativi yoxdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Belə ki, iş materiallarında olan X3 İnstitutu haqqında “Bizim.Media” internet saytında xx.xx.2021-ci il tarixində dərc olunmuş “Ağciyər İnstitutunda maliyyə fırıldağı – Covid xəstələri ilə işləməyən həkimlərə maaş yazılır” başlıqlı məqalədə İnstitut barədə qeyd edilən məsələlərin araşdırılması məqsədi ilə xx.xx.2021-ci il tarixli, T/X 119 №-li əmrlə yaradılmış araşdırma komissiyasının xx.xx.2021-ci il tarixli rəyin surətindən görünür ki, kliniki diaqnostik laboratoriyada normal iş ahənginin bərqərar olması məqsədilə Cavabdeh3 və İddiaçı digər tibb müəssisələrinə köçürülməsi və laboratoriyanın ştatının yenidən formalaşdırılması məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə X19 Ərazi Bölmələrinin İdarəetmə Birliyi X3 İnstitutunun xx.xx.2021-ci il tarixli №229 saylı xəbərdarlıq edilməsi barədə əmrin surətindən görünür ki, X3 X4 laboratoriyasının müdiri Cavabdeh3 İnstitutun rəhbəri və kollektivə qarşı subordinasiya qaydalarını pozduğuna görə, Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinin 3-cü bəndinə əsasən, “xəbərdarlıq” edilməsi əmr edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən İcbari Tibbi Sığorta üzrə X19 Ərazi Bölmələrinin İdarəetmə Birliyi X3 İnstitutunda özünü öldürməyə cəhd etməsində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış 1147C-21 nömrəli material Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-762/2022 saylı xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-30/2022 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-30/2022 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat miqdarında cərimə cəzasına məhkum edilməsi, İddiaçı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, Vöen **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001 hesabına köçürülməsi hökm edilmişdir. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X27 (TƏBİB) İdarə Heyətinin sədri X22 X5 X4 Laboratoriyanın müdiri t.ü.f.d Cavabdeh3 tərəfindən ünvanlanmış məktubun surətindən görünür ki, o, Ramin Bayramlıdan sağlam mühitdə, sivil şəkildə, elmə həvəsi olan və komanda şəklində işləmək arzusunda olan kollektivdə çalışmaq istəyini nəzərə alaraq, iş yerinin dəyişilməsində köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X27 (TƏBİB) İdarə Heyətinin sədri X22 X5 X4 Laboratoriyanın əməkdaşları tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, X17 Əsədlinin şər-böhtanları barəsində tədbir görülməsini xahiş etmişdirlər. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2890/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs Elmi X1rşı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti, X12 və X11 cəlb edilməklə “Elmi X5 İnstitutuna tərəfindən əmək münasibətləri çərçivəsində ona qarşı yol verilmiş ayrı-seçkiliyin aradan qaldırılması məqsədi ilə Elmi X5 İnstitutunun “kliniki diaqnostika laboratoriyası”nın müdiri Cavabdeh3 intizam qaydasında cəzalandırması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə cavabdehlərin nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın Cavabdeh3 aid hissəsini araşdıraraq hesab edir ki, iddiaçının iddiası əsassızdır. Belə ki, iddiaçı göstərilən iddiasını cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun özünü intihar vəziyyətinə çatdırması ilə əsaslandırır. Halbuki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla müəyyən olunur ki, İddiaçı Cavabdeh3 hərəkətləri nəticəsində özünü intihar həddinə çatdırması araşdırılma zamanı müəyyən edilmədiyindən, müraciəti üzrə cinayət işini başlanması rədd edilmişdir. Həmçinin iddiaçı digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələblərini yenə cinayət işinin başlanmasının rədd edilməsində rol oynamaları və bununla ona mənəvi zərər dəyməsi ilə əsaslandırır. Belə ki, iddiaçı göstərir ki, cavabdehlər bilə-bilə yalan ifadələr vermiş və nəticədə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddiaçının iddia tələblərinin əsası kimi göstərilən halları araşdıraraq hesab edir ki, həmin hallar yalnız iddia ərizəsində göstərilənlərdən ibarət olmaqla, işin hər hansı halı ilə sübut olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, habelə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun şərəf və ləyaqətinin, işgüzar nüfuzunun alçalması, şəxsi ailə həyatı sirrinin və ya digər hüquqlarının hər hansı şəkildə pozulması müəyyən edilmədiyindən, iddia tələbləri əsassızdır. Məhkəmə həmçinin iddianın cavabdehlərin üzərinə üzr istənilməsi vəzifəsinin qoyulması barədə hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, şəxsin üzərinə “üzr istənilməsi” öhdəliyinin qoyulması Konstitusiya və dövlətimizin qoşulduğu beynəlxlaq sənədlərdə imperativ qaydada müəyyən olunmuş ifadə azadlığının məhdudlaşdırılması, şəxsin ləyaqətinin alçaldılması kimi qəbul edilməlidir. Həmçinin mülki mühakimə icraatında təkzib və cavabla yanaşı, zərərin əvəzinin ödənilməsi ilə mübahisənin həllinə nail olmaq olar. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Odur ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – xx.xx.2021-ci il tarixdə qanunsuz və mənəviyyatsız əməllərinin nəticəsi olaraq onu intihar həddinə çatdırdığı üçün Cavabdeh3 vurduğu mənəvi zərəri görə 500 manat təzminat məbləğinin onun xeyrinə tutulması, habelə onun üzərinə iddiaçıdan yazılı şəkildə üzr istəmək öhdəliyinin qoyulması haqqında, intihar faktı ilə əlaqədar olaraq Nizami rayon prokurorluğunda aparılan araşdırma zamanı hadisə ilə bağlı bilə-bilə yalan izahatlar verən və nəticə etibarı ilə bu əməlləri ilə "cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" xx.xx.2021-ci il tarixli qərarın qəbulunda rol oynayan cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 hər birindən vurduqları mənəvi zərərə görə 250 manat, ümumilikdə 500 manat təzminat məbləğinin onun xeyrinə tutulması, habelə hər iki cavabdehin üzərinə iddiaçıdan yazılı şəkildə üzr istəmək öhdəliyinin qoyulması tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar