Məhkəmə qərarları › İş №e-2(011)-3596/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3596/2025

30.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3596/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi dəyəri 139.500 manat olan 4 ədəd hər biri 100 qramlıq qızıl külçələrini, 9 ədəd qızıl pul sikkəsini (keçmiş rus pul vahidi), 2 ədəd brilyant sırğa-üzük dəstini, 2 ədəd ərəb qızıl dəstini (2 ədəd boyunbağı, 4 ədəd qolbaq, 2 ədəd üzük, 2 ədəd klon), 2 ədəd qızıl qolbaq və 1 ədəd qızıl brilyant qolbağın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh mənim anamdır. Əvvəllər atamla münasibətləri yaxşı olsa da, 2023-cü ilin sonlarında onların ailədaxili münasibətləri kəskinləşdi. Bundan sonra anamın təkidi ilə atamdan xəbərsiz onunla birgə yaşadığımız ünvan 1 ünvandakı evimizdən bütün əmlaklarımızı götürərək mənə məxsus Bakı şəhəri F.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın 39 saylı mənzilinə köçdük. Bakı şəhəri Xətai rayon Məhkəməsinin iş № e-2(011)-4309/2024, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə anamla atamın arasında olan nikah pozulmuşdur. X2 anama və mənə qarşı Bakı şəhəri Xətai rayon məhkəməsində “əqdlərin etibarsızlığı və əmlak tələbi” barədə iddia qaldırmış, mübahisə barışıq sazişinin bağlanması ilə nəticələnmiş və bu haqda məhkəmənin iş № e-2(011)-4352/2024, xx.xx.2024-cü il tarixli qərardadı qəbul edilmişdir. Atamın sözügedən iddia tələbində mənə qarşı tələblər olsa da, əsas tələbi anama qarşı olmaqla birgə nikah müddətində əldə etdikləri daşınar və daşınmaz əmlakın, o cümlədən mənzillərin, evlərin və qızıl-zinət əşyalarının bölünməsi tələbləri də var idi. Valideynlərimin birgə mehriban yaşadıqları dövrdə atam anama və mənə dəfələrlə ad günü və ya qadınlar bayramında qızıl-zinət əşyaları bağışlamışdı və bütün bu əmlaklar anamın bundan ötrü ayırdığı qutuda saxlanılırdı. 2023-cü ilin sonlarında uzun müddət yaşadığımız Şərq küçəsi 118 saylı ünvandakı evdən köçəndə anam evdə olan bütün qızılzinət əşyalarını, o cümlədən atamın mənə verdiyi hədiyyələri də götürdü və təzə məskunlaşdığımız mənzildə yerləşdirdi. Yeni mənzilə köçdükdən bir müddət sonra anam atamın ondan tələb etdiyi bütün qızıl-zinət əşyalarını əvvəlki ərindən olan qızının evində gizlətdi ki, məhkəmə icraçıları onları tapa bilməsin. Ancaq mənə məxsus bütün hədiyyə əşyaları evimizdə qaldı, ona görə ki, atamın iddia əizəsində mənə məxsus qızıl-zinət əşyaları tələb edilmirdi. 2024-cü ilin noyabr ayında mən nişanladım, 06 fevral 2025-ci ilin ayında isə rəsmi nikahla ailə qurdum. Həyat yoldaşımla qərara gəldik ki, mənim təhsilim və onun işi ilə bağlı olaraq onlara məxsus uzaq Buzovna qəsəbəsində yox, mənə məxsus şəhərin mərkəzindəki mənzildə yaşayaq. Ərimlə birgə mənə məxsus mənzildə yaşamaq qərarına gəlməyimiz, buna isə anamın etiraz etməsi, habelə anamın özünə məxsus mənzilə köçmək istəməməsi səbəbindən anamla aramızda narazılıq yarandı və bu narazılıq anamın məni döyməsi ilə sonlandı. 19 fevral 2025-ci il tarixində müyyən etdim ki, mənə məxsus qızıl-zinət əşyaları həmişə olduğu yerdə deyil. Bildim ki, qızıl və brilyantları anam götürüb gizlədib. Buna görə ondan tələb etdim ki, mənə məxsus qızıl-zinət əşyalarını həmən qaytarsın, o isə bundan qəti imtina etdi və anam mənə hücum edərək şiddətli şəkildə döyməyə başladı. Anamın əlindən xilas olmaq və mənə məxsus qızıl-zinət əşyalarını qaytarması üçün AR DİN-nin 102 qaynar xəttinə zəng edərək şikayət etdim. Bir az sonra 2 polis əməkdaşı və cavabdehin vəkili Vəkil2 evimizə gəldi. Polis əməkdaşları anamı sakitləşdirib ona bir daha qanunsuz hərəkətlərə yol verməməsi və mənə məxsus qızıl-zinət əşyalarını qaytarmasını tələb etdilər. Lakin anam bildirdi ki, qızıllar ondadır, ancaq qaytarmayacaq, ona görə ki, əvəzində mənə ev verib. Bir az sonra isə anam bütün əşyalarını yığışdırıb öz mənzilinə köç etdi. Atamın mənə hədiyyə verdiyi qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir: 1) 4 ədəd hər biri 100 qramlıq qızıl külçələr - hər bir külçənin qiyməti 18.000 manat, cəmi 72.000 manat, 2) 2 ədəd brilyant sırğa-üzük dəsti – dəstin birinin qiyməti 15.000 manat, cəmi 30 manat, 3) 9 ədəd qızıl pul sikkəsi (keçmiş rus pul vahidi) – hər birinin qiyməti 1.500 manat, cəmi 13.500 manat, 4) 1 ədəd qızıl brilyant qolbaq – 3.000 manat, 5) 2 ədəd ərəb qızıl dəsti – hər bir dəstə daxildir: 1 ədəd boyunbağı, 2 ədəd qolbaq, 1 ədəd üzük, 1 ədəd klon – hər dəstin qiyməti 7.000 manat, cəmi 14.000 manat, 6) 2 ədəd qızıl qolbaq – hər bir qiyməti 3.500 manat, cəmi 7.000 manat. Tələb edilən qızıl-brilyant əşyalarının ümumi qiyməti: 139.500 manat. Cavabdeh yuxarıda sadalanan qızıl-brilyant əşyalarını birgə yaşadığımız mənzildən köçərkən özü ilə apardı, mənim və polis əməkdaşlarının təkidli tələblərinə baxmayaraq onları geri qaytarmadı, ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edirəm. Məhkəməyə həmin qızıl-brilyant əşyalarının olduğu yerdə çəkilmiş fotosunu, habelə sadalalan qızılzinət əşyalarının cavabdehdə olmasını və mənə olan qərəzi səbəbindən qaytarmamasını təsdiq edəcək şahidlərin siyahısını təqdim edir və həmin şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsini xahiş edirəm. Bakı şəhəri Nərimanov RPİ-nin baş təhqiqatçı, polis kapitanı X13, Bakı şəhəri Nərimanov RPİ-nin əməliyyat müvəkkili, polis mayoru X3, X16, X14, X20, X8. Həmçinin iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, iddiaçının atası Natiq Mehdiyev ilə anası Cavabdeh arasında barışq sazişi bağlananda bildirmişlər ki, qızıllar N.Mehdiyevdə yoxdur, sonradan barışıq bağladılar. Barışıq sazişi ilə qərardadın icrası zamanı cavavdeh Cavabdeh bildirdi ki, o qızıllar məndədir, lakin lombarda qoymuşam. Qeyd olunan qızıllar iddiaçının atasının onun ad günündə, 8 martda aldığı qızıllardır. O qızıllar iddiaçı üçün alınırdı, anası da qutuda saxlayırdı, iddiaçı onları görmüş və yerini də bilirdi. Qızıllar həmişə anasında olurdu, şkafın altında saxlayırdı onları. Anası iddiaçıya dəfələrlə bildirib ki, iddiaçı ona bağışlanan evi qaytarsın, o da onun qızıllarını versin. Bu barədə o polislərin yanında bildirib. İndi də hakim Aynur Abdullayevanın icraatında qızına bağışladığı evin bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı iş davam edir. Xalidə deyib ki, bağışlama ilə bağlı notariusda imtina bağlayaq, sonra qızıllarını verim. 19 fevral 2025-ci ildə bir yerdə yaşayırdı iddiaçı və cavabdeh. Hazırda cavabdeh tərəfindən qızılların verilməməsinin əsası məhz iddiaçının bağışlma müqaviləsini ləğv etməməsidir. Münaqişə zamanı olan şəxslər gəlib şahid kimi ifadə verə bilər. Qızılların şəklini iddiaçının anası 1-2 il əvvəl qızına çəkib göndərib, hansı ki, o zaman cavabdeh əri ilə birgə yaşayanda. Sonda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi: “Mən evdən çıxanda özümə aid paltarları götürmüşəm, qızıl götürməmişəm, mən qızımın qızıllarını götürəsi deyiləm ki, onsuzda, mənim olan hər şey qızımın olur, ona aid şeyləri niyə götürüm ki? Evdən çıxanda vəkilim Könül xanım da yanımda olub, o hər şeyə şahiddir, qızıllar məndə deyil, qızın atasındadır. Məndə heç nə yoxdur, birinci məhkəmə oldu, onda da qızın atası qızılları istəyirdi, orda qızıllar silindi, indi də qızın adından istəyirlər, qız özü dedi ki, “atam məni məcbur edir”. Mən heç qızımın şad günündə belə iştirak etməmişəm, kişi buna imkan vermir, qızımı mənə qarşı doldurur, aramızı elə o pozur. Əgər qızıllar məndə olsa idi, mən niyə qızıma 1 milyon dəyərində evi bağışlayım ki? Mən o evdən qızımın xeyrinə əl çəkmişəm, mənim məqsədim qızıma aid olan qızılları götürmək olsa idi, heç o evdən də əl çəkməzdim. Kişi o evin yarısını qızımın yoldaşına, kürəkəninə bağışlayıb, burda da niyyət bəllidir, qorxur ki, qızım mənə tərəf gələr, bəs sual ortaya çıxır, niyə Natiq o evin yarısını qızın özünə yox, kürəkəninə bağışlayıb? Qudalarımızı ailə içi məsələlərə qatırlar, qızımı məndən əsirgəyirlər. Sadəcə bir məqsəd var: Ana ilə qızın arasını açmaq. Belə eləmək elə kişinin də işinə gəlir. Qızıllar məndə deyil, hər hansı bir şəkil, sənəd göstərsinlər ki, qızıllar məndə olub, yoxdur, yalandan onun üstünə gəlirlər, olmayan şeyləri mənim üstümə atırlar, qız da uşaqdır, atasına görə qalıb belə, qızılları evdə qoyub çıxmışam, özləri bilir, atası qızın əlindən alıb qızılları, yarısı o vaxtdan villada qalmışdı, tələb edilən qızılları bilmirəm, xəbərim yoxdur, biz bir ailə olmuşuq bir yerdə yaşamışıq onlar köhnə şəkillərdir, gətirib təzədən çəkilmiş şəkillər kimi təqdim edirlər, necə ola bilər ki , köhnə şəkilləri yeni kimi təqdim edirlər. (şəkillərə baxır) bunlar evdə idi, kişi almışdı, o vaxtı Qubadakı evə apardı, dedi ki, orda saxlayacam, burda oğurlayarlar, qızın qızılları yoxdur, uşaqdır, mən 25 ilin arvadı olmuşam, normaldır ki, yoldaşım mənə qızıllar alsın, hədiyyə eləsin, elə o qızılları da atası evə, mənə almışdı, kişi işləyib hamısını o alıb, pulu ancaq qızıla verirdi”. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirdi: “Keçmiş ərinin iddiası var idi ki, qızıllar Xalidə xanımdadır. O barədə barışıq sazişi bağlandı. O işdə şəkillər var idi. İndi iddia verib ki, həmin qızıllar mənimdir. Xalidə xanım qızılı götürə bilməz. İş üzrə iddiaçının şahid kimi dəvət etmək istədiyi adamlar hamısı iddiaçının qohumlarıdır. Onlar şahid ola bilməz, polislərə isə etiraz etmirəm, əgər rəy alınacaqsa, ekspert rəyi olmalıdır, çünki o məsuliyyətlə bağlı xəbərdar edilir. Qızıllar elə digər məhkəmə işindəki qızıllardır, yenidən tələb edilir, cavabdeh əgər qızılları götürəcək olsaydı, onda yarım milyon manat dəyərində olan evini qızına bağışlamazdı”. Sonda cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin, işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında xx.xx.1961-ci il təvəllüdlü X16 şahid qismində ifadə verərək bildirdi ki, iddiaçının atasıyam. Həmin qızılları mən qızıma hədiyyə olaraq almışam. Cavabdehə də qızıllar almışam, lakin onları gizlədir, amma iddia tələbində qeyd olunan qızıllar sırf mənim tərəfimdən qızım Leyla üçün alınıb, əlavə bizneslə məşğul olmuşam deyə hər dəfə qazancımdan qızıma qızıl alırdım. Müxtəlif yerlərdən, Laçın Ticarət Mərkəzindən, Moskva Univermağından qızıllar almışam, amma qeyd olunan qızılların 90%-ni Laçın Ticarət Mərkəzində işləyən Nazimdən almışam, cavabdeh də onu çox gözəl tanıyır, onun yanında dəfələrlə olub, satıcı köhnə qonşumuzdur, onu dəvət etsəniz təsdiq edər ki, həmin qızıllar qızım Leylanın adına alınırdı. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında xx.xx.1961-ci il təvəllüdlü X21 şahid qismində ifadə verərək bildirdi ki, Laçın Ticarət Mərkəzində qızıl satıram. X27 ilə də, qızı ilə də gəlib, ən çox tək gəlib. Kislata alıb Leyla gələndə. Xalidə ilə gələndə komplekt alıb. Qızına alanda özü deyib ona alıram. 2 il sinif yoldaşı olmuşam Natiqlə. Xalidəni təqribi 10 ildən çox tanıyıram. 3-cü mərtəbədə 105-ci polkada işləmişəm, yoldaşım da işləyib mənimlə. 2023-cü ilə kimi Laçında işləmişəm. 10 dənə 10-luq qızıl alıb qızına ad gününə, 30-35 dənə 10-luq qızıl, 4-5 külçə, 2 komplekt 750 əyar, 2 dənə ərəb qızılı, 2 qızıl qolbaq, 1 brilyant qızıl qolbaq alıb məndən alıb (təsdiqləyir ki, hamısını alıb), bunların qiymətlərini dəqiq demək mümkün deyil, ancaq təxmini bazar qiymətlərinə uyğun deyə bilər ki, 4 ədəd hər biri 100 qramlıq qızıl külçənin hər birinin qiyməti 18.000 manat, 9 ədəd qızıl pul sikkəsinin hər birinin qiyməti 1.500 manat, 2 ədəd brilyant sırğa-üzük dəstin hər birinin qiyməti 15.000 manat, 2 ədəd ərəb qızıl dəstinin hər birinin qiyməti 7.000 manat, 2 ədəd qızıl qolbağın hər birinin qiyməti 3.500 manat, 1 ədəd qızıl brilyant qolbağın qiymtəi 3.000 manat olar, hazırkı bazar qiymətləri ilə bağlı baxılsa, bəzilərinin qiyməti daha baha olar, qızıllar ona təqdim edilsə, dəqiq qiymətləri deyə bilər, ancaq dediyi qiymtələrdən az ola bilməz, Ərəb qızılını, Leninqrad antikvar olan boyunbağını Xalidənin üstündə görmüşəm. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında xx.xx.1994-cü il təvəllüdlü X13 şahid qismində ifadə verərək bildirdi ki, 19 fevral 2025-ci il tarixində axşam saat 20 radələrində bölmənin növbətçi hissəsindən mənə zəng etdilər ki, işlədiyimiz Nərimanov rayonunun F.Xoyski va Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın "39 saylı mənzilinə getmək lazımdır ona görə ki, həmin mənzildən 102 xidmətinə 2 zəng olub. Mən ve digər polis əmakdaşı Qələndər qeyd edilən ünvana getdik. Mənzilə yaxınlaşanda gördük ki, orda bizdən başqa bir neçə nəfər da var. Mənzilə daxil olub soruşduq ki, 102 xidmətinə kim zəng-edib və nə səbəbə? Məlum oldu ki, sonradan adini öyrəndiyim Xalidə xanım daha əvvəl 102 xidmətinə zəng edib ona görə ki, qızı Leyla evin giriş qapısını bağlayıb onu mənzilə buraxmir. Bunun səbəbini sonradan adını öyrəndiyim Leyladan soruşanda o dedi ki, anam məni döyürdü deyə qorxudan 102- e zəng etdim. Təbii ki biz hər ikimiz Leyla ilə sorgu-suala başladıq ki nəyə görə anası onu döyürmüş, Leyla da cavabında dedi ki, ona məxsus xeyli sayda qızıl-zinət əşyaları anasındadır, o bu qızılları istəyəndə anası verməyib və ondan tələb edib ki, notariusa gedib ona bağışlanan evin müqaviləsini ləğv etmək lazımdır. Leyla bundan imtina edəndə anası Xalidə də onun qızı-zinət əşyalarını mənzildə saxladığı yerdən götürüb və qaytarmır. Mən Leyladan soruşdum ki, ananın qaytarmadığı nə qızıllardır? Leyla da cavabında dedi ki, 4 ədəd hər biri 100 qramlıq qızıl külçə, 2 ədəd brilyant sırğa-üzük dəsti, 9 ədəd qizil pul sikkəsi (keçmiş rus pul vahidi), 1 ədəd qizil brilyant qolbağ, 2 ədəd ərəb qizil dəsti və 2 ədəd qızıl qolbağ ona məxsusdur və anası onlari qaytarmir ona. Bundan sonra mən və digər əməkdaş Xalidəni sorğu suala tutduq va soruşduq ki, niyə qızının qızıllarını qaytarmır. Xalidə hirsli halda cavabında dedi ki, əcəb edib qaytarmır, Leyla nə vaxt onunla notariusa gedib müqaviləni ləğv etsə, onda da qaytaracaq. Xalidədən soruşduq ki, Leyla düzmü deyir, onun indi bizə sadaladığı 4 ədəd qızıl külçə, 9 ədəd qızıl onluq, ərəb qızıl dəsti və digər qızıllar səndədirmi? Xalidə cavabında dedi ki, “bəli məndədir”, ancaq nə qədər ki, Leyla onunla notariusa gedib bağışlama müqaviləsini ləğv etməyib, o da qızıl va brilyantları qaytarmayacaq. Bundan sonra biz hər iki tərəfə bildirdik ki, bu qıizıl falan məsələsi polislik deyil, bundan ötrü məhkəməyə müraciət etməlidirlər. Və çağırışla bağlı Leyladan izahat aldıq, Xalidə izahat vermədi ki, özünə məxsus əşyaları yığışdırıb köçür, Biz də digər rəsmi işlərimizi görüb və hər iki tərəfi sakitləşdirib onlara bir daha məsləhət etdik ki, dava qizil-brilyant davasadırsa bundan ötrü polisə yox, məhkəməyə müraciət etməlidirlər. Budan sonra isə mənzili tərk edib bölməyə qayıtdıq. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında xx.xx.1973-cü il təvəllüdlü X3 şahid qismində ifadə verərək bildirdi ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkiliyəm. Müraciət daxil olub ki, anası deyir evə girə bilmirəm, qızı da deyir ki, anam məni döyür. Evdə Xalidə, onun bacısı, Natiq, Leyla və qayınatası olub. Leyla dedi ki, anam qoyduğum yerdən qızılları götürüb vermir. Soruşdum Leyladan ki, nə qədər qızıldır, dedi ki 100000-dən çox qızıldır, atamın mənə aldığı qızıllardır. Xalidə dedi ki, qızıllar məndədir, bir azını satmışam, qalanı məndədir. Leyla mənə saydı qızılları, külçə, qızıl onluqlar və sair. Dedik ki, qızıllar mülki işdir, bizə aidiyyatı yoxdur. Xalidənin bacısı dedi yığış gedək, Xalidə də özü ilə bir iki şey götürdü getdi. Xalidəni izahat verməyə dəvət elədik. İş materiallarında olan Nərimanov RPİ 18-ci PŞ-nin polis kapitanı E.Kərimovun HK- 1№593 saylı xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:29 radələrində İddiaçı anası tərəfindən döyülməsi barədə AR DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. İş materiallarında olan Nərimanov RPİ 18-ci PŞ-nin polis kapitanı E.Kərimovun HK- 2№849 saylı Raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:26 radələrində Cavabdeh qızı Leyla evinin qapısını bağlayaraq onu evə buraxmaması barədə AR DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. İş materiallarından görünür ki, Mehdizadə X15 RPİ-nin 18-ci PŞ-yə “xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində yaşadığımız ünvanda anam Cavabdeh atamın mənə verdiyi qızıl-zinət əşyalarını istədikdə vermədi və qoluma, bədənimə vuraraq məni döydü. Xahiş edirəm baş vermiş hadisə ilə bağlı qanuni tədbir görəsiniz” məzmunda ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Nərimanov rayon RPİ-nin NH-nın polis mayoru Ə.Məmmədovun xx.xx.2025-ci il tarixli 2_NK №3792/102-2032 saylı raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:25-də DİN-nin 102 Xidməti zəng Mərkəzinə müraciət edən vət. Vəkil2 məlumat verərək, hüquqlarını müdafiə etdiyi Cavabdeh 20 yaşlı qızı İddiaçı ilə aralarında yaranmış münaqişə zəminində qızın 102 Xidmətinə verdiyi müraciət əsasında evə gələn Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşı kimi təqdim edən 2 nəfər əməkdaşın qadına evdən çıxmasını tələb etmələrinə narazılığını bildirmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı, polis kapitanı X4 icraatında olan İddiaçı müraciəti əsasında toplanmış material nəzərdən keçirilib müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında yaşayan İddiaçı DİN-in 102 xidmətinə zəng edərək və Nərimanov RPİ-nin 18-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin tarixdə saat 17:30 radələrində yaşadığı ünvanda anası Cavabdeh atasının özünə verdiyi qızıl-zinət əşyalarını istədikdə verməmiş və qoluna, bədəninə vuraraq onu döymüşdür. Baş vermiş hadisə ilə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Daxil olmuş məlumat mahiyyəti üzrə araşdırılıb müvafiq qərar qəbul edilməsi üçün Şöbənin 1 saylı "Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı" kitabına 539 sayda qeydiyyata alınaraq icraatına daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə Cavabdeh DİN-in 102 xidmətinə zəng edərək qızı Leylanın evinin qapısını bağlayaraq onu evə buraxmaması barədə məlumat vermişdir. Araşdırma zamanı İddiaçı almış olduğu xəsarətlərlə bağlı ekspertizadan keçməsi üçün qərar qəbul edilmiş, ona təliqə verilmiş və Azərbaycan Respublikası CPM-nin 140.0.1-ci maddəsinə əsasən aldığı xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizasından keçməsi izah edilmişdir. İddiaçı təliqəni qəbul etmiş, lakin təhqiqat müddəti ərzində onun tibbi müayinədən keçmədiyi məlum olmuşdur. Odur ki, İddiaçı xəsarət dərəcəsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında ünvan 3 ünvanında mübahisə baş vermişdir. Lakin baş vermiş mübahisə zamanı orada heç bir ictimai qayda pozulmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, digər vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayət olunan qərəzli hərəkətlərxuliqanlıq törədilməmişdir. Göründüyü kimi, İddiaçı ərizəsi əsasında toplanmış materialda çinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən, eyni zamanda heç bir xəsarətin olmadığını nəzərə alaraq cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Cavabdeh İddiaçı qarşı Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, mülki iş hazırda hakim Aynur Abdullayevanın icraatındadır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4352/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə X16 ilə Cavabdeh arasında barışıq sazişinin bağlanması ilə bağlı icraata xitam verilmiş,ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X9 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın bölünməsi tələbinə dair ilkin iddiası; Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X10 qarşı qarşılıqlı iddiasına dair mülki iş üzrə “Birinci tərəf” X16, “İkinci tərəf” Cavabdeh və “Üçüncü tərəf” X17 arasında xx.xx.2024-cü il tarixdə imzalanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmişdir: 2.İddiaçı X6 iddia tələbi üzrə əmlakların bölünməsi və mülkiyyət hüququnun müəyyən edilməsi: 2.1. “Tərəflər” razılaşırlar ki, bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan daşınmaz əmlaklardan İddiaçı adına rəsmiləşdirilmiş "xxxx" MMC-dən alınmış ünvan 4 ünvanında yerləşən B1 binasının 2-ci girişinin 11-ci mərtəbəsində, ümumi sahəsi 171,0 kv.metr olan 4 otaqlı 2 saylı mənzilə görə İddiaçı ilə bağlanmış 29 iyun 2018-ci il tarixli Satış Müqaviləsi üzrə hüquqların ötürülməsinə dair 12 noyabr 2021-ci il tarixli müqavilənin ləğvi və ya etibarsız hesab edilməsi və eyni məzmunlu müqavilənin iddiaçı X7 bağlanması üçün “Üçüncü tərəf” bu Sazişin müvafiq məhkəmə aktı ilə təsdiqindən sonrakı 5 (beş) gün müddətində "xxxx" MMC-yə yazılı müraciət edəcək. 2.2. “İkinci tərəf” və “Üçüncü tərəf” bu Sazişin 2.1-ci bəndində göstərilən mənzil üzərində X6 tam mülkiyyət hüququnu tanıyır, onun bu mənzilə mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmirlər. 2.3. “Tərəflər” razılaşırlar ki, bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan daşınmaz əmlaklardan İddiaçı adına rəsmiləşdirilmiş "xxxx" MMC-dən alınmış Bakı şəhəri Azadlıq prospekti 103 ünvanında yerləşən 1 saylı binanın A bloku, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 117,88 kv.metr olan 2 otaqlı mənzilə görə İddiaçı ilə bağlanmış 08 oktyabr 2021- ci il tarixli, 119 nömrəli müqavilənin ləğvi və ya etibarsız hesab edilməsi və eyni məzmunlu müqavilənin iddiaçı X7 bağlanması üçün “Üçüncü tərəf” bu Sazişin müvafiq məhkəmə aktı ilə təsdiqindən sonrakı 5 (beş) gün müddətində "xxxx" MMC-yə yazılı müraciət edəcək. 2.4. “İkinci tərəf” və “Üçüncü tərəf” bu Sazişin 2.3-cü bəndində göstərilən mənzil üzərində X6 tam mülkiyyət hüququnu tanıyır, onun bu mənzilə mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. 2.5. “Birinci tərəf” bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan daşınmaz əmlaklardan “Üçüncü tərəf”in adına rəsmiləşdirilmiş "xxxx" MMC-dən alınmış Bakı şəhəri F.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın A2 blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 120.13 kv. metr olan 39 saylı 3 otaqlı mənzilə görə iddia tələbindən imtina edir. 2.6. “Birinci tərəf” və “İkinci tərəf” bu Sazişin 2.5-ci bəndində göstərilən mənzil üzərində “Üçüncü tərəf”in tam mülkiyyət hüququnu tanıyır, onun bu mənzilə mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. 2.7. “Tərəflər” razılaşırlar ki, bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan daşınmaz əmlaklardan “Üçüncü tərəf”in adına "xxxx" MTK-dan alınmış Bakı şəhəri Xətai rayonu, Ağ şəhər Fəvvarələr meydanında yerləşən PLOTFS02 layihəsi üzrə tikilmiş binanın 8-ci blok, 4-cü mərtəbəsində ümumi sahəsi 129.7 kv.metr olan 3 otaqlı mənzilə görə bağlanmış 13 oktyabr 2021-ci il tarixli, 004 nömrəli müqavilənin ləğvi və ya etibarsız hesab edilməsi və eyni məzmunlu müqavilənin “Birinci tərəf”lə bağlanması üçün “Üçüncü tərəf” bu Sazişin müvafiq məhkəmə aktı ilə təsdiqindən sonrakı 5 (beş) gün müddətində "xxxx" MTK-ya yazılı müracit edəcək. 2.8. “İkinci tərəf” və “Üçüncü tərəf” bu Sazişin 2.7-ci bəndində göstərilən mənzil üzərində “Birinci tərəf”in tam mülkiyyət hüququnu tanıyır, onun bu mənzilə mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. 2.9. “Birinci tərəf” bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan daşınmaz əmlaklardan “Üçüncü tərəf”in adına rəsmiləşdirilmiş "KONSTRAKSİN KLASS” MTK-dan alınmış Bakı şəhəri Nəsimi rayonu, Mir Qasımov küçəsi, 972-ci məhəllədə inşa edilmiş binanın 7-ci mərtəbəsi, yaşayışın 3-cü mərtəbəsində ümumi sahəsi 120,02 kv.metr olan 3 otaqlı mənzilə görə iddia tələbindən imtina edir. 2.10. “Birinci tərəf” və “İkinci tərəf” bu Sazişin 2.9-cu bəndində göstərilən mənzil üzərində “Üçüncü tərəf”in tam mülkiyyət hüququnu tanıyır, onun bu mənzilə mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. 2.11. “Birinci tərəf” ünvan 6 ünvanında 19 saylı, ümumi sahəsi 50,80 kv.metr olan 1 otaqlı, ünvan 6 ünvanında 103 saylı, ümumi sahəsi 49.30 kv.metr olan 1 otaqlı və ünvan 6 ünvanında 43 saylı, ümumi sahəsi 50,80 kv.metr olan 1 otaqlı mənzillərə görə “Üçüncü tərəf”ə qarşı olan iddiasından imtina edir. 2.12. “Birinci tərəf” və “İkinci tərəf” bu Sazişin 2.11-ci bəndində göstərilən mənzillər üzərində “Üçüncü tərəf”in tam mülkiyyət hüququnu tanıyır. 2.13. “Üçüncü tərəf” bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan ünvan 7 ünvanında 3 saylı evə dair “Birinci tərəf” in tələbini qismən etiraf etməklə Bakı şəhəri 52 saylı DNK-nın 4Ə-274 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin ləğvi və ya etibarsız hesab edilməsi, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, həmin ev üzərində ½ hissədə “Birinci tərəf”in, ½ hissədə isə “İkinci tərəf”in hüquqlarının qeydə alınması üçün bu Sazişin müvafiq məhkəmə aktı ilə təsdiqindən sonrakı 5 (beş) gün müddətində müvafiq icra hakimiyyəti orqanına müraciət və ya sözügedən qaydada bölgünün reallaşması üçün digər zəruri hərəkətlər edəcək. 2.14. “Üçüncü tərəf” bu Sazişin 2.13-cü bəndində göstərilən ev üzərində ½ hissədə “Birinci tərəf”in, ½ hissədə isə “İkinci tərəf”in mülkiyyət hüququnu tanıyır, adları çəkilən şəxslərin bu evə paylarına uyğun mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. 2.15. “İkinci tərəf” bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan mənzillər - AZ 1118, Bakı şəhəri Nizami rayonu, X19 küçəsi, 139, M9, m1 və AZ 1142, Bakı şəhəri Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, 15, M5, m6 üzərində “Birinci tərəf”in tam mülkiyyət hüququnu tanıyır. 2.16. “İkinci tərəf” bu Sazişin 2.15-ci bəndində qeyd edilən mənzillər üzərində “Birinci tərəf”in tam mülkiyyət hüququnun yaranması üçün bu Sazişin notariat, mediasiya və ya müvafiq məhkəmə aktı ilə təsdiqindən sonrakı 5 (beş) gün müddətində özünün mülkiyyət hüququ haqqında müvafiq sənədlərinin ləğvi və “Birinci tərəf”in hüquqlarının qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanına yazılı müraciət və ya digər zəruri hərəkətlər edəcək. 2.17. “Birinci tərəf” bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan AZ 1033, Bakı şəhəri Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 116, M10, m3 (mənzilinə), AZ 1052, Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 79, M5, m3 (mənzilinə) və Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsi, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki, 1950-ci məhəllədə 013 A/2020 saylı, 27 may 2020-ci il tarixli müqavilə əsasında 1-ci blok, ümumi sahəsi 78,19 kv.metr, 6-cı mərtəbədə 2 otaqlı 40 saylı mənzilə görə “İkinci tərəf”ə qarşı iddia tələbindən imtina edir. 2.18. “Birinci tərəf” bu Sazişin 2.17-ci bəndində göstərilən mənzillər üzərində “İkinci tərəf”in tam mülkiyyət hüququnu tanıyır, onun həmin mənzillərə dair tam mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. 2.19. “İkinci tərəf” və "Üçüncü tərəf" bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0,057 ha və 0,13 ha torpaq sahələri (və üstündə tikilmiş, mülkiyyət hüququ qeydə alınmamış ev) üzərində “Birinci tərəf”in tam mülkiyyət hüququnu tanıyırlar. 2.20. “Üçüncü tərəf” bu Sazişin 2.19-cu bəndində göstərilən torpaq sahələrinin “Birinci tərəf”in tam mülkiyyətinə keçməsi üçün Qusar rayonu Çiləgir kəndində yerləşən 0,057 ha torpaq sahəsinin alınmasına dair 30 avqust 2016-cı il tarixli, AN 1- 0575160 nömrəli müqavilənin və 0,13 ha torpaq sahəsinin alınmasına dair 30 avqust 2016-cı il tarixli, ******* nömrəli müqavilənin ləğv (və ya etibarsız hesab) edilməsi, həmin torpaq sahələrinin alınmasına dair müqavilələrin “Birinci tərəf”lə bağlanması üçün bu Sazişin müvafiq məhkəmə aktı ilə təsdiqindən sonrakı 5 (beş) gün müddətində müvafiq notariat orqanına müraciət edəcək və ya digər zəruri hərəkətlər edəcəkdir. 2.21. "Tərəflər" razılaşırlar ki, “Birinci tərəf”in və “İkinci tərəf”in ½ hissədə payları olan əmlakları, o cümlədən ünvan 7 ünvanında 3 saylı evin birgə satılmasına bir-birilərinə mane olmayacaq (bununla bağlı ixtilaf olarsa müvafiq qanunvericiliyə uyğun həll yolu seçiləcək), həmin əmlakdan birgə istifadəyə şərait yaradacaq, evdə olan məişət əşyalarının bərabər qaydada və könüllü bölünməsinə çətinliklər yaratmayacaqlar. 3. İddiaçı X6 həmin iş üzrə digər iddia tələblərindən imtina etməsi: 3.1. “Birinci tərəf” “İkinci tərəf”ə qarşı bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan 1 ədəd üzük, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı və 1 cüt sırğadan ibarət olan 4 dəst "komplekt" ərəb qızıl dəstindən 3 “komplekt” qızıl dəstinin, yaxud onu əvəz edən 30.000 manatın, 1 ədəd üzük, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı və 1 cüt sırğadan ibarət olan 3 dəst "komplekt" qızıl-brilyant dəstinin 2 ədəd “komplekt”ini, yaxud onu əvəz edən 50.000 manatın, 6 ədəd tək brilyant üzüyün 4 ədədinin, yaxud onu əvəz edən 16.000 manatın, 21 (iyirmi bir) ədəd qızıl onluğun (keçmiş rus pul vahidinin) 14 ədədinin, yaxud da onu əvəz edən 14.000 manatın, 445.000 (dörd yüz qırx beş min) manat pul vəsaitinin 2/3 hissəsinin, cəmi 296.667 manatın, həmçinin 01 dekabr 2023-cü il tarixdən hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini alana və icra edilən tarixədək aylıq 2.950 manat olmaqla cəmi məbləğin Cavabdeh alınaraq ona verilməsi tələbindən imtina edir. 4. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iddia tələbi üzrə əmlakların bölünməsi və mülkiyyət hüququnun müəyyən edilməsi: 4.1. "Birinci tərəf" və "İkinci tərəf" razılaşırlar ki, aşağıda adları sadalanan 99TL761 dövlət qeydiyyat nişanlı "Ford Cargo" 3430D Yük avtomobili, 99ST761 dövlət qeydiyyat nişanlı "Ford Cargo" Yük avtomobili, 99RP542 dövlət qeydiyyat nişanlı "Mersedes Benz 208" Mikroavtobus, 99UD505 dövlət qeydiyyat nişanlı "Toyoto Corolla" Minik avtomobili, 10N783 dövlət qeydiyyat nişanlı EO-912 markalı, 92011065 Ban nömrəli nəqliyyat vasitəsi, Bakı şəhəri, Nizami rayonu, 8-ci KM qəsəbəsi, 4085-ci Məhəllənin qərb ünvanında yerləşən torpaq sahəsi və ünvan 10rləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə "Birinci tərəf"in, 1/2 hissədə isə "İkinci tərəf"in mülkiyyət hüququnu tanıyırlar. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, qərardaddan şikayət verilməmiş, barışıq sazişi qanuni qüvvəyə minərək icra olunması üçün icra şöbəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4309/2024 saylı xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə Cavabdeh ilə X16 arasında xx.xx.2002-ci il tarixdə Xətai rayon Qeydiyyat şöbəsində 327 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İş materiallarından görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşı V.Ələkbərli xx.xx.2025-ci il tarixdə Nərimanov rayonu, F.Xoyski küçəsi ev 118, mənzil 44 ünvanda yaşayan İddiaçı izahat almışdır. İddiaçı izahatında bildirmişdir ki, “mənə verilən suallara cavab olaraq mahiyyəti üzrə aşağıdakıları göstərə bilərəm ki, yuxarıda göstərilən ünvanda anam Cavabdeh ilə birlikdə yaşayıram. Bildirirəm ki, valideynlərim boşanmışdır və atamın uşaq yaşımdan mənə hədiyyə verdiyi müxtəlif qızıl-zinət əşyalarımı anam saxlamışdır. Mən artıq evləndiyim üçün və anamdan ayrı yaşayacağım üçün qızıl-zinət əşyalarımı mənə qaytarmağını istədim. Lakin anam gah qızılları satıb pulunu xərclədiyini, gah da özündə olduğunu, lakin verməyəcəyini bildirdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Anamın əsəbləri yerində olmadığı üçün tez özündən çıxır. Mübahisə zamanı anam əli ilə qoluma və bədənimə bir neçə dəfə vurdu. Anam çölə çıxdıqda isə mən qapını bağladım və ona açmadım. Sonra DİN-in 102 xidmətinə zəng edib məlumat verdim. Sual: Həmin vaxt mübahisə nə qədər davam etmişdir? Ətrafda kim var idi? Cavab: Mübahisə təxminən 15 dəqiqə çəkdi, mübahisə zamanı evdə başqa heç kəs yox idi. Sual: Siz mübahisə zamanı xəsarət almısınızmı? Cavab: Xeyr, mən xəsarət almamışam. Sual: Siz mübahisə zamanı qarşı tərəfə xəsarət yetirmisinizmi? Cavab: Xeyr, mən heç kəsə xəsarət yetirməmişəm. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Məhkəmə tibbi ekspertiza təyin edilməsi barədə Nərimanov rayon RPİ-nin 18-ci PŞ tərəfindən qəbul edilmiş Qərarın surətindən görünür ki, İddiaçı bədən xəsarətlərinin olub-olmadığı, olduğu təqdirdə həmin xəsarətlərin ağırlıq dərəcəsini və yerinə yetirilmə predmetini müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizanın təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Nərimanov rayon RPİ-nin 18-ci PŞ-nin polis kapitanı V.Ələkbərlinin xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, İddiaçı şikayəti ilə əlaqədar anası Cavabdeh izahatını almaq üçün ***-***-**-** saylı nömrəsinə tərəflərindən zəng edilmiş, lakin zəngə cavab verən olmamışdır. Bu barədə protokol tərtib edilərək materiala əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə Protokolun surətindən görünür ki, hal şahidlərinin iştirakı ilə vətəndaş İddiaçı şikayəti ilə əlaqədar hadisə yerinə baxış keçirilmiş, vətəndaş İddiaçı anası Cavabdeh qonaq otağında onu döydüyünü bildirmiş, hadisə yerinə baxış axşam vaxtı süni işıqlanma şəraitində keçirilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyinin məhkəmə tibbi Ekspertizasının xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi Birliyin Nərimanov rayon MTE şöbəsində müayinədən keçməyib. Beləliklə, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı anasıdır, Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə iddiaçının atası Natiq Mehdiyev arasında nikah pozulmuş, iddiaçı ilə cavabdeh 2023-cü ildən ünvan 3 ünvanına köçmüşlər, X1 Xalidə Həbib qızı və İddiaçı qarşı “əqdlərin etibarsızlığı və əmlak tələbi” barədə Bakı şəhəri Xətai rayon məhkəməsində iddia qaldırmış, mübahisə barışıq sazişinin bağlanması ilə nəticələnmiş və bu haqda məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı qəbul edilmişdir, hazırkı iddia tələbi müxtəlif vaxtlarda iddiaçının atası tərəfindən ona hədiyyə olaraq alınmış və cavabdeh tərəfindən saxlanılan 4 ədəd hər biri 100 qramlıq qızıl külçə (hər bir külçənin qiyməti 18.000 manat, cəmi 72.000 manat); 9 ədəd qızıl pul sikkəsi (keçmiş rus pul vahidi) (hər birinin qiyməti 1.500 manat, cəmi 13.500 manat); 2 ədəd brilyant sırğa-üzük dəsti (dəstin birinin qiyməti 15.000 manat, cəmi 30.000 manat), 2 ədəd ərəb qızıl dəsti (2 ədəd boyunbağı, 4 ədəd qolbaq, 2 ədəd üzük, 2 ədəd klon) (hər dəstin qiyməti 7.000 manat, cəmi 14.000 manat), 2 ədəd qızıl qolbaq (hər bir qiyməti 3.500 manat, cəmi 7.000 manat), 1 ədəd qızıl brilyant qolbağ (3.000 manat) olan mübahisəli qızıl-zinət əşyalarının qaytarılması barədədir, xx.xx.2025-ci il tarixdə iddiaçı həmin əşyaları anasından istəmiş, bununla bağlı tərəflər arasında mübahisə baş vermiş, bundan irəli gələrək iddiaçı evin qapısını bağlayaraq cavabdehi evə buraxmamış, cavabdehin ona qarşı ciddi müqaviməti ilə rastlaşmışdır, iddiaçı cavabdeh tərəfindən döyülməsi barədə, cavabdeh isə iddiaçı tərəfindən mənzilə buraxılmaması barədə AR DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət etmişlər, bu müraciət üzrə Nərimanov rayon RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən mənzilə baxış keçirilmiş, tərəflər dinlənilmiş, bu zaman cavabdeh adıçəkilən qızılların həqiqətən də onda olduğunu, lakin bir qismini xərclədiyini, bir qisminin isə özündə olduğunu təsdiq etmişdir. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən, əmlakın tələb olunması üçün 3 şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalı, əşya faktiki olaraq özgəsinin sahibliyində olmalı və özgənin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Hazırki iş üzrə mübahisəli iddiaçının izahatı, şahidlərin o cümlədən Nərimanov rayon Pİ 18-ci polis bölməsinin əməkdaşlarının şahid qismində verdikləri ifadələri ilə təsdiq olunur ki, tələb edilən qızılzinət əşyaları iddaçının mülkiyyətundə olmuş, lakin cavabdeh həmin qızıl-zinət əşyalarını buna hüququ olmadan özündə saxlamış və qaytarmamışdır. Belə ki, işin müəyyən olunmuş hallarından, o cümlədən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəfindən verilmiş izahatdan, şahidlərin ifadələrindən göründüyü kimi, iddiaçı özü mübahisəli qızıl zinət əşyalarının mövcudluğunu və birgə yaşadıqları evdə olduğunu, sonradan isə bu qızılların onda olmadığını bildirmişdir, məhkəmə iclasında ifadə verən və qızıl-zinət əşyaların alqı-satqısı ilə məşğul olan digər şahid Nazim Kazımov iddia tələbindəki qızılların ondan alındığını, Natiq Mehdiyevin qızı və arvadı üçün ayrı-ayrılıqda qızıllar aldığını, mübahisəli qızılların elə iddia ərizəsində göstərilən qiymətdə, hətta bəzilərinin bir qədər yüksək qiymətdə olduğunu bildirmiş, xx.xx.2025-ci il tarixində baş vermiş münaqişə ilə bağlı hadisə yerinə gələn polis əməkdaşları ifadələrində “cavabdehin şifahi izahatında adıçəkilən qızılların onda olmasını, bir qismini sataraq pulunu xərcləməsini, bir qisminin isə hazırda onda olmasını təsdiq etdiyini” bildirmişlər ki, bu halda da cavabdehin mübahisəli qızıl-zinət əşyalarının onda olmaması və ya onları qızına verməsinə dair sübutetmə vəzifəsi yaranır, lakin cavabdeh buna dair əsaslı, şübhədənkənar və təkzibolunmaz sübutlar təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, mülkiyyətçi kimi iradəsinə zidd olaraq Cavabdeh olan öz əmlakını geri tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cü maddəsinin üçüncü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.4-cü maddəsinə əsasən, uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Həmin Məcəllənin 55.6-cı maddəsinə əsasən, uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən,əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən,şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən,mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus 4 ədəd hər biri 100 qramlıq qızıl külçə (hər bir külçənin qiyməti 18.000 manat, cəmi 72.000 manat); 9 ədəd qızıl pul sikkəsi (keçmiş rus pul vahidi) (hər birinin qiyməti 1.500 manat, cəmi 13.500 manat); 2 ədəd brilyant sırğaüzük dəsti (dəstin birinin qiyməti 15.000 manat, cəmi 30.000 manat), 2 ədəd ərəb qızıl dəsti (2 ədəd boyunbağı, 4 ədəd qolbaq, 2 ədəd üzük, 2 ədəd klon) (hər dəstin qiyməti 7.000 manat, cəmi 14.000 manat), 2 ədəd qızıl qolbaq (hər bir qiyməti 3.500 manat, cəmi 7.000 manat), 1 ədəd qızıl brilyant qolbağ (3.000 manat), qızıllar olmadıqda isə onların ümumi dəyərini təşkil edən 139.500 (yüz otuz doqquz min beş yüz) manat pul vəsaiti və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 430 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən dövlət rüsumu cavabdehə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 430 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı məxsus 4 ədəd hər biri 100 qramlıq qızıl külçə (hər bir külçənin qiyməti 18.000 manat, cəmi 72.000 manat); 9 ədəd qızıl pul sikkəsi (keçmiş rus pul vahidi) (hər birinin qiyməti 1.500 manat, cəmi 13.500 manat); 2 ədəd brilyant sırğaüzük dəsti (dəstin birinin qiyməti 15.000 manat, cəmi 30.000 manat), 2 ədəd ərəb qızıl dəsti (2 ədəd boyunbağı, 4 ədəd qolbaq, 2 ədəd üzük, 2 ədəd klon) (hər dəstin qiyməti 7.000 manat, cəmi 14.000 manat), 2 ədəd qızıl qolbaq (hər bir qiyməti 3.500 manat, cəmi 7.000 manat), 1 ədəd qızıl brilyant qolbağ (3.000 manat), qızıllar olmadıqda isə onların ümumi dəyərini təşkil edən 139.500 (yüz otuz doqquz min beş yüz) manat pul vəsaiti və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 430 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar