Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3604/2024 14.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh qarşı qızıl-zinət əşyalarının, əşyaların təhvil verilməsi və ya əşyaların dəyərində pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. Məlumat üçün bildirilmişdir ki, iş üzrə Cavabdeh iddiaçının keçmiş gəlinidir. O, iddiaçının oğlu İddiaçı2 ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş lakin “coronavirus” pandemiyası ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə toyları olmuş və həmin tarixdə Birinci Qarabağ müharibəsində şəhid olan qardaşı X1 məxsus olmaqla ondan sonra həmin evdə yaşayan anası X2 yaşadığı köhnə evə gəlin köçmüşdür. Hansı ki, iddiaçı da öz ailəsi ilə birlikdə həmin evdə yaşayır. Aytac gəlin köçəndən sonra onu ailənin üzvü kimi qəbul etmişlər. Aralarında o qədər etibar, inam var idi ki, evdə olan iddiaçılara məxsus olan qızılzinət əşyalarını və eləcə də evin pulunu saxlamaq üçün Aytaca verir, o da öz otağında saxlayırdı. Lazım olan həm qızıllar, həm də pulun bir qismini ondan alıb evin tələbatını ödədikdən sonra yenidən qazanc əldə olunanda pulu saxlamaq üçün Aytaca verirdik. 2023cü ilin may ayının 13-də oğlu Etibarla gəlini Cavabdeh arasında olan ailə münasibətləri pozulmuş və Aytac həmin tarixdə evi tərk edib getmişdir. O, evdən gedərkən öz qızıl-zinət əşyaları ilə yanaşı məxsus olan qızılları, eləcə də ona saxlamaq üçün verdiyi 5100 manat nağd pulu iki ədəd noutebooku da özü ilə aparmışdır. Daha sonra Cavabdeh iddiasına əsasən Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 2(049)-3888/2023 nömrəli qətnaməsinə əsasən onunla iddiaçının oğlu İddiaçı2 arasında olan nikah akt qeydi pozulmuşdur. Eləcə də Cavabdeh əmlak tələbinə dair iddiasına da Lənkəran Rayon Məhkəməsində baxılaraq 14 dekabr 2023-cü il tarixli 2(049)-3889/2023-cü il tarixli qətaməsi ilə iddia təmin edilmişdir. Əvvəllər ailənin bərpa ediləcəyini düşündüyündən məhkəmənin sonunu gözləmişdir. Ancaq artıq başa düşmüşdür ki, ailə dağılmış və Cavabdeh iddiasına əsasən onunla oğlu arasında olan nikah pozulmuş və əmlak məsələləri də öz həllini tapmışdır. Belə olan halda iddiaçı da cavabdehdə qalan əmlaklarının və pulunun qaytarılması tələbinə dair hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdehə məxsus olmayan iki ədəd notebooku, 5100 manat nağd pulu və ona məxsus olmayan qızılları geri qaytarmasını ondan tələb etsələr də o, həmin pulu, qızıl-zinət əşyalarını və noutebookları könüllü olaraq qaytarmamışdır.
İddiaçının tələbi:
2. İddia ərizəsində dəqiq siyahısı qeyd edilmiş qızıl-zinət əşyalarının, onlar olmadıqda onların dəyəri olan 11070 manat pulun, bir ədəd işlənmiş köhnə noutebook, olmadıqda onun dəyəri olan 250 manat pulun, bir ədəd yeni notebook, olmadıqda isə onun dəyəri olan 916 manat pulun, 5100 manat pulun və 142.01 manat dövlət rüsumunun, cəmi 17.478.01 manat məbləğin Cavabdeh tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı heç bir yazılı etiraz məhkəməyə daxil olmamışdır.
Tətbiq edilən hüquq:
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə 191.2. hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
Məhkəmənin mövqeyi:
5. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata AR MPM-nin 261.0.4-cü maddəsinin tələblərinə əsasən, xitam verilməlidir.
6. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilir.
7. Mülki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı qızıl-zinət əşyalarının, əşyaların təhvil verilməsi və ya əşyaların dəyərində pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Daha sonra xx.xx.2024-cü il tarixdə İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək iddiaçıların iddiadan imtina etdiyini qeyd etmiş və məhkəmədən mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
8. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçılar qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiadan imtina etdiklərindən və həmin imtina məhkəmə tərəfindən qəbul edildiyindən mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən xitam verilməlidir.
9. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir.
Məhkəmə xərcləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır.
11. Qeyd edilən qanunvericilik normasına əsasən, ərizəçinin tələbi üzrə mülki iş üzrə icraata xitam verildiyindən ərizə verilərkən ödənilmiş 143 manat dövlət rüsumu geri qaytarılmalıdır.
12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 261 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı qızıl-zinət əşyalarının, əşyaların təhvil verilməsi və ya əşyaların dəyərində pul tələbinə dair tələbinə dair mülki iş üzrə icraata xitam verilsin.
2. İddiaçı3 tərəfindən Kapital Bank ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ödənilmiş ********** qəbz nömrəli 143 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın.
3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova