Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3622/2024 26.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə) “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə) “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, son iş ayı üzrə 750 manat əmək haqqı məbləği, istifadə edilməmiş 70 günlük məzuniyyət hüququnun əvəzi olan 1.726 manat pul məbləğinin və 60 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Cavabdeh MMC-də ekspeditor vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixində isə öz ərizəsi ilə işdən azad olunmuşdur. Lakin dəfələrlə müraciət etməyinə baxmayaraq adı Cavabdeh MMC tərəfindən nə ƏMAS sistemində silinmişdir, nə də son haqq hesabı ödənilmişdir. Qeyd olunan vəziyyət ilə bağlı xx.xx.2023-cü il tarixində və xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-nə rəsmi müraciət edərək adının ƏMAS sistemindən silinməsi və son haqq hesabının ödənilməsini tələb etmişdir. Lakin Cavabdeh MMC tərəfindən müraciətinə heç bir cavab verilməmişdir, adı ƏMAS sistemindən Cavabdeh MMC-nin işçisi kimi silinməmişdir və son haqq-hesabı ödənilməmişdir. Dəfələrlə işə düzəlməyə çalışsa da, adının ƏMAS sistemində Cavabdeh MMC-nin işçisi kimi qalması səbəbi ilə əmək müqaviləsi bağlaya bilməmişdir. xx.xx.2024-cü il tarixində X1 Xidmətinə zəng edərək şikayətini bildirmişdir. xx.xx.2024-cü il tarixində isə X1 Xidmətinə məktub şəklində rəsmi müraciət etmişdir. xx.xx.2024-cü il tarixində onu X1 Xidmətinə çağıraraq izahatını yenidən aldılar. Həmin gün X1 Xidməti tərəfindən sistemdən çıxarılaraq ona təqdim olunmuş əmək müqaviləsi bildirişinə dəyişiklik barədə arayışda Cavabdeh MMC tərəfindən ƏMAS sistemində xx.xx.2022-ci il tarixindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi və bu məlumatın xx.xx.2024-cü il tarixində sistemə işdəndiyi məlum olmuşdur. Lakin bu günə qədər Cavabdeh MMC tərəfindən son haqq-hesabı ödənilməmişdir. Cavabdeh MMC-də işlədiyi 2 il 4 ay ərzində bir gün belə məzuniyyət hüququndan istifadə etməmişdir. Cavabdeh MMC-də 750 manat əmək haqqı almağına baxmayaraq 2021-ci ilin sentyabr ayına qədər əmək haqqını kartdan istifadə etməyərək nağd şəkildə almışdır. 2021-ci ilin sentyabr ayından etibarən əmək haqqının bir qismi "xxxx" tərəfindən verilən kart hesabına köçürülürdü. Qalıq hissəsini isə yenə də nağd şəkildə almışdır. Lakin son ayın əmək haqqı məbləği olan 750 manat və istifadə etmədiyi 70 günlük ümumi məzuniyyət hüququnun kompensasiya məbləği olan 1.726 manat miqdarında məbləğ Cavabdeh MMC tərəfindən ona ödənilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 sonradan tələbin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ödənilməmiş son ayın əmək haqqı məbləği olan 750 manat məbləğin, istifadə edilməmiş 70 günlük məzuniyyət hüququnun əvəzi olan 1.726 manat məbləğinin və Cavabdeh MMC tərəfindən İddiaçı əmək hüquqlarının 13 ay ərzində pozaraq adının ƏMAS sistemindən çıxarmamaqla ona vurulmuş maddi zərərin kompensasiyası olan 4.485 manat məbləğinin Cavabdeh MMCdən tutularaq İddiaçı verilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, mıəhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “ekspeditor” vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmış və müqavilədə aylıq əmək haqqı 250 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-17-7/2-C-1645/2023 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən İddiaçı (FİN xxxxxxx) Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsi (müqavilənin statusu: qüvvədədir; sənədən nömrəsi: xxxxxxx000201; iş yeri: əsas; müqavilənin bağlanma növü: müddətsiz; aylıq əmək haqqı: 500 manat; vəzifənin adı: ekspeditor) xx.xx.2024-cü il tarixinə qüvvədədir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, “Baş ofis” bölməsində “ekspeditor” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2. “a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-Q- 11864/2024 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı 3 saylı Bakı DOST Mərkəzinə teqdim etdiyi izahatında əmək müqavilasinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixində öz ərizəsi əsasında işdən azad edildiyini, lakin müəssisə tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin xx.xx.2024-cu il tarixində “Əmək va Məşğulluq” altsisteminə daxil edildiyini, son haqq-hesabının ödənilmədiyini və əmək haqqına dair bank çıxarışını yaxın zamanda təqdim edəcəyini bildirmişdir. Eyni zamanda Cavabdeh MMC-nin ünvanına (AZ1142, ünvan 14 nömrəli xx.xx.2024-cü il tarixli məktub (SS873210510AZ) göndərilmiş və İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, məktub müəssisəyə xx.xx.2024-cü il tarixində çatdırılmış, lakin müəssisə tərəfindən sənədlər təqdim edilmədiyindən müraciətin baxılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəflərindən Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin “Əmək va Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı və Cavabdeh MMC-nin işəgötürəni arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildirişin xitam tarixi xx.xx.2022-ci il tarixi göstərilməklə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən qüvvədən düşdüyü məlum olmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Cavabdeh MMC tərəfindən X1 Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. İş materiallarında olan İddiaçı aid "xxxx" ASC-nin bank hesabı çıxarışından görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 237,75 manat, xx.xx.2021-ci il tarixdə 451,50 manat əmək haqqı ödənişi edilmişdir. İş materiallarında olan İddiaçı aid "xxxx" ASC-non bank hesabı çıxarışından görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə - 237,75 manat, xx.xx.2021ci il tarixdə - 282,50 manat, xx.xx.2021-ci il tarixdə - 237,75 manat, xx.xx.2021-ci il tarixdə - 461,50 manat, xx.xx.2022-ci il tarixdə - 461,50 manat, xx.xx.2022-ci il tarixdə - 456,50 manat, xx.xx.2022-ci il tarixdə - 456,50 manat; xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərində hər dəfə 451,50 manat məbləğində əmək haqqı ödənişi edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən təqdim edilmiş İddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin hesablanması barədə cədvəldən görünür ki, iddiaçıya xx.xx.2020-xx.xx.2022-ci il tarixlərində qüvvədə olan əmək müqaviləsi üzrə əmək məzuniyyəti 21 gün, aylıq əmək haqqı 500 manat nəzərə alınmaqla, 2020, 2021, 2022-ci illər üzrə cəmi 733,25 manat pul əvəzi hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Cavabdeh MMC-də “ekspeditor” vəzifəsində çalışmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşübbüsü) xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi təşəbbüsünü işçi İddiaçı tərəfindən irəli sürülmüşdür. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Göründüyü kimi, iddiaçı son dəfə əmək haqqını xx.xx.2022-ci il tarixdə alsa da, faktiki olaraq son iş günü xx.xx.2023-cü il tarixi olmuşdur. Təklif olunmasına baxmayaraq, iddiaçıya aid əmək haqqının ödənilməsi barədə haqq-hesab sənədləri cavab tərəfindən təqdim edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixindən sonra son-haqq hesabın verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının ona ödənilməyən son əmək haqqının ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı əmək haqqının 750 manat olduğunu bildirməsinə baxmayaraq, bunu təsdiq edən sübutlar olmadığından əmək haqqı məbləği 500 manat olaraq hesablanmalıdır. Təklif edilməsinə baxmayaraq, cavabdeh tərəfindən haqq-hesab sənədləri təqdim edilmədiyindən, məhkəmə iş materiallarındakı bank çıxarışına əsasən müəyyən etmişdir ki, iddiaçı 2022-ci ilin noyabr ayına aid əmək haqqını xx.xx.2022-ci il tarixdə almışdır, dekabr ayı üzrə 27 gün üçün əmək haqqı iddiaçıya ödənilməmişdir. Buna görə də həmin günlərin əmək haqqısı olan 449,82 manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. (aylıq əmək haqqı 500 manat olduqda, 1 gün üçün əmək haqqı – 16,65 manat, 27 gün üçün əmək haqqı 449,82 manat olaraq hesablanmışdır). İddiaçının xx.xx.2022-ci il tarixdən işə çıxmaması ilə əlaqədar cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əmək müqaviləsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olması iş materialları ilə təsdiq olunduğu halda, sonuncunun qeyd olunan vaxtda işləməməsi iş materialları ilə sübuta yetirilməmişdir. Məhkəmə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olan 1.726 manat məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” barədə iddia tələbini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə qismən əsaslıdır. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən, Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin Məcəllənin 110-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Qeyd edilən Məcəllənin 110-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Göstərilən Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Yenə Həmin Məcəllənin 143-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məcəllənin 114-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Qanunvericinin tələbindən göründüyü kimi, işçinin istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya tələb etmək hüququ vardır. Tərəfərin izahatları ilə müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı cavabdeh müəssisədə çalışdığı müddətdə əmək məzuniyyətinə çıxmamışdır və hər hansı pul əvəzi almamışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən təqdim edilmiş İddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin hesablanması barədə cədvəldən görünür ki, iddiaçıya xx.xx.2020-xx.xx.2022-ci il tarixlərində qüvvədə olan əmək müqaviləsi üzrə əmək məzuniyyəti 21 gün, aylıq əmək haqqı 500 manat nəzərə alınmaqla, 2020, 2021, 2022-ci illər üzrə cəmi 733,25 manat pul əvəzi hesablanmışdır. İddiaçının nümayəndəsi həmin cədvəl üzrə ümumi hesablanmanın aparılması qaydası ilə razılaşdığını bildirmişdir. Onun etirazı aylıq əmək haqqının 750 deyil, 500 manat olaraq nəzərə alınması ilə bağlı olmuşdur. Məhkəmə tərəflərin məzuniyyət günlərinə görə pul əvəzinin hesablanması qaydası ilə razılaşdıqlarını və aylıq əmək haqqının 500 manat məbləğindən artıq olmasını təsdiq edəcək sübutların işdə olmadığını nəzərə alaraq, hesab edir ki, sözügedən arayışın məlumatları əsas götürülməklə, iddia tələbi istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin tutulması hissəsində qismən təmin edilərək, 733,25 manat pul əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh MMC tərəfindən İddiaçı əmək hüquqlarının 13 ay ərzində pozularaq adının elektron əmək bildirişi sistemindən çıxarmaması nəticəsində vurulmuş maddi zərərin kompensasiyası kimi 4.485 manat məbləğinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericinin tələbindən göründüyü kimi, əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Əldən çıxmış fayda əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Bundan əlavə, əldən çıxmış faydanın ölçüsü, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərə alınmaqla müəyyən olunmalıdır. Lakin iddiaçı əldən çıxmış faydanın yaranması ilə bağlı sübutları, yəni digər iş yerlərinə dəvət olunmasına baxmayaraq, cavabdeh təşkilatın işçisi kimi qeydiyyata alınması səbəbindən işə düzələrək gəlir əldə edə bilməməsini və bununla bağlı əldə çıxmış faydanın həcmini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının məhrum olduğu gəlirləri əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərinin gedişatı da iş materialları ilə müəyyənləşdirilməmişdir. Odur ki, 4.485 manat məbləğində maddi zərərin tutulması hissəsində iddia tələbləri təmin edilməməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən iddiaçılar əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəməmişdir (əmək hüquqları ilə bağlı iddia üzrə rüsumdan azaddır), mediasiya təşkilatına 60 manat ödəniş etmişdir. İddiaçının iddia tələbi qismən təmin edildiyindən və o, dövlət rüsumunu ödəməkdən azad olunduğundan iş üzrə 100 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Əldən çıxmış fayda ilə bağlı dəymiş zərərin ödənilməsi hissəsində iddia tələbləri təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci nəzərə alınaraq, qalıq olan 15,85 manat dövlət rüsumunun kəsiri İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia tələbləri qismən təmin edildiyindən, iddiaçının çəkdiyi mediasiya xərci olan 50 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia tələbləri qismən təmin edilsin. 449,82 (dörd yüz qırx doqquz manat səksən iki qəpik) manat məbləğində əmək haqqı məbləği və 733,25 (yeddi otuz üç manat iyirmi beş qəpik) manat istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olmaqla, cəmi 1.183,07 (min bir yüz səksən üç manat yeddi qəpik) manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. 15,85 (on beş manat səksən beş qəpik) manat dövlət rüsumunun kəsiri İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3622/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3622/2024
26.07.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver