Məhkəmə qərarları › İş №e-2(011)-3624/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3624/2024

20.06.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3624/2024 20.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və 6 saylı Notariat ofisinə qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh2 və 6 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Bakı şəhəri 6 saylı Notariat ofisində 05 oktyabr 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh2 ilə arasında AN-İ №1193310 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi, həmin torpaqdan iddiaçının istifadəsi ilə əlaqədar yaranan maneələrin aradan qaldırılması və cavabdehin, cavabdeh tərəfindən iddiaçıya ödəməli olduğu 53.000 manat pul vəsaitinin gecikdirilməsi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq 11.000 manat pul vəsaitinin, eyni zamanda dövlət rüsumu və hüquqi yardıma görə ödəniliş pul vəsaitlərinin cavabdeh X1 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 6 saylı Notariat ofisində 05 oktyabr 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında AN-İ №1193310 saylı alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, satıcı İddiaçı ƏMDK-nın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən 14 sentyabr 2022-ci il tarixdə verilmiş **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsini Cavabdeh2 63.000 manata satmış, alıcı Cavabdeh2 həmin pul vəsaitinin 10.000 manatını dərhal ödəmiş, 53.000 manatını isə 15 dekabr 2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 5-ci bəndində göstərilən şərtləri, mənzilin dəyərinin 53.000 manat hissəsinin sonradan isə 15 dekabr 2023-cü il tarixədək ödənilməsi göstərilsə də, lakin hal-hazıradək cavabdeh tərəfindən ödənilmədən borcu qalmışdır. Qeyd edilən müqavilənin bu bəndinin şərtləri pozulduğundan və sahənin dəyəri ödənilmədiyindən, götürülən öhdəliklər vaxtında və lazımınca yerinə yetirilmədiyindən bu hal son nəticədə iddaçıya ziyan vurmaqla nəticələnmişdir. Belə ki, iddiaçı ticarətlə məşğul olur. Mütəmadi olaraq ona nağd qaydada pul vəsaiti lazım olur. Qeyd olunan torpaq sahəsini satmaqda məqsədi həmin pulla dövriyyəsini artırmaq olmuşdur. Onun faktiki vəziyyətdə satış qiyməti 53.000 manat olan “Darhan” markası olan Seysmik asqı sistemləri və “İnka” markası olan bərkidici asqı sistemləri materialları almaq olmuşdur. Həmin sistemləri işlədiyi “AR X3” MMC şirkəti üzərindən 74.200 manat satış edərək azı 11.000 manat məbləğində gəlir əldə edəcəkdi. Lakin cavabdehin həmin pul vəsaitini verməməsi səbəbindən iddiaçı planladığı işi görə bilməmiş və nəticədə ona 19.000 manat maddi ziyan dəymişdir. Eyni zamanda pulun ödənilməməsi və işlərin ləngiməsi ilə əlaqədar olaraq iddiaçı əsəbləşərək hətta infakt vəziyyətinə çatmışdır. Əsəb gərginliyi ona stress yaşatmış və o, təzyiq xəstəliyi tapmışdır. Bu isə son nəticədə şəkər xəstəliyinə əsaslar yaradır. Cavabdehin yaxınlarına bunu bildirdikdə onların laqeyd olmaları onu çox sarsıtmışdır. Bu səbəbdən də, əlacsız olaraq cavabdehin qeydiyyatda olduğu ünvana işə əlavə olunmuş mətndə bildirişlər göndərilmiş, cavabdehin hərəkətlərinin mülki-hüquq normalarına zidd olmasını nəzərə alaraq, müqavilə öhdəliklərinin tez bir müddət ərzində təmin etməsini, əks halda müqavilə şərtlərinə uyğun olaraq bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsi və torpaq sahəsinin iddiaçının tam sərəncamına keçirməklə qaytarılması barədə xəbərdar edilmələri barədə 10 fevral 2024-cü il tarixli bildiriş təqdim edilsə də, heç bir nəticə əldə edilməmişdir. Cavabdeh həmin bildirişə heç bir cavab belə verməmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, alğı-satqı müqaviləsinin ləğv edilməsi, sahiblik hüquqlarının bərpa edilərək əmlakdan istifadəyə maneələrin aradan qaldırılması barədə iddia tələbinin hüquqi əsaslı olmasını hesab edir. İddiaçı hesab edir ki, əldən çıxmış fayda və dəymiş zərər 11.000 manat təşkil edir. Bundan əlavə iddiaçı məhkəməyə iddia verərkən 100 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi ilə bağlı 300 manat pul vəsaitini “Verdiktum” vəkil bürosunun müxbir hesabına göndərmişdir. Bu vəsaitlər də cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 6 saylı Notariat ofisində 05 oktyabr 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında AN-İ №1193310 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, cavabdehin iddiaçıya ödəməli olduğu pul vəsaiti, yəni 53.000 manat pul vəsaitinin gecikdirilməsi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq 11.000 manat pul vəsaiti, eyni zamanda iddiaçı tərəfindən məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş pul vəsaitlərinin cavabdeh X1 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh2 (əvəzinə Akbar Alı) arasında 05 oktyabr 2023-cü il tarixdə AN-İ №1193310 saylı alğı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsini 63.000 manata cavabdehə satmışdır. Cavabdeh 63.000 manatın ilkin olaraq 10.000 manatını notariusun depozit hesabına ödəməyi, qalan 53.000 manatı isə 15 dekabr 2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı müqavilənin ləğv etmək niyyətini cavabdehə bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 1-ci bəndinə görə, hər kəsin mülkiyyət hüququ vardır. 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsini 63.000 manata cavabdehə satmağı, cavabdeh 63.000 manatın ilkin olaraq 10.000 manatını notariusun depozit hesabına ödəməyi, qalan 53.000 manatı isə 15 dekabr 2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımınca icra edilmədiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin “Bakı şəhəri 6 saylı Notariat ofisində 05 oktyabr 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında AN-İ №1193310 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək müqavilə üzrə razılaşdırılmış məbləğdə pulu ödəmədiyindən iddiaçı da müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Odur ki, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 05 oktyabr 2023-cü il tarixdə bağlanmış AN-İ №1193310 saylı alğı-satqı müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, nə qədər ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi ləğv edilir, müqavilə predmeti olan torpaq sahəsi də cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehin iddiaçıya ödəməli olduğu pul vəsaiti, yəni 53.000 manat pul vəsaitinin gecikdirilməsi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq 11.000 manat pul vəsaitinin cavabdehdən alınaraq iddidaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, iddiaçının vəkili hüquqlarını müdafiə etdiyi şəxsin ticarətlə məşğul olmasını, mütəmadi olaraq nağd qaydada pul vəsaitinin lazım olduğunu, torpaq sahəsini satmaqda məqsədinin alınan pulla dövriyyəsini artırmaq olduğunu və əldə edəcəyi pulla şirkət üzərindən 74.200 manat satış edərək azı 11.000 manat məbləğində gəlir əldə edəcəyini qeyd etsə də, həmin halları sübuta yetirəcək mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi dəymiş zərərin əvəzi olaraq 11.000 manat pul vəsaitinin cavabdehdən alınaraq iddidaçıya ödənilməsi hissəsində rədd edilməlidi. Məhkəmə iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş pul vəsaitlərinin cavabdeh X1 alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tərəf hazırkı məhkəmə iclasında müdafiəçi ilə təmsil olunsa da, hüquqi yardım üçün çəkdiyi və cavabdehdən tutulmasını istədiyi xərcin dəqiq məbləğini iddia ərizəsində qeyd etməmiş, iş materialları ilə də bu halı müəyyən etmək mümkün olmamışdır. Odur ki, iddia bu hissədə təmin edilə bilməz. Odur ki, məhkəmə yuxarıda istinad olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında 05 oktyabr 2023-cü il tarixdə bağlanmış AN-İ №1193310 saylı alğı-satqı müqaviləsi ləğv edilməli, müqavilə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi Cavabdeh2 alınaraq İddiaçı qaytarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 123 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi dəymiş zərərin əvəzi olaraq 11.000 manat pul vəsaitinin cavabdehdən alınaraq iddidaçıya ödənilməsi hissəsində rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 123 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında 05 oktyabr 2023-cü il tarixdə bağlanmış AN-İ №1193310 saylı alğı-satqı müqaviləsi ləğv edilsin. Müqavilə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi Cavabdeh2 alınaraq İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar