Məhkəmə qərarları › İş №e-2(011)-3686/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3686/2022

24.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3686/2022 24.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “sənədlərin təqdim edilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı – xx.xx.2018-ci il tarixində Cavabdeh MMC-nin "xxxx"da neyrocərrah Fərid Təqdirov tərəfindən üzərində keçirilmiş cərrahi əməliyyatla əlaqəli Cavabdeh MMC-nin "xxxx"ın xx.xx.2018-ci il tarixli ona dair “Tibbi xidmətlər barədə” müqaviləsi; Cavabdeh MMC-nin "xxxx"ın xx.xx.2018-ci il tarixli ona dair “Cərrahi əməliyyatın Protokolu”, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilmiş “VEP (Beyin və göz arasında görmə traktları) müayinə raportlarının nəticələri, xx.xx.2018-ci il tarixində “MedEra Hospital”da “Beynin MRT müayinəsi” və “Orbital MRT müayinəsi” Diaqnostika nəticə hesabatları və xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində keçirilmiş “Baş beyin MRT müayinə (kontrastlı) raporu”, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Oftalmologiya Şöbəsində keçirilmiş “Oftalmoloji müayinə rapor”larının nəticələri, xx.xx.2018-ci il tarixində “Memorial Klinik” Tibb Mərkəzində “Qanda şəkərin analizi” nəticələri sənədlərinin surətinin ona təqdim edilməsi və iddia tələbi ilə bağlı məhkəmə xərclərinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.2018-ci il tarixində Cavabdeh MMC-nin "xxxx"ında neyrocərrah Fərid Təqdirov tərəfindən əməliyyat olunmuşdur. F.Təqdirovun xahişinə əsasən həmin cərrahi əməliyyatdan öncə və sonra xəstəliyinin gedişatının müşahidə edilməsi məqsədilə keçirdiyi tibbi müayinələrin nəticələrinə dair sənədlərin əsli "xxxx"a təqdim edilmişdir. O cümlədən - xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilmiş “VEP (Beyin və göz arasında görmə traktları) müayinə rapor”larının nəticələri; xx.xx.2018-ci il tarixində “Medera Hospital”da “Beynin MRT müayinəsi” və “Orbital MRT müayinəsi” Diaqnostika nəticə hesabatları və xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində keçirilmiş “Baş beyin MRT müayinə (kontrastlı) raporu” (bunlara dair CD disklərlə), xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Oftalmologiya Şöbəsində keçirilmiş Oftalmoloji müayinə raportlarının nəticələri, xx.xx.2018-ci il tarixində “Memorial Klinik” Tibb Mərkəzində “Qanda şəkərin analizi” nəticələri. Lakin iddiaçının etdiyi çoxsaylı sorğulara əsasən "xxxx"ın rəhbərliyi tərəfindən adı çəkilən sənədlər iddiaçıya qismən təqdim edilmişdir (epikriz və klinikada keçirilmiş müayinələrin surəti). Bu barədə iddiaçı həmin tibb müəssisəsinə də, əlaqədar dövlət orqanlarına da etdikləri müraciətlər nəticəsiz qalmış, tələb etdikləri sənədlərin surəti iddiaçıya təqdim edilməmişdir. İddiaçı məhkəməyə sonradan iddia ərizəsinə əlavə ilə müraciət edərək, ilkin iddia tələbinə əlavə olaraq xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilmiş “VEP (Beyin və göz arasında görmə traktları) müayinə raporu, xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində keçirilmiş “Baş beyin MRT müayinə (kontrastlı) raporu” (buna dair CD disklə) və xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Oftalmologiya Şöbəsində keçirilmiş “Oftalmoloji müayinə raporu”nun təsdiq edilmiş surətlərinin ona təqdim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli №207 saylı məktubun surətindən görünür ki, İddiaçı cərrahi əməliyyatı ilə bağlı olan "xxxx"da saxlanılan və yalnız ona aid olan sənədlər tərəfə, eləcə də məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 1-3-2-2022-326 saylı, xx.xx.2022-ci il tarixli məktubla ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli X1 surətindən görünür ki, sellah nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə ilk növbədə meningioma ehtimalını düşündürməkdədir. İş materiallarında olan "xxxx"ın xx.xx.2018-ci il tarixli cərrahi əməliyyatın keçirilməsinə razılıq vərəqəsinin surətindən görünür ki, İddiaçı qohumu Nümayəndə cərrahi əməliyyatın aparılmasına yazılı surətdə razılıq vermişdir. İş materiallarından görünür ki, Cavabdeh MMC tabeçiliyində olan "xxxx"ın baş həkimi X4 ilə xəstənin qohumu Nümayəndə arasında xx.xx.2018-ci il tarixində tibbi xidmət müqaviləsi bağlanmışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən təqdim edilmiş Əməliyyat Protokolunun surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə İddiaçı sol pterional kraniotomiya sellyar nahiyyəsinin şişinin subtotal xaric edilməsi əməliyyatı keçmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli X1 surətindən görünür ki, İddiaçı orbital maqnit rezonans tomoqrafiya müayinəsi olunmuşdur. İş materiallarında olan Milli Onkologiya Mərkəzi kompüter tomoqrafiya və maqnit rezonans tomoqrafiya şöbəsinin Baş Beyin MRT müayinə raporunun surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə MRT müayinəsi olmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 605/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizmai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-140/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh MMC-nə və X3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı, məhkəməyə iddiaçının tələb etdiyi Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixli “Tibbi xidmətlər barədə” müqavilə, xx.xx.2018-ci il tarixli “Cərrahi əməliyyatın protokolu”, xx.xx.2018-ci il tarixli “X2 və xx.xx.2018-ci il tarix Milli Onkologiya Mərkəzi kompüter tomoqrafiya və maqnit rezonans tomoqrafiya şöbəsinin Baş Beyin MRT müayinə raporu təqdim edilmişdir. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ay yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir. Xəstəliyin inkişaf proqnozu mənfi olduqda bu barədə məlumat xəstənin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, xəstə tələb etdikdə isə bu məlumat ehtiyatlı formada onun özünə çatdırıla bilər. Vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir. Vətəndaşın tələbi ilə ona sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərin surətləri təqdim olunur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçı tərəfindən tələb edilən və cavabdeh tərəfindən məhkəməyə surətləri təqdim edilən - xx.xx.2018-ci il tarixli “Tibbi xidmətlər barədə” müqavilə, xx.xx.2018-ci il tarixli “Cərrahi əməliyyatın protokolun” lazımı qaydada təsdiq edilmiş surətləri iddiaçıya təqdim edilməlidir. Məhkəmə iddiaçının digər tələblərini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, göstərilən sənədlərin iddiaçı tərəfindən həqiqətən cavabdehə təqdim olunması işin hər hansı dəlili ilə sübuta yetirilmir. Odur ki, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə həmçini hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcinə daxil olan 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli “Tibbi xidmətlər barədə” müqavilənin və xx.xx.2018-ci il tarixli “Cərrahi əməliyyatın protokolu”nun lazımı qaydada təsdiq edilmiş surətləri Cavabdeh MMC tərəfindən İddiaçı təqdim edilsin. 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar