Məhkəmə qərarları › İş №e-2(011)-3765/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3765/2024

10.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3765/2024 10.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə dünyaya gəlmiş övladları 16 yanvar 2015-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X1 görə ödəmədiyi günlər üçün nəzərdə tutulmuş aliment borcunun 2023-cü ilik oktyabr ayından məhkəmə ərizə verildiyi günə kimi 1100 manat, həmçinin məhkəməyə ərizə verildiyi gündən başlayaraq hər ay sabit pul məbləğində 235 manat aliment cavabdehən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçnın nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı Cavabdeh ilə el adəti ilə toy edib, xx.xx.2011-ci il tarixdə nikahları VVADQ idarəsində 631 nömrəsi ilə qeydiyyata alınmaqla ailə qurmuşlar, birgə nikahlarından 16 yanvar 2015-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X6 anadan olmuşdur. Artıq uzun müddətdir ki, iddiaçı cavabdehlə ümumi təsərrüfatı idarə etmirlər, cavabdeh iddiaçı və övladları ilı maraqlanmır, iddiaçıya və övladlarına qarşı laqeyidlik göstərir. Cavabdeh 2023-cü ilin oktyabr ayında səhlənkarlıq etməyə başlayaraq aliment ödəməkdən yayınmışdır və məhkəmə qətnaməsi olmadan onun mütəmadi olaraq aliment verməsinə inanmır. Ona görə də qərara gəlmişdir ki, alimenti ondan məhkəmə qaydasında tələb etsin. Cavabdeh ilə birgə nikah dövründə dünyaya gəlmiş övladları 16 yanvar 2015-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 görə ödəmədiyi günlər üçün nəzərdə tutulmuş aliment borcu 2023-cü ilik oktyabr ayından məhkəmə ərizə verildiyi günə kimi 1100 manat, həmçinin məhkəməyə ərizə verildiyi gündən başlayaraq hər ay sabit pul məbləğində 235 manat aliment cavabdehən alınaraq İddiaçı verilməlidir. Sonda Vəkil qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddaçı İddiaçı 2023-cü ilin aprel ayında evi tərk edib, evi tərk edərkən də ona qarşı təhqirlər demiş, onu söymüşdür, bundan sonra isə İddiaçı polis ilə gəlib və evdəki əşyalarını da götürüb, o, İddiaçı təklif etmişdir ki, normal bir şəkildə hər hansı dava-dalaş olmadan boşansınlar, lakin qarşı tərəf onun bu təklifini qəbul etmir, həmçinin iddiaçının səsləndirdiyi fikirlər də həqiqəti əks etdirmir, o, uşaqları ilə maraqlanır, onların ehtiyyaclarını qarşılayır, ailəsinə də normal bir şəkildə baxmış, qayğılarına qalmışdır, lakin iddiaçı özü yaşadıqları evi tərk edərək kirayədə yaşayır, o, uşaqlarına təkcə maddi cəhətdən kömək etməmiş, həm də mənəvi olaraq onların qayğısına qalmışdır, elə həmin gün onlarla görüşmüş, onları məktəbə aparmışdır, uşaqların məktəbi onların yaşadığı evin yanında yerləşir, o, ailəsi üçün çalışmaq istəsə də, iddiaçı ailənin saxlanmasında maraqlı deyil, ona bir ailə başçısı kimi münasibət göstərməmişdir, rəsmi heç bir yerdə işləmir, hər ay iddiaçının tələb etdiyi məbləği ödəməyə imkanı yoxdur, ancaq 300 manat məbləğində aliment ödəyə bilər. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndə-vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 664713 saylı nikah haqqında şəhadətnəmədən görünür ki, X3 ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 631 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV saylı 355734 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV saylı 355733 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2023-ci il tarixli MŞB/1/2024-00294 saylı Arayışdan görünür ki tərəflər ilkin mediasiya prosesində iştirak etmiş, lakin onlar prosesin davam etdirilməsinə razılıq verməmişdir. İddiaçı mediasiyaya dair 50 manat xərci və poçt xidmətlərinə görə 10 manat ödəmişdir. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsi aşkarlanmamışdır. İş materiallarından görünür ki, Cavabdeh adına “VAZ 21723 minik” markalı 90RG957 dövlət qeydiyyat nişanlı avtomobil vardır. Beləliklə, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar, onların birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, tərəflər arasındakı nikah pozulmamışdır, cavabdeh işsizdir, iddiaçı məhkəməyə aliment tələbi ilə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Bununla belə, tərəflər arasında məhkəməyə müraciət etməzdən əvvəl aliment öhdəliyinə dair hər hansı razılaşma və ya məhkəmə qərarı olması halları, həmçinin alimentin təyin edilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə, tərəflərin ailə vəziyyətini, uşaqların saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olmasını, uşaqların mənafeyinin müdafiəsi zəruriliyini, onların yaşını və əvvəlki yaşayış səviyyəsini, cavabdehin rəsmi iş yerinin olmamasını, cəmi 300 manat nəbləğində aliment ödəməyə razı olmasını, iddiaçının alimentin sabit pul məbləğində tutulması tələbini nəzərə alaraq, alimentin məbləğinin hər ay uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, alimentin hansı vaxtdan tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı aliment tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti ərizənin məhkəməyə verildiyi həmin tarixdən başlanmalıdır. Məhkəmə, iddia tələbinin “uşaqların saxlanmasına görə ödəmədiyi günlər üçün nəzərdə tutulmuş 1100 manat aliment borcu” hissəsinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə əvvəlki dövr üçün alimentin tutulması üçün ya icra vərəqəsi və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş saziş mövcud olmalı, ya da iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edilməlidir. Lakin iddiaçı qeyd olunan hallara dair hər hansı sübut təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, icra vərəqəsi və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş saziş əsasında onların təqdim edilməsindən əvvəlki dövrə görə aliment 3 illik müddət həddində tutula bilər. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən, aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs ailə həyatına hörmət hüququna malikdir. Bu hüquq yalnız həmin maddədə və qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda müdaxiləyə məruz qala bilər. Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır....Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən, xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər uşaq üçün hər ay 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və alimentin məbləğinin illik ödəmə məcmusu (3600 manat) nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 56 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 56 (əlli altı) manat qəpik dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar