Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3777/2023 03.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 100.000 manat məbləğində pulun mənəvi zərərə görə tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin işçisi sahə ustası X10 ərazisində təbii qaz istehlakçılarına təhlükəsiz və fasiləsiz xidmət göstərilməsinə, təbii qazla əlaqədar baş verə biləcək qəzaların, bədbəxt hadisələrin, yanğınların, partlayışların baş verməməsi üçün qabaqcadan yerinə yetirilən tədbirlərin həyata keçirilməsinə, istismarda olan qaz kəmərlərinin, cihazların və qurğuların texniki vəziyyətinə nəzarətə, təbii qazın istifadəsindən hər hansı təhlükə yaranarsa, həmin an qazın nəqlini dayandırıb, müvafiq tədbirləri yerinə yetirməyə, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə bütün tədbirləri yerinə yetirməyə və qaz kəmərlərinin təftiş qrafikinin tərtibində iştirak edib, vaxtlıvaxtında qrafik üzrə təftişi yerinə yetirərək, nəticələri barədə akt tərtib etməyə cavabdeh şəxs olaraq öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsinə görə iddiaçının anası Mətanət Bayramova, bacısı Məlahət Bayramova və nənəsi Elmira Xəlilova ölmüşdür. Belə ki, təqsirli şəxs Bakı şəhəri Nizami rayonu Qaz İstismar sahəsinin 2 saylı Qaz istismar xidmətinin sahə ustası vəzifəsində işləyərkən işə vicdansız və laqeyd münasibət bəsləyərək vəzifə səlahiyyətlərini lazımi qaydada həyata keçirməyib 26 iyun 1979-cu il tarixdə təsdiq edilmiş «Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları»nın 1.13, 1.19, 3.110, 3.79, 3.84, 3.86, 9.230 bəndlərinin, eyni zamanda 06 mart 2006-cı il tarixdə təsdiq olunmuş «Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə Təlimat»ın 1.8, 1.11, 2.3, 3.1, 3.2 bəndlərinin, «Təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında əhali üçün, xx.xx.2009-cu il tarixli Müqavilə»nin 2.1.8, 2.2.1, 4.1 bəndlərinin, həmçinin xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş «Bakı şəhəri Baş İstehsalat Qaz idarəsinə tabe olan rayon Qaz İstismar idarəsinin qaz istismar sahəsinin sahə ustasınm vəzifə təlimatı»nın tələblərini pozaraq, fiziki şəxslərin qanuni mənafelərinə mühüm zərər vurmaqla, 28 yanvar 2010-cu il tarixdə Bakı şəhəri Keşlə qəsəbəsi Ə.Əzimzadə küçəsi 23/1-də yerləşən mənzildə yaşayan X8, X5 və azyaşlı X1 yatdıqları zaman dəm qazının təsirindən boğularaq ölmələrinin texniki səbəbi olmuş hərəkətsizlik göstərmiş, yəni səhlənkarlıq etmişdir. İddiaçının anasının, bacısının və nənəsinin ölümünə səbəb olmuş Cavabdeh İBnin Bakı şəhər Nizami rayonu Qaz İstismar sahəsinin 2 saylı Qaz istismar xidmətinin sahə ustası vəzifəsində işləyən X2 Rayon Məhkəməsinin 1(007)-210/2010 nömrəli 2 iyun 2010cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəsini almışdır. Hadisə nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. Baş vermiş cinayət hadisəsi nəticəsində o, davamlı iztirab, sarsıntı keçirirəm. Cavabdehin işçisinin təqsiri üzündən iddiaçı ana qayğısından məhrum olmuşdur. Cavabdehin işçisinin təqsiri üzündən bacı qayğısından da məhrum olmuşdur. Cavabdehin işçisinin vurduğu mənəvi zərərin ağırlığı üçqatdır. Çünki hər bir nəvənin sevimlisi olan nənə nəvazişindən də məhrum qalmışdır. Nizami Rayon Məhkəməsinin 1(007)-210/2010 nömrəli 2 iyun 2010-cu il tarixli qanuni qüvvə minmiş hökmü ilə işçisinin təqsiri üzündən baş vermiş hadisədə cavabdehin məsuliyyəti təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, keçirdiyi mənəvi iztirab və sarsıntıların ağırlığını ifadə etmək üçün əlavə sözlərə ehtiyac duyulmur. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin faktiki halları: İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı anasının himayəsində olmaqla anası, nənəsi və bacısı ilə birlikdə yaşamışdır. Cavabdeh təşkilatın əməkdaşının səhlənkarlığı ucbatından iddiaçı anasını, nənənsini və bacısını itirmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 210/2010 nömrəli 2 iyun 2010-cu il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş olunması, ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışa əsasən X7 iddiaçının anası, X4 onun bacısıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı: Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əçlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarı: 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İşə baxan məhkəmənin mövqeyi: Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının anası, bacısı və nənəsinin vəfatında cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, şübhəsiz ki, iddiaçının öz doğma anası, bacısı və nənəsini itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının ən yaxın ailə üzvü hesab edilən anasının, bacısının və nənəsinin ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərəri nəvələrinin yanğından aldıqları xəsarətlər nəticəsində tələb edir. Ailə, məkanından və milliyətindən asılı olmayan bütün cəmiyyətlərin özəyi, milli və mənəvi dəyərlərin daşıyıcısı hesab edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyası ailənin dövlətin xüsusi himayəsində olmasını təsbit etmişdir. Göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşının səhlənkarlığı, işə laqeyd münasibəti, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının anasının, bacısının və nənəsinin dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz Cavabdeh İB-nin əməkdaşının Cavabdeh İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçı cavabdehin işçisinin təqsiri üzündən öz anası, bacısı və nənəsi itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın ölümü həddindədir. Beləliklə, işin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh təşkilatın əməkdaşının təqsirli hərəkəti nəticəsində iddiaçının anası, bacısı və nənəsinin ölməsi iddiaçının yüksək dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, anası, bacısı və nənəsinin ölümü nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər. Bununla yanaşı, məhkəmə iddiaçıya vurulmuş mənəvi ziyanın məbləğini müəyyən edərkən işin hallarını, o cümlədən cavabdehin də maddi imkanlarını nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 75.000 manat pulun tutulmasını ədalətli və ağlabatan hesab edir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı hazırkı iş üzrə dövlət rüsumu ödəməkdən azad edilmişdir. Odur ki, Cavabdeh İB-dən 315 manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçıya dəymiş mənəvi ziyanın ödənilməsinin əvəzi olaraq Cavabdehndən 75.000 (yetmiş beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 315 (üç yüz on beş) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-3777/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3777/2023
03.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver