Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3789/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin icrası və mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin göstərilən müqavilə öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya dəymiş 50.000 manat maddi, 10.000 manat mənəvi ziyanın, o cümlədən müqavilə öhdəliyi icra edilənədək, yəni müqavilədə nəzərdə tutulan mənzil iddiaçıya təhvil verilənədək aylıq 1.500 manat maddi ziyan kimi kompensasiyanın cavabdehdən tutulub iddiaçıya ödənilməsi və müqavilə öhdəliklərinin icra edilməsi - yəni müqavilədə nəzərdə tutulmuş, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 2, mənzil 15-də tikilmiş yaşayış binasının 6-cı mərtəbəsində söküntüsü nəzərdə tutulmuş mənzilin faktiki ölçülmüş sahə üzrə sahəsinə 52,4% əlavə etməklə 36,1 kv.m. əvəzinə sahəsi 55 kv.m. (balkonun ölçüsü 0,3 əmsal nəzərə alınmaqla) olan və binanın Mehdi Mehdizadə küçəsinə baxan hissəsində yerləşəcək (həyətə istiqamətlənmiş hissədə və eləcə də binanın künc tərəflərində olmayacaq), bütün otaqların (dəhliz və sanitar qovşaq istisna olmaqla) təbii günəş işığına çıxışı təmin olunacaq və balkonu olacaq mənzilin təmirli şəkildə iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə "xxxx" MMC arasında 10 mart 2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Xətai rayon İcra hakimiyyətinin 11 sentyabr 2017-ci il tarixli 245 sayılı sərəncamına əsasən "xxxx" MMC-nin Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 2, mənzil 15-də yerləşən, “Mülkiyyətçi”-yə məxsus mənzilin söküntüsünü və göstərilən mənzilin yerləşdiyi binanın yerində yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyət”-çinin söküntüsü nəzərdə tutulmuş mənzilinin faktiki ölçülmüş sahə üzrə sahəsinə 52,4% əlavə etməklə 36,1 kv.m. əvəzinə, 6-cı mərtəbədə, sahəsi azı 55 kv.m. (balkonun ölçüsü 0.3 əmsal nəzərə alınmaqla) olan mənzili tam təmirli və istismara yararlı şəkildə “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Daha sonra iddiaçı və X3 arasında bağlanmış 3M-76 reyestr nömrəli 10 mart 2018-ci il tarixli müqavilə üzrə tələb (hüquq) və öhdəliklərin (vəzifələrin) ötürülməsi barədə 23 dekabr 2023-cü il tarixli müqavilə şərtlərinə əsasən "xxxx" MMC və X3 arasında bağlanmış 10 mart 2018-ci il 3M-76 reyestr nömrəli müqavilə üzrə tələb və öhdəliklərə dair hüquq və vəzifələr X3 tərəfindən mənə ötürülmüşdür. "xxxx" MMC ilə bağlanmış yuxarıda göstərilən müqavilənin 2.2.4-cü bəndinə əsasən söküntüsü nəzərdə tutulan binanın yerində bu Müqavilənin imzalandığı tarixə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə əsasında 18 mərtəbəli, 2 bloklu binanı bu Müqavilə imzalandığı andan etibarən 36 ay müddətindən gec olmayaraq tikmək, zəruri kommunikasiyalarla (elektrik, su, qaz, istilik, lift. işıqlandırma, yol və s.) və şəraitlə (həyət, qaraj) təchiz etmək, müvafiq icra hakimiyyəti orqanlarının rəsmi razılıqlarını almaqla tam yararlı şəkildə istismara vermək "xxxx" MMC-nin öhdəliyi kimi nəzərdə tutulmuşdur. Həmən müqavilənin 2.2.5-ci bəndinə əsasən bu Müqavilənin 2.2.4-cü bəndində göstərilən binada bu Müqavilə imzalandığı andan etibarən 36 ay müddətindən gec olmayaraq bu Müqavilənin 1.1-ci bəndində göstərilən şərtlərə uyğun mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı və Texniki Pasportu ilə birgə, bu Müqavilədə göstərilən şərtlərə uyğun şəkildə tam təmir edilmiş vəziyyətdə və yaşayışa tam yararlı şəkildə (həmçinin mənzilin elektrik, su və qaz sayğaclarını da qoşub, sayğacların quraşdırılması üçün zəruri xərclərini ödəyib və sənədləşdirilməsini təmin edib) “Mülkiyyətçi”-yə təhvil vermək öhdəliyini "xxxx" MMC öz üzərinə götürmüşdür. Həmən müqavilənin 2.2.6-cı bəndinə əsasən "xxxx" MMC öhdəsinə götürür ki, “Mülkiyyətçi”-yə veriləcəyi mənzil tikiləcək binanın Mehdi Mehdizadə küçəsinə baxan hissəsində yerləşəcək (həyətə istiqamətlənmiş hissədə və eləcə də binanın künc tərəflərində olmayacaq), bütün otaqların (dəhliz və sanitar qovşaq istisna olmaqla) təbii günəş işığına çıxışı təmin olunacaq va balkonu olacaqdır. Həmən müqavilənin 2.2.10-cu bəndinə əsasən "xxxx" MMC bu Müqavilənin 1.1-ci bəndində göstərilən mənzili 2.2.4 və 2.2.5-ci bəndlərdə göstərilən müddətdə və şərtlərə uyğun şəkildə “Mülkiyyətçi”-yə təqdim etmədiyinə görə "Mülkiyyətçi"-nin tələbi ilə ona maddi və mənəvi kompensasiya ödəməlidir. Müqavilədən görünür ki, müqavilə 10 mart 2018-ci ildə bağlanmışdır və müqavilənin 2.2.4-cü bəndinə əsasən "xxxx" MMC bu müqavilə imzalandığı andan etibarən 36 ay müddətindən gec olmayaraq bu binanı tikmək zəruri kommunikasiyalarla və şəraitlə təchiz etmək, müvafiq icra hakimiyyəti orqanlarının rəsmi razılıqlarını almaqla tam yararlı şəkildə istismara vermək, eyni zamanda müqavilənin 2.2.5-ci bəndində nəzərdə tutulmuş halda mənə təhvil vermək öhdəliyi daşıyırdı. 10 mart 2021-ci ildə müqavilənin 2.2.5-ci bəndində nəzərdə tutulmuş qaydada həmən mənzil iddiaçıya təhvil verilməli idi. Lakin bugünə qədər mənzil iddiaçıya təhvil verilməmiş, qarşı tərəf öz öhdəliyini icra etməmişdir. Həmən müddətdən, müqaviləyə əsasən mənzilin iddiaçıya təhvil verilməli olduğu müddətdən artıq 3 ildən çox vaxt keçmişdir və bu müddət ərzində iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Eyni zamanda müqavilənin 2.2.1-ci bəndində göstərilmişdir ki, həmən mənzil tikilib iddiaçıya təhvil verilənədək "xxxx" MMC iddiaçıya aylıq 500 manat kirayə haqqı ödəməlidir. Müqavilə bağlanarkən iddiaçı kirayə haqqının mənzil iddiaçıya təhvil verilənədək, yəni 10 mart 2021-ci il tarixinədək ödənilməsini nəzərdə tuturdu. 2020-ci ilə nisbətən bugün bazarda kirayə qiymətləri xeyli artmış, ona görə də kirayə haqqı üçün verilən məbləğ 10 mart 2021-ci ildən etibarən bugünə qədər və bundan sonrakı dövr üçün kirayə haqqı ehtiyacını qarşılamır. Eyni zamanda yuxarıda qeyd etdiyi müqavilənin 2.2.10-cu bəndinə əsasən müqavilədə göstərilən mənzili müqavilədə göstərilən müddətdə və şərtlərə uyğun şəkildə “Mülkiyyətçi”-yə, yəni iddiaçıya təqdim etmədiyi üçün müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə dəymiş zərərə görə iddiaçıya maddi və mənəvi kompensasiya ödəməlidir. Bu halları nəzərə almaqla iddiaçıya 50.000 manat məbləğində maddi və 10.000 manat məbləğində mənəvi ziyan dəymişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh mənzili tam təmirli şəkildə 10 mart 2018-ci il tarixdən hesablanmaqla 36 ay müddətində, yəni ən geci 10 mart 2021-ci il tarixdə təhvil verməli idi. Müqavilə bağlananrkən iddiaçıya kirayə haqqı ayda 500 manat verilməli idi. İddiaçının aylıq 500 manatla bağlı razılaşmasının müddəti 10 mart 2021-ci il tarixdə bitir. Bu tarixdən sonra iddiaçıya ayda 1.500 manat kirayə haqqı ödənilməlidir. Belə ki, həmin mənzil təmirli şəkildə iddiaçıya təhvil verilsəydi, iddiaçı bu mənzili kirayə verməklə 10 mart 2018-ci il tarixdən bu günədək ayda 1.500 manat hesabından 1500x36=54.000 manat gəlir əldə edə bilərdi. Deməli iddiaçı adi mülki dövriyyə şəraitində bu müddətdə təqribən 54.000 manat gəlir əldə edə bilərdi. Belə ki, həmin ərazidə sahəsi 55 kv.m. olan təmirli mənzillərin kirayə haqqı 1.500- 1.700 manat arasında dəyişir. Eyni zamanda hələ də mənzil iddiaçıya təhvil verilməmiş və cavabdehin müqavilə öhdəliklərini nə zaman icra edərək mənzili iddiaçıya təhvil verəcəyi məlum deyil. İddiaçıya dəymiş mənəvi ziyanı isə 10.000 manat məbləğində qiymətləndirir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, 10 mart 2018-ci il tarixdə "xxxx" MMC ilə X3 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Xətai rayon İcra hakimiyyətinin 11 sentyabr 2017-ci il tarixli 245 sayılı sərəncamına əsasən "xxxx" MMC-nin Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 2, mənzil 15-də yerləşən, “Mülkiyyətçi”-yə məxsus mənzilin söküntüsünü və göstərilən mənzilin yerləşdiyi binanın yerində yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyət”-çinin söküntüsü nəzərdə tutulmuş mənzilinin faktiki ölçülmüş sahə üzrə sahəsinə 52,4% əlavə etməklə 36,1 kv.m. əvəzinə, 6cı mərtəbədə, sahəsi azı 55 kv.m. (balkonun ölçüsü 0.3 əmsal nəzərə alınmaqla) olan mənzili tam təmirli və istismara yararlı şəkildə “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilədə binada X1 ayrılmış mənzil ona təhvil verilənədək müvəqqəti yaşayış məqsədilə ona aylıq 500 manat kirayə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən cavabdeh üzərinə 36 aydan gec olmayaraq binanı təhvil vermək öhdəliyi götürmüşdür. İş materiallarında mövcud olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 2309/2023 saylı 01 noyabr 2023-cü il tarixli qiyabi qətnaməsindən görünür ki, cavabdeh tərəf müqavilənin şərtlərini icra etmədiyinə görə iddia tələbi təmin edilmiş, X3 ilə "xxxx" MMC arasında 10 mart 2018-ci il tarixli müqaviləyə əsasən kirayə haqqı qismində hər ay 500 manat olmaqla, cəmi 9.000 manat ödənilməmiş kirayə haqqı borcu, gecikdirilmiş vaxt üçün 450 manat faiz borcu, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin "xxxx" MMCdən tutularaq X1 ödənilməsi, iddia üzrə ödənilməli olan əlavə 14.50 manat dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 10 mart 2018-ci il tarixdə "xxxx" MMC ilə X3 arasında bağlanmış müqavilə üzrə öhdəliklərin ötürülməsinə dair 23 dekabr 2023-cü il tarixdə notarial qaydada müqavilə bağlanmış, müqavilə şərtlərinə əsasən "xxxx" MMC və X3 arasında bağlanmış 10 mart 2018-ci il 3M-76 reyestr nömrəli müqavilə üzrə tələb və öhdəliklərə dair hüquq və vəzifələr X3 tərəfindən İddiaçı ötürülmüşdür. Hazırkı mülki işin araşdırılması zamanı iddiaçı cavabdehin müqavilə öhdəliklərinə əməl etmədiyini, mənzili ona müqavilədə nəzərdə tutulmuş vaxtda təhvil vermədiyini, eyni zamanda müqavilədə koordinatları və yerləşməsi dəqiq göstərilmiş mənzili ona verməkdən imtina etdiyini əsas gətirərək ona ziyan dəydiyini bildirmiş və bu ziyanın əvəzinin tutulması ilə bağlı hazırkı iddia tələbi ilə məhkəmə müraciət etmişdir. İddiaçının iddiasında qeyd etdiyi xüsusatların araşdırlması üçün məhkəmə tərəfindən yerli baxış təşkil edilmiş, ünvan 1 ünvanda yerli baxış keçirilmiş, yerli baxış zamanı həmin ünvanda yerləşən ümumi sahəsi 55 kv.m olan mənzilin yerləşdiyi ərazi üzrə yeni tikili binalarda analoji mənzilə baxış keçirilmiş və sözügedən mənzilin müqavilədə nəzərdə tutulan mənzilin göstəricilərinə uyğun olmadığı müəyyən edilmişdir (sözügedən mənzilin faktiki olaraq Mehdi Mehdizadə küçəsinə çıxışı mövcud deyildir). Məhkəmə Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 2 ünvanında yerləşən ümumi sahəsi 55 kv.m olan mənzilin yerləşdiyi ərazi üzrə yeni tikili binalarda analoji mənzilin (11 mart 2021-ci ildən 14 mart 2024-cü il tarixədək olan dövr ərzində) aylıq icarə haqqının (hazırkı bazar qiymətinə uyğun olaraq) nə qədər təşkil etdiyini müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 2 ünvanında yerləşən ümumi sahəsi 55 kv.m olan mənzilin və ona oxşar şəraitli fərdi yaşayış evlərinin bir aylıq icarə haqqının orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 2021-ci il tarixə 55 kv.metr sahəsi olan yaşayış sahəsi - 600 manat; 2022-ci il tarixə 55 kv.metr sahəsi olan yaşayış sahəsi - 700 manat; 2023-cü il tarixə 55 kv.metr sahəsi olan yaşayış sahəsi - 900 manat; 2024-cü il tarixə 55 kv.metr sahəsi olan yaşayış sahəsi - 900 manat. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə aparılmış araşdırma nəticəsində iş materiallarını tədqiq edərək və tərəflərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin 50.000 manat maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı öz iddiasının əsasında ona istinad etmişdir ki, mənzil ona vaxtında təhvil verilsə idi, o, bu mənzili kirayə verməklə daha yüksək gəlir əldə edə bilərdi və öhdəliyin vaxtında icra edilməməsi nəticəsində ona 50.000 manat maddi ziyan dəymişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertizanın rəyindən görünür ki, istinad olunan mənzilin kirayə haqqı illər üzrə 600-900 manat təşkil etmişdir. Araşdırılmış iş materiallarından iddiaçının özünə məxsus digər yaşayış evinin olması ilə bağlı hər hansı hal aşkar edilməmişdir. Bu əsas məhkəməyə belə qənaətə gəlməyə zəmin yaradır ki, iddiaçı yeganə yaşayış yerini kirayə verməklə ordan gəlir əldə etməyi nəzərdə tuturdu. Lakin ekspert rəyindən də görünür ki, iddiaçının əmlakı kirayə verməsindən əldə edəcəyi məbləğ onun özünün kirayə haqqı kimi ödədiyi məbləğlə demək olar ki, eynilik təşkil edir. Eyni zamanda ölkədə mövcud olan vəziyyətdə iddiaçının ona təhvil verilməsi nəzərdə tutulan mənzili daha yüksək məbləğə kirayə verə biləcəyəni və daha yüksək məbləğlərdə gəlir əldə edə biləcəyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı ona ziyanın dəydiyinə istinad etsə də bu halları sübuta yetirəcək əsaslar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin müqavilə öhdəliyi icra edilənədək, yəni müqavilədə nəzərdə tutulan mənzil iddiaçıya təhvil verilənədək aylıq 1.500 manat maddi ziyan kimi kompensasiyanın cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan, iddiaçı konkret olaraq hansı müddət üçün və hansı əsaslarla ona kompensasiya ödənilməli olduğunu əsaslandırmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin müqavilə öhdəliklərinin icra edilməsi - yəni müqavilədə nəzərdə tutulmuş, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 2, mənzil 15-də tikilmiş yaşayış binasının 6-cı mərtəbəsində söküntüsü nəzərdə tutulmuş mənzilin faktiki ölçülmüş sahə üzrə sahəsinə 52,4% əlavə etməklə 36,1 kv.m. əvəzinə sahəsi 55 kv.m. (balkonun ölçüsü 0,3 əmsal nəzərə alınmaqla) olan və binanın Mehdi Mehdizadə küçəsinə baxan hissəsində yerləşəcək (həyətə istiqamətlənmiş hissədə və eləcə də binanın künc tərəflərində olmayacaq), bütün otaqların (dəhliz və sanitar qovşaq istisna olmaqla) təbii günəş işığına çıxışı təmin olunacaq və balkonu olacaq mənzilin təmirli şəkildə iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırılması zamanı iddiaçı tərəf ona müqavilədə nəzərdə tutulan mənzilin təhvil verilməyəcəyini, yəni reallıqda ona başqa mənzilin təhvil verilməsinin nəzərdə tutulduğunu, hətta məhkəmənin keçirdiyi yerli baxış zamanı da bir mənzil göstərilərək həmin mənzilin ona təhvil verilməsinin nəzərdə tutulduğunu qeyd etsə də, hazırkı mərhələdə müqavilədə nəzərdə tutulan ünvan 1 mənzilin əvəzinə başqa mənzilin təhvil veriləcəyi işin hər hansı halı ilə sübuta yetirilmir. Odur ki, iddia bu hissədə də əsassızdır. Məhkəmə iddia tələbinin mənəvi ziyan üçün 10.000 manat pulun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi, yəni binanı vaxtında tikib təhvil verməməsi, bunun nəticəsində iddiaçının kirayədə yaşamaq məcburiyyətində qalması, kirayə haqqının ödənilməsində gecikmələrin olması, müqavilə üzrə nəzərdə tutulan mənzilin təhvil verilməsi ilə bağlı dəqiq şəkildə əminliyinin olmaması nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsi, bu halın onun şüurunda mənfi psixi reaksiyaya səbəb olması mübahisəsizdir. Odur ki, mənəvi zərərin məbləği 5.000 manat məbləğində müəyyən olunmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən mənəvi zərərə görə 5.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 300 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq iddiaçının ödədiyi 300 manat dövlət rüsumunun 275.10 manatı iddiaçının özünə aid edilməli, qalan 24.90 manatı cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı ödədiyi 300 manat dövlət rüsumunun 275.10 (iki yüz yetmiş beş manat on qəpik) manatı iddiaçının özünə aid edilsin, qalan 24.90 (iyirmi dörd manat doxsan qəpik) manatı cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-3789/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3789/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver