Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-38/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixində RAZ********** saylı xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi ilə sığorta təminatı almış ünvan 1 ünvanında yerləşən X1 mülkiyyətində olan daşınmaz əmlaka subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Hadisənin həmin binanın Cavabdeh istifadəsində olan 218 saylı mənzilindən su axması nəticəsində baş verməsi 118 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2021-ci il tarixli 2442 nömrəli arayışında öz əksini tapmışdır. Baş vermiş hadisə nəticəsində CFİ-0171/2021- AKT4178/21 saylı sığorta aktına əsasən 2328,31 manat sığorta ödənişi X2 ödənilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh 2328,31 manat pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 43,29 manat məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə iddiaçı "xxxx" ASC-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi hazırkı məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin baxış iclasında Cavabdeh iddia tələbini qəbul etməməklə yanaşı izahatında bildirmişdir ki, bina köhnədir, ikinci mərtəbədə 218 saylı mənzildə yaşayır. Onun üstündəki mənzildən su axıdılmışdır və həm onun mənzilinə, həm birinci mərtəbədə yerləşən çayxanaya zərər dəymişdir. Onun mənzili bir otaqlıdır, ancaq çayxananın sahəsi binanın birinci mərtəbəsinin bütün sahəsidir. Orada başqa üst mərtəbələrdən də axıntılar baş verir. Hətta cavabdehin üst qonşusu onun da mənzilinə su axıtmışdır. Cavabdeh qeyd etmişdir ki, MKİS-in rəisi S.Quliyev, mühəndis A.Öənahov cavabdehin mənzilinə baxış keçirməmişdir, bununa bağlı tərtib olunmş akt saxtadır. Məhkəmə cavabdehin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli CFİ-0171/2021 saylı Sığorta aktının surətindən görünür ki, X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 17 ünvanındakı əmlak 09 iyun 2021-ci il tarixdə sığortalanmışdır. Sığortanın növü “Əmlak sığortası” müəyyən edilmişdir. 21 oktyabr 2021-ci il tarixində su basma nəticəsində X2 2833 manat maddi zərər dəymişdir. Zərərin əvəzi olaraq 2328,31 manat X2 ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 113 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən X2 verilmiş 2442 saylı, 02 noyabr 2021-ci il tarixli arayışın surətindən görünür ki, Vunq Tau küçəsi 15 ünvanında yerləşən Reqnun çay evindən yuxarıda yerləşə Cavabdeh istifadəsində olan 218 saylı mənzildən 21 oktyabr 2021-ci il tarixdə su borularının yararsız vəziyyətinə düşməsi səbəbindən obyekti su basmış və nəticədə zərər dəymişdir. (köhnə ünvan Gəncə prospekti 17) İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti İsa Eyvazzadənin ekspertiza aparmaqdan imtina etməsi haqqında 22 yanvar 2025-ci il tarixli məlumatından görünür ki, 2(011)-312/2024 saylı iş üzrə tərəflərindən 13 dekabr 2023-cü il tarixdə təyin edilmiş tikinti-texniki obyektlərinin tədqiqi ekspertizanın aparılması və rəy verilmişsə aşağıdakı səbəblərə görə mümkün olmamışdır. -Qərarddadla ekspert qarşısında qoyulmuş suallarla əlaqədar qeyd olunur ki, tədqiqat obyektinə baxış keçirilən zaman, tədqiqat obyektinin ilkin vəziyyətdə saxlanılmadığı, təmir edildiyi müəyyən olunmuşdur. Eyni zamanda cavabdehə məxsus mənzilə baxış keçirilən zaman, mənzilin sanitar-qovşağı tikilisinin təmirli olduğu, su-kanalizasiya xətlərində hər hansı bir qüsurun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Cavabdehının mənzilinin tavanında və divarlarında üst mərtəbədə yerləşən mənzildən su axıdılmasının izləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən,dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 226.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzəktamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O, öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsi müəyyən edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 17 ünvanındakı daşınmaz əmlak 09 iyun 2021-ci il tarixdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığortanın növü “Əmlak sığortası” müəyyən edilmişdir. 21 oktyabr 2021-ci il tarixində su basma nəticəsində X2 2833 manat maddi zərər dəymişdir. Zərərin əvəzi olaraq 2328,31 manat X2 ödəniş edilmişdir. İddiaçı hazırda cavabdehin mənzilindən suyun axması nəticəsində sığrtalanmış əmlaka zərərin vurulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı X2 məxsus qeyri-yaşayış sahəsinə axıdılan suyun cavabdehə məxsus ünvan 1da yerləşən 218 saylı mənzildən axıdılması sübut edilməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 113 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən X2 verilmiş 2442 saylı, 02 noyabr 2021-ci il tarixli arayışın surəti hazırkı mülki iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, arayışın verilməsinə əsas olmuş hallar və cavabdehə məxsus mənzilə baxış keçirilməsi və bununla bağlı cavabdehin və hal şahidlərinin iştirakı ilə aktın tərtib edilməsi məhkəmə tərəfindən müəyyən edilməmiş, cavabdeh həmin aktın tərtib edilməsində iştirak etmədiyini bildirmişdir. İş üzrə keçirilmiş ekspertiza nəticəsində də ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Cavabdeh onun üstündəki mənzildən su axıdıldığını və həm onun mənzilinə, həm birinci mərtəbədə yerləşən çayxanaya zərər dəydiyini bildirmişdir və iş materiallarında olan sübutlarla təsdiq edilmişdir ki, Cavabdeh mənzilinin tavanında və divarlarında üst mərtəbədə yerləşən mənzildən su axıdılmasının izləri mövcuddur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixində RAZ********** saylı xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi ilə sığorta təminatı almış ünvan 1 ünvanında yerləşən X1 mülkiyyətində olan daşınmaz əmlaka subasma hadisəsi nəticəsində maddi zərərin Cavabdeh tərəfindən vurulması sübut edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-38/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-38/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver