Məhkəmə qərarları › İş №e-2(011)-3856/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3856/2025

10.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3856/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İlkin İddiaçı vəkili-nümayəndəsi Vəkil1, ilkin iddia üzrə cavabdeh X1, qarşılıqlı iddiaçı Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İlkin İddiaçı cavabdehlər Cavabdeh2 və X2 qarşı əmlak tələbinə dair ilkin iddiası, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X2 qarşı iddia ərizəsi və iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, çantalar 6 ədəd (2 ədəd Micheal Kors, 2 ədəd Charles-Keith,1 ədəd Marc Jacobc və 1 ədəd Coccinelle) və ya onların dəyəri 2000 manatın, qadın iç geyimləri və ya onların dəyəri 120 manatın, xonçalıq üçün alınan geyim, çanta, aksesuarlar və baxım məhsullarının, 2200 manat bəylik kostyumu tikdirmək üçün verilən nağd pulun və 1010 manat mənzilə pərdə quraşdırılması üçün verilən nağd pulun cavabdehlərdən alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı 7368 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və onun valideynləri tətəfindən iddiaçıya dəyərli qızıl-ziynət əşyaları alınmasından başqa, onun hesabına 7368 manat ödəniş edilmişdir. Həm maddi, həm mənəvi zərərə uğrayan Kamran baş tutmayan toy üçün xərclənən 7368 manat məbləğdə vəsaiti (həmin ödənişlər üst geyimləri, geyimlər, iç geyimləri, kosmetik vasitələr və s. görə edilmişdir) qarşı tərəfdən geri tələb edir. Məhkəmə iclasında iştirak etmiş ilkin İddiaçı vəkili-nümayəndəsi Vəkil1 ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkilinümayəndəsi Vəkil2 ilkin iddiaya etiraz etmiş, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçının mənzildə qalan şəxsi işlənmiş əşyaları cavabdehlər tərəfindən geri qaytarılmışdır, xonçalıq əşyalar isə ümumiyyətlə oğlan evinə gəlməmişdir. Belə ki, cavabdehlər tərəfindən iddiaçıya xonçalıq əşya alınması üçün pul göndərilmişdir ki, həmin pula alınan əşyalar barədə Cavabdeh2 məlumat verilməmiş, mənzildəki əşyalar hamısı işlənmiş olmuşdur. Bəylik kostyumu üçün verilən pula kostyum tikdirildiyi üçün həmin məbləğin qaytarılması mümkün deyil, lakin Cavabdeh2 tikilmiş kostyumun özünü qaytarmağa hazırdır. 1010 manat pərdə pulunu isə digər cavabdeh X6 istənilən vaxt qaytarmağa hazırdır. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh1 ilkin iddianı qismən qəbul etdiyini, 1010 manat pərdə pulunun qaytarılmasına razı olduğunu, digər hissələrdə isə iddiaya etiraz etdiyini bildirmişdir. Həmçinin izahatında qeyd etmişdir ki, oğlunun evinə xonçalıq heç bir əşya gəlməmişdir, Nigarın mənzildə olan etiketsiz, işlənmiş paltarları, o cümlədən, iç geyimləri və təxmini xatırladığına görə boz-yaşıl rənglərində olan iki çanta geri qaytarılmışdır. Oğluna bəylik kostyumunun tikdirilməsi üçün verilən pula isə kostyum tikdirilmişdir. İş materiallarında olan: “Emiland” Geyim Mağazasının satış çeklərindən görünür ki, mağazaya 2100 manat ödəniş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ilkin İddiaçı atası olduğunu, qızına məxsus çantaların onun yaşayacağı evə aparıldığını, 6 ədəd çanta olduğunu, çantaların markasını dəqiq bilmədiyini qeyd etmişdir. Həmçinin bildirmişdir ki, cavabdehlər tərəfindən qaytarılan əşyalar bir çemodan, iki paketdə olmuş, qızına məxsus bütün əşyalar qaytarılmamışdır. Qaytarılan əşyalar arasında çantalar olmamışdır, iç geyimlərinin olubolmadığını isə dəqiq bilmir. Məhkəmə iclasında dindirilmiş X3 İddiaçı onun baldızı olduğunu, Nigarın çantalarının markasını dəqiq deyə bilmədiyini, lakin Nigarın bir qisim əşyalarının və çantalarının orda qaldığını dəqiq bildiyini, həmin çantaların Nigarın özünün əvvəlcədən aldığı və istifadə etdiyi çantalar olduğunu, çantaların markasının təxminən Michael Kors, Charles Keith olduğunu, amma dəqiqliklə deyə bilməyəcəyini, ölçüsü və rəngini də dəqiq bilmədiyini, qaytarılan əşyaların 1 çemodan 2 paketdən ibarət olduğunu, həmin əşyaların içində çanta olmadığını qeyd etmişdir. Həmçinin bildirmişdir ki, Nigarın gəlin köçəcəyi evdə cəmi bir dəfə, əşyalar evdən çıxarılarkən olmuşdur, iddia ərizəsində qeyd edilən əşların həmin evdə olduğunu ona görə təsdiq edir ki, Nigar ata evindən həmin əşyaları gəlin köçəcəyi evə daşıyarkən həmin əşyaları paketlərdə görmüşdür. Xonçalıq üçün alınan əşyalar da oğlan evində qalmışdır, hansı əşyaların alındığını dəqiq bilmir, xonçalıq çantanın alınıb-alınmamasını da dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 İddiaçı onun qızı olduğunu, qızının Marc Jacobs, Michael Kors, Charles Keith brendinə məxsus 5-6 ədəd çantanı tələb etdiyini, həmin əşyaların onun yanında oğlan evinə aparıldığını, həmin çantaların Nigarın istifadə etdiyi çantalar olduğunu, gündəlik istifadə olunan və ziyafət üçün nəzərdə tutulan çantalar olduğunu, müxtəlif rənglərdə olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, qadın iç geyimlərinin 3 dəstini oğlan evi almış, 3 dəstini isə o, qızına hədiyyə almışdır. Geyimlər “Etam” markasından alınmışdır. Xonçalıq üçün alınan məhsulları tam dəqiq deyə bilməsə də, qızına hamam xalatı və dəsmalının, baxım məhsullarının, kosmetika və iki çantanın alındığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 İddiaçı onun bacısı olduğunu, Kamranı və İlahə xanımı da tanıdığını, bacısına məxsus paltarların ümumiyyətlə qaytarılmadığını, bacısının hazırda şəxsi əşyalarını - palto, kurtka, pencəyi, şəxsi çanatalarını tələb etdiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, həmin əşyalar həm Nigarın özünün aldığı, həm də qarşı tərəfin aldığı əşyalardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıyeva X4 İlahənin bacısı, Kamranın isə bacısı oğlu olduğunu, Nigara məxsus paltarlar yığılarkən orda olduğunu, Nigarın atasının Kamranla əlaqə saxlayaraq, Kamrana paltarları və nikah haqqında şəhadətnaməni göndərməsini, əvəzində onlara qızılları verəcəyini bildirmiş, yığdıqları paltarların əksəriyyətinin köhnə olduğunu, xonçanın ümumiyyətlə olmadığını, paltarların 1 çemodan və 3 paket olduğunu, qaytarılan əşyalar arasında iki ədəd çanta olduğunu, lakin həmin çantaları dəqiq xatırlamadığını, həmin çemodan və paketlərdə Niagara məxsus paltarların, o cümlədən qadın iç geyimlərinin qaytarıldığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 əşyaların qız tərəfə qaytarılması vaxtı orada həyat yoldaşının yanında olduğunu bildirmişdir. Həmin gün anasıgilə getməli olduqlarından yoldaşı Ruslan əşyaları baqajda gətirmiş, onu və uşaqlarını evdən götürmüş, onları Ağ şəhərə aparmışdır. Orda Kamranın qaynatası və qaynı ilə görüşərək, onlarla söhbət etmiş, daha sonra baqaji açaraq köməkləşib əşyaları götürmüşlər. O, əşyaların çemodan və paketlərdə olduğunu görmüşdür. Həmçinin o, Ruslandan niyə bikef olduğunu soruşduqda, Ruslan ona əşyaları verib, qızılları götürməli olduğunu, lakin qızılları götürə bilmədiyini demişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 34.1. Nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə ilkin iddiaya münasibətdə qeyd edir ki, ilkin iddia qismən təmin edilərək Cavabdeh1 1010 manat alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Cavabdeh1 iddianı həmin hissədə etiraf edərək, 1010 manat mənzilə pərdə quraşdırılması üçün verilən nağd pulun onda olduğunu və həmin məbləği istənilən vaxt qaytarmağa hazır olduğunu bildirmişdir. İlkin iddianın 2200 manat bəylik kostyumu tikdirmək üçün verilən nağd pulun qaytarılması hissəsində məhkəmə qeyd edir ki, iddiaçı özü də tələbində həmin pulun bəylik kostyumu tikdirmək üçün verildiyini qeyd edir. İş materialları ilə təsdiq olunur ki, İddiaçı ilə Cavabdeh2 toy hazırlıqları ilə məşğul olmuş, tələb edilən məbləğ Cavabdeh2 bəylik kostyumunun tikdirilməsi üçün İddiaçı tərəfindən hədiyyə olunmuş və cavabdeh tərəfindən məhz bu məqsədlə istifadə olunmuşdur. Odur ki, həmin hissədə iddia təmin edilə bilməz. İlkin iddia tələbinin qaytarılması tələb edilən əşyalarla bağlı digər hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, həmin əşyaların cavabdehlərdə olmasını və cavabdehlər tərəfindən qaytarılmadığını (ilkin iddiaçı özü məhkəmə hazırlıq iclasında cavabdehlər tərəfindən ona məxsus müəyyən əşyaların qaytarıldığını etiraf etmişdir) sübut etmə yükü ilkin iddiaçının üzərinə düşür. Lakin qeyd edilən hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, ilkin iddiaçı iddia ərizəsində çantaların sayı və markası istisna olmaqla, cavabdehlərdən qaytarılmasını tələb etdiyi əşyaları, onların, sayını, dəyərini, markasını, ölçüsünü, rəngini və sair əlamətlərini dəqiq qeyd etməmiş, eləcə də iş üzrə ilkin iddiaçı tərəfindən dindirilmiş şahidlər də həmin hallarla bağlı, eləcə də iddiaçıya məxsus hansı əşyaların cavabdehlərdə olduğu, hansı əşyaların qaytarıldığı, hansıların qaytarılmadığı ilə bağlı məhkəməyə dəqiq məlumat verə bilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia yalnız cavabbdeh Cavabdeh1 münasibətdə 1010 manat pulun qaytarılması hissəsində təmin edilməli, qalan hissələrdə təmin edilməməlidir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia ərizəsi ilə müəyyən edilir ki, İddiaçı tələb edilən 7368 manat məbləğ ona üst geyimləri, geyimlər, iç geyimləri, kosmetik vasitələr və s. toy hazırlıqlarına görə ödənilmişdir. Göründüyü kimi həmin məbləğ qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən İddiaçı hədiyyə edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, sonradan tərəflər arasında münasibətlər pozulsa da, onlar arasında rəsmi nikah münasibətləri baş tutmuş, Cavabdeh2 ilə İddiaçı rəsmi nikaha daxil olmuşlar. Odur ki, hədiyyə kimi verilən 7368 manat məbləğin geri qatarılması ilə bağlı qarşılıqlı iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. 1010 manat və 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar