Məhkəmə qərarları › İş №e-2(011)-3941/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3941/2023

22.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3941/2023 22.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İşin faktiki hallarına görə xx.xx.2015-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzildə yaşayan Aytən Dadaşova (iddiaçının arvadı) evin mətbəxində olan qaz sobasını kibritlə yandırmaq istəyərkən qaz sızmasından partlayış baş vermiş, partlayış nəticəsində X4 aldığı xəsarətlərdən 5 nömrəli xəstəxansında bir neçə müalicə aldıqdan sonra ölmüşdür. Tərəflərin birgə nikahından üç övladları - 2010-cu ildə X14, 2011-ci ildə X7 və 2013-cü ildə X8 doğulmuşdur.

2. Baş vermiş hadisədə Cavabdeh İB-nin Ağsu rayon Qİİ Şamaxı Xidmət sahəsi üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsində işləyən X9 və Ağsu X16 idarəsinin Şamaxı xidmət sahəsinin təbii qazın qəbulu və satışı xidmətinin çilingəri vəzifəsində işləyən X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(074)-48/2016 saylı hökmü ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququnan məhrum edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, X11 isə 1 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

3. İddiaçı cavabdehdən onun xeyrinə 40.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 210 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, X5 ilə xx.xx.2008-ci il tarixində ailə həyatı qurmuşdur. Bu nikahdan 3 övladları dünyaya gəlmişdir. Bədbəxt hadisə baş verənə qədər xoşbəxt ailə hayatları olub. Atası, anası Aytənə gəlin kimi yox öz doğma qızları kimi münasibət bəsləmişdir. Bədbəxt hadisə baş verənə qədər onlar ünvan 2 ünvanında yaşamışlar. 18 dekabr 2015-ci il saat 02 radələrində yoldaşı Aytən kiçik övladına yemək qızdırmaq üçün mətbəxdə qazı yandırmaq istəyəndə güclü partlayış baş vermişdir. Bu hadisə baş verən vaxt yoldaşını təcili yardım maşını ilə Şamaxı şəhər xəstaxanasına çatdırmışlar. Bir gecə orada qaldıqdan sonra vəziyyəti ağır olduğu üçün həkimlərin rəyi ilə təcili tibbi yardım maşını ilə 19 dekabr 2015-ci il səhər saatlarında Bakı şəhərində yerləşən 5 nömrəli xəstəxananın yanıq şöbəsinə aparılmış, 16 yanvar 2016-cı ilə qədər ağır xəstə olaraq reanimasiya şöbəsində həyat mücadiləsi aparmışdır. Həmin qısa vaxt həm onun, həm də övladları üçün tərif edilməz izdirablarla keçdi. Ancaq izdirabları son olmadı, 16 yanvara qədər Aytənin bədənində davam edən gizli qaz zəhərlənməsi onun həyatına son qoydu. Həm onun üçün həm 3 az yaşlı övladları üçün izdirablı və əziyyətli günlər başlamış oldu. Hal-hazırda nə qədər ağır günlər yaşadığını kəlimlərələ ifadə edə bilməz. Ata olaraq anasız üç övlada baxır. Ana kəliməsi eşitdikcə onların hansı hislər keçirdiyini düşünmək ona bu həyata qatlaşa bilməyəcək əzablar verir. Həmin tarixlərdə Şamaxı şəhərində müvafiq qurumun əməkdaşlarının açıq-aşkar məsuliyiyyətsizliyi ucbatından bir neçə bu kimi hal baş vermişdir. Həyat yoldaşının faciəvi şəkildə vəfatı onu, övladlarını, onun yaxın qohumlarını dərindən sarsıtmışdır. O, hələ də evlənməmiş, bu gündən sonra da ailə qursa üç övladına heç bir halda həqiqi ana duyğusunu yaşada bilməz. Onun və övladlarının bu hadisəyə görə həmin an mənəvi sarsıntı, bundan sonra da iztirablar keçirmələri işin mübahisəsiz hallarındandır. Çünki belə bir işlə bağlı sübut etmə halını yalnız onun keçirdiklərini başına gələn şəxslər anlaya bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Onların bu xoşbəxt ailə münasibəti tək o və övladları üçün deyil həm də atası, anası və yaxın qohumları üçün sevinc qaynağı idi.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.

6. Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

9. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

12. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

13. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

15. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

19. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

21. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə cavabdehin işçisin iddiaçının arvadının ölümündə təqsirli olub-olmaması, habelə cavabdehin öz işçisi Yusif Əsədovun və Nəcdət Qaniyevin hərəkətlərinə görə məsuliyyət daşıyıb-daşımaması araşdırılaraq hüquqi qiymət verilməlidir.

22. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.

23. İddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin işçisi olmuş Yusif Əsədovun və Nəcdət Qaniyevin əməllərinin qanuna zidd olması, cinayətin baş verməsində onun təqsirli olması, habelə onun əməli nəticəsində iddiaçının arvadının ölməsi iş materialları öz təsdiqini tapır.

24. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 1(074)-48/2016 saylı, 27 oktyabr 2016-cı il tarixli hökmü ilə Yusif Əsədov və Nəcdət Qaniyev Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə ona görə təqsirləndirilmişlər ki, X21 xidmət sahəsinin təbii qazın satışı və qəbulu xidmətinin rəisi vəzifəsində işləyərkən işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerin yetirməmiş, yəni «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 1.13-cü bəndinin 1-ci abzası, 1.12, 1.19-cu bəndləri, “Qazdan istifadə qaydaları”nın 3.1-ci bəndlərinə riayət etməmiş, həmçinin texniki təhlükəsizlik qaydalarının pozulması hallarının aradan qaldırılmasını təmin etməli olduğu halda bunu etməyərək, nəticədə 18 dekabr 2015-cı il tarixdə ünvan 3 ünvanında daimi yaşayan X3 evin mətbəxində dəm qazının sızması nəticəsində sonuncunun baş vermiş partlayışda ehtiyatsızlıqdan ölməsinə səbəb olmuşdur. Bundan başqa, X22 X16 İdarəsinin Şamaxı Xidmət Sahəsinin təbii qazın qəbulu və satışı xidmətinin çilingəri vəzifəsində işləyərkən işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməmiş, yəni «Qazdan istifadə qaydaları»nın 3.1.3, 3.1.7-ci bəndlərinin tələblərinə riayət etməmiş, həmçinin texniki təhlükəsizlik qaydalarının pozulması hallarının aradan qaldırılmasını təmin etməli olduğu halda bunu etməyərək, onun səhlənkarlığı nəticəsində 18 dekabr 2016-cı il tarixdə X2 daimi yaşadığı ünvan 4 ünvanında evinin məxtbəxində dəm qazından baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan ölməsinə səbəb olmuşdur.

25. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının arvadının ölməsində cavabdehin işçisinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilir.

26. Mülki hüquq pozuntusu törətmiş Yusif Əsədovun və Nəcdət Qaniyevin hərəkətinə görə cavabdehin məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar isə Mülki Məcəllənin qeyd edilən 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəaya əsasən hüquqi və ya fiziki şəxsin öz işçsinin törətdiyi deliktə görə məsuliyyət daşıması üçün əsasən iki şərt tələb olunur: birinci, deilikt törətmiş şəxs hüquqi və ya fiziki şəxsin işçisi olmalıdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinin mənası baxımından işçinin dairəsi Mülki Məcəllənin 1099.2-ci maddəsində (işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun) göstərilmişdir. İkincisi, delikt işçinin əmək (qullu, mənsəb) vəzifələrinin icrası zamanı törədilməlidir.

27. Yusif Əsədovun və Nəcdət Qaniyevin cavabdehin işçisi olması işin mübahisəsiz halıdır. O ki qaldı deliktin Yusif Əsədovun və Nəcdət Qaniyevin əmək vəzifələrinin icrası zamanı törətməsinə, bu hal qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş və X1rşı ittiham onların əmək funksiyalarının pozulmasına görə verilmişdir.

28. Beləliklə, cavabdehin işçisi Fizuli Əliyevin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması işdə olan sübutlar əsasında təsdiqini tapır.

29. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.

30. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının arvadı ölmüşdür. İddiaçı mərhum arvadı X4 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq uzun müddət ər-arvad münasibətlərində yaşamış və birgə təsərrüfat aparmışlar. Şübhəsiz ki, iddiaçının uzun illər birlikdə yaşadığı yaxın qohumunu itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur.

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

32. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

33. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin işçisinin təqsirli hərəkətəri ilə iddiaçının arvadının ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.

35. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərəri arvadının ölümünə görə tələb edir. İddiaçı ilə arvadı xx.xx.2008-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və xx.xx.2015-cu il tarixədək, yəni 7 il ər-arvad olaraq birgə yaşamışlar. Ailə - məkanından və milliyətindən asılı olmayan bütün cəmiyyətlərin özəyi, milli və mənəvi dəyərlərin daşıyıcısı hesab edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyası ailənin dövlətin xüsusi himayəsində olmasını təsbit etmişdir. Qanunvericilikdə nikaha daxil olan şəxslərin statusları termin olaraq ər və arvad adlandırılır. Lakin Azərbaycan cəmiyyətində ər-arvad münasibətlərinin özünə məxsus mənəvi, əxlaqi və dini dəyərləri mövcuddur. Ona görə də, “ər-arvad” qanunla müəyyən edilmiş termin olaraq işlənsə də, bütün hallarda cəmiyyətimizdə bu şəxslər bir-birinə “həyat yoldaşı”, “ömür gün yoldaşı” hesab edilir. İddiaçı cavabdehin işçilərinin təqsiri üzündən həyat yoldaşını itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın “ömür gün yoldaşı”nın itirilməsi həddindədir. Həmçinin, cavabddehin işçilərinin təqsiri üzündən iddiaçı arvadını itirməklə bərabər üç azyaşlı övladına təkbaşına baxmağa məcbur olmuş, həm uşaqların maddi cəhətdən təmin olunması, həm də onların digər formada qayğsına qalmaq tək iddiaçının üzrəinə düşmüşdür. Odur ki, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən cavabdehdən 40 000 manat pulun tutulmasını mütənasib hesab edir.

36. Məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehdən tutulmalıdır.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Mənəvi zərərə görə 40 000 manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. 210 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar