Məhkəmə qərarları › İş №e-2(011)-3978/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3978/2022

22.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3978/2022 22.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – onun cavabdehə faktiki nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanması üçün cavabdehdən hər uşağa görə hər ay 300 manat sabit pul məbləğində alimentin, həmçinin 50 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh 2005-ci ildə qeyrirəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahdan onların xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Belə ki, cavabdeh uzun müddətdir ki, iddiaçıya nə də uşaqlara lazımi diqqət və qayğı göstərmir, həmçinin uşaqlara baxmaq üçün maddi köməklik göstərmir. Odur ki, məsələnin məhkəmə yolu ilə həllinə zərurət yaranmışdır. Cavabdeh fərdi əməklə məşğul olur və hər ay ən azı 2000 manat qeyri-müntəzəm gəlirə malikdir. İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh Məmmədov X3 rayonu, 2-ci Bayan kəndində qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, X4 yaşayır. Həmçinin Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli arayışına əsasən mediasiya prosesinin baş tutmadığı və iddiaçının 50 manat mediasiya dair xərci ödədiyi təsdiq olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında eyni evdə yaşadıqlarını və buna görə də aliment ödəmək istəmədiyini bildirərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında arayışın surətindən görünür ki, X1 xx.xx.2006-cı il tarxində Bakı şəhərində anadan olmuşdur. Onun valideynləri qrafasında atası “Cavabdeh” anası “İddiaçı” qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında arayışın surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarxində Bakı şəhərində anadan olmuşdur. Onun valideynləri qrafasında atası “Cavabdeh” anası “İddiaçı” qeyd edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, yetkinlik yaşına çatmamış uşaq isə iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, lakin həcminə görə əsaslı deyildir. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, iddia uşağın yetkinlik yaşına çatanadək cavabdehdən hər ay hər uşaqa 300 manat məbləğində alimentin tutulması hissəsində qismən təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 193 manat müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, mediasiya prosesində iştirak üçün ödənilmiş 50 manat cavabdehdən tutularaq iddiaçıya və məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 07 fevral 2006-cı il təvəllüdlü X1 və 21 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 23 may 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində sabit pul şəkilində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya prosesində iştirak üçün ödənilmiş pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 66,32 (altmış altı manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar