Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-405/2023 12.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İşin faktiki hallarına görə cavabdehin əməkdaşlarının təqsirindən xx.xx.2021ci il tarixdə Şamaxı şəhəri, M.Qəniyev küçəsi 17 saylı evin küçəyə tərəf olan divarının qarşısı ilə yerüstü olaraq çəkilmiş daşıyıcı qaz xəttinin üzəri torpaqla örtülmüş 2,3 metr hissəsində, daşıyıcı qaz xəttindən qaz sayğacına budaqlanma verilməklə çəkilmiş, diametri 20 millimetrlik polad qaz borusunun daşıyıcı qaz xəttinə qaynaqla birləşmə yerindən sızan təbii qazın kanalizasiya borusu vasitəsilə X3 məxsus yaşayış evinin hamam-tualet otağının daxilinə daxil olmuş partlayış konsentrasiyası həddinə çatan havaqaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən alışması nəticəsində həmin vaxt hamam otağında olan iddiaçının əri X2 üzünün, başın, boyun nayihələrinin, gövdnin ön arxa-bayır səthlərinin, hər iki bazunun, sağ saidin, hər iki budun və hər iki baldırın ümumi bədən səthinin 85-90%-ni əhatə edən İİ-İİİ-İV dərəcəli termiki (alov) yanıq yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və aldığı xəsarətlərdən xx.xx.2021-ci il tarixdə ölməsinə səbəb olmuşdur.
2. Baş vermiş partlayış hadisəsində cavabdehin X20 İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsinin Təmir Bərpa Xidmətinin 5-ci dərəcəli təmirçi çilingəri vəzifəsində işləyən X9 və Cavabdeh İB-nin X20 İstismarı İdarəsinin Qobustan rayonu üzrə Qəzadispetçer xidmətində 8-ci dərəcəli texnik vəzifəsində işləyən X11 təqsirli bilinərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Şənlik Mirzəyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması, Mahir İbadov isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
4. İddia ərizəsinin dəlilləri:
5. İddiaçı cavabdehdən 800.000 manat məbləğində pulun mənəvi zərərə görə tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehin X20 İstismar İdarəsinin Şamaxı xidmət sahəsinin əməkdaşlarının cinayət əməlləri nəticəsində Şamaxı rayon sakini X2 ölməsinə səbəb olmuşdur. cavabdehin X20 İstismar İdarəsinin Şamaxı xidmət sahəsinin təmirçi çilingəri X5 ehtiyyatsızlığı və həmin xidmətin 8-ci dərəcəli texniki X1 üzündən iddiaçının əri X4 ölmüşdür. Baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçı uzun illərdir birgə yaşadığı həyat yoldaşını itirmiş və bununla da sonuncu ağır stress, güclü mənəvi sarsıntı və iztirab keçirmiş, bununla da ağır depressiyaya düşərək yaşama sevincini itirmiş, həyat eşqi sönmüşdür. Keçirdiyi ruhi sarsıntı, iztirab indiyədək davam edir və həyatının sonunadək bu iztirab davam edəcəkdir. Həmişə sevincini və kədərini bölüşdüyü, bir yastığa başını qoyduğu, ona və uşaqlarına dayaq olan həyat yoldaşı, ailənin başçısı artıq yoxdur. Hələ həyatı dərk etməyən və ata sevgisinə və qayğısına möhtac olan üç azyaşlı uşaqların atasız qalmaları bir faciədir. Uşaqlardan birinin atasını itirən vaxt cəmi iki aylıq olması, atasını görmədən və tanımadan, ümumiyyətlə atanın nə olduğunu dərk etmədən, dolayısı ilə ömür boyu ata həsrəti ilə böyüyəcək olması bu faciəni daha da ağırlaşdırır, onun keçirdiyi iztirabı daha da dözülməz edir. Əbəs yerə ərə və ya arvada həyat yoldaşı deyilmir, o bu həyatda yol yoldaşını, ömür yoldaşını itirmiş və onsuz tənha bir həyata məhkum edilmişdir. Bundan başqa, iddiaçının həyat yoldaşı aylıq əsas əmək haqqı kimi 890 manat və əmək haqqına əlavə və mükafatlar kimi müxtəlif məbləğlər almaqla ailəni dolandıran şəxs olmuş, lakin hadisə nəticəsində ailə həmin gəlirdən də məhrum olmuşdur. Uşaqlardan ən kiçiyi olan X6 “serebral iflic’’ xəstəliyindən əziyyət çəkir, hər ay onun müalicəsinə 550 manat pul xərclənir. Bundan başqa, digər iki uşaqların təhsili də (hazırlıq, dərs vəsaitləri və sair) kifayət qədər xərc tələb edir. Bu xərclərin hamısını iddiaçının həyat yoldaşı çəkirdi, lakin hadisədən sonra ailə çox ağır maddi vəziyyətə düşmüşdür. Hazırda yaxın qohumlarının dəstəyi ilə dolanmağa çalışırlar, lakin uşaqların müalicə və tahsli xərclərini çatdıra bilmirlər, çarəsiz vəziyyətdə ümidlərini onlara veriləcək kompensasiyaya bağlamışlar.
7. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında qeyd etmişdir ki, iddiaçı tərəf mərhum X2 fərdi əmək fəaliyyəti ilə məşğul olmasını qeyd etsə də, onun vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı, habelə konkret aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında verilən izahatlar:
10. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
11. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi.
12. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
19. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
İşə baxan məhkəmənin mövqeyi:
24. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
25. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə cavabdehin işçilərinin iddiaçının ərinin ölümündə təqsirli olub-olmaması, habelə cavabdehin öz işçiləri Şənlik Mirzəyevin və Mahir İbadovun hərəkətlərinə görə məsuliyyət daşıyıb-daşımaması araşdırılaraq hüquqi qiymət verilməlidir.
26. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır (§ 15 və 16).
27. İddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin işçiləri olmuş Şənlik Mirzəyevin və Mahir İbadovun əməllərinin qanuna zidd olması, cinayətin baş verməsində onların təqsirli olması, habelə onların əməli nəticəsində iddiaçının ərinin ölməsi iş materialları öz təsdiqini tapır.
28. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə cavabdehin işçiləri olmuş Şənlik Mirzəyev Azərbaycan Respublikası CMnin 124.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə, Mahir İbadov isə Mirzəyev Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Mahir İbadov və Şənlik Mirzəyev ona görə təqsirləndərilmişlər ki, onların öz vəzifələrini düzgün icra etməməsi nəticəsində Şamaxı şəhəri, M.Qəniyev küçəsi 17 saylı evin küçəyə tərəf olan divarının qarşısı ilə yerüstü olaraq çəkilmiş daşıyıcı qaz xəttinin üzəri torpaqla örtülmüş 2,3 metr hissəsində, daşıyıcı qaz xəttindən qaz sayğacına budaqlanma verilməklə çəkilmiş diametri 20 millimetrlik polad qaz borusunun daşıyıcı qaz xəttinə qaynaqla birləşmə yerindən sızan təbii qaz kanalizasiya borusu vasitəsilə X3 məxsus yaşayış evinin hamam-tualet otağının daxilinə daxil olmuş partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən alışması nəticəsində həmin vaxt hama otağnda olan iddiaçının əri aldığı ağır xəsarətdən xx.xx.2021-ci il tarixdə ölmüşdür.
29. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının ərinin ölməsində cavabdehin işçisinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilir.
30. Mülki hüquq pozuntusu törətmiş Şənlik Mirzəyevin və Mahir İbadovun hərəkətlərinə görə cavabdehin məsuluyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar isə Mülki Məcəllənin qeyd edilən 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəaya əsasən hüquqi və ya fiziki şəxsin öz işçsinin törətdiyi deliktə görə məsuliyyət daşıması üçün əsasən iki şərt tələb olunur: birinci, deilikt törətmiş şəxs hüquqi və ya fiziki şəxsin işçisi olmalıdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinin mənası baxımından işçinin dairəsi Mülki Məcəllənin 1099.2-ci maddəsində (işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun) göstərilmişdir. İkincisi, delikt işçinin əmək (qullu, mənsəb) vəzifələrinin icrası zamanı törədilməlidir.
31. Şənlik Mirzəyevin və Mahir İbadovun cavabdehin işçiləri olması işin mübahisəsiz halıdır. O ki qaldı deliktin Şənlik Mirzəyevin və Mahir İbadovun əmək vəzifələrinin icrası zamanı törtməsinə, bu hal qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş və X13 İbadova ittiham onların əmək funksiyalarının pozulmasına görə verilmişdir.
32. Beləliklə, cavabdehin işçiləri Şənlik Mirzəyevin və Mahir İbadovun törətdikləri mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması işdə olan sübutlar əsasında təsdiqini tapır.
33. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.
34. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçilərinin təqsirindən iddiaçının əri ölmüşdür. İddiaçı mərhum əri X4 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq uzun müddət ər-arvad münasibətlərində yaşamış və birgə təsərrüfat aparmışlar. Şübhəsiz ki, iddiaçının uzun illər birlikdə yaşadığı yaxın qohumunu itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
36. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
37. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin işçilərinin təqsirli hərəkətəri ilə iddiaçının ərinin ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.
38. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir.
39. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.
40. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərəri ərinin ölümünə görə tələb edir. İddiaçı ilə əri xx.xx.2010-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və xx.xx.2021-ci il tarixədək, yəni 11 ildən artıq bir müddət ərzində ər-arvad olaraq birgə yaşamışlar. Ailə məkanından və milliyətindən asılı olmayan bütün cəmiyyətlərin özəyi, milli və mənəvi dəyərlərin daşıyıcısı hesab edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyası ailənin dövlətin xüsusi himayəsində olmasını təsbit etmişdir. Qanunvericilikdə nikaha daxil olan şəxslərin statusları termin olaraq ər və arvad adlandırılır. Lakin Azərbaycan cəmiyyətində ər-arvad münasibətlərinin özünə məxsus mənəvi, əxlaqi və dini dəyərləri mövcuddur. Ona görə də, “ər-arvad” qanunla müəyyən edilmiş termin olaraq işlənsə də, bütün hallarda cəmiyyətimizdə bu şəxslər bir-birinə “həyat yoldaşı”, “ömür gün yoldaşı” hesab edilir. İddiaçı cavabdehin işçilərinin təqsiri üzündən həyat yoldaşını itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın “ömür gün yoldaşı”nın itirilməsi həddindədir.
41. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının ərinin ölməsini, habelə cavabdehin də maddi imkanlarını da nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 25 000 manat pulun tutulmasını mütənasib hesab edir.
42. Məhkəmə hesab edir ki, dövlət rüsumu iddia tələbinin təmin edilməsi nisbətində cavabdehdən tutulmalıdır.
43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Mənəvi zərərə görə 25 000 manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 165 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı