Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4131/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə kooperativ mənzil tikintisi haqqında 256 nömrəli müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, iddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış kompleksinədə giriş 2, mərtəbə 15, ümumi tikinti sahəsi 50,89 kv.m olan 1 otaqlı, 256 nömrəli mənzili (Bundan sonra – Mənzil) cavabdehə təhvil verməyi, cavabddeh isə Mənzilind dəyəri olan 71 246 manat pulun 15000 manat hissəsini müqavilə bağlanan gün, qalan 56 246 manat hissəsini isə 120 ay müddətinə, aylıq ödəniş 682,50 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür.
2. Cavabdeh Mənzilin dəyərini tam ödəməmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı cavabdehdən mənzilin ümumi dəyərinin 20%-i məbləğində 14249 manat dəbbə pulu məbləğinin, 24 ay müddətinə hesablanmış 19200 manat kirayə haqqının, məhkəməyə dövlət rüsumu olaraq ödənilmiş 191 manat ümumilikdə 33.640 manat pul vəsaitinin tutularaq kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh və digər şəxslərin çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, cavabdehlə aralarında kooperativin ünvan 2 ünvanında öz vəsaiti hesabına inşa etdiyi yaşayış binasının 2-ci giriş 15-ci mərtəbədə olan 1 otaqlı 256 nömrəli mənzilinə dair xx.xx.2021-ci il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin dəyəri olaraq payçı tərəfindən müqavilə bağlanan gün 15.000 manat ilk ödəniş edilmişdir. Qalan 56.246 manat borcun isə 120 ay müddətinə aylıq 682,5 manat olaraq ödənilməsi razılaşdırılmışdır. Lakin götürülmüş öhdəlik payçı tərəfindən tam yerinə yetirilməmiş və müqavilə ilə müəyyən edilmiş aylıq ödənişlər tam ödənilməyərək öhdəliyin icrası gecikdirilmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 9.1-ci bəndinə əsasən “Payçı” müqavilə şərtlərini pozularsa kooperativ tərəfindən müqavilə bir tərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. Müqavilə üzrə üzərinə düşən öhdəliklər payçı tərəfindən yerinə yetirilməməklə müqavilə əhəmiyyətli dərəcədə pozulmuş nəticədə Kooperativ müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kooperativin xx.xx.2024-cü il tarixli 02 və xx.xx.2023-cü il tarixli 37 nömrəli xəbərdarlıq məktublar ilə müqavilənin 9.1-ci bəndinə əsasən Kooperativ tərəfindən birtərəfli qaydada pozulacağı (ləğv ediləcəyi) və mənzilin başqa şəxsə satılacağı xəbərnaməli məktubla payçıya bildirilmişdir. Dəfələrlə kooperativ tərəfindən cavabdehə borcun ödənilməsi barədə müraciətlər edilməsinə baxmayaraq kooperativə heç bir ödəniş edilməmişdir. Lakin bu xəbərdarlığa da məhəl qoyulmadığından qeyd edilənlərlə bağlı olaraq Kooperativ tərəfindən Cavabdeh arasında 10 dekabr 2021-ci il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilə xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. Həmçinin müqavilənin 4.5-ci bəndinə əsasən “Payçı” tərəfindən ödəniş cədvəli üzrə ödənişlər 3 ay müddətinə aparılmadıqda, yaranmış borc tələbinin ödənilməsi üçün mənzil üzrə bütün hüquqular Kooprativə keçir. Eyni zamanda müqavilənin 2.3 və 2.4-cü bəndlərinə əsasən mənzil geri qaytarıldıqda mənzilin ümumi dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşandığı müddətə hər ay üçün 800 manat kirayə haqqı “Payçı”dan tutulur və mənzil azad olunur.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
8. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
9. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
13. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
16. Maddə 443.2. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
24. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
25. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
26. Tərəflər arasında kooperativ mənzil tikintisi müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqaviləyə əsasən iddiaçı Mənzili cavabdehə təhvil verməyi, cavabdeh isə Mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən Mənzilin dəyəri 71 246 manat müəyyən edilmiş, Mənzilin dəyərinin 15 000 manat hissəsi müqavilə bağlanan zaman cavabdeh tərəfindən ödənilmişdir. Qalıq 56 246 manat hissəsi isə tərəflər arasında imzalanmış hesablama cədvəlinə əsasən 120 ay müddətinə hər ay 682,50 manat olmaqla cavabdeh tərəfindən ödənilməli idi. Müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır.
27. İşin hallarından da göründüyü kimi, tərəflər arasında mənzil tikintisi müqaviləsinin bağlanması baş tutmuş, iddiaçı öhdəliyini icra edərək Mənzili cavabdehə təhvil verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh həm qanunvericiliklə, həm də müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət ərzində Mənzilə dair ödənişi ödəməməklə öhdəliyini pozmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan Mənzili almaq hüququna malik olduğu kimi, eyni zamanda Mənzilin dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında Mənzili almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Mənzil cavabdeh və digər şəxslər tərəfindən boşaldılaraq iddiaçıya geri qaytarılmalıdır.
28. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər razılaşmışlar ki, mənzil geri qaytarıldıqda payçı (cavabdeh) müqavilənin 2.1-ci maddəsində razılaşdırılmış məbləğin 20%-i həcmində iddiaçıya dəbbə pulu ödəməlidir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
29. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmiin hissədə təmin edilərk, 14 249 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.
30. Məhkəmə iddia tələbinin 19 200 manat kirayə haqqının tutulması hissəsinə münasibətdə isə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı kirayə haqqnın cavabdeh tərəfindən ödənilməsini tələb edərkən öz dəlilini cavabdehlə aralarında bağlanmış müqavilənin 2.4-cü bəndi ilə əsaslandırsa da, məhkəmə iddiaçının bu dəlili ilə razılaşmır. Belə ki, həmin bənddə kirayə haqqının Mənzil satıldıqdan sonra çıxılmaısı qeyd edilmişdir. Mübahisə predmeti mənzil isə hazırda iddiaçı tərəfindən satılmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz.
31. Məhkəmə iddia tələbinin dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə bildirir ki, iddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 300 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin təmin edildiyindən dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh üzərinə götürdüyü vəzifələrini icra etməməsi nəticəsində iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəmədə iddia qaldırması üçün dövlət rüsumu ödəməklə ilə əlavə xərc çəkmişdir. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
32. Məhkəmə hesab edir ki, 191 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 42%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. 14 249 manat məbləğində pul vəsaiti və ödənilmiş 80,22 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MTK-ya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 110,78 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı