Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4135/2022 21.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə azyaşlı nəvəsi X3, qızı X6 və qızının 2 yaşlı uşağı X4 faciəvi surətdə ölmələri ilə bağlı 80.000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın, həmçinin ödənilmiş 330 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qızı X8, 2 körpə nəvəsi X5 və X7 birdən itirmişdir. X12 Azərbaycan Respublikası CM-nin 314.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs X2 Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və xidmətinin rəisi vəzifəsində işləyən vəzifəli şəxs olmaqla, işə laqeyd münasibət göstərib, öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməklə ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə, bir nəfər şəxsin isə sağlamlığına yüngül zərər yetirilməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 1(033)- 25/2018 saylı, 22 may 2018-ci il tarixli hökmünə əsasən X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdən təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Baş vermiş hadisə ilə əlaqədar cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəyindən görünür ki, hadisə X18 İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisinin Cavabdeh İB-nin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçı 2 azyaşlı nəvəsinin və qızının faciəvi surətdə ölmələri ilə bağlı mənəvi sarsıntı keçirmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin təqsirli olub-olmamasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, iş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 1(033)- 25/2018 saylı, 22 may 2018-ci il tarixli hökmünə əsasən X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdən təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının qızı və iki azyaşlı nəvəsi 31 dekabr 2017-ci il tarixdə dəm qazı ilə zəhərlənmə nəticəsində ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının qızının və iki azyaşlı nəvəsinin ölümündə cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Bundan başqa, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (AR MM-nin 1099.1-ci maddəsi). İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (AR MM-nin 1099.2-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qızının və azyaşlı nəvəsinin ölümündə cavabdehin təqsiri vardır. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, şübhəsiz ki, iddiaçının öz doğma qızını və iki azyaşlı nəvəsini itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının ən yaxın ailə üzvləri hesab edilən qızının və iki azyaşlı nəvəsinin ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərəri qızının və iki azyaşlı nəvəsinin ölümünə görə tələb edir. Ailə, məkanından və milliyətindən asılı olmayan bütün cəmiyyətlərin özəyi, milli və mənəvi dəyərlərin daşıyıcısı hesab edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyası ailənin dövlətin xüsusi himayəsində olmasını təsbit etmişdir. Göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşlarının səhlənkarlığı, işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının qızının və iki azyaşlı nəvəsinin dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz Cavabdeh İB-nin əməkdaşlarının Cavabdeh İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçı cavabdehin işçisinin təqsiri üzündən öz qızını və iki azyaşlı nəvəsini itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanların ölümü həddindədir. Beləliklə, işin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh təşkilatın əməkdaşlarının təqsirli hərəkəti nəticəsində iddiaçının qızının və iki azyaşlı nəvəsinin ölməsi iddiaçının yüksək dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, qızının və nəvələrinin ölümü nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər. İş materiallarından görünür ki, mərhum X1 həyat yoldaşı X13 Cavabdeh İB-yə qarşı mənəvi zərərin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(011)-2229/2021 saylı qətnaməsi ilə Cavabdeh İB-dən vurulmuş mənəvi zərərə görə 25.000 manat kompensasiyanın tutulub iddiaçı X10 verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli 2(103)-10105/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(011)-2229/2021 saylı qətnaməsinin dəyişdirilməsi, cavabdehdən vurulmuş mənəvi zərərə görə alınıb iddiaçıya ödənilməli olan pul vəsaitinin məbləğinin 50.000 manat müəyyən edilməsi qət edilmişdir. Bununla yanaşı, məhkəmə, cavabdehin də maddi imkanlarını, həmçinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli 2(103)- 10105/2021 saylı qətnaməsi ilə cavabdehdən mərhum X1 həyat yoldaşı X9 xeyrinə 50.000 manat məbləğində pulun tutulmasını nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq 70.000 manat pulun tutulmasını mütənasib hesab edir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 330 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 330 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq Cavabdehndən 70.000 (yetmiş min) manat məbləğində pul vəsaiti və ödənilmiş 330 (üç yüz otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-4135/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4135/2022
21.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver