Məhkəmə qərarları › İş №e-2(011)-4140/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4140/2023

02.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4140/2023 02.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin olunması barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin olunması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat məbləğində alimentin alınaraq, ona verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 dekabr 2019-cu il tarixdə onun cavabdeh X4 adlı övladı dünyaya gəlmişdir. Cavabdehlə birlikdə yaşamırlar və hazırda övladı onun himayəsindədir. Oğluna özü baxır və onun maddi tələbatlarını təkbaşına qarşılayır. Bu isə ona çox çətinlik yaradır. Övladı azyaşlı olduğundan heç yerdə işləyə və hər hansı gəlir əldə edə bilmir. Cavabdeh oğlunun saxlanılması üçün ona köməklik etmir. Cavabdeh ilə aralarında alimentin ödənilməsi ilə bağlı razılıq olmadığından, övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə qanunla müəyyən olunmuş miqdarda aliment tutulmalıdır. İddiaçı qız məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmışdır. Onun vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məluamat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdehdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X2 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, yetkinlik yaşına çatmamış uşaq isə iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən alimentin tutulmasına dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 220 manat məbləğində müəyyən edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-503/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixdən (iddia ərizəsinin məhkəməyə daxil olduğu tarix) başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat məbləğində müvəqqəti alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq və qeyd olunanları nəzərə alaraq, hesab edir ki, alimentin tutulma müddəti qətnamənin qəbul edildiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qəbul edildiyi xx.xx.2023-cü il tarixindən başlayaraq, hər ay 220 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Cavabdeh 46,40 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar