Məhkəmə qərarları › İş №e-2(011)-4213/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4213/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4213/2024 23.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı “pul tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 47171 (qırx yeddi min bir yüz yetmiş bir) manat pul vəsaitinin və hüquqi yardıma görə ödənilmiş 500 manat və dövlət rüsumu kimi ödənilmiş 232 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən 63560 (altmış üç min beş yüz altmış) manat pul vəsaitinin alınıb iddiaçıya ödənilməsi, hüquqi yardıma görə ödənilmiş 500 manat və dövlət rüsumu kimi ödənilmiş 281 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı və Cavabdeh MMC arasında 25 mart 2010-cu il tarixində müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə cavabdeh ünvan 1 ünvanda inşa olunan cavabdehə məxsus yaşayış binasında binanın İ bloku, Vİ mərtəbəsində yerləşən, ümumi sahəsi 55,8 kvm olan, 1 otaqlı, 40 saylı mənzili iddiaçıya təhvil verməyi, İddiaçı isə həmin mənzilin dəyəri olan 20800 (iyirmi min səkkiz yüz) manat pul vəsaitini cavabdehə ödəməyi tərəflər razılaşdırmışlar. İddiaçı həmin gün, yəni 25 mart 2010-cu il tarixində öz öhdəliyini yerinə yetirmiş, mənzilin dəyəri olan 20800 (iyirmi min səkkiz yüz) manat pul vəsaitini cavabdehə ödəmiş, bunun əvəzində cavabdeh maliyyə arayışı vermişdir ki, iddiaçının cavabdehə borcu yoxdur. Müqavilənin 8-ci bəndinə görə müqavilə hər iki tərəfin imzaladığı gündən hüquqi qüvvəyə minmişdir. Müqavilənin imzalandığı 2010-cu ildən sonra dəfələrlə müraciətlərə baxmayaraq cavabdeh öhdəliyini yerinə yetirməmiş, mənzili iddiaçıya təhvil verməmişdir. Bundan sonra iddiaçı və onunla eyni vəziyyətdə olan yüzə yaxın şəxslər müxtəlif dövlət orqanlarına- Prezident aparatına, Baş Prokurorluga saysız-hesabsız şikayətlər etmiş, nəticədə cavabdeh hüquqi şəxsin vətəndaşları aldadan vəzifəli şəxsləri haqqında cinayət işi başlanılmış və həmin şəxslər müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İddiaçının və digər şəxslərin tələblərini yerinə yetirməkdən ötrü Baş Prokurorliğun iştirakı və nəzarəti ilə hüquqi şəxslər arasında əvəzləşmə aparılmış və nəticədə başqa hüquqi şəxs olan Kristal Apşeron MTK bir sıra vətəndaşlara, o cümlədən iddiaçıya cavabdehin əvəzinə onun müqavilə üzrə öhdəliyinin bir qismini yerinə yetirməyə razılaşmışdır. Baş Prokurorluğun İstintaq idarəsinin rəisi, ədliyyə müşaviri X1 Abşeron MTK-nın müşahidə şurasının sədri cənab Məhayət Nəbiyevə məktub ünvanlayaraq 82 nəfər zərər çəkmiş şəxsə (81 mənzil üzrə) adı siyahıda göstərilən şəxslərin Xətai rayonu ərazisində Ag şəhər layihəsi çərçivəsində 0,6965 ha torpaq sahəsində inşa olunacaq binada mənzillə təmin olunmalarına etiraz etmədiyini bildirmişdir. Nəhayət həmin torpaq sahəsində bina inşa olunduqdan sonra cavabdehin iddiaçı qarşısında müqavilə öhdəliyini başqa hüquqi şəxs olan Kristal Bakı ASC yerinə yetirmiş və 20 dekabr 2020-ci il tarixində **********51719 saylı bağışlama müqaviləsi ilə Xətai rayonu Ağ şəhər layihəsi çərçivəsində inşa olunan çoxmənzilli binanın 1-ci blokunda, 3-cü mərtəbəsində yerləşən 16 saylı 1 otaqlı 34,79 kvm ölçülü təmirsiz mənzili əvəzsiz olaraq İddiaçının mülkiyyətinə vermişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 25 mart 2010-cu il tarixli müqavilə üzrə İddiaçı 55,8 kvm mənzil almaq üçün 20800 (iyirmi min səkkiz yüz) manat pul vəsaitini cavabdehə ödəmiş, lakin 10 il sonra ona başqa bir ərazidən 34,79 kvm ölçülü mənzil verilmişdir. Bu fakt təsdiq edir ki, cavabdeh iddiaçı ilə bağladığı və 25 mart 2010-cu il tarixli müqavilə üzrə İddiaçıya 55,8-34,79 = 21,01 kvm az mənzil sahəsi vermişdir. İş üzrə iddiaçı tərəfin sifarişi əsasında aparılmış qiymətləndirmələr nəticəsində iddiaçıya təhvil verilmiş ünvan 8ndə yerlşən coxmənzilli binanın 1-ci blokunda 3-cu mərtəbədə, 16 saylı 34.79 kvm sahəsi olan təmirsiz mənzilin bazar dəyəri 31300 manat, müqavilə üzrə təhvil verilməli olan ünvan 3 ünvanında yerləşən 15 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsin, 55,8 kvm sahəsi olan mənzilin bazar dəyəri 94860 manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə təhvil verilməli olan və qüsurla təhvil verilən mənzillərin bazar dəyərləri arasındaki fərq 94860 – 31300 = 63560 manat təşkil edir. İddiaçı da haqlı olaraq həmin fərqi tələb edir ki, müqavilə üzrə məruz qaldığı itkiləri müəyyən hissədə qarşılaya bilsin. Sonda iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2, nümayəndəvəkilin izahatına uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə iclasında iştirak edilməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 4 ünvanında 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 4-cü mərtəbə, ümumi sahəsi 55,8 kv.metr, 40 №-li mənzil, izolə olmamış 1 otaqdan ibarət bir pay kimi İddiaçı verməyi İddiaçı müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə, mənzili qəbul etməyi öhdəsinə götürür. Mənzilin cəmi dəyəri 20800 manat təşkil edir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli Maliyyə arayışdan görünür ki, ünvan 4 ünvanında inşa olunan 1-ci blok, 4-cü mərtəbə, ümumi sahəsi 55,8 kv.metr, 40 №-li mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir, borcu yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********51719 №-li Bağışlama müqaviləsindən görünür ki, “Təqdim edən” "xxxx" ASC Xətai rayonu Ağ Şəhər layihəsi çərçivəsində inşa olunan çoxmənzilli binanın 1-ci blokunda, 3-cü mərtəbəsində yerləşən 16 saylı 1 otaqlı 34.79 m2 ölçülü təmirsiz mənzili (bundan sonra "mənzil”) əvəzsiz olaraq "Qəbul edən”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Qəbul edən” İddiaçı bu müqaviləyə əsasən Xətai rayonu Ağ Şəhər layihəsi çərçivəsində inşa olunan çoxmənzilli binanın 1-ci blokunda 3-cü mərtəbəsində yeləşən 16 saylı 1 otaqlı 34.79 m2 ölçülü təmirsiz mənzili qəbul etməyi öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "xxxx" MTK-ya ünvanladığı məktubdan görünür ki, prokurorluq xx.xx.2020-ci il tarixli sorğuya cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq olunan cinayət işləri üzrə zərərçəkmış şəxs qismində tanınmış şəxslərə dəymiş ziyanın ödənilməsi məqsədilə “Kristal Abşeron" MTK-ya ayrılmış Xətai rayonu ərazisində Ağ şənər layihəsi çərçivəsində 0 6965 ha torpaq sahəsində inşa olunacaq yaşayış binasında 82 nəfər zərərçəkmış şəxsə (81 mənzil uzrə) göndərilən siyahı uzrə mənzillərin bolgusunə etiraz edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Məclisi Gənclər və idman komitəsinin Ədliyyə Nazirinə ünvanladığı məktubdan görünür ki, Bir qrup Bakı şəhər sakini adında Komitəyə daxil olmuş ərizəni aidiyyəti üzrə baxılması üçün Sizə göndəririk. Ərizədə vətəndaşlar bina tikintisi ilə məşğul olan "Birlik-İnşaat” MMC-nin təsisçisi və drektoru Tağıyev Elmanın onlara və onun kimi xeyli sayda digər vətəndaşlara qarşı edilən dələduzluq halından şikayətçi olduğuqlarını bildirilir və pozulmuş hüquqlarının bərpasına köməklik göstərilməsi xahiş edilir. Belə ki, şirkətin tikdiyi yaşayış binasındakı mənzillər 4-5 nəfərə satılmışdır. Faktla bağlı 2011-ci ildə Azərbaycan Respublikası CM-nin 178.3.2, 201.3.2.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi açılmışdır. Lakin hələ də zərərçəkmişlərə dəymiş ziyan ödənilməmiş və 11 dekabr 2018-ci ildə Bakı Apelyasiya Mehkemesinin qərarı ilə cavabdeh X2 cinayət Məhkəməsinin kəsdiyi 14 il 6 ay azadlıqdan məhrum etmə cəzasının 6 il azaldılmasından sonra mövcud narazılıqlar daha da artmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 01/08 №-li daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatından görünür ki, ünvan 6 ünvanında yerləşən çoxmənzilli binanin 1-ci blokunda yaşayış binasının 3-cü mərtəbədə, 16 saylı 34.79 m2 sahəsi olan temirsiz mənzilin bazar qiyməti: 31300 (otuz bir min üç yüz) manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 01/09 №-li daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatından görünür ki, ünvan 7 ünvanında yerləşən, 55.8 m2 sahəsi olan mənzilin bazar qiyməti: 94 860 (doxsan dörd min səkkiz yüz altımış) manat təşkil edir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Xətai rayon Məhkəməsi üzrə 284 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmət üçün 500 manat ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC ünvan 4 ünvanında 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 4-cü mərtəbə, ümumi sahəsi 55,8 kv.metr, 40 №-li mənzil, izolə olmamış 1 otaqdan ibarət bir pay kimi İddiaçı verməyi İddiaçı müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə, mənzili qəbul etməyi öhdəsinə götürmüş, İddiaçı 20800 manatı Cavabdeh MMC-yə ödəmişdir, buna baxmayaraq, cavabdeh öz öhdəliklərini icra etməmiş, təhvil verməli olduğu mənzili təhvil verməmişdir. Cavabdeh MMC-nin tikdiyi yaşayış binasındakı mənzillərin müxtəlif şəxslərə satılması nəticəsində MMC-nin rəhbəri azadlıqdan məhrum edilmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli **********51719 №-li Bağışlama müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən Xətai rayonu Ağ Şəhər layihəsi çərçivəsində inşa olunan çoxmənzilli binanın 1-ci blokunda, 3-cü mərtəbəsində yerləşən 16 saylı 1 otaqlı 34.79 m2 ölçülü təmirsiz mənzili (bundan sonra "mənzil”) əvəzsiz olaraq İddiaçı verilmişdir. İddiaçı hazırkı bazar qiymətləri əsasında, ünvan 7 ünvanında yerləşən, 55.8 m2 sahəsi olan mənzil ilə, ünvan 8 ünvanında yerləşən çoxmənzilli binanin 1-ci blokunda yaşayış binasının 3-cü mərtəbədə, 16 saylı 34.79 m2 sahəsi olan təmirsiz mənzil arasındakı fərqi tələb edir, onun tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatına əsasən həmin məbləğ 63560 (94860-31300) manat təşkil edir. Bununla belə, cavabdehin müqavilə üzrə öhdəliyini istisna edən, "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş mənzilin Cavabdeh MMC öhdəlikləri üzrə verilməsinə dair hallar hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh MMC-nın İddiaçı ilə bağlamış olduğu müqavilə cavabdehin təqsiri ucbatından icra edilməmiş, mənzil 14 il ərzində iddiaçıya təqdim edilməmiş, nəticədə cavabdeh mənzildən və onun üçün ödədiyi 20800 manat məbləğdən məhrum olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə, mənzili iddiaçıya təhvil vermədiyindən müqavilə üzrə ödənilmiş 20800 manat pul məbləği cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə, iddiaçının “mənzillərin dəyəri arasındakı fərqin ona verilməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı ünvan 7 ünvanında yerləşən, 55.8 m2 sahəsi olan mənzil ilə, ünvan 8 ünvanında yerləşən çoxmənzilli binanin 1-ci blokunda yaşayış binasının 3-cü mərtəbədə, 16 saylı 34.79 m2 sahəsi olan təmirsiz mənzil arasındakı fərqi tələb etsə də, "xxxx" ASC tərəfindən ona verilmiş ünvan 8, 1-ci blok, 3-cü mərtəbə, 16 saylı mənzilin iddiaçıya məhz Cavabdeh MMC-nin öhdəlikləri üzrə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev-20, 40 saylı mənzilin əvəzi kimi verilməsi məhkəmə tərəfindən müəyyən edilməmiş, iddiaçı özü də buna dair sübut təqdim edilməmişdir. Əksinə, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış müqavilədən görünür ki, ünvan 8, 1-ci blok, 3-cü mərtəbə, 16 saylı mənzil iddiaçıya bağışlama əsasında əvəzsiz qaydada verilmiş, müqavilədə həmin mənzilin başqa hər hansı mənzilin əvəzi kimi verilməsi və ya müəyyən şərtlə verilməsi öz əksini tapmamışdır. Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 500 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 500 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən, satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarındakı hüquqi mövqeyinə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, müqavilə üzrə ödənilmiş 20800 manat və hüquqi xidmətə görə ödənilmiş 500 manat pul vəsaiti Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin həcminin (21300 manat) nəzərə alınmaqla, dövlət rüsumu cavabdehə aid edilməli və 153,9 manat ondan alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən vurulmuş maddi ziyanın əvəzi qismində 20800 manat, hüquqi yardıma görə ödənilmiş 500 manat olmaqla, ümumilikdə 21300 (iyirmi bir min üç yüz) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 153 (yüz əlli üç) manat 90 (doxsan) qəpik tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar