Məhkəmə qərarları › İş №e-2(011)-4252/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4252/2023

07.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4252/2023 07.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh İB-nə qarşı – cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30.000 manat məbləğində pulun mənəvi zərərə görə tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin işçisi X1, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi iddiaçının yeganə qızı Təranənin ölümünə səbəb olmuşdur. Belə ki, Cavabdeh İB tərəfindən verilmiş 242 k nömrəli 02 iyul 2010-cu il tarixli əmrə əsasən Sadiq Quliyev, X12 Sahəsinin 2 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətində 10-cu dərəcəli usta vəzifəsində işləyib vəzifəli şəxs olmaqla, Cavabdeh İB-nin Nizami X8 rəisi tərəfindən 18 mart 2012-ci ildə təsdiq edilmiş Cavabdeh Nizami X8 yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustasının vəzifə təlimatı”nın 1.1.,1.2.,2.4., “Qaz Təchizatı, Layihələndirmə normaları”nın 8.46., “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 3.96., 3.97., 9.230., 9.238., 9.239 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.8.5., 3.8.8-ci bəndlərinə əsasən xidmət etdiyi ərazidə yerləşən mənzillərdə qaz cihalarının quraşdırılmasına, qaz yanacağı istifadəsinə təhlükə yaranacağını aşkar edib həmin cihaza qazın nəqlinin dayandırılmasından ötrü müvafiq tədbirlər görməsi üçün vaxtlı-vaxtında nəzarət etməli, hamam otaqlarının qapıları altında havanın dəyişməsi məqsədilə dəliklər açılmadan, asma tavandan aşağı ventilyasiya kanalı, yaxud pəncərə (nəfəslik) quraşdırılmadan qazla işləyən axarlı su qızdırıcısından istifadə olunmasının qarşısını almaqdan ötrü baxışlar keçirməli, təbii qazdan təhlükəsiz və fasiləsiz xidmət göstərilməsinə, təbii qazla əlaqədar baş verə biləcək qəzaların, bədbəxt hadisələrin baş verəməsinə görə qabaqcadan yerinə yetirilən tədbirlərin, abonentlərlə təbii qazdan istifadə qaydaları barədə təlimatlandırma işinə nəzarəti həyata keçirilməsinə cavabdeh olduğu halda öz işinə vicdansız və laqeyid münasibət göstərərək öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, xidmət etdiyi ərazidə yerləşən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Yenikənd küçəsi 14 nömrəli fərdi yaşayış evində 30 noyabr 2012-ci il tarixdə texniki baxış keçirərkən səhlənkarlıq edərək, həmin nöqsanları qeyd etməyib, bu barədə xidmət sahəsinin rəisinə məlumat verməmiş və axarlı su qızdırıcısına qazın verilməsinin dayandırılması üçün müvafiq tədbir görməmiş, nəticədə ehtiyatsızlıqdan 23 dekabr 2012-ci il tarixdə saat 23:10 radələrində qızı Təranə Əhmədova yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 14 nömrəli fərdi yaşayış evində 7,5 m az olan 6,2 m həcmli, qapısı altında havanın dəyişməsi üçün dəlikləri olmayan asma tavandan aşağı ventilyasiya kanalı pəncərə (nəfəslik) quraşdırılmayan hamam otağında yuyunarkən tüstü borusu olmayan axarlı su qızdırıcısından əmələ gələn dəm qazından zəhərlənərək ölmüşdür. İddiaçı qeyd edir ki, qızı 21 yaşında vəfat etmişdir. Onun toyunu görə bilməmiş, arzuları var idi. Heç vaxt həyata keçməyəcək arzular. Əksər ailələrdə çox istənildiyi kimi qız övladı olduğundan o da onu çox istəyir, aralarındakı mənəvi bağlılıq dərin olmuşdur. Cavabdehin işçisi iddiaçını bütün bunlardan məhrum edərək, əvəzində davamlı sarsıntı, əzab və iztirablar verdi. Özü də ömrünün sonunadək bitməyən. Eyni hissləri həyat yoldaşı da yaşayırdı. 2020-ci ildə o vəfat etdi. Yuxarıda qeyd olunan 24 aprel 2020-ci il tarixli qərara əsasən şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Yeganə qızının ölümünə görə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi bəlkə iztirablarının yumşaldılmasına səbəb olar. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1991ci il tarixdə Ordubad Əylis kəndində anadan olmuş, ata adı qrafasında İddiaçı, ana adı qrafasında X5 yazılmışdır. İş materiallarında olan AZ-l №595814 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində dəm qazı ilə zəhərlənmə səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 153 № ilə qeyd edilmişdir. İş materiallarında olan Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(007)- 208/2013 saylı hökmündən görünür ki, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, X7 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli X4 məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, X7 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə təhlükəsizlik texnikası ekspertizasına xərclənmiş 100 manat məbləğində pul vəsaiti X2 tutularaq dövlət büdcəsinə keçirilməsi, hökmün icrası X4 yaşayış yeri üzrə icra məmuruna həvalə edilməsi hökm olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş “Hökmün qanuni qüvvəyə minməsinə dair” Arayışdan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(007)-208/2013 saylı hökmdən apellyasiya şikayəti və protesti verilməmiş, hökm 16 iyul 2013-cü il tarixdə qanuni qüvvəyə minmiş və müvafiq qaydada icraata yönəldilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 180 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında “Elektron Məhkəmə” İnformasiya Sisemindən əldə edilmiş çıxarışdan görünür ki, iddiaçının yeganə övladı X6 olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına əsasən, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Plenumun qərarında əlavə olaraq qeyd edilmişdir ki, ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10-cu maddəsinə əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı vəiztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarı: Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. -Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. - Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, həqiqətən mənəvi sarsıntı keçirmiş hər bir şəxs keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə yaxınlıq dərəcəsinə müvafiq olaraq digər iddiaçılarla birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrı- ayrılıqda da müəyyən edilə bilər. Nyu-York Apellyasiya Məhkəməsi “McDougald v. Garber” işi üzrə 1989-cu il tarixli qərarında göstərmişdir ki, “Maddi zərər pulla kompensasiya edilə bilər; lakin mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərlərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsi barədə hüquqi fiksiyaya söykənir … Biz, pulun ağrını azaldacağını və ya zərər çəkənin qabiliyyətini bərpa edəcəyini düşünməsək də, bu fiksiyanı qəbul edirik. Biz, itirilmişi qiymətləndirməyi ümid etmirik, lakin mövcud şəraitdə pul kompensasiyası təsəlli vasitəsi kimi çıxış edə bilər”. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının yeganə qız övladının ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. Məhkəmə hesab edir ki, iddiaçının ən yaxın ailə üzvü hesab edilən yeganə övladının ölümü nəticəsində, o psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmişdir. Buna görə də, iddiaçı övladının ölümü ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ var. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçının öz yeganə qız övladını itirməsi onun üçün həyatındakı ən sarsıdıcı hadisədir. Onda kədər, xəyal qırıqlığı, qəzəb, mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaradır. Belə ki, övlad itkisi valideyn yaşlandıqca onun həyatında daha çox boşluq hissinin yaşamasına səbəb olur. Məhkəmə hesab edir ki, övladının ölməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və övladının həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Hazırkı iş üzrə isə iddiaçının yeganə övladının olması və övladından məhz cavabdehin işçisinin təqsiri ucbatından məhrum olduğu işin diqqətəlayiq məqamıdır. Belə ki, iddiaçının qızından başqa digər yaxın ailə üzvü yoxdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehndən mənəvi zərərə görə 30000 (otuz min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar