Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4321/2024 06.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 sentyabr 2022-ci il təvəllüdlü X2 və 13 mart 2024-cü il təvəllüdlü X3 hər birinin saxlanılması üçün ayrılıqda 235 manat, ümumilikdə 470 manat pul məbləğinin, həmçinin 13 mart 2024-cü il təvəllüdlü X3 3 yaşı tamam olanadək İddiaçı maddi köməklik edilməsi üçün 200 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh nikahı 19 oktyabr 2021ci il tarixində Sumqayıt ASAN xidmət mərkəzində qeydə alınmışdır. Nikahdan 25 sentyabr 2022-ci il tarixində X4 və 13 mart 2024-cü il tarixində X5 doğulmuşdur. Artıq uzun müddətdir ki, Cavabdeh övladlarının saxlanılmasında iştirak etmir. Heç bir maddi köməklik göstərmir. O, uşaqların nəinki minimum ehtiyaclarını ödəmir, ərzaqla belə ailəsini təmin etmir. İddiaçının ikinci uşağa hamilə olduğu dövrdə ümumiyyətlə iddiaçı ilə, uşağın vəziyyətilə maraqlanmamış, uşağın nəinki doğumuna maddi köməklik göstərmiş, doğulmasından xəbər tutsa da özünü xəbərsiz kimi aparmışdır. Artıq 2 övladları var, uşaqlar körpə olduğundan çalışa da bilmir. Bu səbədən uşaqların və özünün ehtiyaclarını təkbaşına ödəməkdə olduqca çətinlik çəkir. Evləndikləri ilk illərdə münasibətləri normal olsa da sonradan qeyri-müəyyən səbəblərdən cavabdeh iddiaçıya qarşı mütəmadi olaraq qeyri-adekvat hərəkətlərə yol verib, ona fiziki və psixi təzyiqlər və şiddət göstərmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. O, verdiyi izahatda iddiaçının hazırda iş yerinin olduğunu, onun analıq məzuniyyətində olduğunu və gəlirinin olduğunu bildirdi. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, tərəflər 19 oktyabr 2021-ci il tarixdə nikaha daxil olmuşlar. Onların birgə münasibətlərindən 25 sentyabr 2022-ci il təvəllüdlü X4 və 13 mart 2024-cü il təvəllüdlü X5 anadan olmuşdur. Uşaqlar hazırda iddiaçının yanındadır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-605/2024 saylı, 08 aprel 2024-cü il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, iddia tələbi üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək 25 sentyabr 2022-ci il təvəllüdlü X2 və 13 mart 2024-cü il təvəllüdlü X1 üçün 08 aprel 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin, həmçinin İddiaçı maddi köməklik edilməsi üçün aylıq 50 (əlli) manat alimentin alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, İddiaçı satıcı vəzifəsində çalışır və 350 manat əmək haqqı alır, Cavabdeh Sumqayıt şəhər İcra hakimiyyəti Başçısının tabeliyində "xxxx" MMC-də mühafizəçi vəzifəsində çalışır və 459 manaat əmək haqqı alır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə münasibətlərindən 25 sentyabr 2022-ci il təvəllüdlü X4 və 13 mart 2024-cü il təvəllüdlü X5 anadan olmuşdur. İddiaçı cavabdehdən ümumilikdə 470 manat aliment və uşağın yetkinlik yaşına çatanadək özü üçün 200 manat aliment tələb etmişdir. Məhkəmə ilk növbədə tələb edilən 470 manat aliment miqdarına münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, cavabdeh 459 manat əmək haqqı alır. Odur ki, məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini, sağlamlıq vəziyyətini, diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın bu hissədə qismən təmin edilməsini və cavabdehdən hər ay hər uşağa görə 200 manat, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutulmasını ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin 13 mart 2024-cü il təvəllüdlü X3 3 yaşı tamam olanadək İddiaçı maddi köməklik edilməsi üçün 200 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı satıcı vəzifəsində çalışır və 350 manat əmək haqqı alır. Onun analıq məzuniyyətində olmasını təsdiq edən hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Odur ki, yuxarıda istinad olunanlara əsasən məhkəmə iddianı İddiaçı maddi köməklik edilməsi üçün 200 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində əsassız sayır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-605/2024 saylı, 08 aprel 2024-cü il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, iddia tələbi üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək 25 sentyabr 2022-ci il təvəllüdlü X2 və 13 mart 2024-cü il təvəllüdlü X1 üçün 08 aprel 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin, həmçinin İddiaçı maddi köməklik edilməsi üçün aylıq 50 (əlli) manat alimentin alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, aliment hazırkı qətnamə qəbul olunduğu tarixdən, yəni 06 iyun 2024-cü il tarixdən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə münasibətlərindən anadan olmuş 25 sentyabr 2022ci il təvəllüdlü X2 və 13 mart 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 iyun 2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 200 manat, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunduğundan cavabdehdən 68 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 25 sentyabr 2022-ci il təvəllüdlü X2 və 13 mart 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 iyun 2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 200 manat, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 68 (altmış səkkiz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-4321/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4321/2024
06.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver