Məhkəmə qərarları › İş №e-2(011)-4353/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4353/2023

15.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4353/2023 15.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, İşin faktiki halları:

1. Tərəflər xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahından üç övladları - xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 doğulmuşdur.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

2. İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları ucun hər uşağa görə 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cvabdehlə birgə nikalarından üç övladları doğulmuşdur. Uşaqlar onun himayəsindədir. Cavabdeh uzun müddətdir ki, onların vəziyyətləri ilə maraqlanmamış, uşaqların ehtiyacı olan məsrəflərlə bağlı ona dəstək olmamışdır. Uşaqların maddi ehtiyaclarının ödənilməsi üçün cavabdehdən alimentin tutulması tam qanunauyğundur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasının vaxtı yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

8. Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

9. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

10. Maddə 75.4 Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

11. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

12. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

13. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

15. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.

18. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını tələb edir.

19. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan, uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşadıqlarından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.

20. Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasnın 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqların sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment onu tələb edən şəxsin xahişi ilə tutulur. Hazırkı mübahisə üzrə atanın-iddiaçının rəsmi iş yeri olmadığından və alimentin sabit pul məbləğində tutulması tələbi olunduğundan ikinci qayda tətbiq ediləcəkdir

21. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ qaydada nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşaqların maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.

22. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşalarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat məbləğində müəyyən edilməlidir.

23. Alimentin tutulmasının hansı vaxtdan hesablanması məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsində alimentin məhkəməyə müraciət etdiyi vaxtdan tutulması müəyyən edildiyindən, aliment iddiaçının bu barədə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmalıdır.

24. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsində alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilmişdir. Tutulan alimentin 1 illik məcmusu isə 7920 manatdır (660 manat x 12 ay = 7920 manat). Bu halda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun olaraq 72,80 manat təşkil edi.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 72,80 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar