Məhkəmə qərarları › İş №e-2(011)-44/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-44/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-44/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsinə dair üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli sığorta müqaviləsinə əsasən sonuncuya məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (bundan sonra – Sığortalanmış əmlak) “Daşınmaz ənlakın icbari sığortası” növü üzrə sığortalanmış və bu barədə RAZ********** nömrəli sığort şəhadətnaməsi verilmişdir. Sığorta şəhadətnaməsi ilə sığortalı "xxxx" MMC, sığorta məbləği 49737 manat, azadolma məbləği isə 150 manat, müqavilənin qüvvədə olma müddəti xx.xx.2022-ci il müəyyən edilmişdir

2. xx.xx.2021-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Nopel prospketi, ev 5, 32 saylı mənzildən su axma nəticəsində Sığortalanmış əmlaka zərər dəymiş, dəymiş zərərin həcmi mütəxəssis X2 tərəfindən 1842 manat qiymətləndirilərək bu barədə xx.xx.2021-ci il tarixdə hesabat tərtib edilmişdir.

3. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli Sığorta aktı tərtib edilmiş, dəymiş zərərdən 150 manat azadolma məbləği çıxılmaqla, ödənilməli olan sığorta ödənişi 1690,35 manat təsdiq edilmiş və xx.xx.2021-ci il tarixdə köçürmə yolu ilə ilə faydalanan şəxs - "xxxx" MMC-yə ödənilmişdir.

İddia ərizəsinin və iddia ərizəsinə etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

4. İddiaçı 1695,35 manat pulun və ödənilmiş 37 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, RAZ********** nömrəli xx.xx.2021-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən X3 mülkiyyətində olan Sığortalı əmlak “Daşınmaz əmlakın icbari sığorta” müqaviləsi ilə iddiaçı tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2021-ci il tarixdə Sığortalı əmlaka cavabdehin mənzilinin sanitar qovşağında su xəttində yaranmış nasazlıq nəticəsində su basma hadisəsi baş vermişdir. Qeyd edilən fakt 151 saylı MKİS-in 29 iyul 2021-ci il tarixli aktında öz təsdiqini tapmışdır. Vurulmuş zərərə görə 1690.35 manat sığorta ödənişi həyata keçirilmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, "xxxx" QSC günün müəyyən saatlarında suyu daha aşağı və ya daha yuxarı təzyiqlə verir. Həmin saatda mənzildə heç kim olmadığına görə axan suyun qarşısını almaq mümkün olmayıb. Sonradan zərər dəymiş qeyri-yaşayış sahəsinə baxış keçirib, lakin iddiaçının mənzilinə 1690 manat məbləğində zərər dəyməsi mümkün deyil. İş üzrə ekspertiza təyin edilmişdi, lakin, ekspertə baxış keçirilməsi üçün imkan yaradılmamışdır. Qeyri-yaşayış sahəsində tavanda su ləkəsi mövcud idi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla (936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir), sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

10. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

11. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

12. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, iddia ərizəsinin dəlillərini və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

18. Yuxarıda qeyd edilən müddəaların mənasından da görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün sığorta hadisəsinin baş verməsi və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İş materialları ilə iddiaçının subroqasiya hüququnun yaranması müəyyən edilir.

19. Birinci şərt, yəni sığorta hadisənin baş verməsidir ki, bu sığorta obyektinə dəymiş zərərlə bağlıdır. Sığorta obyekti olan qeyri-yaşayış sahəsinə zərər dəyməsi iş materialları əsasında öz təsdiqini tapır. Belə ki, Bakı şəhəri Xətai rayon MKTB 151 saylı MKİS tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktda cavabdehin yaşadığı mənzilin sanitar qovşağında su xəttində yaranmış nasazlıq nəticəsində Sığortalı əmlaka su axıdılmış, nəticədə qeyri-yaşayış sahəsinin döşəməsi, tavanı, divarları, elektrik sistemi və elektronik əşyalara ziyan dəyməsi müəyyən edilmişdir.

20. Göründüyü kimi, Sığortalı əmlaka su axıdılması ilə nəticələnən sığorta hadisəsi baş vermişdir.

21. Subroqasiya hüququnun yaranması üçün ikinci şərtin, yəni zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi də, iş materialları ilə təsdiq edilir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, sığortalanmış əmlaka dəymiş zərərə görə heablanmış 1690,35 manat sığorta ödənişi iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir.

22. Beləliklə, məhkəmə hesab edir ki, daşınmaz əmlakın sığortası növü üzrə maddi zərər dəymiş qeyri-yaşayış sahəsi sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, əmlaka (mənzilə) zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçıya keçmişdir. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

23. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında cavabdehə məxsus mənzildən qeyri-yaşayış sahəsinə su axıdıldığını etiraf etmiş, dəymiş zərərin aradan qaldırılması üçün qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə müraciət etsə də, mülkiyyətçi zərərin sığorta şirkəti tərəfindən aradan qaldırılacağını bildirmişdir. Həmçinin, cavabdehin nümayəndəsi qeyri-yaşayış sahəsinə baxış keçirən zaman su axıdılması nəticəsinə qeyri-yaşayış sahəsinin tavanın su ləkəsinin olduğunu da müşahidə etmişdir.

24. Cavabdehin nümayəndəsi qeyri-yaşayış sahəsinə dəymiş zərərin miqdarı ilə razı deyil, qeyd edilən halın aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilsə də, eləcə də, dəfələrlə ekspert tərəfindən mübahisə predmeti olan əmlaka baxış keçirilməsi üçün tərəflərin iştirakı təmin edilməklə vaxt təyin edilsə də, qeyriyaşayış sahəsinə dəymiş zərərin tədqiq edilməsi üçün ekspertə şərait yaradılmadığından və tərəflər iştirak etmədiklərindən rəyin tərtib edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh qeyri-yaşayış sahəsinə daha az miqdarda zərər dəydiyini, ümumiyyətlə əmlaka hansı miqdarda zərər dəydiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin edilməlidir.

25. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də onlardan alınaraq iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 1690,35 manat məbləğində pul vəsaiti və 37 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar