Məhkəmə qərarları › İş №e-2(011)-4625/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4625/2023

17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4625/2023 17.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh ARDNŞ Cavabdeh İB-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh ARDNŞ Cavabdeh İB-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdehin işçisi X5 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsinə görə iddiaçının həyat yoldaşı Osman Tahirov ölmüşdür. Belə ki, Rasət Qurbanov Cavabdeh QSC-nin Bakı şəhəri Nəsimi qaz istismar idarəsi üzrə 29 yanvar 2007-ci il tarixli 13/k saylı əmrlə qeyd edilən idarənin 6 saylı X10 sahə ustası vəzifəsində işləməklə, eyni zamanda 11 dekabr 2008-ci il tarixli 219-m saylı əmrlə 18 dekabr 2008-ci ildən 22 yanvar 2009-cu il tarixədək olan müddətdə həmin X10 rəisi vəzifəsini icra edərkən vəzifəli şəxs olaraq işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib tabeçiliyində olan nəzarətçi-çilingərlərin, o cümlədən ünvan 1 ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının aid olduğu sahənin nəzarətçi-çilingəri X2 işinə lazımi qaydada nəzarət etməyərək, qeyd edilən binanın əksər mənzillərində, eləcə də 60 saylı mənzilində olan məişət qaz cihazlarına və avadanlıqlarına texniki baxışın və xidmətin keçirilməsini, mənzillərin sakinlərinin təbii qazdan və qaz cihazlarından təhlükəsiz istifadə qaydaları üzrə müvafiq qaydada təlimatlandırılmalarını, 60 saylı mənzilin mətbəxində qaz kəmərinə sarı rəngli plastmas örtüklü boru ilə özbaşına qeyri-qanuni birləşdirmə aparılaraq qonaq otağına çəkilmiş qaz xəttinin aşkarlanıb ləvğ edilməsini təmin etməyərək, “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarının 3.8.3 və 3.8.5-ci, “Qaz təsərrüfatının texniki istismar qaydaları”nın 7.10-cu və “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə təlimat”ın 1.3, 1.7, 1.8, 1.11, 3.1 və 3.5-ci bəndlərinin tələblərini pozmuş, nəticədə Cavadxan küçəsi 30 saylı binanın 60 saylı mənzilində yaşayan X9 həmin mənzildə qaz cihazlarından ehtiyatsız istifadə edərək, mənzilin mətbəxindəki qaz kəmərinə özbaşına, qeyri-qanuni birləşdirmə aparılmaqla qonaq otağına çəkilmiş və qurtaracaq hissəsi açıq olan sarı rəngli plastmas örtüklü borunun qaz kəmərinə birləşməsi yerindəki nəzarət kranını 16 yanvar 2009-cu ildə saat 14 radələrində diqqətsizlik üzündən açıq vəziyyətdə saxlayaraq, yanğın təhlükəsizliyini təmin etmədən mənzilin giriş qapısını bağlayıb getmiş, təbii qaz boru ilə mənzilə sızaraq əmələ gəlmiş partlayış konsentrasiyalı qaz-hava qarışığının alışması nəticəsində həmin gün saat 16:30-da yanğınla müşayiət olunan partlayış baş verməklə binanın uçub dağılmış dəmirbeton və digər konstruktiv elementlərin zərbəsinə məruz qalmış X6 həyatla bir araya sığmayan bədən xəsarətləri alaraq ölmüşdür. Həyat yoldaşının ölümünə səbəb olmuş Azərbaycan Respubiikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı şəhər Nəsimi rayon Qaz istismar İdarəsinin 14 saylı X10 sahə ustası vəzifəsində işləyən X1 Rayon Məhkəməsinin 1 (006)-260/2009 nömrəli 24 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəsini almışdır. Hadisə nəticəsində ona mənəvi zərər vurulmuşdur. İddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində 6 ilə yaxın nikahda olduğu, 37 yaşlı həyat yoldaşının vəfat etməsindən sonra davamlı iztirab, sarsıntı keçirmişdir. Həyat yoldaşı müharibə veteranı olmuşdur. Uşaqlarının gözünün içinə baxaraq, hər gün “ana atamız haradadır, niyə gəlmir? Niyə atamız bizi məktəbə, gəzməyə aparmır?” soruşaraq atalarını axtarırlar. İki qız övladı olan 27 yaşlı gənc bir qadın-ana onları tək başına böyütmüşdür. Nəsimi Rayon Məhkəməsinin 1(006)-260/2009 nömrəli 24 iyul 2009cu il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə işçisinin təqsiri üzündən baş vermiş hadisədə cavabdehin məsuliyyəti təsdiq olunur və hazırkı mülki işdə preyudisial əhəmiyyət daşıyır. Hökmdən də göründüyü kimi həyat yoldaşının ölümündə təqsirli olan cavabdehin işçisi Rasət Qurbanovun səhlənkarlığı nəticəsində 5 adam ölmüş, 10 adam müxtəlif dərəcəli bədən xəsarətləri almış, 6 mənzilin dağılıb-zədələnməsi və mənzil sakinlərinin əmlakının məhv olması üzündən zərərçəkmiş şəxslərə cəmi 282757 manat məbləğdə külli miqdarda ziyan vurulmuşdur. Göründüyü kimi görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin - cavabdehin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Gənc bir qadın üçün 6 ilə yaxın evli olduğu gənc ömür gün yoldaşını, iki qız uşağının atasını bir anda itirməyin nə demək olduğunu anlamamaq mümkün deyil. Bir ana, bir qadın olaraq o, acizdir. Sevincini, kədərini paylaşdığı həyat yoldaşını görə bilmir, onu dindirib-danışdıra, deyib-gülə bilmir. Çünki o, artıq yoxdur. Bütün bunlara görə qəlbi sızlayır, sarsılır, iztirab çəkir. Nələr çəkdiyini, nələr yaşadığını heç kimə arzulamır. Göründüyü kimi cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində mənəvi əzab çəkməyə davam edir. Çəkdiyi bu iztirablara, əzablara görə günahkar cavabdehdir və vurduğu mənəvi ziyanın əvəzini ödəməyə borcludur. Çəkdiyi mənəvi ziyanın dərəcəsini o, bilir. Bu səbəbdən yuxarıda qeyd etdiyi halları və gəncliyi məhv olmuş qadın olduğunu nəzərə alaraq, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq, 300.000 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq, ona ödənilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənəddən görünür ki, cavabdehin əmlak vəziyyəti 1,7 milyard manatdan çoxdur. Baş verən hadisənin unudulması mümkün olmaması səbəbindən keçirdiyi iztirabları ömür boyu davam edəcək. Hazırkı işdə mənəvi zərərə görə tutulacaq təzminat məbləğini qiymətləndirərkən, mülki hüquq pozuntusunun uşaqlarının atası, ailəni dolandıran, müharibə veteranı, gənc həyat yoldaşının ölümü kimi mühüm itki ilə nəticələnməsini və bu hadisənin ona sarsıdıcı təsirini, keçirdiyi əzab, ruhi sarsıntı və iztirabların davam etməsi nəzərə alınmalıdır. Cavabdehin əmlak vəziyyətini də nəzərə alaraq, mənəvi zərərin miqdarını tam şəkildə təmin edilməlidir ki, pozulmuş hüquqlarının real bərpası baxımından ədalətli olsun. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-dən 60000 manat məbləğində pulun mənəvi zərərə görə tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qax rayonu Qum kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 007841 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Tahirova (Bayramova) Xəyalə Bəhram qızı arasında nikah 16 aprel 2003-cü il tarixdə nikah bağlanmış və 03 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 1(006)-260/2009 saylı 24 iyul 2009-cu il tarixli hökmündən görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.2-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasın Cinayət Məcəlləsinin 131.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.3-cü maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə cəzaları tamamilə toplama yolu ilə X4 üzərində qəti cəza 6 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə Kollegiyasının 1(103)-577/2009 saylı 20 oktyabr 2009-cu il tarixli qərarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 1(006)-260/2009 saylı 24 iyul 2009-cu il tarixli hökmü X9 haqqında dəyişdirilmiş, O.R.Əliyevə AR CM-nin 131.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 6 aydan 3 aya, 131.2-ci maddəsilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 6 aydan 3 aya endirilmiş, O.R.Əliyevə AR CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların tam toplanması yolu ilə qəti cəza təyin edilməsi, cəzaların qismən toplanması ilə qəti cəza təyin edilməsi ilə əvəz edilmiş və təyin olunmuş cəzaları qismən toplama yolu ilə O.R.Əliyevə qəti olaraq 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdə olan sübutlarla təsdiq edilir ki, cavabdeh ARDNŞ Cavabdeh İB-nin işçiləri olan X9 və X5 vəzifəli şəxslər kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan iddiaçının əri X3 ölümünə səbəb olan səhlənkarlıq etmişlər, bunun nəticəsində onun ölümünə səbəb olmuşlar. Hal-hazırda iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində ərinin ölməsi və onun mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının gənc yaşda ərinin faciəvi şəkildə həlak olması, bunun nəticəsində ailə başçısının itirilməsi ilə ailənin natamam qalması, iddiaçının iki övladını təkbaşına böyütməsi və onların yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət edir. İddiaçı cavabdeh qismində Cavabdeh göstərsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, zərər Cavabdeh işçilərinin səhlənkarlığı nəticəsində yetirilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 60000 manat məbləğində qiymətləndirsə də, məhkəmə həmin məbləği müəyyən edərkən, işin faktiki hallarını, iddiaçıya dəyən maddi zərərin ödənilməsini, habelə cavabdehin mənəvi zərərin yetirilməsində rolunu və qəsdinin olmamasını, cavabdehin işçiləri tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan, səhlənkarlıq nəticəsində törədilməsini, eyni zamanda hadisənin baş verməsindən uzun müddət keçməsini nəzərə almalıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin işçilərinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının ərinin həlak olması ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdehndən 15000 (on beş min) manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Hazırkı mülki iş üzrə İddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 270 manat məbləğində dövlət rüsumunun 25%-i, yəni 67,50 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 15000 (on beş min) manat məbləğində dəymiş mənəvi ziyan İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 67,50 (altmış yeddi manat əlli qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar