Məhkəmə qərarları › İş №e-2(011)-4626/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4626/2024

26.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4626/2024 26.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Neftqaztikinti” Trestinə qarşı “mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh1ndən müştərək qaydada onun xeyrinə 30.000.000 (otuz milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı tələblərinin olmadığını, buna görə də, onun cavabdehlər siyahısından çıxarılmasını, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh1ndən İddiaçı xeyrinə 30.000.000 (otuz milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ekiz qardaşı X13 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh1ndə işləmiş, həmin iş yerində digər işçinin təqsiri nəticəsində qəza baş vermiş və həmin qəza nəticəsində onun qardaşı vəfat etmiş, başqa bir işçi isə xəsarət almışdır. İnsanın öz doğmasını itirməsi, hələ belə bir faciəvi qəzada itirməsi nəticəsində keçirdiyi sarsıntını yalnız bu hissi yaşayanlar bilə bilər. İnsan bu acını yaşamadan bu qədər ağrı, iztirab hiss edə bilmir. Qardaşı onun bu həyatdakı tək dayağı idi, ondan başqa heç kimi yox idi, doğulduğu andan bəri bir yerdə böyümüş, bir-birinə çox bağlı olmuşlar. Onun qəfil və faciəli ölümü həyatında dərin boşluq yaratdı. O xasiyyətcə deyib-gülən, istiqanlı biri olmuşdur, münasibətləri qardaş kimi çox yaxşı olmuşdur. Hər anında ona dəstək olurdu, indi isə həyatınn hər anında onun yoxluğu ilə qarşılaşır, hər keçən gün bu dəhşətli hadisəni xatırlayır. Qardaşının belə bir dəhşətli hadisədə həyatını itirməsi, belə bir qəzanın qurbanı olması onun üçün dözülməzdir. Sevincini-kədərini birlikdə bölüşdüyü, fərəhləndiyi, qürur hissi keçirdiyi qardaşının artıq həyatında olmaması ürəyində dərin yara açıb. Qardaşı Nurağa 2010-cu ildə bir müddət idi ki, Azərbaycan Dövlət Neft Şirkəti Cavabdeh1ndə işləyirdi. Səhər işə getmək, öz halal zəhməti ilə pul qazanmaq üçün evdən çıxmış, elə həmin gün onun ölüm xəbərini eşitmişdir. Hadisə zamanı orada olmamışdır, xəsarət almış digər şəxs, onun iş yoldaşı X4 ilə birlikdə səhər saatlarında neft quyusunun təmiri üçün işə başlamışdırlar. Günorta təmir işlərini yekunlaşdırdıqdan sonra Nurəddin avtomaşını meydançadan çıxarmağa başlamışdır. Qardaşı Nurağa da ona işarə ilə avtomaşını geriyə hərəkət etdirmək üçün köməklik etmişdir. Bu zaman meydançanın təmir sütunları tab gətirməyərək sınmışdır. Nurəddin avtomaşınla birlikdə dənizin içinə yıxılmışdır, çox çətinliklə avtomaşının kabinəsindən çıxa bilmişdir. Sahilə çıxdıqdan sonra bilmişdir ki, ona yol göstərən Nurağa da dənizə düşmüş və vəfat etmişdir. Həmin gün ona xəbər vermişər ki, qəza baş verib, qardaşı dənizə düşüb, boğularaq ölüb. Həmin anda keçirdiyi həyəcan, stresslə çox çətin anlar yaşamış, özünü itirmişdir. Qardaşının vəfatından sonra hələ də özümə gələ bilmir, özünüzü bir anlıq onun yerinə qoysanız bütün bunlar gözünüzün önündə canlanar. Onlar ayrı-ayrı bədən olsalar da bir can olan qardaşını faciəvi surətdə itirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənlərə əlavə olaraq izahatında bildirdi ki, iddiaçının qardaşının faciəvi ölümünə görə Qaradağ rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İddiaçı özü müharibə veteranıdır, hal-hazıra kimi qardaşının vəfat etməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə - hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən iddiaçıya heç bir müraciət belə edilməmişdir. Hökmdə göstərilmişdir ki, təqsirləndirilən şəxs Cəfərov S urxay Nazir oğlu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh1 5 saylı Tikinti Quraşdırma İdarəsinin 30 aprel 2010-cu il tarixli 64 saylı əmrinə əsasən Nəriman Nərimanov adına Neft qaz çıxarına idarəsinin 432 saylı estakadayanı meydançadan 607 saylı estakadayanı meydançayadək estakada sahəsinin əsaslı təmiri obyektində baş iş icraçısı işləyən zaman «Tikintidə təhlükəsizlik texnikası İİİ- 4-80 saylı «Tikinti Norma və Qaydalarına 1 saylı Əlavənin 9-cu bəndinin tələbinə uyğun olaraq, tapşırılmış iş sahəsində meydançanın potensial təhlükəli sahələrinə bütün istiqamətlərdən yolu bağlayan çəpərlər quraşdırmadığına, tikinti meydançalarının girişində nəqliyyat vasitələrinin hərəkət sxemi və xəbərdaredici yazısı olan lövhələr qoymadığına və həmin sahələrə kənar şəxs, nəqliyyat vasitələri və s. daxil olmasının qarşısını almaq üçün müvafiq mühafizə qurğularının tətbiqini təşkil etmədiyinə görə «Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydalarının 1.5.34, 2.1.29 tələblərini pozmuş və nəticədə 15 iyun 2010-cu il tarixdə saat 15 radələrində N.Nərimanov adına Neft qaz çıxarma idarəsinin 1 saylı Neft qaz çıxarma sexinin 432 saylı meydançasında beton lövhələrin qopub açıq dənizə uçması nəticəsində Qobustan Nəqliyyat İdarəsində motorçü-sürücü işləyən X1 idarə etdiyi "Kraz" markalı, 10 AĞ 819 dövlət nömrə nişanlı avtomobil və manevrdə ona köməklik edən, həmin idarədə maşinist-köməkçi işləyən X13 dənizə düşmüş, N.F.Əliyev gözün ağlı qişasına, ağ ciyərlərə, ürəyə nöqtəşəkilli qansızmaların olması, daxili orqanların doluqanlığı ilə nəticələnən tənəffüs yollarının maye (su) ilə tutulması zamanı baş vermiş mexaniki asfiksiya nəticəsində vəfat etmiş, N.Şahverdiyev isə sol saidin orta və yuxarı 1/3nin ön səthinin sıyrığı kimi dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarət almışdır. Qaradağ rayon məhkəməsinin 1(002)-313/10 saylı, 15 dekabr 2010-cu il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qaradağ rayon məhkəməsinin 15 dekabr 2010-cu il tarixli, 1(002)-313/10 saylı hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qaradağ rayon məhkəməsinin qanuni qüvvə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə “Azneft” İB-nin Cavabdeh1 5 saylı Tikinti Quraşdırma İdarəsinin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ididaçıya maddi və mənəvi ziyan dəymişdir. İddiaçıya vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ididaçının qardaşının faciəvi surətdə ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan iddiaçının mərhum qardaşının faciəvi ölümü keçirdikləri stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq iddiçıya, dəymiş mənəvi zərər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Sonda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh1nə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, Məhkəmədən iddiaçının xeyrinə 30.000.000 (otuz milyon) manat məbləğində mənəvi zərərin ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakılara görə həmin iddia ərizəsini əsassız hesab edirik. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Qaradağ rayon Məhkəməsinin 15 dekabr 2010-cu il tarixli hökmü ilə Cavabdeh1 işçisi olmuş X11 əmək funksiylarını həyata keçirərkən “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”nın tələblərini pozduğuna və bunun nəticəsində hazırkı iş üzrə iddiaçın qardaşı X13 vəfat etdiyinə görə, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi (əmək mühafizəsi qaydalarını pozma) ilə təqsirli bilinərək şərti cəzaya məhkum edilmişdir. Lakin həmin hökmlə tanış olduqda iddiaçının iddia ərizəsində göstərdiyi kimi böyük mənəvi iztirab və sarsıntı keçirməsinin həqiqətə uyğun olmaması açıq aşkar müəyyən edilir. Həmin hökmdən görsənir ki, zərərçəkənlərin, o cümlədən iddiaçının təqsirləndirilən X8 qarşı hır hansı bir şikayəti olmamış, həmçinin iddiaçı nə X8, nədə ki, Cavabdeh1nə qarşı mülki iddia qaldırmamışdır. Belə ki, hazırkı iş üzrə cavabdeh tərəfindən zərərçəkənlərə məhkəmədən kənar qaydada ədalətli kompensasiya ödənilmişdir. Bu səbəbdəndir ki, Qaradağ rayon məhkəməsi zərərçəkənlərin təqirləndirilən şəxsə qarşı hər hansı şikayəti və iddiası olmadığından, X8 qarşı cəzanı şərti olaraq təyin etmiş və onu azadlıqdan məhrum etməmişdir. Əgər iddiaçı həqiqətən iddia ərizəsində göstərdiyi kimi “indiyə qədər özünə gələ bilmirsə, dərin sarsıntı keçirirsə” nəyə görə təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti olmamasını bildirmiş və onun real cəza çəkməməsinə çalışmışdır?! 14 il əvvəl iddiaçının sarsıntısı daha güclü və şiddətli olmalı deyildimi?! Qardaşının ölümündən iztirab keçirən şəxs ilk növbədə təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum olunmasına çalışmamalı idi? Lakin bir daha qeyd edək ki, iddiaçının məqsədi yalnız qardaşının vəfatından faydalanmaq olmuşdur. 14 il əvvəl təqsirləndirilən şəxsdən şikayəti olmayan, cavabdehə də qarşı hər hansı iddia qaldırmayan şəxs (çünki, ona yardım edilmişdir) indi iztirab keçirməyə başlamışdır?! Göründüyü kimi, iddiaçı hazırda da yalnız varlanmaq məqsədi güdür. Beləliklə, sırf ölən şəxsin yaxın qohumu olmaq mənəvi zərəri tələb etmək hüququnu avtomatik olaraq yaratmır. Şəxs sübut etməlidir ki, vəfat edən şəxsin ölümü ona sarsıntı və əzab vermişdir. Lakin yuxarıda sadalanan hallar görsədir ki, iddiaçı belə bir sarsıntı keçirməmiş, onun məqsədi bu hadisədən yalnız maddi cəhətdən bəhrələnmək olmuşdur. Hazırkı işdə iddiaçı 30.000. 000 mənəvi zərər tələb edərkən, niyə belə bir iddia ilə 14 il sonra məhkəməyə müraciət etdiyi, iztirabı yeni olarkən təqsirləndirilən şəxsə hər hansı bir şikayətinin olmaması, təqsirləndirilən şəxsə şərti cəza təyin edilərkən həmin hökmdən apellyasiya şikayətinin vermədiyi kimi halların səbəbini açıqlaya bilmir. Əksinə bu hallar onu sübut edir ki, iddiaçı heç bir güclü sarsıntı keçirməmişdir. Odur ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh1nə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndə-vəkilinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ rayon Məhkəməsinin 1(002)-313/2010 saylı 15 dekabr 2010-cu il tarixli hökmü ilə işin müəyyən olunmuş hallarından görünür ki, X11 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh1 5 saylı Tikinti Quraşdırma İdarəsinin 30 aprel 2010-cu il tarixli 64 saylı əmrinə əsasən Nəriman Nərimanov adına Neft qaz çıxarma idarəsinin 432 saylı estakadayanı meydançadan 607 saylı estakadayanı meydançayadək estakada sahəsinin əsaslı təmiri obyektində baş iş icraçısı işləyən zaman “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti Norma və Qaydaları”na 1 saylı Əlavənin 9-cu bəndinin tələbinə uyğun olaraq, tapşırılmış iş sahəsində meydançanın potensial təhlükəli sahələrinə bütün istiqamətlərdən yolu bağlayan çəpərlər quraşdırmadığına, tikinti meydançalarının girişində nəqliyyat vasitələrinin hərəkət sxemi və xəbərdaredici yazısı olan lövhələr qoymadığına və həmin sahələrə kənar şəxs, nəqliyyat vasitələri və s. daxil olmasının qarşısını almaq üçün müvafiq mühafizə qurğularının tətbiqini təşkil etmədiyinə görə “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”nın 1.5.34, 2.1.29 tələblərini pozmuş və nəticədə 15 iyun 2010-cu il tarixdə saat 15 radələrində N.Nərimanov adına Neft qaz çıxarma idarəsinin 1 saylı Neft qaz çıxarma sexinin 432 saylı meydançasında beton lövhələrin qopub açıq dənizə uçması nəticəsində Qobustan Nəqliyyat İdarəsində motorçu-sürücü işləyən X1 idarə etdiyi “Kraz” markalı, 10 AĞ 819 dövlət nömrə nişanlı avtomobil və manevrdə ona köməklik edən, həmin idarədə maşinist-köməkçi işləyən X13 dənizə düşmüş, F.Əliyev gözün ağlı qişasına, ağ ciyərlərə, ürəyə nöqtəşəkilli qansızmaların olması, daxili orqanların doluqanlığı ilə nəticələnən tənəffüs yollarının maye (su) ilə tutulması zamanı baş vermiş mexaniki asfiksiya nəticəsində vəfat etmiş, N.Şahverdiyev isə sol saidib orta və yuxarı 1/3-nin ön səthinin sıyrığı kimi dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarət almışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı (hazırki iş üzrə iddiaçı) məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslərdən şikayəti olmadığını bildirmişdir. Həmin Hökm ilə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan SOCAR-ın 279 №-li əmrindən görünür ki, Qobustan Nəqliyyat İdarəsinin 1 saylı avtodəstəsində 6-cı dərəcəli maşinist işləmiş X13 15 iyun 2010-cu il tarixində əmək vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində vəfat etməsi, X9 himyəsində olmuş, əmək qabliyyəti olmayan az yaşlı ( 17 iyul 1998-ci il təvəllüdlü) X5 olması, X9 Qobustan — Nəqliyyat İdarəsində tam 9 (doqquz) ay işləməkl, onun orta aylıq əmək haqqı 506 (beş yüz altı) manat 80 qəpik olması qeyd edilmiş, X10 hər ay ödəniləsi 506 (beş yüz altı) manat 80 qəpik 15 iyun 2010 cu il tarixindən onun anası X3 ödənilməsi və zərərə görə aylıq ödəncin müəssisədə əmək haqqının kütləvi artım zamanı qanunvericiliyə uyğun olaraq təshih olunması əmr edilmişdir. İş materiallarında olan SOCAR-ın “Əmək xəsarəti üzrə ödəniş haqqında” əmrindən görünür ki, SOCAR-ın işçilərinin xx.xx.2022-ci il tarixində əmək haqqının kütləvi artımı ilə əlaqədar olaraq, “Azneft” istehsalat Birliyi 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailə üzvlərinə dəymiş zərərin yenidən hesablanaraq ödənilməsi məqsədi ilə, həlak olmuş işçi Nurağa Əliyevin ailə üzvü – arvadı X3 ödəniş edilmişdir. İş materiallarında olan Arayışdan görünür ki, X13 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Arayışdan görünür ki, X13 xx.xx.2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Arayışdan görünür ki, vəfat etmiş X9 arvadı və uşaqları ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ə/D, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 5c, ev 5, giriş 1, mənzil 8 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, İddiaçı müharibə veteranıdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X11 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" X7 adına Neft qaz çıxarma idarəsinin 432 saylı estakadayanı meydançadan 607 saylı estakadayanı meydançayadək estakada sahəsinin əsaslı təmiri obyektində baş iş icraçısı işləyən təhlükəsizlik qaydalarını pozmuş və 15 iyun 2010-cu il tarixdə saat 15 radələrində N.Nərimanov adına Neft qaz çıxarma idarəsinin 1 saylı Neft qaz çıxarma sexinin 432 saylı meydançasında beton lövhələrin qopub açıq dənizə uçması nəticəsində Qobustan Nəqliyyat İdarəsində motorçu-sürücü işləyən X1 idarə etdiyi “Kraz” markalı, 10 AĞ 819 dövlət nömrə nişanlı avtomobil və manevrdə ona köməklik edən, həmin idarədə maşinist-köməkçi işləyən X13 dənizə düşmüşdür, hadisə nəticəsində iddiaçının qardaşı X13 vəfat etmişdir, hadisə ilə bağlı 2010-cu ildə cinayət işinə baxılarkən zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı - hazırki iş üzrə iddiaçı, məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslərə qarşı şikayətinin olmadığını qeyd etmişdir, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)- 313/2010 saylı 15 dekabr 2010-cu il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər, dəyən zərər məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh1 əməkdaşının Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh1 fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədardır, iddiaçı ölən şəxsin əkiz qardaşıdır, onlar hadisə dövründə ailə üzvüyündə olmamaqla müxtəlif ünvanlarda yaşamışlar, ölən şəxs ailəli olmuşdur, X13, müəssisədə baş vermiş qəza nəticəsində öldüyünə görə “SOCAR”-ın xx.xx.2010-cu il əmri ilə vəfat etmiş X6 Əliyevə yetkinli yaşına çatana qədər hər ay 506,80 manat ödənilmiş, həmçinin müəssisədə əmək haqqı artımı zamanı zərərçəkmişin oğluna ödənilən məbləğə əlavə hesablanmışdır. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır ki, hazırki iş üzrə də Cavabdeh1 işçisinin hüquqa zidd – təqsirli əməli ilə baş vermiş partlayış hadisəsi nəticəsində iddiaçının qardaşının ölməsinin onda mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarması mümkündür. Bu, həm də onunla bağlıdır ki, iddiaçı ilə zərərçəkən şəxslər arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması və ona dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya ödənilməsi tələbi ilə məhkəmə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə qeyd edir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olmaqla, heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Bununla belə məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdehin əməkdaşlarının cinayət əməli nəticəsində iddiaçıya zərər dəymişdir, bu zərər adekvat şəkildə əvəzləşdirilməli, kompensasiya məbləği müəyyən olunarkən zərərvuran şəxsin təqsirinin forması, qohumluq əlaqələri və yaxınlıq dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, hadisədən keçən müddət, hadisə ilə bağlı cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin davranışı, şəxsin hadisəyə şahid olub-olmaması, vurulan zərəri nəticəsində həyat şəraitində dəyişiklik olub-olmaması kimi amillər nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə zərərin ehtiyatsızlıqdan törədilmiş əməl nəticəsində yaranması, iddiaçının ölən şəxsin əkiz qardaşı olması, lakin onunla birlikdə həmin ünvanda yaşamaması onun hadisə nəticəsində həyat şəraitinin dəyişməməsi, onun hadisə ilə bağlı cinayət işi üzrə məhkəmə iclasında iştirak etməklə təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmaması, cavabdeh müəssisə tərəfindən onun işçisinin əməli nəticəsində vəfat etmiş şəxsin (X13) yetkinlik yaşına çatmayan oğluna (X12) yetkinlik yaşına çatana qədər hər ay kompensasiya kimi müəyyən məbləğdə (506 mant) pulun verilməsi, habelə hadisənin baş verdiyi tarixdən uzun müddət (14 ildən artıq) keçməsi və bu müddət ərzində də iddiaçının cavabdehə qarşı hər hansı bir tələbinin olmaması kimi hallar nəzərə alınmaqla, kompensasiya məbləği 2000 manat həddində müəyyən edilməlidir. Məhkəmə, cavabdehin etirazında öz əksini tapmış “ədalətli kompensasiya ödənilməsi”, “iddiaçının təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum olunmasına çalışmaması, ona qarşı şikayət və tələbinin olmaması”, “iddiaçıya yardım edilməsi” kimi dəlillərə münasibətdə qeyd edir ki, əvvəla, cavabdeh tərəfindən ödənilmiş məbləğ hazırki iş üzrə iddiaçıya deyil, vəfat edən şəxsin oğluna ödənilmişdir və həmin məbləğin “ədalətli” olubması cavabdehin mülahizəsidir, ikincisi, cinayət işi üzrə iddiaçı – zərərçəkmiş şəxsin hüquqi varisu təqsirləndirilən şəxsdən hər hansı tələbinin olmamasını deyil, şikayətinin olmadığını bildirmişdir ki, bu da onun zərərvuran şəxsdən vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməsinə mane olmamaqla bərabər, zərərvuran şəxsi zərərin əvəzini ödəmək vəzifəsindən azad etmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin göstərilən dəlilləri iddia tələbinin rədd edilməsi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 23.1-cü maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Həmin qərarda, həmçinin qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Həmin Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Avropa Məhkəməsinin Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh1ndən vurulmuş mənəvi ziyana görə 2000 manat iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilmiş hissəsi (2000 manat) nəzərə alınmaqla, 40 manat, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh1nə aid edilməli, ondan alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1ndən vurulmuş mənəvi ziyanın əvəzi qismində 2000 (iki min) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1ndən 40 (qırx) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar