Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4745/2023 17.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh ARDNŞ Cavabdeh İB-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh ARDNŞ Cavabdeh İB-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, 2001-ci ildə X5 ilə ailə qurmuşdum. Birgə nikahdan Qərib və Xədicə adlı 2 övladı vardır. 2009-cu ildə həyat yoldaşı faciəvi şəkildə vəfat etmişdir. Belə ki, 16 yanvar 2009-cu il tarixdə Fərqanə rəfiqəsi ilə birlikdə uşaqları arabada (kolyaskada) gəzdirməyə çıxmışdır. Sonradan ona məlum olmuşdur ki, Fərqanə yorulduğundan arabanı rəfiqəsinə vermiş, həmin vaxt Cavadxan küçəsi 30 saylı binanın yuxarı mərtəbəsində qaz sızması nəticəsində partlayış olmuş və partlayış nəticəsində binanın yuxarı mərtəbələrindən iri beton parçaları Fərqanənin üstünə düşmüşdür. 32 yaşlı həyat yoldaşı aldığı çoxsaylı xəsarətlərdən əzab çəkərək ölmüşdür. Belə ki, Rasət Qurbanov Cavabdeh QSC-nin Bakı şəhəri Nəsimi qaz istismar idarəsi üzrə 29 yanvar 2007-ci il tarixli 13/k saylı əmrlə qeyd edilən idarənin 6 saylı X14 sahə ustası vəzifəsində işləməklə, eyni zamanda 11 dekabr 2008- ci il tarixli 219-m saylı əmrlə 18 dekabr 2008-ci ildən 22 yanvar 2009-cu il tarixədək olan müddətdə həmin X14 rəisi vəzifəsini icra edərkən vəzifəli şəxs olaraq işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib tabeçiliyində olan nəzarətçi-çilingərlərin, o cümlədən ünvan 1 ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının aid olduğu sahənin nəzarətçi-çilingəri X2 işinə lazımi qaydada nəzarət etməyərək qeyd edilən binanın əksər mənzillərində, eləcə də 60 saylı mənzilində olan məişət qaz cihazlarına və avadanlıqlarına texniki baxışın və xidmətin keçirilməsini, mənzillərin sakinlərinin təbii qazdan və qaz cihazlarından təhlükəsiz istifadə qaydaları üzrə müvafiq qaydada təlimatlandırılmalarını, 60 saylı mənzilin mətbəxində qaz kəmərinə sarı rəngli plastmas örtüklü boru ilə özbaşına qeyri-qanuni birləşdirmə aparılaraq qonaq otağına çəkilmiş qaz xəttinin aşkarlanıb ləğv edilməsini təmin etməyərək, «Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarının 3.8.3 və 3.8.5-ci, «Qaz təsərrüfatının texniki istismar qaydaları»nın 7.10-cu və «Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə təlimat»ın 1.3, 1.7, 1.8, 1.11, 3.1 və 3.5-ci bəndlərinin tələblərini pozmuş, nəticədə Cavadxan küçəsi, 30 saylı binanın, 60 saylı mənzilində yaşayan X12 həmin mənzildə qaz cihazlarından ehtiyatsız istifadə edərək, mənzilin mətbəxindəki qaz kəmərinə özbaşına, qeyri-qanuni birləşdirmə aparılmaqla qonaq otağına çəkilmiş və qurtaracaq hissəsi açıq olan sarı rəngli plastmas örtüklü borunun qaz kəmərinə birləşməsi yerindəki nəzarət kranını 16 yanvar 2009-cu ildə saat 14 radələrində diqqətsizlik üzündən açıq vəziyyətdə saxlayaraq, yanğın təhlükəsizliyini təmin etmədən mənzilin giriş qapısını bağlayıb getmiş, təbii qaz boru ilə mənzilə sızaraq əmələ gəlmiş partlayış konsentrasiyalı qaz-hava qarşığının alışması nəticəsində həmin gün saat 16:30-da yanğınla müşayiət olunan partlayış baş verməklə binanın uçub dağılmış dəmirbeton və digər konstruktiv elementlərin zərbəsinə məruz qalmış həyat yoldaşı X5 həyatla bir araya sığmayan bədən xəsarətləri alaraq ölmüşdür. Öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsinə görə həyat yoldaşının ölümünə səbəb olmuş cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı şəhər Nəsimi Rayon Qaz İstismar İdarəsinin 14 saylı X14 sahə ustası vəzifəsində işləyən X1 Rayon Məhkəməsinin 1(006)-260/2009 nömrəli 24 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəsini almışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində 8 ildən artıq nikahda olduğu, 32 yaşlı həyat yoldaşının vəfat etməsindən sonra iddiaçı davamlı iztirab, sarsıntı keçirmişdir. Hadisə baş verəndə övladları Qərib 3 yaş 9 aylıq, Xədicə isə 1 yaş 4 aylıq olmuşdur. Uşaqlarının hər gün analarını soruşmaları, ağlamaları, qapı döyülərkən ana deyərək qapıya qaçmaları, lakin ümidlərinin boşa çıxmasını görmək saatbasaat, günbəgün iztirablarını dərinləşdirmiş, qurumayan yarasını təzələmişdir. Hökmdən də göründüyü kimi həyat yoldaşının ölümündə təqsirli olan cavabdehin işçisi Rasət Qurbanovun səhlənkarlığı nəticəsində 5 adam ölmüş, 10 adam müxtəlif dərəcəli bədən xəsarətləri almış, 6 mənzilin dağılıb-zədələnməsi və mənzil sakinlərinin əmlakının məhv olması üzündən zərərçəkmiş şəxslərə cəmi 282757 manat məbləğdə külli miqdarda ziyan vurulmuşdur. Göründüyü kimi görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin - cavabdehin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Gənc həyat yoldaşını itirmiş bir ata üçün körpə uşaqlarını böyütmək çox ağrılı-acılıdır. Bir anlıq insan özünü onun yerində təsəvvür etsə belə yenə də çəkdiyi iztirabları yaşaya və dərk edə bilməz. İddiaçı hər gün həyat yoldaşının yoxluğunu yaşayır. Həyat yoldaşı sağ olanda uşaqlarını birlikdə oxşayar, birlikdə deyər-gülər, birlikdə sevincli anlar yaşayardılar. O anları, günləri yaşamaq üçün içi sızlayır, qəhər onu boğur, lakin həyat yoldaşına, onunla olan günlərinə, anlarına əli çatmır. Çünki cavabdehin işçisinin təqsiri üzündən həyat yoldaşı artıq yoxdur. Hökmdən göründüyü kimi həyat yoldaşı- X3 bədənində alının sağ yarısının və çanağın sağ yan səthinin sıyrıqları, sol göz qapaqlarının qançırı, sol üst göz qapağının sıyrığı, burun qanaxması ilə müşayiət olunmuş burun belinin qançırı, üst dodağın selikli qişasının əzilmiş yarası, alt dodağın qırmızı haşiyyəsinin sıyrığı, üst çənədə solda 1-2-ci dişlərin düşməsi, çənənin sol yarasının qançırı, sağ budun yuxarı üçdə-birinin ön və iç səthlərinin, qasıq və aralıq nahiyyəsini də tutan geniş əzilmiş-cırılmış yarası və yaranın aşağı kənarında sağ bud sümüyü başının çıxığı, sağ budun yuxarı üçdəbirinin ön və bayır səthlərinin əzilib-cırılmış yaranın aşağı kənarının sıyrığı, sağ budun orta üçdə-birinin ön səthinin əzilmiş-cırılmış yarası, sağ budun yuxarı və orta üçdə-birinin iri ölçülü qançırları, sol budun aşağı üçdə-birinin ön səthinin əzilmiş yarası, sol aşağı ətrafın baldırın yuxarı üçdə-biri səviyyəsində natamam amputasiyasından ibarət xəsarətlər var idi. Onun ölümü bədənin ağır küt travması-sol baldırın natamam amputasiyası, sağ budun geniş ölçülü əzilmiş-cırılmış yaraları, sağ qasıq, oturaq və qalça sümüklərinin sınıqları, sağ bud sümüyü başının çıxığı nəticəsində inkişaf edən travma şoku və qanitirmə nəticəsində olmuşdur. O, həyat yoldaşını son dəfə rəydə təsvir olunan vəziyyətdə görmüşdür. 8 ildən artıq evli olduğu əziz bir insanın gözünün önündə xəsarətlərlə dolu silinməz təsviri qalmışdır. Bu illər ərzində hər gün eyni halı yaşamaq ona unudulması mümkün olmayan, davamlı əzab və iztirab verir. Bəlkə də kimsə fikirləşər ki, hadisədən uzun müddət keçmiş, yaddan çıxmış, iztirabı keçmişdir. Belə düşünənlər kökündən yanılır. Çünki, o iki uşaq böyüdür. Hər gün onların analarını axtarmaları, “Anamız hara gedib? Niyə gəlmir? Niyə bizi qucaqlamır? Niyə bizimlə oynamır? Niyə bizi gəzməyə aparmır?” kimi sualları və buna bənzər bitməyən çoxsaylı sualları onu ruhən sarsıdır, eyni iztirabları təkrar-təkrar yaşadır. Göründüyü kimi cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində mənəvi əzab çəkməyə davam edir. Çəkdiyi bu iztirablara, əzablara görə günahkar cavabdehdir və vurduğu mənəvi ziyanın əvəzini ödəməyə borcludur. Çəkdiyi mənəvi ziyanın dərəcəsi çox ağırdır. Nə qədər yüksək məbləğ tələb etsə də, bu ağırlığı aradan qaldırmağa kömək etməz. İztirablarının yüngülləşməsi üçün yuxarıda qeyd etdiyi halları nəzərə alaraq, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq, 40.000 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq ona ödənilməli, qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Baş verən hadisənin unudulması mümkün olmaması səbəbindən keçirdiyi iztirabları ömür boyu davam edəcəkdir. Hazırkı işdə mənəvi zərərə görə tutulacaq təzminat məbləğini qiymətləndirərkən, mülki hüquq pozuntusunun gənc həyat yoldaşının, iki övladının anasının ölümü kimi mühüm itki ilə nəticələnməsi və bu hadisənin ona sarsıdıcı təsiri, keçirdiyi əzab, ruhi sarsıntı və iztirabların davam etməsi nəzərə alınmalıdır. Cavabdehin əmlak vəziyyətini də nəzərə alaraq mənəvi zərərin miqdarını tam şəkildə təmin edilməlidir ki, qəbul edilən qərar ədalətli olsun. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-dən 40000 manat, dövlət rüsumuna görə ödənilmiş 210 manat, ümumilikdə 40210 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilə X5 arasında nikah 21 dekabr 2001-ci il tarixdənikah bağlanmış və 740 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Yasamal rayon VVADQ tərəfindən verilmiş AZ-İ seriyalı, 630309 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 05 aprel 2005-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, atası İddiaçı, anası X4r. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 269321 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 sentyabr 2007-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, atası İddiaçı, anası X4r. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 356782 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 16 yanvar 2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 1(006)-260/2009 saylı 24 iyul 2009-cu il tarixli hökmündən görünür ki, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.2-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasın Cinayət Məcəlləsinin 131.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.3-cü maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə cəzaları tamamilə toplama yolu ilə X7 üzərində qəti cəza 6 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə Kollegiyasının 1(103)-577/2009 saylı 20 oktyabr 2009-cu il tarixli qərarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 1(006)-260/2009 saylı 24 iyul 2009-cu il tarixli hökmü X12 haqqında dəyişdirilmiş, O.R.Əliyevə AR CM-nin 131.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 6 aydan 3 aya, 131.2-ci maddəsilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 6 aydan 3 aya endirilmiş, O.R.Əliyevə AR CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların tam toplanması yolu ilə qəti cəza təyin edilməsi, cəzaların qismən toplanması ilə qəti cəza təyin edilməsi ilə əvəz edilmiş və təyin olunmuş cəzaları qismən toplama yolu ilə O.R.Əliyevə qəti olaraq 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." Mülki Məcəllənin 1097.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdə olan sübutlarla təsdiq edilir ki, cavabdeh ARDNŞ Cavabdeh İB-nin işçiləri olan X12 və X8 vəzifəli şəxslər kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan iddiaçının arvadı X3 ölümünə səbəb olan səhlənkarlıq etmişlər. Hal-hazırda iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində arvadının ölməsi və onun mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının gənc yaşda arvadının faciəvi şəkildə həlak olması, bunun nəticəsində ailənin natamam qalması, iddiaçının iki övladını təkbaşına böyütməsi və onların yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət edir. İddiaçı cavabdeh qismində Cavabdeh göstərsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, zərər Cavabdeh işçilərinin səhlənkarlığı nəticəsində yetirilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 40000 manat məbləğində qiymətləndirsə də, məhkəmə həmin məbləği müəyyən edərkən, işin faktiki hallarını, iddiaçıya dəyən maddi zərərin ödənilməsini, habelə cavabdehin mənəvi zərərin yetirilməsində rolunu və qəsdinin olmamasını, cavabdehin işçiləri tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan, səhlənkarlıq nəticəsində törədilməsini, eyni zamanda hadisənin baş verməsindən uzun müddət keçməsini nəzərə almalıdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin işçilərinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının arvadının həlak olması ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdehndən 10000 (on min) manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 10000 (on min) manat məbləğində dəymiş mənəvi ziyan İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 210 manatın 25%, yəni 52,50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 75%, yəni 157,50 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4745/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4745/2023
17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver