Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4773/2024 05.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bank "xxxx" ASC ilə X4 arasında bağlanmış 15 may 2018-ci il tarixli BKNG-B0007-14/18A saylı sonrakı ipoteka müqaviləsinin və Bank "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış 15 may 2018-ci il tarixli, BKNG-A0007-14/18A saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, X4 ilə 24 oktyabr 2009-cu ildə nikaha daxil olmuşdur. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m olan mənzili və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17 A ünvanda yerləşən ümumi sahəsi 190.8 kv.m olan qeyri-yaşayış sahəsini əldə etmişlər. Hər iki daşınmaz əmlak həyat yoldaşı Emin Əsgərovun adına rəsmiləşdirilsə də birgə nikah dövründə əldə edilib. Mülki və ailə qanunvericiliyinə əsasən həmin əmlakların yarısı iddiaçıya məxsusdur. Həyat yoldaşı Emin Əsgərov hər iki əmlaka dair ipoteka müqaviləsi bağlayıb (Bank "xxxx" ASC ilə X4 arasında bağlanmış 15 may 2018-ci il tarixli BKNG-B0007-14/18A saylı ipoteka müqaviləsi əsasında X3 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən ümumi sahəsi 190.8 kv.m. olan qeyri-yaşayış sahəsi və 15 may 2018-ci il tarixli BKNG-A0007-14/18A saylı ipoteka müqaviləsi əsasında Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 110 ünvanında yerləşən 19 saylı mənzil) və həmin müqavilələr bağlanan zaman iddiaçını aldadaraq qısa müddət ərzində əmlakları yüklülükdən azad edəcəyini bildirmişdir. Hətta əmlaklardan qeyri-yaşayış sahəsi qiymətləndirilən zaman belə iddiaçı buna etiraz etmişdir. Çünki qeyri-yaşayış sahəsi 470.000 manat olaraq göstərilmişdi. Halbuki həmin əmlakın qiyməti 700.000 manatdan az ola bilməz. Eyni zamanda, nə ipoteka müqaviləsi bağlanarkən iddiaçının razılığı alınıb, nə də ki, kredit mübahisəsinə dair məhkəmədən bildiriş gəlib. İddiaçının heç bir hüquqi prosedurdan xəbəri olmayıb. İddiaçının yazılı şəkildə razılığı olmayıb. Yalnız həyat yoldaşı hərracın keçirilməsinə dair iddiaçıya məlumat verəndə bilmişdir ki, artıq 2024-cü ilin mart ayında əmlak hərracda satılacaq. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlummat daxil olmamışdır. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, X4 və İddiaçı 24 oktyabr 2009-cu ildə nikaha daxil olmuşlar. ünvan 1 ünvanında yerləşən 19 saylı mənzil 26 oktyabr 2013-cü ildən, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən qeyriyaşayış sahəsi 10 avqust 2011-ci ildən X2 mülkiyyətindədir. 15 may 2018-ci il tarixdə Bank "xxxx" ASC ilə "xxxx" MMC arasında BKN-A0007- 14/18A saylı əsas kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən Bank "xxxx" ASC "xxxx" MMC-yə 60 ay müddətinə 361.000 manat məbləğinədək kreditlər verməyi öhdəsinə götürmüşdür. 15 may 2018-ci il tarixdə Bank "xxxx" ASC, X4 və "xxxx" MMC arasında ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə dair BKNG-A0007-14/18A saylı üçtərəfli sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Həmçinin, 15 may 2018-ci il tarixdə Bank "xxxx" ASC, X4 və "xxxx" MMC arasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən ümumi sahəsi 190.8 kv.m. olan qeyri-yaşayış sahəsinə dair BKNG-B0007-14/18A saylı üçtərəfli sonrakı ipoteka müqaviləsi imzalanmışdır. 16 may 2018-ci il tarixli çıxarış əsasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən ümumi sahəsi 190.8 kv.m. olan qeyri-yaşayış sahəsi və ünvan 1 ünvanında yerləşən 19 saylı mənzil Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. 21 may 2020-ci il tarixdə Bank "xxxx" ASC ilə "xxxx" MMC arasında RPZ-00007- 14/20A saylı əlavə kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən Bank "xxxx" ASC "xxxx" MMC-yə 12 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 105.500 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Həmçinin, 21 may 2020-ci il tarixdə Bank "xxxx" ASC ilə "xxxx" MMC arasında RPZ- 00006-14/20A saylı əlavə kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən Bank "xxxx" ASC "xxxx" MMC-yə 12 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 157.791,50 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən ipoteka qoyan X3 bildiriş göndərilmişdir. İş materiallarında olan 30 iyun 2021-ci il tarixli aktın surətindən görünür ki, kuryer ünvana getmiş, lakin X4 həmin ünvanda yaşamadığı üçün məktub geri qaytarılmışdır. Bank "xxxx" ASC X3 və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsinin ləğvi, müqavilə üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması” tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 17 sentyabr 2021-ci il tarixli 2(004)-6185/2021 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2-2(113)-39/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "Əcəmi” filialı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli BKN-00007-14/18A Əsas kredit müqaviləsi, xx.xx.2020-ci il tarixli RPZ-00006-14/20A saylı və xx.xx.2020-ci il tarixli RPZ-00007-14/20A saylı Əlavə kredit müqavilələri ləğv edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən RPZ-00006-14/20A saylı müqavilə üzrə 157.791,50 manat əsas borc, 18.553,65 manat faiz borcu, 7890 manat dəbbə borcu, RPZ-00007-14/20A saylı müqavilə üzrə 105.500 manat əsas borc, 10.760,72 manat faiz borcu, 5275 manat dəbbə borcu olmaqla ümumilikdə 305.770,87 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən ümumi sahəsi 190.8 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 470.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh X3 qaytarılması, tələb üzrə tutmanın X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m. olan 19 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 105.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh X3 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması, ipoteka predmeti olan, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən ümumi sahəsi 190.8 kv.m. olan qeyri-yaşayış sahəsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m. olan 19 saylı mənzil satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılması, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat, mediasiya xərclərinin əvəzi olaraq 371 manat məbləğində pul vəsaiti, 0,40 manat bank xidməti haqqı cavabdehler "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və X1 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Bakı şəhəri 29 saylı Notariat ofisi tərəfindən 15 may 2018-ci il tarixli sonrakı ipoteka müqaviləsinə dair notariat işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin notariat işlərindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m. olan 19 saylı mənzillə bağlı 15 may 2018-ci il tarixli BKNG-A0007-14/18A saylı üçtərəfli sonrakı ipoteka müqaviləsinə dair İddiaçı notarial qaydada təsdiqlənmiş ərizə verərək mənzilin ipotekaya qoyulmasına etiraz etəmiş, qeyd-şərtsiz mənzili boşaltmağı öhdəsinə götürmüş, bu barədə heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Notariat işlərindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən ümumi sahəsi 190.8 kv.m. olan qeyri-yaşayış sahəsinə dair BKNG-B0007-14/18A saylı üçtərəfli sonrakı ipoteka müqaviləsinə dair İddiaçı notarial qaydada təsdiqlənmiş razılığı olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 307.1-ci maddəsinə görə ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 352-ci maddəsinə görə əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. “İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu: 8.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tədqiq edilmiş iş materiallarından görünür ki, İddiaçı ilə X4 birgə nikah dövründə 2 əmlak əldə etmişlər. Məhkəmə araşdırması zamanı əldə edilmiş əmlakların birgə nikah dövründə əldə edilmiş əmlaklar olmasını istisna edən hallar aşkar edilməmişdir. İddiaçı istinad olunan əmlaklarla bağlı cavabdeh olan bankla X4 arasında bağlanmış sonrakı ipoteka müqavilələrinin etibarsız sayılması üçün əsas dəlil olaraq buna onun razılığının olmadığını qeyd etmişdir. İstinad olunan halı araşdırmaq niyyəti ilə məhkəmə tərəfindən müvafiq sorğular edilərək hər iki əmlak üzrə notariat işləri tələb edilmişdir. Notariat işlərinin məzmunundan görünür ki, qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə dair iddiaçının razılığı mövcud deyil, mənzilə dair isə iddiaçının istinad etdiyinin əksi olaraq razılıq mövcuddur. Yuxarıda istinad olunan Mülki Məcəlləsinin müddəasından görünür ki, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Məhkəmə hazırkı iş üzrə müqavilənin bağlanma tarixini, eyni zamanda bankla X4 arasında Bakı Kommersiya Məhkəməsinin icraatında müqavilədən irəli gələn mübahisənin mövcudluğunu nəzərə alaraq iddiaçının hüquqdan suiistifadə etməsi hallarını da araşdırılmışdır. Araşdırma nəticəsində məhkəmə müəyyən etmişdir ki, Bakı Kommersiya Məhkəməsində işə baxılan zaman iddiaçı işə cəlb edilməmiş, qətnamənin mövcudluğu ilə bağlı məlumatı icra mərhələsində evin boşaldılması ilə bağlı zərurət yarandığı anda əldə etmişdir. Odur ki, yuxarıda istinad olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddiası qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 352-ci maddəsində (əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi) əqdin bir hissəsinin etibarsız hesab edilə bilməsi imkanı nəzərdə tutulmuşdur. Məhkəmə qeyri-yaşayış sahəsinin iddiaçı ilə E.Əsgərovun birgə əmlakı (ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiya) olması xüsusiyyətini, yəni həmin tərəflərin hər birinin əmlaka dair ikidə bir hissədə hüquqlarının olmasına əsaslanaraq sözügedən əmlaka dair bağlanmış sonrakı ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsini qanunamüvafiq hesab edir. Belə ki, əmlak üzərində tərəflərin paylarını müəyyən edən hüquqmüəyyənedici sənədin mövcud olmaması müqavilənin bütövlükdə etibarsız hesab edilməsinə əsas ola bilməz. Sözügedən hüquqmüəyyənedici sənədin mövcudluğu sadəcə adıçəkilən əmlakın hüquqi rejimini müəyyən edir. Hazırkı iş üzrə yaranmış mübahisə isə tərəflərin əmlakın hüquqi rejimi yox, əmlaka münasibətdə mülkiyyət hüquqlarından irəli gələn məsələdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bank "xxxx" ASC ilə X4 arasında bağlanmış 15 may 2018-ci il tarixli BKNG-B0007-14/18A saylı sonrakı ipoteka müqaviləsi İddiaçı payına aid olan hissədə etibarsızdır. Belə olan halda iddia tələbi qismən təmin edilməli, cavabdeh Bank "xxxx" ASC ilə X4 arasında bağlanmış 15 may 2018-ci il tarixli BKNG-B0007-14/18A saylı sonrakı ipoteka müqaviləsi İddiaçı payına münasibətdə etibarsız hesab edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bank "xxxx" ASC ilə X4 arasında bağlanmış 15 may 2018-ci il tarixli BKNG-B0007-14/18A saylı sonrakı ipoteka müqaviləsi İddiaçı payına münasibətdə etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-4773/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4773/2024
05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver