Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4818/2022 10.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Sığorta ASC-nin nümayəndələri X14 və X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh Sığorta ASC-nə qarşı ("xxxx" MMC, Bank "xxxx" ASC və Baş Səhiyyə Mərkəzi 13 saylı Birləşmiş Şəhər Xəstəxanası üçüncü şəxslər qismində cəlb edilməklə) “sığorta ödənişinin verilməsi” tələbi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Sığorta ASC-nə qarşı – cavabdehdən 37067 manat məbləğində sığorta ödənişinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildə iddiaçının mərhum həyat yoldaşı X7 alıcı-ipoteka qoyan kimi, kreditor-ipoteka saxlayanın Bank "xxxx" ASCnin və Satıcı "xxxx" MMC-nin çıxış etdiyi üçtərəfli güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətinə verilmiş və daşınmaz əmlakın dövlət reyestrindən ona çıxarış verilmişdir. xx.xx.2020-ci ildə onunla Bank "xxxx" ASC arasında kredit müqaviləsi və sazişi bağlanmış, ödəniş qrafiki təsdiq edilmişdir. Ona bank tərəfindən 39400 manat məbləğində illik 4 faiz dərəcəsi ilə 240 ay müddətinə ipoteka krediti verilmişdir. İpoteka krediti üzrə borcalan kimi iddiaçının mərhum yoldaşının həyatı Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta olunmuşdur. Cavabdeh Sığorta Şirkəti ASC ilə X10 arasında xx.xx.2020-ci il tarixdə MLl-BTB-M-0000750 nömrəli “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli, ******* nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinə əsasən sıortalı/sığorta olunan X10, faydalanan şəxs sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunan kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində Bank "xxxx" ASC, təkrar maliyyələşmədən sonra İpoteka və Kredit Zəmanət Fondu müəyyən olunmuşdur. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydalarının” 5-ci bəndinə əsasən, sığorta olunanın ölməsi halı sığorta təminatlarından biri kimi göstərilmişdir. Həmin şəhadətnamədə sığorta olunanın istənilən səbəbdən ölüm halında sığorta ödənişinin həcminin qalıq borc məbləğinin 100% həcmində təşkil etdiyi birbaşa olaraq göstərilmişdir. Tibb işçilərinin səhlənkarlığına görə onun ölümü barəsində hazırlanmış tibbi sənəddə səhvə yol verilmişdir. Stimul Hospital tərəfindən verilmiş xx.xx.2022-ci il daxil olma epikrizində onun son klinik diaqnozu ağciyər arteriyasının tromboemboliyası, kəskin ağciyər-ürək çatışmazlığı qeyd olunmuşdur. Fevral ayında iddiaçının mərhum həyat yoldaşının halı pisləşdiyi üçün təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılmış, cərrahi əməliyyat olunması üçün Stimul Hospitala aparılmışdır. Orada əməliyyat olunmuşdur. Vəziyyəti stabilləşsə də xx.xx.2022-ci ildə yenidən kəskinləşmişdir. İddiaçının həyat yoldaşı X10 xx.xx.2022-ci ildə mədə bağırsağında olan qanaxma səbəbindən vəfat etmişdir. İlkin olaraq verilmiş tibbi şəhadətnamədə iddiaçının yoldaşının ölüm səbəbi və xəstəliyi düzgün qeyd olunmamışdır. Dəfni ilə bağlı bələdiyyəyə təcili olaraq epikriz tələb olunmuş, tibb müəssisəsi də tələsik səhvən başqa xəstənin məlumatları ilə səhv salınmışdır. Həmin sənədi iddiaçının qohumu almışdır. Nəticədə ölüm haqqında tibbi şəhatətnaməyə əsasən ölüm haqqında şəhadətnamə də düzgün verilməmişdir. İddiaçı yasda olduğu üçün sənədlərdəki səhvə fikir verməmişdir. Daha sonra cavabdeh sığorta şirkətinə müraciət etdikdə onlar iddiaçıya guya yoldaşında xroniki kolit xəstəliyinin olduğu və hətta guya onun xroniki olması, bu barədə mərhum yoldaşının onlara məlumat verməməsi səbəbindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Lakin iddiaçı onlara təkrar müraciət edərək öz səhvlərini düzəltməyini xahiş etmişdir. Düzəliş edilmiş yeni tibbi şəhadətnamə və ölüm haqqında şəhadətnamənin surətini iddiaçı cavabdeh şirkətə təqdim etsə də qəbul edilməmişdir. Sonuncu dəfə verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında tibbi şəhadətnamədə ölüm səbəbi mədə bağırsaq qanaxması qeyd olunmuşdur. 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində vərəsəlik işi açılmışdır. İddiaçı tərəfindən mirasın qəbulu ərizəsi verilmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndələri X19 və X5 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə mülki iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını və təqdim edilmiş sübutları təhlil edərək belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə X10 arasında bağlanmış xx.xx.2020ci il tarixli kredit müqaviləsinə əsasən X9 39400 manat məbləğində illik 4 faiz dərəcəsi ilə 240 ay müddətinə ipoteka krediti verilmişdir. İş materiallarında olan "xxxx" ASC , X10 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli üçtərəfli güzəştli mənzilin alğı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İpoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortalı X10 sığortaçı Cavabdeh SŞ ASC tərəfindən faydalanan şəxs Bank "xxxx" ASC-nin xeyrinə ölüm halından və s. sığortalanmışdır və sığorta haqqı isə 26 manat təşkil edir. İş materiallarında olan, epikrizlərin surətindən görünür ki, X9 xoralı kolit, kəskin yoğun bağırsaq qanaxması və kəskin ağciyər ürək çatışmazlığı diaqnozu qoyulmuşdur. İş materiallarında olan, 257912 nömrəli, xx.xx.2022-ci il tarixində verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2(xroniki) proktit səbəbindən xx.xx.2022-ci il tarixində ölmüşdür. İş materiallarında olan, 235563 nömrəli, xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 dəqiqləşdirilməmiş mədəbağırsaq qanaxması səbəbindən xx.xx.2022-ci il tarixində ölmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X7 ölüm səbəbi xoralı (xroniki) proktit olmuş, və onda 7 ildir ki, dəqiqləşdirilməmiş xoralı kolit xəstəliyi mövcud olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X7 ölüm səbəbi dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması olmuş, və onda 3 aydır ki, dəqiqləşdirilməmiş xoralı kolit xəstəliyi mövcud olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi İnşaatçılar küçəsi 4 saylı evin 4 saylı mənzili üzərində X7 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan miras qəbul ərizəsinin surətindən görünür ki, İddiaçı X6 irs qalmış mirası qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov Adına Elmi X4 Laboratoriyasının xx.xx.2016-cı il tarixli B1479-81 nömrəli Patohistoloji müayinə surətindən görünür ki, X9 xoralı kolit kliniki dioqnozu qoyulmuşdur. İş materiallarında olan M.A.Topçubaşov adına X16 xx.xx.2016-cı il tarixli videokolonoskopik müayinənin protokolunun surətindən görünür ki, Əliheydər Məmmədovın müayinəsinin nəticəsi Xoralı kolit olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəstəlik tarixinin surətindən görünür ki, X9 xroniki qeyri-spesifik xoralı kolit son kliniki dioqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinin surətindən görünür ki, X10 bütün növ xorniki xəstəliklərdən əziyyət çəkməməsi barədə ərizə ilə razılıq vermiş və imzalamışdır. Həmçinin həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavənin (tibbi məlumat) surətindən görünür ki, X10 “c” bəndinə əsasən həzm sisteminin xəstəliklərinin (iltihab və ona şübhə, mədənin yaxud onikibarmaq bağırsağın xorası, kolit, tez-tez baş verən diareya, qəbəliklər, gəyirti, hıçqırıq, qıcqırma, öd kisəsinin, qara ciyərinin, yaxud mədəaltı vəzinin xəstəlikləri (hepatitlər, pankreatit, öd daşı xəstəliyi, xolesistit)) onda olmamasına dair mətni imzalamış və “xeyir” sütununa razılıq işarəsi qoymuşdur. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq, "xxxx" MMC-nin təqdim etdiyi sənədlərdən görünür ki, X9 "xxxx" MMC-də xx.xx.2022-ci il tarixində əvvəlcədən aparılmış müayinələr əsasında “Qeyri spesifik xoralı kolit, kəskin yoğun bağırsaq qanaxması” diaqnozu qoyulmuş və “Laporaskopik total kolektomiya” cərrahi əməliyyatı icra edilmişdir. Xəstə xx.xx.2022-ci il tarixində kafi vəziyyətdə ambulator şəraitdə müalicə olunmaqla evə buraxılmışdır. Evə yazıldıqdan 4 gün sonra xəstənin vəziyyəti ev şəraitində pisləşmiş və xx.xx.2022-ci il tarixində klinikaya təcili tibbi yardım maşını ilə təkrar gətirilmişdir. Xəstəyə “Paralitik bağırsaq keçməzliyi, su-elektrolit mübadilə pozğunluğu, Oliqouriya” diaqnozu qoyulmuşdur. Klinikada konservativ müalicə tədbirləri görülmüş və aparılmış intensiv reanimasion tədbirlərə baxmayaraq xx.xx.2022-ci il tarixində saat 22:30 radələrində bioloji ölüm baş vermişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı həyat yoldaşı mərhum X1 xx.xx.2020-ci il tarixdə Bank "xxxx" ASC ilə güzəştli mənzilin alqısatqısı və ipoteka müqaviləsi bağlamış və həmin müqavilədən irəli gələn öhdəlikləri həyat sığortası əsasında Cavabdeh SŞ ASC-də sığortalamış və buna dair sonuncu ilə arasında xx.xx.2020-ci il tarixdə sığorta müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank "xxxx" ASC faydalanan şəxs olaraq göstərilmişdir. Qeyd olunan sığorta şəhadətnaməsi verilərkən, X10 özündə heç bir xroniki xəstəliyin olmaması barədə məlumat verərək, müvafiq həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavəni (tibbi məlumat) imzalamışdır. Halbuki, işdə olan X9 məxsus xəstəlik tarixçəsindən, tibbi sənədlərdən müəyyən edilir ki, onda hələ 2016-cı ildən xroniki kolit xəstəliyi olmuşdur. O isə özündə həmin xəstəliyin mövcud olduğunu bilə-bilə xəstəliyi barədə Cavabdeh SŞ ASC-ni əvvəlcədən məlumatlandırmamış, heç bir xroniki xəstəliyinin olmamasını bildirmişdir. xx.xx.2022-ci ildə X10 vəfat etmiş və ona ilk olaraq xroniki kolit, daha sonra mədəbağırsaq qanaxması səbəbi ilə öldüyü barədə şəhadətnamə verilmişdir. Həmçinin verilmiş tibbi şəhadətnamələrdə də X8 xroniki kolit xəstəliyinin olması və ölümün də səbəbinin həmin xəsətliyin olması qeyd edilmişdir. İddiaçı isə mərhum həyat yoldaşının xroniki xəstəliyi barədə məlumatı olmadığından və sığorta müqaviləsi bağlayan zaman həmin xəstəlikdən əziyyət çəkməməsi ilə iddiasını əsaslandırmışdır. Məhz buna görə iddiaçı sığorta şirkəti tərəfindən sığorta haqqının ödənilməsindən imtina olunmasının əsassız olduğunu iddia edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 911.2-ci maddəsinə əsasən, sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydalarının 6.6-cı maddəsinə əsasən, sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Mülki Məcəllənin 935.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Həmin Məcəllənin 935.2-ci maddəsinə əsasən, bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. İşin hallarından müəyyən edilir ki, Mülki Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulan məlumatların yalnışlığı cavabdeh sığorta şirkətinə məlum olmamış, sığortalı mərhum Əliheydər Məmmədov özündə olan xroniki xoralı kolit xəstəliyi barədə cavabdehə əvvəlcədən məlumat verməmişdir. Bununla da, cavabdeh sığorta şirkəti sığorta ödənişinin verilməsindən haqlı olaraq imtina etmişdir. Beləliklə, sadalanan işin hallarına və qanunvericilik normalarına əsasən, məhkəmə belə qənaətə gəlir ki, sığortalı mərhum X13 M.A.Topçubaşov adına X17 2016-cı ildə videokolonoskopik və patohistoloji müayinələrdən keçməsinə baxmayaraq, sığorta müqaviləsi bağlayarkan özündə olan xroniki xoralı kolit xəstəliyi barədə söğorta şirkətinə məlumat verməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, sığortaçının ona verilmiş məlumatların yalnışlığı səbəbindən sığorta ödənişinin iddiaçıya verilməsindən imtina etməsi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı - 37067 manat sığorta ödənişi məbləğinin cavabdehdən tutulub İddiaçı xeyrinə ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №e-2(011)-4818/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4818/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver