Məhkəmə qərarları › İş №e-2(011)-4914/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4914/2021

02.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4914/2021 02.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 04 may 2021-ci il tarixdə bağlanılan aliment sazişinin 1.4-cü bəndinə uyğun olaraq borclunun məvacibinin 60 (altmış) faizinin 1200 (bir min iki yüz) manatdan aşağı olmamaq şərti ilə tutularaq iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 25 may 2016-cı il tarixində ailə həyatı qurmuşdur. Birgə nikahdan 30.06.2016-cı il tarixində X5 doğulmuşdur. Bir müddət keçdikdən sonra borclu ailəni maddi cəhətdən tamin etmədiyinə görə iddiaçı ilə onun arasında uşağın mənafeyini nəzərə alaraq ailənin dağıtmamaq şərti ilə 04 may 2021ci il tarixdə notarial qaydada aliment sazişi bağlanmışdır. Aliment sazişinin şərtlərinə əsasən sazış bağlandıqdan sonra borclu hər ayın 5 (beşi) tarixində Saziş üzrə alimentin ödənişini həyata keçirəcək. Lakin borclu tərəfindən Aliment Sazişinin şərtləri elə ilk aydan pozulmuşdur. Öhdəliyin icra edilməsi barədə borcluya dəfələrdə xəbərdarlıq edilməsinə baxmayaraq o, öhdəliyin icrasından qərəzli şəkildə yayınmışdır. Bu səbəbdəndə iddiaçı hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə baxışında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarından müəyyən olunmuşdur ki, Cavabdeh ilə X2 nikahının bağlanması barədə 25.05.2016-cı il tarixdə 2748 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir (AZ-İİ seriyalı 129528 nömrəli “Nikah haqqında şəhadətnamə”). Tərəflərin birgə nikahlarından 30.06.2016-cı il təvəllüdlü X6 anadan olmuşdur (AZ-İİİ seriyalı, 811261 nömrəli “Doğum haqqında Şəhadətnamə”nin surəti). İş materiallarında olan iş üzrə tərəflər arasında bağlanmış 04.05.2021-ci il tarixli “Alimentin ödənilməsi barədə” Sazişə əsasən aliment ödəyən Cavabdeh, aliment alan İddiaçı ilə birgə nikahdan anadan olmuş uşağı X1 üçün, aliment alana alimentin ödənilməsini öz öhdəsinə götürür. Aliment ödəyən, bu saziş bağlanan aydan sonra gələn hər ayin birindən başlayaraq aliment ödənişi üzrə öhdəliyini həyata keçirməyə başlayır. Aliment ödəyən tərəfindən ödənilən alimentin miqdarı aliment ödəyənin aylıq əmək haqqının 60 % (altmış) faizini (1200 manatdan aşağı olmamaq şərti ilə) təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquqi əqdlərin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması barədə normaları tətbiq olunur. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş üzrə ödənilən alimentin miqdarı bu sazişin tərəflərinin razılığı ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsaəsən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Uşaq hüquqları haqqında” Azəbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Yuxarıda qeyd edilən normativ hüquqi aktların normalarının tələblərini və iş materiallarını araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında alimentə dair saziş bağlanması nəzərə alınaraq Cavabdeh 30.06.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 60 (altmış) faizi miqdarında (1200 manatdan aşağı olmamaq şərtilə) sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalı və dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 30.06.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 26.05.2021-ci il tarixdən hesablanmaqla hər ay qazancının və başqa gəlirlərinin 60 (altmış) faizi miqdarında (1200 manatdan aşağı olmamaq şərtilə) aliment alınaraq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar