Məhkəmə qərarları › İş №e-2(011)-5024/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5024/2023

14.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5024/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər 220 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə faktiki nikah münasibətləri pandemiya dövrünə təsadüf etdiyindən nikah rəsmiləşdirilməmiş və toy mərasimi keçirilməmişdir. Həmin faktiki nikah münasibətlərindən 10 oktyabr 2021-ci il tarixdə Fatimə adlı qızları anadan olmuşdur. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsilə “Vətəndaş vəziyyəti aktları” AQİS-dən çıxarışa əsasən müəyyən edilir ki saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 18 iyul 2022-ci il tarixli 169 saylı akt qeydinə əsasən, Seriya AZ 421301 №li “Atalığı müəyyən etmək haqqında Şəhadətnamə“ verilmişdir. Həmçinin, 2 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 2359 saylı akt qeydinə əsasən 10 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş övladları X1 adına seriya AZ-İV, 754574, №li, 18 iyul 2022-ci il tarixli “Doğum haqqında Şəhadətnamə” verilmişdir. İddiaçı ilə cavabdeh 2022-ci ilin aprel ayında Yasamal rayon 2 saylı “Asan xidmət” mərkəzinə müraciət edərək nikaha daxil olmaq üçün ərizə versələr də sonradan cavabdeh bir ay verilmiş müddət çatdıqda nikahın qeydiyyata alınmasından imtina etmişdir. Hazırda uzun müddətdir ki, ailə münasibətləri yoxdur. 1 ildir ki, ayrı ayrı qalmaqların baxmayaraq bu müddət ərzində uşağın saxlanmasına cavabdeh hər hansı bir yardım göstərməmiş, uşağa aliment ödəməmişdir. Cavabdeh ticarətlə məşğul olmasına baxmayaraq iddiaçının aliment ödənilməsi barədə məhkəməyə müraciət etməsinə hər cür təzyiq göstərərir. Cavabdeh uşağın saxlanması üçün vəsait verməkdən də boyun qaçırır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini qəbul edərək, iddiaya heç bir etirazının olmadığını bildirmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, tərəflərin birgə münsibətlərindən 10 oktyabr 2021-ci il təvəllüdlü X2 anadan olmuşdur. İş materiallarənda olan “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsilə “Vətəndaş vəziyyəti aktları” AQİS-dən verilən çıxarışdan görünür ki, 2 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 18 iyul 2022-ci il tarixli 169 saylı akt qeydinə əsasən, Seriya AZ 421301 №li “Atalığı müəyyən etmək haqqında Şəhadətnamə“ verilmiş və 10 oktyabr 2021-ci il təvəllüdlü X1 atası Cavabdeh qeyd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin münasibətlərindən 10 oktyabr 2021-ci il təvəllüdlü X2 anadan olmuşdur. Uşaq hazırda iddiaçının yanındadır. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini, sağlamlıq vəziyyətini, diqqətəlayiq olan digər halları əsas tutaraq cavabdehdən hər ay 220 manat məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının aliment tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyi 20 iyun 2023-cü il tarixdən başlanmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə münasibətlərindən anadan olmuş 10 oktyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 iyun 2023-cü il tarixdən başlayaraq Cavabdeh iddiaçı Cavabdeh qızının xeyrinə hər ay 220 manat məbləğində aliment tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 20 iyun 2023-cü il tarixdən başlayaraq 10 oktyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi manat) məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar