Məhkəmə qərarları › İş №e-2(011)-5030/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5030/2025

08.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5030/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması qaydasının dəyişdirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması qaydasının dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin tutulması qaydasının dəyişdirilərək, Cavabdeh övladı xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixdə nikahını qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan 1 uşaqları (xx.xx.2017ci il təvəllüdlü oğulları – X8) doğulmuşdur. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-2754/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 213 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahı pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 onun yanında saxlanılmaqla onun himayəsinə verilmiş və uşağın saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh onun xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmuşdur. Qeyd olunan qətnamənin “alimentin tutulması”na dair hissəsi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmiş, lakin icra sənədi üzrə icra mərhələsində cavabdehin psixoloji təzyiqi altında aliment tələbindən imtina etməsi barədə ərizə ilə icra şöbəsinə müraciət etmişdi. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli qərarına əsasən, alimentin tutulması ilə bağlı icra sənədi məhkəməyə qaytarılmışdır (qərarın surəti ərizəyə əlavə olunur). Sonradan alimentin tutulması barədə icra sənədinin yenidən icraya yönəldilməsi barədə məhkəməyə müraciət etdi. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-2754/2019 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə icra sənədi icra edilməsi üçün yenidən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Hazırda isə birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 nikahın pozulmasından ötən müddət ərzində saxlanılması üçün xərclər də təbii olaraq artmışdır və uşağın saxlanılması üçün aliment tutulması zərurəti yaranmışdır. O cümlədən, "xxxx" MMC (oğlunun təhsil aldığı məktəb) ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli təhsil müqaviləsinin sürətindən də müəyyən olunur ki, uşağın saxlanılması üçün digər zəruri xərclər bir kənara, təkcə Cavabdeh Ayaz oğlunun təhsil haqqı 5.500 manat təşkil edir və bu məbləği ödənilməsində uşağın atası hər hansı miqdarda köməklik göstərmir. (müqavilə surəti əlavə olunur). Eyni zamanda uşağın bütün digər qayğı və ehtiyaclarını iddiaçı ödəyir. Qeyd etmək istəyir ki, icra mərhələsində müvafiq səbəbdən, aliment tələbindən həmin vaxt imtina etdiyi üçün, “alimentin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edə bilməyib. Buna görə də, ayrıca qaydada yenidən “alimentin tutulması” tələbinə dair məhkəməyə müraciət etməsi üçün ilk öncə qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmişdi. Onda olan məlumata görə Cavabdeh işləməklə aylıq rəsmi əmək haqqı alır. Odur ki, Cavabdeh 29 noyabr 2017-ci il təvəllüdlü oğlu X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi zərurəti yaranmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbinə etiraz etdiyini bildirmişdir. O bildirmişdir ki, təhsili ilə əlaqədar xaricə gedəcəyinə görə işdən azad olunma ehtimalı var. O, hesab edir ki, alimentin sabit pul məbləğində, 450-500 manat məbləğində tutulması məqsədəmüvafiqdir. Bu məbləğ onun maaşının ¼ hissəsinə uyğundur. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, alimentin tutulması dövründə, yəni 2019-cu ildə doktorantantura pilləsində təhsil aldığından işləməyib. Daha sonra "xxxx" Şirkətində işləyib. Daha sonra digər şirkətdə yarımştat işləyib 180 manat maaş alıb. İndi hal-hazırda “X5” MMC-də "xxxx" X1 çalışır. O, məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ondan sabit pul məbləğində tutulan alimentin qazancının ve başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulma qaydasına dəyişdirilməsinə dair iddia ərizəsi ilə tanış olub, lakin həmin iddiaya etiraz edir və hesab edir ki, aliment sabit pul məbləği qaydasında tutulmalıdır. İddiaçı ilə xx.xx.2017-ci ildə nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2017-ci il tarixində övladları X8 dünyaya gəlmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-2754/2019 nömrəli qətnaməsi ilə aralarında bağlanan nikaha xitam verilmiş, azyaşlı övladları iddiaçının himayəsində saxlanılmış, məhkəmə tərəfindən 200 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-4660/2019 nömrəli qətnaməsi ilə onunla uşaq arasında ünsiyyət qaydası müəyyən edilmişdir. Sözügedən qətnaməyə əsasən, hər həftənin bazar ertəsi, çərşənbə, cümə günləri saat 17:00-19:30, hər həftənin şənbə günü isə saat 16:00-20:00 saat aralığında uşaq onunla saxlanılır. Nikaha xitam verildiyi tarixdən hazırki tarixədək aliment məbləğinin tam və vaxtlı vaxtında ödənilməsi ilə kifayətlənməmiş, alimenti məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğdən artıq ödəmiş, uşağın digər xərclərində iştirak etmiş, uşaq onunla saxlanıldığı vaxtlarda onun istedadını və marağını dəyərləndirərək öz hesabına rəsm və idman (futbol, karate və şahmat) məşğuliyyətlərinə cəlb edib. Uşaq dünyaya gəlməzdən əvvəl və dünyaya gəldikdən sonra ona maraq və bağlılıq nümayiş etdirmişdir. İddiaçının maneə törətməsinə baxmayaraq uşağın təlim tərbiyəsində iştirak edir, onunla sıx münasibətlər qurur, problemləri ilə maraqlanmışdır. Uşaq özünü onunla eyni ailənin üzvü olaraq identikləşdirir, şəxsiyyətini formalaşdırarkən bir ata olaraq ona istinad edir. Aşağıdakı səbəblərdən iddia əsassızdır və iddia təmin edilməməlidir: 1. İddiaçı ərizəsində qeyd etmişdir ki, o, uşağın saxlanılması xərcləri ilə əlaqədar ona heç bir köməklik göstərmir. İddiaçı bu iddiası əsassızdır. Belə ki, təqdim etdiyi sübutlardan aydın olur ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği tərəfindən vaxtlı vaxtında ödənmiş, bəzi hallarda isə təyin edildiyindən 2-3 dəfə artıq ödənmişdir; təqdim etdiyi sübutlardan da aydın olur ki, o, uşağı idman məşğələlərinə cəlb edərək xərclərini özü qarşılayır; uşaq onunla həftədə dörd dəfə vaxt keçirir və bu müddət ərzində uşağın bütün digər xərcləri, eləcə də istədiyi qidalar və oyuncaqlar onun tərəfindən alınır; bundan əlavə iddiaçı uşağın hər hansı əlavə xərcləri ilə bağlı ona müraciət etdikdə, həmin xərclər tərəfindən qarşılanır. Məsələn, ona göndərdiyi istənilən dərman resepti apteklərdən alınaraq uşaqla birlikdə iddiaçıya göndərilir. 2. İddiaçı uşağı "xxxx" MMC nəzdində tam orta məktəbə yazdırdığını qeyd edir və uşağın təhsil haqqının 5.500 manat olduğunu iddia edir və onun təhsil haqqı ilə bağlı iddiaçıya köməklik göstərmədiyini bildirir. İddiaçının bu hissəyə aid əsasları da hazırki iddianın predmeti üçün əhəmiyyətli deyildir. Belə ki, iddiaçının "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli müqavilənin 1.3-cü bəndinə əsasən, həmin müqavilə 1 dərs ili üçün bağlanmışdır. Nəzərə alınsa ki, dərs ili may ayında yekunlaşmışdır, sözügedən müqavilə artıq qüvvədə deyildir. İddiaçının "xxxx" MMC ilə yeni müqavilə bağlaması faktı isə hazırda yoxdur; o uşağı özünün də məzunu olduğu, tədris keyfiyyəti ilə fərqlənən, lakin ödənişsiz qaydada təhsil verən “Heydər Əliyev adına” liseydə təhsilə cəlb etmək niyyətində olmuşdur. Lakin iddiaçı onun Ailə Məcəlləsinin 61.1-ci maddəsi ilə müəyyən olunmuş hüquqlarımı pozaraq uşağın tərbiyə və təhsili ilə bağlı məsələlərin həllində iştirak etməyinə maneə törətmişdir. Öz təktərəfli qaydada və ondan gizlədərək etdiyi seçimi ilə uşağı yüksək ödənişli "xxxx" MMC nəzdində tam orta məktəbdə təhsilə cəlb etmişdir. Bu qərarı ilə əlaqədar ona məlumat verməmiş, uşağın təhsil aldığı məktəbi ondan qərəzli olaraq gizlətmiş, o, özü bu barədə məlumat alaraq ilk dərs günündə uşağı təbrik etmək üçün məktəbə yaxınlaşanda isə uşağı təbrik etməyinə qərəzli olaraq maneə törətmişdir. 3. İddiaçı aliment məbləğindən sui-istifadə etməyə çalışır. İddiaçı məhkəmə proseslərində iddiaları təmin edilmədiyi üçün uşağı və onu cəzalandırmaq üçün uşaqla ünsiyyətinə mane olmaqdadır, hazırda Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-4660/2019 nömrəli qətnaməsinin təmin edilməsi ilə əlaqədar icra hərəkətləri həyata keçirilməkdədir. İddiaçı uşağı onunla görüşdən yayındırmaq məqsədilə ona psixoloji təzyiq etdiyindən Nizami rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə uşaq psixoloji-reablitasiya mərkəzinə cəlb edilmişdir. Mütəxəssisə çəkilən xərclərin icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər hesab edilərək iddiaçıdan (borcludan) tutulması qət edilmişdir. Borclu mütəxəssisin işinə mane olaraq prosesi uzatmağa çalışır, bunun əvəzində prosesin zaman baxımından uzanmasının onun özünə maddi baxımdan zərər vurmaması üçün aliment məbləğinin artırılmasını tələb edir. Yəni özü ixtisasca psixoloq olan iddiaçı ondan alacağı aliment məbləği ilə mütəxəssisə çəkilən xərci ödəmək, qarşılığında mütəxəssisin uşaqla onun ünsiyyətinin bərba edilməsi istiqamətində işinə maneə törətməq məqsədi daşıyır. Uşağın qayğısına qalmaq və onun yaşam xərclərini qarşılamaq bir valideyn olaraq yalnız onun deyil, eyni zamanda iddiaçının da vəzifəsidir. Bildirir ki, iddiaçı Psixi Sağlamlıq Mərkəzində psixoloq vəzifəsində işləyir, eləcə də onun instagram səhifəsindən və psixoloji kurslardan əlavə gəliri vardır. Əlavə olaraq bildirir ki, onun hazırki işinin daimi olmaması, eləcə də təhsilinlə əlaqədar (post-doktoral təhsili) hazırki iş yerindən ayrılacağı səbəbi ilə, həmçinin iddiaçının onunla məhkəmədən kənar qaydada heç bir halda razılığa gəlmək istəməməsi səbəbi ilə alimentin məhz sabit pul məbləği şəklində yenidən müəyyən edilməsi məqsədəuyğundur. İş materiallarında olan "xxxx" MMC-nin direktoru A.B.Rəfiyev ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2024-cü il tarixli təhsil müqaviləsindən görünür ki, X8 "xxxx" MMC-də 15 sentyabr 2024-cü ildən təhsil almağa başlamışdır. İş materiallarında olan MŞB/6/2025-00234 nömrəli xx.xx.2025-ci il tarixli Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X3 ilə olan nikah qeydi 07 aprel 2019- cu ildə pozulmuşdur İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2754/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı X3 ilə Cavabdeh arasında saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 27 iyun 2018-ci il tarixdə verilmiş 213 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 29 noyabr 2017-ci il təvəllüdlü X8-anası X2 yanında saxlanılmaqla onun himayəsinə verilməsi, 29 noyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 yanvar 2019-cu il tarixdən başlayaraq Cavabdeh iddiaçı X2 xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması, iddiaçı X2 ödədiyi 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra olunması qət edilmişdir. Şəxsin elektron məlumatlarının çıxarışından görünür ki, Cavabdeh “X5” MMC-nin "xxxx" X1 aparıcı mütəxəssis vəzifəsində işləyir və onun aylıq əmək haqqı 2.228,93 manat təşkil edir. “X6” MMC-də hüquqşünas vəzifəsində işləyir və onun aylıq əmək haqqı 1.246,5 manat təşkil edir. Şəxsin elektron məlumatlarının çıxarışından görünür ki, Cavabdeh “X5” MMC-nin "xxxx" X1 aparıcı mütəxəssis vəzifəsində işləyir və onun aylıq əmək haqqı 2.228,93 manat təşkil edir. Şəxsin elektron məlumatlarının çıxarışından görünür ki, İddiaçı “Psixi Sağlamlıq Mərkəzi” X7 psixoloq vəzifəsində işləyir və onun aylıq əmək haqqı 636 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.11-1-ci bəndinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Belə ki, məhkəmə uşağın üstün mənafeyini əsas götürməklə alimentin tutulması qaydasını təhlil edərək qeyd edir ki, cavabdeh işləməklə hər ay sabit əmək haqqı alır. Bu vəziyyət, ondan Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləğində aliment tutulması halını aradan qaldırır. Ona görə də cavabdehdən Ailə Məcəlləsinin 76cı maddəsinin şərtlərinə uyğun aliment tutulmalıdır. Belə ki, həmin Məcəllənin 76.1.2.-ci maddəsinə əsasən 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2754/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsi çıxarılarkən cavabdehin daimi iş yeri olmamış, daha sonra isə cavabdeh əmək fəaliyyətinə başlayaraq müntəzəm gəlirə malik olmuşdur. Alimentin tutulmasına dair tərəflərin münasibətləri davam edən xarakter daşıdığından və bu münasibətlərdə cavabdehin gəlirlərinin artmasına işarə edən dəyişikliklər baş verdiyindən, cavabdehin işə düzəlməsi alimentin müəyyən olunmasından sonra sonuncunun maddi vəziyyətində müsbət dəyişiklik kimi qiymətləndirilməli və iddia tələbləri təmin edilməlidir. Bununla da, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2754/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin tutulması qaydası dəyişdirilməli, onun saxlanılması üçün xx.xx.2025-ci il tarixdən hesablanaraq hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xx.xx.2017-ci il təvəllüdlü X8 üçün tutulan alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qeyd edir ki, iddianın mahiyyəti alimentin artırılmasına yönəldiyindən, alimentin dərhal icrası barədə göstərişlər bu iddiaya şamil edilmir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Cavabdeh artırlmış alimentin illik göstəricisinə uyğun olaraq 62,87 (altmış iki manat səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2754/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin tutulması qaydası dəyişdirilsin. xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən hesablanaraq hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. 62,87 (altmış iki manat səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar