Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5032/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Cavabdehin 2 övladı var – X6 və X7.
2. Tərəflər arasında xx.xx.2014-cü il tarixdə “Təhsil xidmətlərinin göstərilməsinə dair” 149 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehin övladı X1 azərbaycan, rus və ingilis dillərində yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə bir tədris ili üçün xidmət haqqı 5500 manat (ilkin ödəniş 1500 manat olmaqla, qalan məbləğ cədvəl üzrə müəyyən edilmiş qaydada ödənilməklə) müəyyən edilmişdir.
3. Həmçinin, tərəflər arasında xx.xx.2014-cü ilı tarixdə “Təhsil xidmətlərinin göstərilməsinə dair” 150 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehin övladı X2 azərbaycan, rus və ingilis dillərində yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə bir tədris ili üçün xidmət haqqı 5500 manat müəyyən edilmişdir.
4. İddiaçının təsisçilərinin Ümumi Yığıncağının (sədr – (təsisçi) X8, iştirakçılar – X3 (təsisçi) və X4 (qanuni təmçilçi)) xx.xx.2015-ci il tarixli, 01/2015 saylı qərarı ilə təhsil alan şagirdlər üçün 2015-2016-cı tədris ilindən, yeni müraciət edən şagirdlər üçün isə 2015-ci il 28 fevral tarixindən təhsil haqqının 500 manat artırılması, eyni zamanda iddiaçının xx.xx.2015-ci il tarixli, 01/53 saylı əmri ilə təhsil alan şagirdlər üçün 2015-2016-cı tədris ilindən, yeni müraciət edən şagirdlər üçün isə 2015-ci il 28 fevral tarixindən təhsil haqqının 500 manat artırılması qərara alınmışdır.
5. İddiaçı tərəfindən tədris 2020-ci ilin mart ayının əvvəllərinədək əyani, həmin vaxtdan sonra isə, COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq edilən qadağalara görə distant formada keçirilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
6. İddiaçı aralarında bağlanmış müqavilə üzrə 2019-2020-ci təhsil ili üzrə 4400 manat məblğində əsas borcun, ona uyğun hesablanmış 14000 manat dəbbə pulunun və 147 manat dövlət rüsumu olmaqla, ümumilikdə 18947 manat pulun cavabdehdən tutularaq onq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, tərəflər arasında X6 və X5 “Təhsil xidmətlərinin göstərilməsinə dair” 13 sentyabr 2014-cü il tarixli müqavilələr bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı şagirdlərə müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.1-cimaddəsinə əsasən 1 (bir) tədris ili üçün təhsil haqqı 5.500 manat təşkil edir. Lisey tərəfindən öhdəliklər tam yerinə yetirilsə də, Valideyn tərəfindən Liseyə yaranmış borc ödənməmişdir. Valideyn müqavilə bağlandıqdan sonra ilk təhsil ili üzrə ödənişi 5.500 manat olaraq həyata keçirmişdir. Sonradan 2015-ci ildə baş tutmuş və Mərkəzi Bank tərəfindən açıqlanmış iki kəskin devalvasiyadan sonra təhsil haqqı əldə olunmuş şifahi razılıqla 6.000 manat olaraq müəyyən edilmiş və valideyn tərəfindən hər iki şagird üçün təhsil haqqı 2015-16, 2016-17, 2017-18 və 2018-19-cu illər üzrə 6000 manat olaraq ödənilmişdir. Təhsil haqındakı bu artım müvafiq əmrlə də rəsmiləşdirilmişdir. Lakin cavabdeh 2019-2020-ci təhsil ili üzrə öhdəliklərini tam yerinə yetirməmiş, hər şagird üçün 2200 manat məbləğində vəsaiti ödəməmişdir. Beləliklə Valideynin təhsil xidmətlərinə görə əsas təhsil haqqı borcu 4.400 manat təşkiledir. Müqavilənin7.2-ci maddəsinə əsasən, Valideyn borcun ödənişinə görə hər gecikdirilmiş gün üçün 0.5 faiz dəbbə pulu ödəyir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdeh yazılı etirazında qeyd etmişdir ki, iddiaçı ilə uşaqların təhsilinə dair 2014-üncü il tarixində iki müqavilə imzalamış və müqavilənin şərtlərinə görə ödəmələr vaxtlı vaxtında ödənilmişdir. İddiaçının tələbindən və ərizədə göstərilən maliyyə hesablamalarından da görsənir ki, pandemiya dövrü hesab edilən 2019-2020-ci illərədək ödəmələr aparılmış və borc yaranmamışdır. Pandemiya dövründə, bütün ölkə üzrə bəzi iş yerləri istisna olmaqla, bütün müəssisə və idarələr, iş yerləri fəaliyyətlərini , Azərbaycan Respublikası Nazirlər kabinetinin qəbul etdiyi qərara əsasən karantinə dayandırılmışdır, o cümlədən də iddiaçı tərəfin təhsil müəssisəsi də həmçinin. Övladlarının yaşadığı yerə yaxın başqa bir təhsil müəssisəsinə köçürməyi qərara almış və müqaviləni birtərəfli qaydada, iddiaçını məlumatlandıraraq pozmuşdur. İddiaçıya borcu yaranmışdırsa, o zaman pul tələbi ilə əlaqədar olaraq ona bildiriş-xəbərdarlıq göndərməli və ya bildiriş göndərmədən məhkəməyə iddia tələbi ilə müraciət edə bilərdi. Həmçinin, iddiaçı tərəfindən iddia müddəti ötürülüb.
Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
10. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 372.1 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
13. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
14. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
15. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
16. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
17. Maddə 378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
20. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
24. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iddianın, etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
25. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
26. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə “Təhsil xidmətlərinin göstərilməsinə dair” 149 və 150 nömrəli müqavilələr bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehin övladlarına azərbaycan, rus və ingilis dillərində yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə bir tədris ili üçün xidmət haqqı 5500 manat (ilkin ödəniş 1500 manat olmaqla, qalan məbləğ cədvəl üzrə müəyyən edilmiş qaydada ödənilməklə) müəyyən edilmişdir. Sonradan təhsil haqqının məbləği 500 manat artırılaraq 6000 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilələr əsasında ödənilməli olan təhsil haqqı borcunun cavabdehdən tutulmasını tələb edir.
27. Lakin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında, onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə nəticələncəkdir.
28. Yuxarıda qeyd edilən müddəalarda iddia müddətinin anlayışı, habelə iddia müddətinin axımının başlanması anı dəqiq göstərilmişdir. Qanunun tələbinə görə müqavilə tələbləri üzrə iddia müddətinin üç il olması, habelə iddia müddətinin axımının isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanması müəyyən edilmişdir.
29. İşin mübahisəsiz halıdır ki, iddiaçı cavabdeh tərəfindən 2019-2020-ci təhsil ili üzrə öhdəliyini icra etmədiyini bildirərək, həmin təhsil ili üzrə yaranmış təhsil haqqı borcunun ödənilməsini tələb edir.
30. İddia müddətinin axımının başlanması vaxtına münasibətdə isə məhkəmə hesab edir ki, bu müddətin axımı təhsil ilinin son günü olan 2020-ci ilin 31 may tarixindən başlanmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 2.1-ci bəndində bir təhsil ilinin 9 aydan ibarət olduğu və təhsil ilinin sentyabr ayının ilk günündən, may ayının son gününədək olan dövrü əhatə etdiyi qeyd edilmişdir. İddiaçının təhsil haqqı borcunun ödənilməsini tələb etdiyi 2019-2020-ci təhsil ilinin son günü xx.xx.2020-ci il tarixi olmuşdur. İddiaçı hüququnun pozulduğunu da müvafiq olaraq elə həmin vaxtdan bilmişdir. Bu halda iddiaçı, müvafiq olaraq xx.xx.2023-cü ilədək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
32. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia müddətini ötürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən iddia təmin edilə bilməz.
33. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddia müddətinin hazırkı mübahisəyə tətbiq edilməsi üçün də hüquqi əsas mövcuddur. Belə ki, qanunvericilikdə iddia müddətinin tətbiqinin, bu barədə yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında mümkün olduğu göstərilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada göndərdiyi etirazında iddia müddətinin tətbiq edilmələ iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı