Məhkəmə qərarları › İş №e-2(011)-5166/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5166/2024

28.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5166/2024 28.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nə qarşı – cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən iddiaçının xeyrinə 100.000.000 (yüz milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, qadın olaraq iddiaçıya dəyən zərərin nə qədər ağır olmasını, aldığı bu xəsarətlərdən nə dərəcədə əziyyət çəkdiyini, mənəvi olaraq nələr yaşadığını, hansı duyğular keçirdiyini kəlimələrlə ifadə edə bilmir. İddiaçı bildirir ki, üzünün və bədəninin yanmış nahiyələrinin görüntüsü onun çəkdiyi iztirabları yenidən canlandırır. İddiaçı ömür boyu yeni tanış olduğu insanlara həmin cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətlərini yenidən anlatmaq məcburiyyətində qalır və buna da davam etməli olacaq. Əlində və üzündəki yanıq izləri hələ də getməyib və getməyəcəkdir. Bu izlər silinməzdir. Bu hadisəni hər dəfə anlatmağa çalışanda baş verən partlayış anı və ondan sonrakı dəhşətlər gözünün önündə canlanır. Belə ki, iddiaçı Şəmkir rayonu, Zəyəm qəsəbəsi M.Vidadi küçəsində yerləşən evdə atası Məlik Musayev, qardaşları Elvin və Elçin, gəlini Nuranə və qardaşı uşaqları Aysu və Elmirlə birlikdə yaşayır. 01 mart 2013-cü ildə səhər tezdən təxminən saat 8-də mətbəxdə anası qaz sobasını yandırdı, yataq otağına qayıtdıqdan sonra aradan heç 5 dəqiqə keçməmiş güclü bir partlayış baş verdi. Evin pəncərələri və giriş qapısı partlayışın təsirindən yerindən çıxaraq çölə düşdü. Həmin vaxtı sanki qiyamət baş verdi. Hələ də nə baş verməsini bilmirdi. Həmin vaxtı hamı öz dərdinin hayına qalmışdı. Atası həyətdə olduğundan yeganə xəsarət almayan şəxs o idi. Atasının və qonşuların köməkliyi ilə onları xəstəxanaya çatdırdılar. İddiaçı qeyd edir ki, hadisə onun sifət və bədənində izlər buraxıb, yanmış dərinin yeri hava dəyişərkən ona ağrılar verir. Bədənindəki izlər və güzgüdə özünü görərkən sifətindəki yanıqlar ona keçirdiyi mənəvi sarsıntını daha da dərinləşdirərək mənəvi iztirablar verir. İddiaçı bildirir ki, evdə baş verən partlayış həyatlarını alt-üst etdi, onun və yaxınlarının, əzizlərinin yaralanmağına səbəb oldu. İddiaçı qeyd edir ki, o anın ağrıları hələ də iddiaçıya sözlə ifadə edə bilməyəcəyim dərəcədə çox təsir edir, davam edən əzab,əziyyət verir, sevdiklərini alov içində köməksiz və aciz vəziyyətdə görmək, anasının, qardaşının, övladlarının yanmış bədənləri, hər birinin ağrıdan qışqırmasını eşitmək bütün bu faciəvi mənzərə ürəyini parçalamışdır, ailəsinin hər birinin gözlərindəki ağrı və qorxu iddiaçının dərindən sarsıtmışdır. Qonşuların və atasının köməyi olmasaydı, bəlkə də heç biri bu dəhşətli yanğından sağ çıxa bilməzdilər. Ailənin və iddiaçının çəkdiyi fiziki və mənəvi ağrılar iddiaçı üçün travma oldu. Evinin içində alovların qalxdığı anı düşünəndə sevdiklərinin və iddiaçının çarəsizlik içindəki vəziyyəti gözünün qabağına gəlir və sanki o anı hər gün yenidən yaşayır, o əzabları yenidən hiss edir. İddiaçı bildirir ki, məhkəmənin hökmü ilə məhkum edilən vəzifəli şəxs olan X2 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi, sağlamlığına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə səbəb olmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan məlumatlardan görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində anadan olmuş, evlidir, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(076)- 70/2013 saylı hökmündən görünür ki, X4 Azərbaycan Respublikasının CM-nin 225.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Hökmdən həmçinin görünür ki, baş vermiş hadisə ilə əlaqədar, X7 Sahəsinin Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza dispetçer xidmətin xətt baxısıcı V.A.Namazov sonuncu dəfə 28 fevral 2013-cü il tarixdə Zəyəm qəsəbəsində M.Vidadi küçəsində abonent M.B.Musayevin evinin yaxınlığında olan qaz xətlərinə dəqiq texniki baxışı keçirməklə, qaz ölçü cihaz tətbiq etməklə avtomobil yolunun yeraltı çəkilmiş diametri 40 mm olan qaz xəttinin borularında olan qaz sızmasını aşkar etmədiyinə görə, onun tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9, “Qazdan istifadə qaydaları”nın 3.1.3 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.5, 3.3.7, 3.3.19, 3.3.20 bəndlərinin tələbləri pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən verilən xx.xx.2013-cü il tarixli, 164 nömrəli ekspert rəyinin surətindən görünür ki, X1 bədənin səthində aşkar edilmiş xəsarətlər –alın və üz nahiyyəsinin, hər iki əlin arxa səthinin və sağ ayaq səthinin ayaqarxası səthinin İ-İİ dərəcəli termiki yanıqları yüksək hərarətin alovun təsirindən törəmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər, törənmə müddəti xx.xx.2013-cü il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan fotoşəkillərdən İddiaçı yanıq xəsarətləri alması müəyyən olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10-cu maddəsinə əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı vəiztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Nyu-York Apellyasiya Məhkəməsi “McDougald v. Garber” işi üzrə 1989-cu il tarixli qərarında göstərmişdir ki, “Maddi zərər pulla kompensasiya edilə bilər; lakin mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərlərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsi barədə hüquqi fiksiyaya söykənir … Biz, pulun ağrını azaldacağını və ya zərər çəkənin qabiliyyətini bərpa edəcəyini düşünməsək də, bu fiksiyanı qəbul edirik. Biz, itirilmişi qiymətləndirməyi ümid etmirik, lakin mövcud şəraitdə pul kompensasiyası təsəlli vasitəsi kimi çıxış edə bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsinə əsasən mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının yanıq xəsarətləri almasında cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Məhkəmə hazırkı məsələ ilə bağlı xüsusi olaraq qeyd edir ki, cavabdehin təqsiri üzündən baş vermiş həmin hadisədən sonra iddiaçının səhhətində problemlər yaranmışdır. Bu da onda fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi yarada biləcək faktorlardan biridir. Baş vermiş hadisədən xeyli müddət ötmüş olsa belə, iddiaçının üzündə və bədəninin digər hissələrində olan yaralar daim ona baş vermiş hadisəni xatırlatmaqla yanaşı digər şəxslərlə ünsiyyət zamanı onda narahatlıq hissi yaradan amildir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. Belə ki, iddiaçının bədənin müxtəlif nahiyyələrinin yanması nəticəsində, o psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmişdir. Buna görə də, iddiaçı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ var. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Mənəvi təzminatın məbləğinə təsir edən ünsürlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq ədəbiyyatları tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qaneedici olmaz. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır (Məhkəmənin cavabdeh dövlətdə qurbanları iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq ayırd etdiyi mübahisə olunur (Basarba OOD Bolqariyaya qarşı 20 yanvar 2011-ci il tarixli qərar). Məsələn, məhkəmə “əsas mükafatın” əlaqədar ölkədəki yaşayış səviyyəsinə görə azaldıla biləcəyinə qərar verib (Apicella İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli qərar. “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməyi mənasızdır. Çünki pulun dəyəri fərqli və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”). Təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərərin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törədən şəxs həmin əməlin ictimai-təhlükəli nəticələrini ya görmür, və yaxud arzu etmir, amma qəsdən cinayət törədən şəxslər əksinə, ictimaitəhlükəli nəticəni görür, arzu edir (daha təhlükəli əməl). Beləliklə məhkəmə hesab edir ki, ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edildiyindən iddia tələbi qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10 000 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsi 10 000 manat olduğundan cavabdehdən 120 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərə görə 10 000 (on min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar