Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5200/2024 26.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 100.000 (bir yüz min) manat məbləğində mənəvi zərərin, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının və ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumunun tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşlarının cinayət əməlləri nəticəsində qızı - X8 itirmişdir. Ailəsinin yaşadığı bu faciəli hadisə həyatlarında həmişəlik dərin yaralar buraxmışdır. Belə ki, qızı hadisədən üç ay öncə yenicə ailə həyatına qədəm qoymuşdu. Gəlin köçdükdən sonra həyat yoldaşı və onun ailəsi ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Xəqani küçəsi, 6 saylı evdə yaşayırdı. 2009-cu il onların üçün dəhşətli başladı. Bu hadisə ilə bir ailənin 4 üzvü, 4 insan, qızı ilə yanaşı onun həyat yoldaşı X18, qayınanası X10, baldızı X11 da qurban getdi. Yanvar ayının 3-də qızının qayınatası işdən qayıdıb, evə daxil olarkən dəm qazı qoxusunu hiss edib və evdəkilərin huşsuz vəziyyətdə olduğunu görüb. 4 ölüm - qızı, həyat yoldaşı, qudası və qızı dəm qazının təsirindən zəhərlənərək həyatlarını itirdilər. Qızının cansız bədəni də daxil olmaqla 4 cəsəd. Xəbəri eşidən kimi dərhal onlara getdi. Bunu yazanda belə bədəni titrəyir, yeni ildə qarşılaşdığı və həyatına qaranlıq kimi çökən görüntü. 4 meyit, 4 ailə üzvü. Nələr yaşadığını ifadə etməyə sözlər yetmir. Ona elə gəlir ki, vicdanı, qəlbində mərhəmət olan hər kəs bir ana üçün həm balasını, həm qohumlarını itirməyin necə ağır olduğunu anlayır. Keçirdiyi ruhi sarsıntılar, əzablar, iztirablar həyatının ayrılmaz hissəsi oldu. Onun yaşama sevinci azalıbdır. Hər gün onların yoxluğunun sarsıntısını, iztirabını keçirir. Həyatının ən qaranlıq anlarına aparan faciəni yaşamaqdan daha pis bir şey yoxdur. Yaxınlarını itirmək insanı sarsıdan acizlik, çarəsizlik hissi yaradır. Qızı evliliyindən az sonra, ömrünün 24-cü baharı tamam olmamış həyatını itirib. Onun gələcəyə doğru arzuları, ümidləri, birlikdə sevinc-kədərlərini bölüşəcəyi günlər var idi. Evlərindən hələ uşaq səsi gəlməmiş bütöv bir ailə bu əməllərin qurbanı oldu. Onların həyatı bir anda söndü, bu onun üçün təkcə övlad və qohum itkisi deyil, həm də gələcəyə olan arzularının, ümidlərinin, sevginin itməsidir. Yaşadığı iztirabların ölçüsünü heç kəs təsəvvür edə bilməz. Övlad olaraq itirdiyi tək qızı Razilə deyil. 2020-ci ildə oğul övladını da itirdi. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Binəqədi rayonu Qaz İstismarı İdarəsinin 9 saylı sahəsinin rəisi X16 və 9 saylı sahənin nəzarətçi çilingəri X1 üzündən qaz sobalarından dəm qazı sızması nəticəsində 03 yanvar 2009-cu il tarixdə qızı da daxil olmaqla 4 ailə üzvü həyatlarını itirmişdir. Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2009-cu il tarixli hökmü ilə X16 və X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, hər biri 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildilər. Hökmdə əksini tapmış məhkəmə-tibb ekspertizasının 3 saylı, 12 yanvar 2009-cu il tarixli rəyindən də görünür ki, X7 bədəni üzərində heç bir xəsarət izi aşkar edilməmişdir. Ölümünə səbəb dəm qazı ilə zəhərlənmə olmuşdur. Mərhumun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı zamanı 47% karboksihemoglobin aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4. maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2009-cu il tarixli 1(001)-196/09 saylı qanuni qüvvə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin məsuliyyəti təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Bu səbəbdən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq ona ödənilməsi iztirablarının yumşaldılmasına bəlkə səbəb olar. Bunları nəzərə alaraq iddiaçı hesab edir ki, məhkəmə keçirdiyi iztirablarının ömür boyu davam edəcəyini nəzərə alaraq mənəvi zərərin miqdarını tam şəkildə təmin etməlidir ki, hüquqlarının bərpası baxımından ədalətli olsun. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş X13 valideynləri qrafasında atası X14, anası İddiaçı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ölüm haqqına şəhadətnamədən görünür ki, X13 xx.xx.2009-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cü ildə 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli 1(001)-196/09 saylı hökmü ilə X16 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və X12 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşayan X15 təxminən 2006-cı ildə və 2003-cü ilin əvvəllərində müxtəlif ticarət müəssisələrindən əldə etdiyi iki ədəd qızdırıcı qaz sobasını Binəqədi rayon Qaz İstismar İdarəsinin razılığı olmadan özbaşına yaşadığı evin dəhlizində və yataq otağında “Qaz təsərrüfatında təhlükəslizlik qaydaları”na və “Yaşayış evlərində vəictimai binalarda daxili qaz avadanlıqlarına texniki baxış və xidmətin aparılması üzrə təlimat”ın tələblərinə zidd olaraq quraşdırmış və istismar etmiş, Binəqədi rayon Qaz İstismar idarəsinin 9 saylı sahəsinin rəisi X16 və 9 sahənin nəzarətçi çilingəri X12 isə İdayət Balayev tərəfindən yaşayış evində qaz sobalarının özbaşına və təhlükəsizlik texnikası qaydalarına zidd olaraq quraşdırıldığını 2008-ci ilin oktyabr-noyabr aylarında müəyyən etmələrinə baxmayaraq, həmin qaz cihazlarının sökülməsini təmin etməmiş və qaz sobalarından istifadə olunmasının qarşısını almaq üçün vəzifə təlimatlarına uyğun olaraq müvafiq tədbirlər görməmişlər. 03 yanvar 2009-cu il tarixdə sobalarından sızmış dəm qazından zəhərlənmələri nəticəsində həmin ünvanda yaşamış X10, X11, X18 və X20 zəhərlənərək ölmüşlər. Bununla da, Binəqədi rayon Qll-nin 9 saylı sahəsinin nəzarətçiçilingəri X19 və Binəqədi rayon QÜ-nin 9 saylı sahəsinin sabiq rəisi X27 o Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əmə törətmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəlləsinin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 82.4-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə cavabdehin işçilərinin iddiaçının ailə üzvlərinin ölümündə təqsirli olub-olmamaqları, habelə cavabdehin öz işçisilərinin hərəkətinə görə məsuliyyət daşıyıb-daşımaması araşdırılaraq hüquqi qiymət verilməlidir. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdeh təşkilatın Binəqədi Rayon Qaz İdarəsinin 9 saylı sahəsinin rəisi X9 və 9 saylı sahəsinin nəzərətçi-çilingəri X6 əməllərinin qanuna zidd olması, cinayətin baş verməsində onların təqsirli olması, habelə onların əməlləri nəticəsində iddiaçının övladının ölməsi iş materialları ilə öz təsdiqini tapır. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının övladının ölməsində cavabdeh təşkilatın işçilərinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilir. Cinayət qanunu ilə qadağan edilmiş əməllərlə yanaşı mülki hüquq pozuntusu törətmiş X9 və X4 hərəkətlərinə görə cavabdeh təşkilatın məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar isə Mülki Məcəllənin qeyd edilən 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəaya əsasən hüquqi və ya fiziki şəxsin öz işçsinin törətdiyi deliktə görə məsuliyyət daşıması üçün əsasən iki şərt tələb olunur: birinci, delikt törətmiş şəxs hüquqi və ya fiziki şəxsin işçisi olmalıdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinin mənası baxımından işçinin dairəsi Mülki Məcəllənin 1099.2-ci maddəsində (işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun) göstərilmişdir. İkincisi, delikt işçinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı törədilməlidir. X9 və X6 cavabdeh təşkilatın işçiləri olması işin mübahisəsiz halıdır. X2 və X6 əmək vəzifələrinin icrası zamanı törətməsi qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçilərinin təqsirindən iddiaçının ailə üzvü ölmüşdür. Şübhəsiz ki, ailə üzvünün itirilməsi iddiaçıda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin işçilərinin təqsirli hərəkətləri ilə iddiaçının ailə üzvünün ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının övladının ölməsini, habelə cavabdehin də maddi imkanlarını da nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 20.000 manat pulun tutulmasını mütənasib hesab edir. Məhkəmə iddia ərizəsinin hüquqi yardım üçün tələb edilən məbləğinə də qiymət verərək, hesab edir ki, hüquqi yardıma görə çəkilmiş xərcin məbləği ağlabatan şəkildə müəyyənləşdirilərək 150 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəməklə əlavə xərc çəkdiyindən və tələb qismən təmin edildiyindən, iddia tələbi ödənilmiş dövlət rüsumunun 150 manat hissəsinin cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X3 vəfatı ilə əlaqədar İddiaçı dəymiş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat pul məbləği, 150 manat hüquqi yardıma görə çəkilmiş xərc və 150 manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-5200/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5200/2024
26.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver