Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5201/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdehnə qarşı Cavabdehndən mənəvi zərərə görə 30.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının doğma bacısı X4 cavabdehin işçisinin təqsiri üzündən faciəvi şəkildə dünyasını dəyişmişdir. Bacısı Nəsimi rayonu, S.Rüstəmov küçəsi, ev 35B, mənzil 115-də yaşayırdı. Zemfira ondan böyük olduğundan, valideynlərinin ölümündən sonra ona valideyn kimi böyüklük edirdi. Valideynləri olmadığından, həmçinin ailə həyatı qurmadığı üçün Zemfira ilə bir-birlərinə çox bağlı idilər. Bacısının həm onunla, həm də digər ailə üzvləri ilə çox mehriban münasibəti var idi, birbirlərinə can deyib, can eşidirdirlər. Onun özü üçün gözəl bir ailə qurmasını, səadətli yaşamasını çox istəyirdi. Ancaq bu ona qismət olmadı. Bacısının, ailəsinin xoş anlarını daha çox görmək istəyirdi, lakin cavabdehin işçilərinin məsuliyyətsizliyi nəticəsində bacısı faciəvi surətdə vəfat etdi. Belə ki, Zemfira uzun müddət mühəndis kimi fəaliyyət göstərmiş, 2000-ci ilin əvvəlindən təqaüdə çıxmış və daha heç bir yerdə işləməmişdir. Bacısının ailəsi olmadığından onlar tez-tez ünsiyyətdə olurdular. O, bacısına iki-üç gündən bir baş çəkirdi, gedə bilməyəndə telefonla zəng edib hal-əhval tuturdu. Son dəfə 31 dekabr 2009-cu il tarixdə telefonla zəng edib, yeni il münasibətilə bacısını təbrik etmişdi. Bundan sonra Zemfira ilə danışmasa da razılaşmışdılar ki, ayın 5-də görüşsünlər. Yanına getmək üçün yanvar ayının 5-də bacısına zəng etsə də, zənglərinə cavab vermədi. Əvvəlcə bacısının yatıb istirahət etdiyini düşünmüşdür. Lakin axşamadək əlaqə saxlaya bilmədiyindən narahat olub qardaşı qızından bacısının mənzilinin ehtiyat açarını götürüb, saat 23 radələrində kürəkəni Fərhadla birlikdə onun mənzilinə gediblər. Mənzilin qapısını açarla açmaq istəsələrdə məlum olub ki, qapı içəridən bağlıdır. Bundan sonra müraciətləri əsasında FHN-nin əməkdaşları gələrək binanın damından binanın 4-cü mərtəbəsində yerləşən bacısının yaşadığı mənzilin eyvanına düşüb, mənzilə daxil olub qapını içəridən açdılar. Mənzilə daxil olduqda otaqlarda heç kəsin olmadığını görüb, hamama daxil olmaq istədikdə qapısının içəridən bağlı olduğu məlum oldu. Bundan sonra FHN-nin əməkdaşları həmin qapını da açdılar və içəriyə daxil olduqda bacısının hamam otağının vannasında bükülmüş halda uzandığını görüblər. Bacısının əlində duş dəstəyi olsa da su gəlmirdi. Hamam otağında su qızdırıcısının üzərində olan qaz xəttinin üstündə olan kran azacıq açıq, digər əyləclər isə tam açıq vəziyyətdə idi. Bacısının öldüyü məlum oldu. Həmin vaxt bacısının ölümü ilə əlaqədar obyektiv araşdırma aparıldı. Araşdırmadan sonra məlum oldu ki, təqsirləndirilən şəxs X8 «X3 Bakı şəhəri qaz istismar idarəsinin xx.xx.2009-cu il tarixli 3415 saylı əmri ilə Nəsimi rayon qaz istismar sahəsinin 1 saylı Qaz istismar xidmətində 10-cu dərəcəli usta vəzifəsində işləyərkən, vəzifəli şəxs olmaqla işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 1.19 bəndinin, "Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə Təlimatın 1.8, 2.3 bəndlərinin, "Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsinə tabe olan rayon Qaz İstismar İdarəsinin Qaz İstismar sahəsi ustasının vəzifə təlimatı"nın tələblərini pozaraq, Bakı şəhəri, Nəsimi rayonu S.Rüstəmov küçəsi ev 35 «B», mənzil 115-də hamam otağında quraşdırılmış su qızdırıcısının tüstü borusunun divardakı ventilyasiya kanalına birləşdirilməsi, hamam otağının tüstü bacasının atmosfer çöküntüdən qorunması, hamam otağında ventilyasiya kanalı və havanın daxil olması üçün qapıda dəliklərin, yaxud qapı ilə döşəmə arasında sahəsi 0,02 m-dən az olmayan aralığın olması, hamam otağının qapısının çöl tərəfə açılması üçün lazımi tədbirləri görməyə səhlənkarlıq etmiş, nəticədə ehtiyatsızlıqdan 06 yanvar 2010-cu il tarixdə gecə saat 03 radələrində bacısı X4 Bakı şəhəri, Nəsimi rayonu S.Rüstəmov küçəsi ev 35 «B», mənzil 115-də hamam otağında çimərkən su qızdırıcıdan dəm qazının sızması nəticəsində kəskin inhalyasion yolu ilə zəhərlənərək ölmüşdür. Həmçinin təqsirləndirilən şəxs X5 Cavabdeh Bakı şəhəri qaz istismar idarəsinin xx.xx.2009-cu il tarixli 1805 saylı əmri ilə Nəsimi rayon qaz istismar sahəsinin 1 saylı Qaz istismar xidmətində 12-ci dərəcəli rəis vəzifəsində işləyərkən, vəzifəli şəxs olmaqla işə laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 1.19 bəndinin, "Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə Təlimat"ın 1.8 bəndinin, "Nəsimi rayonu Qaz İstismar İdarəsinin Qaz İstismar sahəsi rəisinin vəzifə təlimatı"nın tələblərini pozaraq, sahə ərazisində təbii qaz istehlakçılarına təhlükəsiz və fasiləsiz xidmət göstərilməsini, təbii qazla əlaqədar baş verə biləcək qəzaların, bədbəxt hadisələrin, yanğınların, partlayışların baş verməməsi üçün qabaqcadan yerinə yetirilən tədbirlərin görülməsini, istismarda olan qaz kəmərlərinin, cihazların və qurğuların texniki vəziyyətinə nəzarəti təmin etmədiyinə görə və Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi ev 35 «B», mənzil 115-də hamam otağında quraşdırılmış su qızdırıcısının tüstü borusunun divardakı ventilyasiya kanalına birləşdirilməsi, hamam otağının tüstü bacasının atmosfer çöküntüdən qorunması, hamam otağında ventilyasiya kanalı və havanın daxil olması üçün qapıda dəliklərin, yaxud qapı ilə döşəmə arasında sahəsi 0,02 m-dən az olmayan aralığın olması, hamam otağının qapısının çöl tərəfə açılması üçün lazımi tədbirləri görməyərək səhlənkarlıq etmiş, nəticədə ehtiyatsızlıqdan 06 yanvar 2010-cu il tarixdə gecə saat 03 radələrində bacısı X4 Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi ev 35 «B», mənzil 115-də hamam otağında çimərkən su qızdırıcıdan dəm qazının sızması nəticəsində kəskin inhalyasion yolu ilə zəhərlənərək ölmüşdür. Cavabdeh əməkdaşları X5 və X1 etmiş, yəni vəzifəli şəxslər olaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla işə laqeyid münasibətləri nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmişdirlər. Nəsimi Rayon Məhkəməsinin 1(006)-246/2010 saylı, 11 iyun 2010-cu il tarixli hökmünə əsasən X8 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, hər birinə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin hökmü xx.xx.2010-cu il tarixdə qanuni qüvvəsini alaraq icra edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4. maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Nəsimi Rayon Məhkəməsinin 1(006)-246/2010 nömrəli, 11 iyun 2010-cu il tarixli qanuni qüvvə minmiş hökmü ilə işçisinin təqsiri üzündən baş vermiş hadisədə cavabdehin məsuliyyəti təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən də görünür ki, hadisə Cavabdeh Bakı şəhəri Qaz İstismarı İdarəsinin əməkdaşlarının təqsiri üzündən baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqa zidd cinayət xarakterli hərəkətləri nəticəsində baş verən hadisə nəticəsində mənə mənəvi ziyan dəymişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 1(006)-246/2010 nömrəli, 11 iyun 2010-cu il tarixli hökmünə əsasən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunaraq 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin həmin hökmlə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunaraq 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin Hökmün surətindən həmçinin görünür ki, təqsirləndirilən şəxs X2 İstehsalat Birliyinin Bakı şəhəri qaz istismar idarəsinin xx.xx.2009-cu il tarixli 3415 saylı əmri ilə Nəsimi rayon qaz istismar sahəsinin 1 saylı Qaz istismar xidmətində 10-cu dərəcəli usta vəzifəsində, X5 Cavabdeh Bakı şəhəri qaz istismar idarəsinin xx.xx.2009-cu il tarixli 1805 saylı əmri ilə Nəsimi rayon qaz istismar sahəsinin 1 saylı Qaz istismar xidmətində 12-ci dərəcəli rəis vəzifəsində işləyərkən hamam otağında quraşdırılmış su qızdırıcısının tüstü borusunun divardakı ventilyasiya kanalına birləşdirilməsi, hamam otağının tüstü bacasının atmosfer çöküntüdən qorunması, hamam otağında ventilyasiya kanalı və havanın daxil olması üçün qapıda dəliklərin, yaxud qapı ilə döşəmə arasında sahəsi 0,02 m-dən az olmayan aralığın olması, hamam otağının qapısının çöl tərəfə açılması üçün lazımi tədbirləri görməyə səhlənkarlıq etmiş, nəticədə ehtiyatsızlıqdan 06 yanvar 2010-cu il tarixdə gecə saat 03 radələrində X4 Bakı şəhəri, Nəsimi rayonu S.Rüstəmov küçəsi ev 35 «B», mənzil 115-də hamam otağında çimərkən su qızdırıcıdan dəm qazının sızması nəticəsində kəskin inhalyasion yolu ilə zəhərlənərək ölmüşdür. Nəsimi Rayon Məhkəməsinin 1(006)-246/2010 nömrəli, 11 iyun 2010-cu il tarixli hökmü qanuni qüvvəsini almışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarı
1. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Göründüyü kimi, Cavabdeh əməkdaşlarının səhlənkarlığı, yəni işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının oğlu və baldızının iki övladının ölümü ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşlarının Cavabdeh fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin işçilərinin təqsiri üzündən yaxınının ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 30.000 manat məbləğində deyil, iddiaçı ilə mərhumun qohumluq dərəcəsi, onların uzun müddət ayrı yaşaması, hadisədən on dörd il müddətin keçməsi, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi hallar nəzərə alınaraq 10.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə, təmin edilmiş iddia tələbinin həcminə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 120 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (yüz iyirmi ) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Əminə Abbasova