Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5464/2025 12.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.000 (on min) manat məbləğində pulun tutulub mənə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13433, 67 (on üç min dörd yüz otuz üç manat altmış yeddi qəpik) pulun və vəkillə bağlanmış müqavilə üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mən, İddiaçı Cavabdeh ilə rəsmi nikahımız Xətai rayon Məhkəməsinin qətnaməsi ilə nikahımız ləğv olunmuşdur. Biz birgə nikah dövründə yaşayarkən cavabdeh repitetorluq fəaliyyəti ilə məşğil olmaq üçün kredit götürüb ona verməyimi xahiş etmişdir. Mən də onun istəyini yerə salmayaraq “AcsessBank”-dan 10000 (on min) AZN məbləğində kredit götürüb cavabdehə vermişəm. Aylıq ödənişləri hər ay heç bir gecikmə olmadan şəxsən mən ödəmişəm. Bu barədə cavabdehə ödənişi ödəmək barədə təklif göndərsəm də, razılıq verməmişdir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkili-nümayəndəsinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/16/2024-001123 saylı, xx.xx.2025-ci il tarixli “X1 (İMS) iştirak edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Mübahisənin predmeti birgə nikah dövründə bank borcunun bölünməsi tələbi olmuşdur. İddiaçı tərəfindən ilkin mediasiyanın keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarında olan Nikahın Pozulması haqqında AZ-İ seriyalı, 491243 nömrəli Şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikaha Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-373/2025 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş "xxxx" QSC-dən götürülmüş kredit borcu üzrə banka ödənilmiş 8.955,22 manat borcun yarısının, yəni 4.477,61 manat məbləğinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi, borcun qalan hissəsi olan 4.677,09 manat məbləğinin cavabdehlə iddiaçı arasında bərabər bölünərək, 2.338,545 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbləri təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3281/2025 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(011)-373/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" QSC Həzi Aslanov filialı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə məlumatlar aşağıdakı kimidir: Kreditin verilmə tarixi: xx.xx.2023, Kreditin məbləği: 10,000.00 AZN, Kredit üzrə xx.xx.2024-cü il tarixinədək ödənilən məbləğ: 7 090.22 AZN, Kredit üzrə xx.xx.2024-cü il tarixinə qalıq borc: 6 346.67 AZN. İş materiallarında olan M/V seriyalı, 128906 nömrəli Vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, "xxxx" QSC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən iddiaçıya 48 ay müddətinə 28% faiz dərəcəsi ilə 10000 manat kredit verilmiş, tərəflər arasında bağlanmış nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmiş, Kredit üzrə xx.xx.2024-cü il tarixinədək ödənilən məbləğ 7090.22 manat, Kredit üzrə xx.xx.2024-cü il tarixinə qalıq borc 6346.67 manat təşkil edir. Hazırda iddiaçı Cavabdeh 13433, 67 manat pulun və vəkillə bağlanmış müqavilə üçün ödənilmiş 325 manat pulun tutulub ona ödənilməsini tələb edir. Bununla belə, cavabdehin iddia tələbi ilə bağlı hər hansı öhdəliyinin mövcudluğuna dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Qeyd olunmalıdır ki, öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi MM-in müddəalarında müəyyən edilmişdir. Öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür. Öhdəliklərin ən geniş yayılmış forması isə müqavilə öhdəlikləridir. Qanun müəyyən edir ki, müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Lakin tərəflər arasında borc verilməsinə dair hər hansı müqavilə bağlanmamış, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qanun isə tələb edir ki, borclu yalnız üzərinə götürdüyü öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddiaçının tələb etdiyi borc məbləği ilə bağlı tərəflər arasında hər hansı bir əqdin (müqavilənin) olmadığı və cavabdehin iddia tələbini qəbul etmədiyi bir vəziyyətdə, iddiaçı, cavabdehin onun qarşısında öhdəliyinin olması, o cümlədən iddiaçının cavabdehə pul verməsi və onun cavabdeh tərəfindən qəbul edilməsi, pul vəsaitinin məbləği, bu vəsaitin məhz borc kimi verilməsi, müddəti, şərtləri və s. əhəmiyyətli hallara dair sübutetmə vəzifəsi daşıyır. Lakin iş materriallarından da göründüyü kimi, iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir. Məhkəmə, iddiaçının təqdim etdiyi “watsapp yazışmaları”na münasibətdə qeyd edir ki, əvvəla, yazışmalarda cavabdehin iddiaçıya hər hansı borcunun olması öz əksini tapmamışdır, iddiaçı yazıların məhz cavabdeh tərəfindən göndərilməsini sübuta yetirə bilməmiş, qeyd olunan yazışmaların aparıldığı ilkin mənbəni (telefonu) məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddia tələbinin “vəkillə bağlanmış müqavilə üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat pulun tutulub iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən və iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə də əsassızdır və ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “Cavabdeh 13433, 67 (on üç min dörd yüz otuz üç manat altmış yeddi qəpik) pulun və vəkillə bağlanmış müqavilə üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat pulun tutulub iddiaçıya ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi rədd edildiyindən, dövlət rüsumu Dövlət Büdcəsinə aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən, elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Həmin Məcəllənin 104.3-cü maddəsinə əsasən, alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Cavabdeh 13433,67 (on üç min dörd yüz otuz üç manat altmış yeddi qəpik) pulun və vəkillə bağlanmış müqavilə üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat pulun tutulub iddiaçıya ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5464/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5464/2025
12.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver