Məhkəmə qərarları › İş №e-2(011)-5647/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5647/2024

17.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5647/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə Kamil qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar və onların nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-182/2023 saylı, 17 fevral 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur.

2. Cavabdeh barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış, verilmiş ittihama görə o, xx.xx.2022-ci il tarixdə saat 00:30-da yaşadıqları ünvan 1 ünvanında aralarında yaranmış şəxsi münasibətlər zamanı baş vermiş mübahisə zəminində arvadı – iddiaçı ilə əvvəlcə sözlü mübahisə edib, sonradan onu əli ilə döyüb, eləcə də, qəsdən itələyib sonuncuya alının sol yarısının dərialtı hematoması, sol dirsək oynağının hematoması, şişkinliyi, hərəkət məhdudluğu və sağ bazunun sınığı ilə nəticələnən sağlamlığa qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül xəsarətlər yetirmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-81/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə cavabdehə AR CM-nin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti tam, iddiaçı tərəfindın verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1158/2023 saylı, xx.xx.2023-cü tarixli hökmü ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ləğv edilmiş, cavabdeh AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, 1000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sözügedən hökmündən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti AR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-177/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir.

4. Cavabdeh barəsində aparılmış cinayət işinin materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 xx.xx.2022-ci il tarixli, 756 nömrəli ekspert rəyinə əsasən iddiaçıda alının sol yarısında 6x5 sm ölçüdə solğun sarımtıl-qəhvəyi rəngdə sovrulmaqda Solan derialtı hematoma vardır. Sol dirsək oynağı şişkindir, sarımtıl-qəhvəyi rəngdə sirkulyar hematomalıdır, maye dalğası izlənilir, aktiv və passiv hərəkətlər bir qədər məhtuddur. Sağ bazunun aşağı 1/3 apa səthində 3x2 sm ölçüdə solğun çəhrayı rəngdə oval formalı piqmentsizleşmiş sahə (sıyrıq izi) vardır. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İddia ərizəsinin və ona etirazın dəlilləri:

5. İddia ərizəsinin dəlilləri:

6. İddiaçı mənəvi zərərin əvəzi olaraq 20000 manat pulun, 150 manat dövlət rüsumunun və 320 manat hüquqi xidmət xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 00:30-da birlikdə yaşadıqları ünvan 2 ünvanında aralarında yaranmış mübahisə cavabdeh onu əli ilə döyüb, eləcə də qəsdən itələyib alnının sol yarısının dərialtı hematoması, sol dirsək oynağının hematoması, şişkinliyi, hərəkət məhdudluğu və sağ bazunun sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül xəsarətlər yetirmişdir. Cavabdeh qeyd edilən əməlinə görə AR CM-nin 128-ci maddəsi ilə məhkəməyə verilmiş və Bakı Apellyasiya Məhkəməsinin ilə həmin maddə ilə təqsirli bilinmiş və o maddənin sanksiyası həddində 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cavabdeh iddiaçıya qəsdən yüngül xəsarətlər yetirməklə ona mənəvi sarsıntı və iztirablar vermişdir, iddiaçı uzun müddət həmin sarsıntı və iztirabların təsiri altında olmuşdur.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.

10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

20. İddiaçının ona mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin əməlinin qanuna zidd olması, cinayətin baş verməsində onun təqsirli olması, habelə onun əməli nəticəsində iddiaçının sağlamlığına zərər vurulması iş materialları öz təsdiqini tapır.

21. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Cavabdeh ona görə təqsirləndərilmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 00:30-da yaşadıqları ünvan 1 ünvanında aralarında yaranmış şəxsi münasibətlər zamanı baş vermiş mübahisə zəminində arvadı olmuş iddiaçı ilə əvvəlcə sözlü mübahisə edib, sonradan onu əli ilə döyüb, eləcə də, qəsdən itələyib sonuncuya alının sol yarısının dərialtı hematoması, sol dirsək oynağının hematoması, şişkinliyi, hərəkət məhdudluğu və sağ bazunun sınığı ilə nəticələnən sağlamlığa qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül xəsarətlər yetirmişdir.

22. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçının sağlamlığına xəsarət yetirilməsində cavabdehin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər dipozitiv əlamətlər qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edildiyindən iddiaçı cavabdehə qarşı iddia irəli sürməkdə haqlıdır.

23. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında göstərilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.

24. İşin mübahisəsiz halıdır ki, cavabdehin təqsirindən iddiaçının sağlamlığına zərər dəymişdir. Cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə də müəyyən edilmişdir ki, iddiaçıda alının sol yarısında 6x5 sm ölçüdə solğun sarımtıl-qəhvəyi rəngdə sovrulmaqda Solan derialtı hematoma vardır. Sol dirsək oynağı şişkindir, sarımtıl-qəhvəyi rəngdə sirkulyar hematomalıdır, maye dalğası izlənilir, aktiv və passiv hərəkətlər bir qədər məhtuddur. Sağ bazunun aşağı 1/3 apa səthində 3x2 sm ölçüdə solğun çəhrayı rəngdə oval formalı piqmentsizleşmiş sahə (sıyrıq izi) vardır. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

26. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

27. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının sağlamlığına zərər vurulması nəticəsində onun fiziki əzab, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.

28. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir.

29. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.

30. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərərə görə pulu sağlamlığına xəsarət yetirilməsi ilə bağlı tələb edir. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının sağlamlığına yüngül zərər vurulmasını, baş vermiş hadisədən iki il müddət ötdüyünü, habelə cavabdehin maddi imkanlarını nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində fiziki ağrılara məruz qalmış, bununla o, mənəvi sarsıntı keçirmişdir. Lakin ona təyin edilən bədən xəsarətləri yüngül dərəcə ilə qiymətləndirilmiş, həmin xəsarətlər iddiaçının uzun müddət sağlamlığının pozulması ilə deyil, az bir müddət ərzində davam etmişdir. Həmçinin, həmin hadisədən artıq iki ildən artıq vaxt keçmişdir, bu müddət ərzində iddiaçı əvvəlki normal həyatına xeyli müddətdir ki, qayıtmışdır. Cavabdehin maddi imkanı ilə bağlı məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” informasiya ssitemindən əldə edilmiş məlumatlarda cavabdehin rəsmi iş yerinin və gəlirinin olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatnayan uşaqların saxlanması üçün cavabdehdən hər ay, ümumilikdə 800 manat aliment tutulur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulacaq mənəvi zərərin əvəzinin 1000 manat həcmində müəyyən edilməsi onun məruz qaldığı fiziki və mənəvi iztirabın həddinə mütənasibdir.

31. Məhkəmə hesab edir ki, dövlət rüsumu iddia tələbinin təmin edilməsi nisbətində, yəni 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

32. Məhkəmə iddia tələbinin hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı hüquqi yardım göstərilməsi üçün 320 manat məbləğində ödəniş etdiyini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:

İddia qismən təmin edilsin. Mənəvi zərərə görə 1000 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar