Məhkəmə qərarları › İş №e-2(011)-5659/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5659/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5659/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Hyundai Elantra” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə artıq ödənilmiş 1300 manat pulun və ödənilmiş 33 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Hyundai Elantra” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mitsubishi Pajero” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində “Mitsubishi Pajero” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü təqsirli bilinmişdir. Belə ki, iş materiallarına da əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan və iş materiallarında olan TP seriyalı və İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, hadisənin baş verməsində “Mitsubishi Pajero” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan CLM**********764 saylı sığorta aktının surətindən görünür ki, hadisə zamanı Cavabdeh idarə etdiyi “Hyundai Elantra” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyəti üzrə icbari sığortası iddiaçı “Atəşgah Sığorta Şirkətində” sığortalanmışdır. Buna görə də cavabdehə dəymiş zərər AR Mərkəzi Bankının 29 iyun 2022-ci il tarixli ZBT (Yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair) qaydalarına əsasən, cavabdehə, yəni zərərçəkən Cavabdeh iddiaçı tərəfindən ödənilmişdir. “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabata əsasən, “Hyundai Elantra” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 1300 manat ziyan dəymişdir. Cavabdeh təqdim etdiyi, ona məxsus bank hesabına texniki səhvlə sığorta ödənişi məbləği, yəni 1300 manat iki dəfə ödənilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli, 04649 nömrəli qəbzə əsasən, cavabdehə məxsus bank hesabına 1300 manat ödəniş edildikdən sonra, yenidən həmin tarixli **********2/981107936 saylı ödəniş tapşırığı ilə ikinci dəfə 1300 manat məbləğ cavabdehə məxsus bank kartına köçürülmüşdür. Beləliklə Cavabdeh əsassız olaraq varlanmışdır. Cavabdeh həm şifahi, həm də yazılı qaydada müraciət olunmasına baxmayaraq tələb olunan məbləğin geri qaytarılması ilə bağlı heç bir tədbir görülməmiş, artıq ödənilən pul geri qaytarılmamışdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumat göndərilsə də, o, əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Sübutların tədqiqi: İş materiallarında olan elektron çıxarışa əsasən Cavabdeh məxsus “Hyundai Elantra” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Cavabdeh “Hyundai Elantra” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 8 noyabr prospekti istiqamətində hərəkət edən zaman X1 idarə etdiyi “Mitsubishi Pajero” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və hadisənin törədilməsində X2 təqsirli bilinmişdir. xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) təqsirli bilinmiş və 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Hyundai Elantra” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1300 manat məbləğində zərərin dəyməsi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli **********2/981107936 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən 1300 manat sığorta ödənişi Cavabdeh bank hesabına köçürülmüşdür. xx.xx.2025-ci il tarixli 04649 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən 1300 manat sığorta ödənişi Cavabdeh bank hesabına köçürülmüşdür. İşin müəyyən edilən halları: İddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə sığortalanmış avtomobil “Hyundai Elantra” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığorta müqaviləsi qüvvədə olduğu vaxt xx.xx.2025-ci il tarixdə sığorta hadisəsi baş vermiş və hadisənin törədilməsində X2 təqsirli bilinmişdir. X1 təqsiri nəticəsində “Hyundai Elantra” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmişdir. İddiaçı tərəfindən zərər dəymiş avtomobilin təmiri üçün hesablanmış 1300 manat məbləğində sığorta ödənişi iki dəfə Cavabdeh bank hesabına köçürülmüşdür. İddiaçı tərəfindən səhvən təkrarən bank hesabına köçürülmüş 1300 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə Cavabdeh yazılı xəbərdarlıq göndərilsə də, Cavabdeh tərəfindən 1300 manat məbləğində pul geri qaytarılmamışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Məhkməmə qeyd edir ki, baş vermiş sığorta hadisəsi nəticəsində cavabdehə məxsus avtomobilə 1300 manat məbləğində zərər dəymiş, həmin sığorta hadisəsinə görə isə sığortaçı şirkət olan iddiaçı tərəfindən sığorta ödənişi olan 1300 manat məbləğində pul cavabdehin bank hesabına yanlışlıqla iki dəfə köçürülmüşdür. Nəticədə cavabdehə sığorta hadisəsi zamanı 1300 manat məbləğində ziyan dəysə də, o, 2600 manat məbləğində pul əldə etmişdir. Beləliklə, cavabdeh heç bir hüquqi əsas olmadan 1300 manat məbləğində əlavə pul vəsaiti əldə etmişdir. Sığorta şirkətinin həmin pulu geri tələb etməsinə baxmayaraq cavabdeh əlavə əldə edilmiş pulu geri qaytarmamışdır. Bununla da cavabdeh qanun əsasında yaranmış öhdəliyini icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əlavə pul vəsaiti əldə edərək əsassız varlandığı üçün, iddiaçı həmin pul vəsitinin geri qaytarılması barədə iddia qaldırmaqda haqlı olmuşdur. Ona görə də əsassız ödənilmiş 1300 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin iddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 1300 manat məbləğində pul və 33 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar