Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5664/2023 22.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nə qarşı – cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən iddiaçının xeyrinə 100.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qadın olaraq ona dəyən zərərin nə qədər ağır olmasını, aldığı bu xəsarətlərdən nə dərəcədə əziyyət çəkdiyini, mənəvi olaraq nələr yaşadığını, hansı duyğular keçirdiyini kəlimlərlə ifadə edə bilmir. Üzünün və bədəninin yanmış nahiyələrinin görüntüsü, cəmiyyət içində insanların ona acıyaraq baxışına səbəb olur və onun çəkdiyi iztirabları yenidən canlandırır. İddiaçı ömür boyu yeni tanış olduğu insanlara həmin cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətlərini yenidən anlatmaq məcburiyyətində qalır və buna da davam etməli olacaq. Bu hadisəni hər dəfə anlatmağa çalışsa da baş verən partlayış anı və ondan sonrakı dəhşətlər gözünün önündə canlanır. Belə ki, o Şəmkir rayonu, Zəyəm qəsəbəsi M.Vidadi küçəsində yerləşən evdə həyat yoldaşı Məlik Musayev, qızı İnsaf, oğlanları Elçin və Elvin, gəlini Nuranə və nəvələri Aysi və Elmirlə birlikdə yaşayır. Bu vaxtlar idi mart ayının 1-i 2013-cü ildə səhər tezdən təxminən saat 8-də mətbəxdə qaz sobasını yandırmış və yataq otağına qayıtmış, aradan heç 5 dəqiqə keçməmiş güclü bir partlayış baş vermiş və evin pəncərələri və giriş qapısı partlayışın təsirindən yerindən çıxaraq çölə düşmüşdür. Həmin vaxtı sanki qiyamət baş vermişdir. Hələ də nə baş verməsini bilmirdilər. Həmin vaxtı hamı öz dərdinin hayına qalmışdı. Həyat yoldaşı həyətdə olduğundan yeganə xəsarət almayan şəxs o idi. Həyat yoldaşının və qonşuların köməkliyi ilə onları xəstəxanaya çatdırdılar. O günlər getsin bir daha gəlməsin, lakin o günlər getsə də onlar xüsusilə də iddiaçı onun ağrı acısını unuda bilmir. Çünki hadisə onun sifət və bədənində silinməz izlər buraxıb, yanmış dərisinin yeri hava dəyişərkən ona ağrılar verir. Bədənindəki izlər və güzgüdə özünü görərkən sifətindəki yanıqlar ona keçirdiyi mənəvi sarsıntını daha da dərinləşdirərək mənəvi iztirablar verir. Baş vermiş cinayət hadisəsi nəticəsində ağır xəsarətlər almağı nəticəsində fiziki xəsarətlər almağının paralelində mənəvi sarsıntı və bundakı sonrakı proseslər nəticəsində mənəvi iztirablar keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Məhkəmənin hökmü ilə məhkum edilən vəzifəli şəxs olan X3 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi, sağlamlığıma və qanuni mənafelərimə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə səbəb olmuşdur. Şəmkir rayon Məhkəməsinin 16 avqust 2013-cü il tarixdə çıxardığı hökmdən məlum olur ki, X7, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Şəmkir rayon X8 (QİS) Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza dispetçir xidmətinin xətti baxıcısı işləyərkən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi “ Azərbaycan Respublikasında yanğın Təhlükəsizliyi Qaydaları” nın 1.2, 1.9, “Qazdan istifadə qaydaları”nın 3.1.3 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” nın 3.3.5, 3.3.7, 3.3.19 və 3.3.20 bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın qaydalarına riayət etməmiş, qaz xətdində mövcud olan qüsurları vaxtında aşkar edib qaldırmalı olduğu halda bunu etməyərək yer altıçəkilmiş qaz xəttinə texniki baxış keçirərkən cihazla yoxlamalar aparmamış, xəttin texniki vəziyyətini və izolə örtüklərinin zədələnmə və qaz sızma yerlərini aşkar etməmiş, eləcə də bu barədə xidmətin rəhbərliyinə məlumat verməmişdir. Bu səbəbdən də Şəmkir rayonu, Zəyəm qəsəbəsi M.Vidadi küçəsi ilə yer altı ilə çəkilmiş 40 mm-lik qaz xəttində korroziya əmələ gəlmiş dəliklərdən torpağın altı ilə qaz sızaraq həmin küçədə yerləşən X4 məxsus evə dolmuşdur. 01 Mart 2013-cü il tarixdə saat 08:00 radələrində evin otaqlarında əmələ gəlmiş partlayış konsentirasiyalı qaz-hava qarışığı evdə istifadə olunan qaz sobasının açıq alovundan alışaraq yanğınla müşaiyət olunan partlayış baş vermişdir. Baş vemiş partlayış hadisəsi ehtiyatsızlıqdan, onun alın nahiyəsindən, sol yanağından, hər iki said nahiyyəsinin, sağ budu, ayaq pəncəsi, hər iki əlinin ovuc içi və arxa səthini 2-ci və 3-cü dərəcəli texniki yanıqları ilə müşayiət olunan ağır dərəcəli xəsarətlər almağına səbəb olmuşdur. Yuxarıda qeyd olunan əsaslar məhkəmə baxışı zamanı öz əsasını tapmış, Şəmkir Rayon Məhkəməsinin 16 avqust 2013-cü il tarixdə çıxardığı hökmlə X7 Azərbaycan Respublikasının CM-nin 225.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş və hökm qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Hökmdən görünür ki, partlayışa səbəb M.Vidadi küçəsi ilə çəkilmiş 76 mm-lik ümumi yer üstü qaz xəttdindən, partlayış baş vermiş evə tərəf yer altı çəkilmiş 40 mm-lik ümumi qaz xəttində baş vermiş korroziyadan əmələ gəlmiş dəlikdən yeraltı sızan qazın otaqlara dolması və hər hansı alışdırıcı mənbənin təsirindən alışaraq qaz partlaması olmuşdur. Belə ki, məhkəmə araşdırmaları zamanı məlum olur ki, partlayış baş vermiş əraziyə baxış keçirilən zaman müəyyən edilir ki, partlayış hadisəsi 1 mərtəbəli 3 otaqlı evin içərisində baş vermişdir. Evin daxilində çöldən daxil olan qaz xəttinin birləşmə yerlərinə və dəmir sobaya sabun məhlulu ilə yoxlama aparılmış və heç bir yerdə sızma aşkar edilməmişdir. Daha sonra evin yaxınlığında küçə ilə gedən 76 mm lik qaz xəttinə birləşdirilmiş və partlayış baş vermiş evə tərəf torpağın altı ilə çəkilmiş 40 mm-lik qaz xəttdində korroziyadan əmələ gəlmiş dəliklərdən qaz sızıntısı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə ekspertizasının xx.xx.2013-cü il tarixli, 4044 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, partlayışa səbəb M.Vidadi küçəsi ilə çəkilmiş 76 mm-lik ümumi yer üstü qaz xəttdindən, partlayış baş vermiş evə tərəf yer altı çəkilmiş 40 mm-lik ümumi qaz xəttində baş vermiş korroziyadan əmələ gəlmiş dəlikdən yeraltı sızan qazın otaqlara dolması və hər hansı alışdırıcı mənbənin təsirindən alışaraq qaz partlaması olmuşdur. Hal-hazıra kimi iddiaçıya aldığı ağır xəsarətlər nəticəsində çəkdiyi iztirablar, stresslərə görə çəkdiyi mənəvi zərərə görə hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən heç bir müraciət belə edilməmişdir. Məhkəmə X5 təqsirli bilib cəza versə də, bu cinayət hadisəsinin baş verməsinə tək səbəb Namazov Vəzir deyil həm də onun əməkdaşı olduğu X1. X6 Birliyi səhlənkar əməkdaşlarının vurduğu zərəri ödəməlidir. Beləliklə, cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya və ailəsinə mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunvericilik isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan, bir başa zərər çəkən olaraq keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq, dəymiş mənəvi zərər cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq iddiaçıya ödənilməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasına texniki vasitələrin köməyi ilə onlayn qaydada qoşulmuş İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, sözügedən qəza baş verməmişdən qabaq istədiyi hər şeyi etmək iqtidarında olmuş, lakin qəza baş verdikdən sonra müstəqil olaraq hərəkət edə bilmir. Hazırda onun barmaqları açılmır, yumulu vəziyyətdədir. Daimi olaraq gəlini, oğlu və həyat yoldaşı ona köməklik göstərir. O, müstəqil olaraq özü-özünü təmin edə bilmir. Ömrünün sonuna kimi digər şəxslərin köməyinə möhtac olacaqdır. Həmin hadisə baş verən zaman onun qızının da gözləri yanmışdır. Qızı da müalicələr alır. İddiaçının həmin hadisə nəticəsində üzü və aşağı ətrafları yanmışdır. Qollarına isə ayaqlarındakı ətdən götürülərək, qoyulmuşdur. Artıq əvvəlki sağlamlığı yoxdur. Eyni zamanda bildirdi ki, müalicə olunan zaman ona göbələk əleyhinə dərman vasitələti verilmədən çoxlu antibiotik verilmiş, bunun nəticəsində onda göbələk xəstəliyi yaranmışdır. İndi yanıq izlərindən əlavə göbələk əleyhinə də müalicə alır. Əlində-üzündə olan yaralar üzündən cəmiyyət içinə çıxa bilmir, yanıqlar görünməsin deyə yay-qış uzun şalvar geyinir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Şəmki rayonu, Daşbulaq kəndində anadan olmuş, evlidir, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(076)- 70/2013 saylı hökmündən görünür ki, X7 Azərbaycan Respublikasının CM-nin 225.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Hökmdən həmçinin görünür ki, baş vermiş hadisə ilə əlaqədar, Şəmkir X8 Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza dispetçer xidmətin xətt baxısıcı V.A.Namazov sonuncu dəfə 20 fevral 2012-cü il tarixdə Zəyəm qəsəbəsində M.Vidadi küçəsində abonent M.B.Musayevin evinin yaxınlığında olan qaz xətlərinə dəqiq texniki baxışı keçirməklə, qaz ölçü cihaz tətbiq etməklə avtomobil yolunun yeraltı çəkilmiş diametri 40 mm olan qaz xəttinin borularında olan qaz sızmasını aşkar etmədiyinə görə, onun tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9, “Qazdan istifadə qaydaları”nın 3.1.3 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.5, 3.3.7, 3.3.19, 3.3.20 bəndlərinin tələbləri pozulmuşdur. İddiaçı bədən səthində aşkar edilmiş xəsarətlər – alın nahiyyəsinin, sol yanağın, hər iki said nahiyyəsinin, sağ budun, ayaq pəncəsinin İ-İİ dərəcəli, hər iki əlin ovuc və arxa səthinin İ- İİİ dərəcəli termiki yanıqları yüksək hərarətin –alovun təsərindən törənmişlər, törənmə müddəti 01 mart 2013-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı müddətsiz birinci dərəcəli əlillik verilmiş, o əməyə qadir deyil, bədənin bir neçə nahiyyəsinin heç olmasa bir sahiyədə üçüncü dərəcəli yanıq göstərilməklə termiki yanıqları, hər iki əlin, barmaqların, sifətin İİ-İİİ dərəcəli termiki yanıqlarından sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. İş materiallarında olan fotoşəkillərdən İddiaçı yanıq xəsarətləri alması müəyyən olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10-cu maddəsinə əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı vəiztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Nyu-York Apellyasiya Məhkəməsi “McDougald v. Garber” işi üzrə 1989-cu il tarixli qərarında göstərmişdir ki, “Maddi zərər pulla kompensasiya edilə bilər; lakin mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərlərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsi barədə hüquqi fiksiyaya söykənir … Biz, pulun ağrını azaldacağını və ya zərər çəkənin qabiliyyətini bərpa edəcəyini düşünməsək də, bu fiksiyanı qəbul edirik. Biz, itirilmişi qiymətləndirməyi ümid etmirik, lakin mövcud şəraitdə pul kompensasiyası təsəlli vasitəsi kimi çıxış edə bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsinə əsasən mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçını, onun nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının yanıq xəsarətləri almasında cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Məhkəmə hazırkı məsələ ilə bağlı xüsusi olaraq qeyd edir ki, cavabdehin təqsiri üzündən baş vermiş həmin hadisədən sonra iddiaçının səhhətində problemlər yaranmış, bunu nəticəsi olaraq isə daima digər şəxslərin köməyinə möhtac olmuş və müstəqil olaraq özü-özünü təmin etmək iqtidarında deyildir. Həmçinin onun əllərinin yumulu vəziyyətdə qalması və barmaqlarının açılmaması səbəbindən o, hazırda normal əmək fəaliyyəti ilə də məşğul ola bilmir habelə, əmək qabiliyyətindən məhrum olmuşdur. Eyni zamanda qeyd edilməli olan hal isə ondan ibarətdir ki, iddiaçı üzündə olan yanıqlar üzündən cəmiyyət içinə çıxa bilmir. Bu da onda fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi yarada biləcək faktorlardan biridir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. Belə ki, iddiaçının bədənin müxtəlif nahiyyələrinin yanması nəticəsində, o psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmişdir. Buna görə də, iddiaçı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ var. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Mənəvi təzminatın məbləğinə təsir edən ünsürlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq ədəbiyyatları tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qaneedici olmaz. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır (Məhkəmənin cavabdeh dövlətdə qurbanları iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq ayırd etdiyi mübahisə olunur (Basarba OOD Bolqariyaya qarşı 20 yanvar 2011-ci il tarixli qərar). Məsələn, məhkəmə “əsas mükafatın” əlaqədar ölkədəki yaşayış səviyyəsinə görə azaldıla biləcəyinə qərar verib (Apicella İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli qərar. “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməyi mənasızdır. Çünki pulun dəyəri fərqli və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”). Təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərərin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törədən şəxs həmin əməlin ictimai-təhlükəli nəticələrini ya görmür, və yaxud arzu etmir, amma qəsdən cinayət törədən şəxslər əksinə, ictimaitəhlükəli nəticəni görür, arzu edir(daha təhlükəli əməl). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərə görə 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-5664/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5664/2023
22.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver