Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5726/2022 08.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı (AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 maraqlı şəxs qismində cəlb edilməklə) “ödənilməmiş əmək haqqı və son haqqhesabın verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Cavabdehin xx.xx.2019-cu il tarixli, N-007 saylı əmri ilə İddiaçı1 3 ay sınaq müddəti ilə mühafizəçi vəzifəsinə təyin edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı1lə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir.
2. Həmçinin, cavabdehin xx.xx.2019-cu il tarixli, N-006 saylı əmri ilə İddiaçı2 3 ay sınaq müddəti ilə mühafizəçi vəzifəsinə təyin edilmişdir. İddiaçı2 ərizə ilə cavabdehə müraciət etsə də, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir.
3. Cavabdeh iddiaçıların hər birinə 3290 manat əmək haqqı borcunun mövcudluğu barədə arayış təqdim etmişdir.
4. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçılar İddiaçı2 öz ərizəsi əsasında işdən azad edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, İddiaçı2 xeyrinə xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş 3290 manat rəsmi, 937 manat qeyri-rəsmi əməkhaqqının, həmçinin işdən azad olmaya görə son haqq-hesabın, İddiaçı1 03.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 3290 manat rəsmi, 2743 manat qeyri-rəsmi əməkhaqqının, həmçinin işdən azad olmaya görə son haqq-hesabın cavabdehdən alınaraq verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
6. İddiaçılar idda ərizəsində qeyd etmişlər ki, 2020-ci ilin mart ayından cavabdeh Cəmiyyətdə mühafizəçi işləməyə başlamışlar. Hər ikisinə də əmək haqqı rəsmi və qeyri-rəsmi olaraq iki hissədə verilirdi. Bir müddət işlədikdən sonra əmək haqqılarının verilməsində problemlər yaranmağa başlamışdır. xx.xx.2022-ci ildən sonra isə hər ikisinə işdən çıxarılmalarını, qalıq əmək haqqılarını isə qısa müddətdə verəcəklərini bildirmişlər. Şirkət tərəfindən sözdə işdən azad edilsələr də, ona heç bir sənəd verilməmişdir. Əmək kitabçası və işdən çıxarılmalarına dair əmr ona təqdim edilməmiş, son-haqq hesabları verilməmişdir. Bununla bağlı iki dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 Xidmətinin Bakı şəhər İdarəsinə müraciətləri olmuşdur. Sonuncu müraciətlərindən sonra xx.xx.2022-ci il tarixli, **********7 saylı cavab məktubu ilə onlara məlum olmuşdur ki, İddiaçı1 xx.xx.2022-ci il tarixində işdən azad edilsə də, əmək haqqının müəyyən bir hissəsi və işdən azad olmaya görə son haqq-hesab verilməmişdir. Bu səbəbdən cavabdeh təşkilat cərimələnmişdir. İddiaçı2 isə hazırkı tarixədək işdən azad edilməmişdir. Bununla bağlı olaraq xx.xx.2022-ci il tarixndə ərizə ilə cavabdehə müraciət edərək öz ərizəsi əsasında işdən azad edilməyi, qalıq əmək haqqı və son haqq-hesabının verilməsinə dair müraciət etmişdir. Lakin bugünədək ona heç bir məlumat verilməmişdir. Bununla bağlı dəfələrlə müraciətlər etsələr də, pulun verilməsinə köməklik edən təşkilat olmamışdır. Məhkəməyə müraciət edilməzdən əvvəl mediasiya vasitəsi ilə işin barışıq yolu ilə həll edilməsinə də çalışmışlar.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçılar məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
12. Maddə 68 (1). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
13. Maddə 68 (2) a). Tərəflərdən birinin təşəbbüsü iəmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
14. Maddə 69 (1). İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
15. Maddə 69 (2). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
16. Maddə 83 (2). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
22. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi 2 hissədən ibarətdir: birincisi, İddiaçı2 öz ərizəsi əsasında işdən azad edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, ikincisi, iddiaçılara ödənilməli olan əmək haqqı borcunun və son haqq hesabın cavabdeh tərəfindən verilməsi.
23. İddiaçıların cavabdehlə əmək manasibətlərində olması işin mübahisəsiz halıdır. Tərəflər arasındakı mübahisə İddiaçı2 əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməməsi, habelə onlara əmək haqqının və son haqq-hesabın verilməməsi ilə bağlıdır.
24. Məhkəmə hesab edir ki, İddiaçı2la cavabdeh arasında əmək münasibətlərinin mövcud olub-olmaması və onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməməsinin qanuni olub-olmamasına hüquqi qiymət verilməlidir.
25. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 006 nömrəli əmrlə müəyyən olunur ki, İddiaçı2 həmin tarixdən sınaq müddəti 3 ay olmaqla mühafizəçi vəzifəsinə təyin olunmuşdur. Lakin həm İddiaçı2 əmək məlumatları barədə elektron çıxarışdan, həm də məhkəmə iclası zamanı verilən izahatlardan müəyyən olunur ki, İddiaçı2la cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Əvvəlki məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, 2022-ci ilin mart ayından etibarən cavabdeh öz fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır, elə buna görə də, həmin tarixdən iddiaçılara işə gəlməmələri bildirilmiş, İddiaçı1lə aralarında bağlanmış əmək müqaviləsi ləğv edilsə də, digər İddiaçı2 onlara ərizə ilə müraciət etmədiyindən onunla əmək müqaviləsinə xitam verilməmişdir.
26. Məhkəmə cavabdehin nümayəndəsinin qeyd etdiyi dəlillərlə bağlı bildirir ki, Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları müəyyən edilmişdir. Onlardan biri 68-ci maddəsinin “a” bəndində göstərilən qaydada tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsidir. Habelə, ƏM-nin 69cu maddəsində işçi tərəfindən əmək müqaviləsinə xitam verilməsinin də 2 qaydası müəyyən edilmişdir: birincisi, konkret müddət göstərilmədən əmək müqaviləsinə xitam verilməsi. Bu halda işçi ilə əmək müqaviləsinə xitam verilməsinin qaydası §15-də (maddə 69 (2)) göstərilmişdir; ikincisi, ƏM-nin 69.3-cü maddəsndə (işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) göstərilən konkret əsaslar olduqda, müddət göstərilməklə əmək müqaviləsinə xitam verilməsi. İş materialları ilə müəyyən edilir ki, İddiaçı2 xx.xx.2022-ci il tarixdə (onun iddia ərizəsində bildirdiyinə görə) cavabdehə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və onun ərizəsi cavabdeh tərəfindən qəbul edilmişdir. Bu halda, əmək müqaviləsinə xitam verilməsinin birinci qaydası tətbiq edilməli idi. Yəni, cavabdeh İddiaçı2 əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsini aldıqdan 1 ay sonra onunla əmək müqaviləsini ləğv etməli, habelə son haqq-hesabı ödəməli idi. Cavabdehin nümayəndəsi əmək müqaviləsinə hələ də xitam verilməməsinin əsası kimi iddiaçının bu barədə ərizə ilə müraciət etmədiyini bildirsə də, iş materialları ilə müəyyən edilir ki, iddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə müraciət etmiş, lakin cavabdeh qanunla müəyyən edilmiş göstərilən qaydanı pozaraq İddiaçı2la bağlanmış əmək müqaviləsinə xitam verməmişdir. Odur ki, İddiaçı2 onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
27. Qeyd edilənələrə əsasən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilərək, cavabdehlə İddiaçı2 arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xitam verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
28. İddiaçıların iddia tələbinin ikinci hissəsi ödənilməmiş əmək haqlarının və son haqq-hesabın verilməsi ilə bağlıdır. İddiaçılar bildirir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işləsələr də, onlara həmin dövr üçün heç bir əmək haqqı ödənilməmişdir.
29. İddiaçıların cavabdeh Cəmiyyətdə mühafizəçi vəzifəsində işləməsi işin mübahisəsiz halıdır. Eləcə də, işdən görünür ki, İddiaçı1lə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, digər iddiaçı ilə bağlanmış əmək müqaviləsinə isə xitam verilməmişdir və bu barədə yuxarıda ətraflı şərh edilmişdir. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasılarında 2022-ci ilin mart ayından etibarən Cəmiyyətin fəaliyyətini dayandırdığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
30. İddiaçıların iddia tələblərinin əsaslılığı baxımından cavabdehin onlara həqiqətən də iddia edilən məbləğdə əmək haqqı borcunun olması, habelə hesablanmış əmək haqqı borcunun onlara ödənilib-ödənilməməsi ilə bağlıdır.
31. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışa əsasən müəyyən olunur ki, cavabdehin iddiaçılara hər birinə 3290 manat məbləğində əmək haqqı borcu var. Bundan başqa cavabdehin nümayəndəsi də xx.xx.2022-ci il tarixində verdiyi izahatında iddiaçılara hər birinə 3290 manat məbləğində əmək haqqı borcunun olduğunu etiraf edərək, 2020-ci ilin avqust ayından sonra iddiaçılara əmək haqqı ödənilməməsini və iddia tələbini həmin hissədə qəbul etdiyini bildirmişdir.
32. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilərək, İddiaçı2 xeyrinə xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş 3290 manat, İddiaçı1 xeyrinə xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 3290 manat əmək haqqı cavabdehdən alınaraq iddiaçılara ödənilməlidir.
33. Eyni zamanda, iddiaçılara işdən azad olmaya görə son haqq-hesab da ödənilməlidir.
34. İşçiyə son haqq-hesabın verilməsi ilə bağlı hüquqi əsaslar ƏM-nin həm 69-cu maddəsinin 2-ci bəndində, həm də 83-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulmuşdur. Hər iki normanın məzmunundan da görünür ki, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə eyni vaxtda ona son haqq-hesab da verilməlidir.
35. İş materialları ilə müəyyən edilir ki, İddiaçı1lə bağlanmış əmək müaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilsə də, ona nəinki son haqq-hesab, hətta son ayların əmək haqqısı belə verilməmişdir. Eyni sözləri digər İddiaçı2 barəsində demək mümkndür. İşdən görünür ki, İddiaçı2la, ümumiyyətlə əmək müqaviləsinə xitam verilməmiş, həmçinin cavabdehin ona da ödənilməmiş əmək haqqı borcu vardır. Odur ki, iddia tələbi son haqqhesabın verilməsi hissəsində də təmin edilməlidir.
36. Məhkəmə cavabdehdən iddiaçıların xeyrinə qeyri-rəsmi əmək haqqının tutulması barədə iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
37. Belə ki, iddiaçılar hər ay cavabdehdən rəsmi maaşdan əlavə qeyri-rəsmi də maaş aldıqlarını qeyd etsələr də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişlər. İddiaçılar məhkəmə iclasında qeyri-rəsmi ödənişləri Əziz adlı şəxsdən aldıqlarını qeyd etsələr də, cavabdehin nümayəndəsi bildirmişdir ki, Əziz adlı şəxs cavabdehin deyil, "xxxx" MMC-nin əməkdaşıdır.
38. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 maddələrini rəhbər tutaraq,
QƏTETDİ:
İddia qismən təmin edilsin. İddiaçı2 öz ərizəsi əsasında işdən azad edilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilsin. xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməmiş 3290 manat əmək haqqı və son haqq-hesab Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilsin. xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 3290 manat əmək haqqı və son haqq-hesab Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı