Məhkəmə qərarları › İş №e-2(011)-5799/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5799/2022

23.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5799/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Həsənov Elçin Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı – Cavabdeh "xxxx" MMC-dən qanunsuz, qərəzli və əsassız işdən azad edilməyi əsasına görə vurulan mənəvi zərərin qarşılığı olaraq 3000 manat, məlum faktın gerçəkləşməsində təşəbbüskar olan digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oktay qızının hər birindən ayrı-ayrılıqda 500 manat, ümumilikdə 4000 manat kompensasiya məbləğinin cavabdehlərdən xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 12 avqust 2019-cu ildə cavabdeh "xxxx" MMC-də muxbir vəzifəsində əmək fəaliyyətinə başlamış, 12 mart 2021-ci ildə əsassız olaraq işdən azad edilmişdir. Cavabdehlə əmək münasibətləri əmək müqaviləsi əsasında rəsmiləşdirilməmişdir. Dəfələrlə bu barədə tələblər irəli sürsə də işəgötürən əmək qanunvericiliyinin mühüm tələbinə əməl etməmiş və sözügedən qanuni tələblər israrla davam edəcəyi halda işini itirmək təhlükəsi qarşısında qalmışdır. Lakin "xxxx" MMC-in hazırkı baş redaktoru Cavabdeh1 onun işdən qanunsuz və heç bir əsas göstərilmədən azad edilməyində şəxsən iştirakçı və baiskar olmuş, onun neqativ və qeyriinsani hərəkətləri birmənalı olaraq işəgötürənin əlində ona qarşı bəhanəyə çevirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu iş şəraitində yaranmış münasibətlər çərçivəsində alçatması, bu əməli ilə ona mənəvi zərər vurması öz təsdiqini tapmışdır. Bununla belə həmin məhkəmə araşdırması müddətində Cavabdeh1 rəhbər vəzifəli şəxslərin: "xxxx" MMC-in qanuni təmsilçisi Emil Əkbərovun və təsisçi Namik Abdullayevin, işdən azad edilməyində rolu olan digər Cavabdeh2 və saytın admini Fidan Bayramovanın səslərini gizli yazıb məhkəməyə təqdim etmişdir. Cavabdeh1 həmçinin onun şirkətdə vaxtilə işçi isləmiş Əbülfəz Ələkbərli adlı şəxsə guya direktor Emil Əkbərovun səsini yazaraq ötürdüyünü, yəni xəbərçi işlədiyini bildirib. Böhtanın, bununla əlaqədar olaraq vurulan mənəvi zərərin bir hissəsini məhz onun adının illərlə saytın əməkdaşları arasında "səsyazan" kimi qələmə verilməsi təşkil edib. Bunu Cavabdeh1 ona göndərdiyi ismarıclarla da təsdiq edərək etiraf edib. Əbülfəz Ələkbərli adlı şəxs onunla yazışmada bu halı onun və onun adından yalan və böhtan olduğunu, Cavabdeh1 yalan danışdığını təsdiqləyib. Bununla belə Cavabdeh1 hazırda onu direktor Emil Əkbərovla olan şəxsi yazışmalarını atasına və qardaşına göstərəcəyini bildirirək onu rüsvay etməklə hədələyir. Bu da bir daha onu təsdiq edir ki, cavabdeh ona qarşı qərəzli və iyrənc əməllərini davam etdirməkdə, ona sabit qaydada mənəvi zərər vuraraq sarsıtmaqda istəklidir. Maraqlı məqam odur ki, həmin yazışmalar Cavabdeh1 əlinə necə keçib...?! Digər Cavabdeh2 da onun işdən əssasız və qanunsuz olaraq azad olunmağında, kollektivlə münasibətinin pozulmasında, təxribat apararaq onun kollektivdə nüfuzdan salmaqda məkirli iş görüb. Əvvəllər işçi qızlardan, Emil Əkbərovdan ona sözlər gətirib, onu istəmədiyini deyib. Ondan işçi qızlara, onlardan ona bir-birinin əksi olan sözləri çatdırmaqla ortada nifaq salıb, həssaslığından istifadə edərək onu qəsdlə əsəbiləşdirib, sonra "əsəbisən” adı qoyub "bir müddət istirahətə” ehtiyacının olduğunu deməklə onu işəgötürənin nəzərində nüfuzdan salmağa müvəffəq olub. Qeyd olunan halları isə əlində aşkar bəhanə edən işəgötürən "xxxx" MMC-in direktoru Emil Əkbərov 12 mart 2021-ci il tarixdən etibarən həmin tarixə münasibətdə baş redaktor vəzifəsində çalışan Aytən Sakitqızının vasitəsilə işdən azad olunduğunu bildirib. Bununla da hər üç cavabdeh ayrı-ayrılıqda işdən qanunsuz, əsassız və gözlənilməz bir şəkildə azad olunduğu üçün ona mənəvi zərər vurublar və hesab edir ki, həmin zərərin qarşılığı məhkəmə qaydasında hər üç cavabdeh tərəfindən ədalətli və mütənasib şəkildə qarşılanmalıdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin (nümayəndələrinin) məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-2033/2022 saylı qətnaməsinin surətindən görünür ki, X1 mənəvi zərərə görə 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Emil Akberovla olan yazışmanın mətni aşağadakı kimidir “...məni dəlirdib ad qoyanlarin hamisi haqqında məlumatım var.. kim kimin adından danisir gələcək məhkəməyə.. Shelale Emil ushaq deyil kor deyil her sheyi bilir gorur men ozde hech kime hecne demirem.. niyə susursan?..hər sheyin oz vaxti var..” Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə qərarları qanuna və sübutlara əsaslanmalıdır. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarında qeyd edilmişdir ki, 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən, Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbini ona mənəvi zərər dəyməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi və dəymiş mənəvi zərərin 4000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi zərərin ödənilməsinə dair iddia tələbi də əsassızdır. Odur ki, iddia təmin edilməməlidir. İddiaçı ona mənəvi zərər yetirilməsini iddia etsə də, məhkəməyə cavabdehlərin hərəkətinin onda hansı mənəvi sarsıntı və iztirab yaratdığını, ona hansı formada ziyan vurmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Həmçinin məhkəmə iddiaçının təqdim etdiyi audio disklərə münasibətdə qeyd edir ki, həmin səs yazısı MPM-in tələbləri pozulmaqla əldə edildiyindən sübut kimi qəbul edilə bilməz. İddiaçının təqdim etdiyi disklər mötəbər sübut hesab olunsaydı belə, ona mənəvi zərər dəyməsini sübut etmir. Göründüyü kimi, İPM-in 14.3-cü maddəsinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı ona mənəvi zərər dəyməsini mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi sənədlərdə, həmçinin məhkəmə baxışı iclasında cavabdehlərin iddiaçıya mənəvi zərər vurmasını sübuta yetirə biləcək hər hansı dəlillərini, sənədlərini və qanunvericiliklə dairəsi müəyyən edilmiş sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının məhkəmə iclasında iddianı müdafiə edərkən heç bir mötəbər sübuta istinad etmədən, yalnız qanuni və hüquqi əsasa söykənməyən izahatlar verməklə kifayətlənmişdir. Bütün bunlar isə iddianın əsaslı olmasına dəlalət edə bilməz. İddiaçının təqdim etdiyi mesaj mətnlərindən yazışmaların “Emil Akberov, Əbulfət, Esma Nuran adlı kontaktlardan və “+994 77 563 55 61” nömrədən yazıldığı görünür. Həmin mesajların cavabdehlər tərəfindən yazılması, həmçinin bu mesajlarda iddiaçıya mənəvi zərər vurulması ilə nəticələnən hallar müəyyən olunmur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı cavabdehlərin onun işdən azad olunmasında səbəbkar olduqları üçün ona mənəvi zərər vurulmasını bildirsə də, məhkəmə iş materiallarını təhlil edərək bu qənaətə gəlir ki, həmin dəlillər üzrə iddiaçıya mənəvi zərər dəyməsi halları aşkar edilməmişdir. İş materiallarında iddiaçıya mənəvi zərər dəyməsi hallarını sübut edən başqa dəlil mövcud deyildir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı – Cavabdeh "xxxx" MMC-dən qanunsuz, qərəzli və əsassız işdən azad edilməyi əsasına görə vurulan mənəvi zərərin qarşılığı olaraq 3000 manat, məlum faktın gerçəkləşməsində təşəbbüskar olan digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oktay qızının hər birindən ayrı-ayrılıqda 500 manat, ümumilikdə 4000 manat kompensasiya məbləğinin cavabdehlərdən xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar