Məhkəmə qərarları › İş №e-2(011)-5908/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5908/2024

29.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5908/2024 29.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun qaytarılması barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. xx.xx.2019-cu il tarixli daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 12 iyul 2019-cu il tarixli MAS-1028 saylı “Daxili lizinq” müqaviləsinin əsas məbləğini 13300 manat təşkil edir.

2. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" markalı, ağ rəngli avtomobil satıcı Azkron MMC tərəfindən verilmiş, İddiaçı MMC ilə X2 tərəfindən təhvil alınmışdır.

3. xx.xx.2019-cu il tarixli “öhdəliklərin ötürülməsi müqaviləsin”-dən görünür ki, öhdəlikləri ötürən X2, öhdəlikləri qəbul edən isə Cavabdehdur.

4. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, X1 istifadəsində olan, İddiaçı MMC-nin mülkiyyətində olan "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 tərəfindən təhvil verilmiş, Cavabdeh tərəfindən təhvil alınmışdır.

5. Avtomobil cavabdehin istifadəsində olduğu müddətdə onun barəsində yol hərəkəti qaydalarının pozulması barədə 6 dəfə (xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində) yol hərəkəti qaydalrının pozulması ilə bağlı inzibati qərar çıxarılmış, cərimələr vaxtında ödənilmədiyindən üzərlərinə dəbbə pulu əlavə olunmuşdur. Sözügedən inzibati qərarlar üzrə cərimələr (dəbbə pulu ilə birlikdə) iddiaçı tərəfindən ödənilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

6. İddiaçı cavabdehdən inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş 338 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-1028saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2019-cu il buraxılışlı, "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166696 ban nömrəli, ağ rəngli avtomobil 13300manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 25 noyabr 2019-cu il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-1028 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 12 iyul 2019-cu il tarixli MAS- 1028saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Xətai rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(011)-5278/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 630.69 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan "xxxx" minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X4 İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

9. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

14. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

15. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlar əsasında müəyyən olunur ki, Avtomobil cavabdehin istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar cavabdeh AR DYP tərəfindən inzibati qaydada 6 dəfə cərimə edilmiş, lakin vaxtında cavabdeh onları ödəmədiyindən üzrəinə dəbbə pulu əlavə edilmişdir. Həmin cərimlər və onlara hesablanmış dəbbə pulu isə iddiaçı tərəfindən ödənilmiş və buna görə iddiaçı maddi zərər çəkmişdir. Odur ki, iddaçının iddiası həmin hissədə əsaslıdır, onun tərəfindən ödənilmiş cərimə və dəbbə pulu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

16. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi BNA ******* saylı xx.xx.2019-cu il tarixli protokola görə ödənilmiş inzibati cərimənin cavabdeh tərəfindən ödənilməsi hissəsində təmin edilə bilməz. Belə ki, iş materiallarında olan təhvil-təslim aktından göründüyü kimi Avtomobil cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə təhvil alınmışdır. Göründüyü kimi xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib edilən zaman Avtomobil cavabdehin istifadəsində olmamışdır.

17. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia qismən təmin edilsin. İnzibati xəta haqqında protokollara görə ödənilmiş 320 manat məbləğində pul və 30,40 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar