Məhkəmə qərarları › İş №e-2(011)-5931/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5931/2022

14.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5931/2022 14.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “zərərin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-yə vurduğu real zərər kimi 1000 (bir min) manat, həmin vəsaitin məbləğindən cari günə qədər bank uçot dərəcəsi üzrə hesablanmış 71 manat faizin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçıASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ü.E.Nəbizadə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh xx.xx.2021-ci il tarixdə Sumqayıt Regional “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisində X9 ilə bağladığı alqı-satqı müqaviləsi üzrə satıcıya verilməli olan məbləği notariusun İddiaçı ASC-nin Sumqayıt şöbəsindəki depozit hesabına mədaxil etmək üçün müraciət etmişdir, notariusun xx.xx.2021-ci il tarixli 2668 saylı məktubuna əsasən cavabdeh tərəfindən hesaba 40000 manat məbləğində vəsait mədaxil olunmalı idi, cavabdeh Bankın şöbəsinə yaxınlaşaraq vəsaiti kassirə təqdim etmiş və kassir cavabdehin təqdim etdiyi vəsaiti pul sayan aparatla sayaraq kassaya qəbul etmiş və pul sayan aparatın göstəricisini nəzərə alaraq cavabdehə 40.000 manat vəsaitin mədaxilinə dair qəbz təqdim olunmuşdur, daha sonra müqavilə üzrə satıcı Elsevər Cəfərov notariusun pul çeki ilə qeyd olunan vəsaitin məxaric olunması üçün Bankın şöbəsinə müraciət etmiş və kassir daha öncə cavabdeh tərəfindən təqdim olunmuş pul bağlamalarını Elsevər Cəfərova təqdim etmişdir, bu zaman vəsait sayılarkən vəsaitin məbləğinin 39.000 manat olduğu müəyyən olunmuşdur, məsələ həm Bank tərəfindən, həmdə Bankın şöbəsinin fəaliyyət göstərdiyi Sumqayıt Regional “ASAN xidmət” Mərkəzi tərəfindən araşdırılmış, əməliyyata dair video görüntülərə baxış keçirilmişdir, məlum olmuşdur ki, cavabdeh Bankın şöbəsinə yaxınlaşarkən şöbənin kassasındakı pul sayan aparatda daha əvvəl sayılmış pulun nominalı – 1000 sayı sıfırlanmamış vəziyyətdə olmuşdur, cavabdeh tərəfindən kassirə təqdim olunmuş vəsait pul sayan aparata daxil edilmiş və pullar sayıldıqdan sonra yekunda pul sayan aparatda 40.000 sayı qeyd olunmuşdur, bu barədə cavabdehə məlumat verilsə də, o, əksik vəsaitin verilməsindən imtina etmişdir, müştəri məmnuniyyətinin qorunması məqsədilə 1000 manat Bankın vəsaiti hesabına satıcı E.Cəfərova təqdim olunmuş, gün sonunda kassanın qalığı Bankın vəsaiti hesabına bağlanmışdır, qeyd olunanları nəzərəalaraq hesab edirik ki, hazırda həmin vəsait cavabdeh tərəfindən Banka qaytarılmalıdır, pulun az verilməsi ilə bağıl yeganə sübut videodur, insan faktoru var, bank işçisinin sonradan həmin pulu götürməsi də mümkün olan haldır, lakin götürmədiyi videodan görünür. Sonda iddiaçının nümayəndəsi Ü.E.Nəbizadə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında bildirdi ki, ev almaq məqsədilə E.Cəfərov ilə müqavilə bağlamışdır, evin dəyəri aralarında 40000 olaraq qiymətləndirilmişdir, həmin məbləği banka təqdim etmişdir, pulu vermiş, qəbzləri ödəmişdir, daha sonra iddiaçı demişdir ki, 1000 manat əskikdir, lakin bu ola bilməz, evin qiyməti aralarında 40000 manat olaraq razılaşdırılmışdır, o özü ilə 40000 manat məbləğində pul götürmüş, həmin məbləği də kassirə təqdim etmişdir, bu barədə ona kassir tərəfindən qəbz də verilmişdir, onun 40000 manata razılaşdırılmış evi almaq üçün özü ilə 39000 manat götürməsi, kassaya az məbləğ təqdim etməsi də ağlabatan deyil, videoda da onun pulu çıxarmağı, onu saymağı görünür, pulu 10 min – 10 min sayaraq kassirə təhvil vermişdir. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan TT**********11040000 saylı xx.xx.2021-ci il tarixli Qəbzin surətindən görünür ki, Cavabdeh bankın Sumqayıt şöbəsinə 40000 (qırx min manat sıfır qəpik) ödəmişdir, həmin məbləğdə pul kassir tərəfindən qəbul edilmişdir. İş materiallarında olan TT**********36080 saylı xx.xx.2021-ci il tarixli Qəbzin surətindən görünür ki, Cavabdeh bankın Sumqayıt şöbəsinə 80 (səksən manat sıfır qəpik) manat ödəmişdir, həmin məbləğdə pul kassir tərəfindən qəbul edilmişdir. İş materiallarında olan TTTT**********264 №-li xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC Sumqayıt şöbəsi tərəfindən 1000 (bir min manat sıfır qəpik) manat X6 ödənilmişdir, ödənişin təyinatı xx.xx.2021-ci il tarixində günsonu sayılarkən X1 əskik gəlmiş bir min manat vəsait araşdırılması üçün məxaric olunmasıdır. İş materiallarında olan X10, X5, X11, X12 tərəfindən imzalanmış 27 sentyabr 2021-ci il tarixli Akta əsasən, xx.xx.2021-ci il tarixində Sumqayıt şöbəsində X3 alqı-satqı zamanı müştəridən 1000 manat məbləğində vəsait əskik almışdır, əskik gələn vəsait həmin gün kassa əskik gəlmə hesabından (2********) məxaric edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Regional “Asan xidmət” Mərkəzində notariat ofisi İddiaçı ASC Sumqayıt şöbəsinə 27 sentyabr 2021-ci il tarixli 2668 №-li məktubla müraciət edərək, alıcı - Cavabdeh tərəfindən notariat qaydasında təsdiq ediləcək alqısatqı müqaviləsi 40000 manat məbləğində pulu alqı-satqı müqaviləsi tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında X7 verilməsi üçün bankda olan depozit hesaına qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 30,71 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh, X9 ilə bağladığı alqı-satqı müqaviləsi üzrə məbləği (40000 manat) depozit hesabına mədaxil etmək üçün İddiaçı ASC-nin Sumqayıt şöbəsinə müraciət etmişdir, eyni tarixdə cavabdehə sonuncu tərəfindən “Cavabdeh Əmiş oğlu tərəfindən 40000 manat məbləğin Sumqayıt şöbəsinə mədaxil olunması, kassirin həmin məbləğdə pulu qəbul etməsi”ni təsdiq edən qəbz verilmişdir. Bununla belə, cavabdeh tərəfindən iddiaçıya daha az məbləğdə pul mədaxil edilməsinə, habelə cavabdeh tərəfindən iddiaçıya zərər vurulmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına belə halları təsdiq edən mötəbər sübutlar əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Məhkəmə, iş materiallarına əlavə edilmiş videoyazı materiallarına münasibətdə isə hesab edir ki, həmin sübutlar cavabdeh tərəfindən iddiaçıya zərər vurulmasını bilavasitə təsdiq etmir. Belə ki, videoyazıda, cavabdeh tərəfindən pul əsginaslarının bağlama şəklində kassirə təqdim edilməsi, kassirin həmin pul əsginaslarını qəbul edib, onu pul sayan aparata yerləşdirilməsi, bu zaman pul sayılmağa başlayarkən aparat üzərindəki rəqəmin “0” olması, təqdim edilmiş pul bağlamaları sayıldıqdan sonra, son olaraq məbləğin “40080” olaraq hesablanması, kassirin hər hansı bir irad bildirmədən pul bağlamasını sağında yerləşən ikinci çəkməcəyə qoyması, bu barədə cavabdehə qəbz verməsi görünməklə yanaşı, həmin videoyazıdan, cavabdeh tərəfindən daha az məbləğdə ödəniş edilməsi görünmür. Bundan başqa, həmin tarixdə kassada kəsrin yaranması faktı, bunun yaranması səbəbləri ilə bağlı iddiaçı tərəfindən hər hansı bir rəsmi araşdırılma aparılmamaqla da rəsmiləşdirilməmişdir. İş materiallarına əlavə olunmuş 27 sentyabr 2021-ci il tarixli Akta münasibətdə isə məhkəmə qeyd edir ki, aktda “xx.xx.2021-ci il tarixində Sumqayıt şöbəsində X2 alqı-satqı zamanı müştəridən 1000 manat məbləğində vəsaiti əskik olması, əskik gələn vəsaitin həmin gün kassa əskik gəlmə hesabından (2********) məxaric edilməsi” qeyd edilsə də, həmin məbləğin Cavabdeh aidiyyəti, hadisənin iddiaçıya məxsus kassada baş verməsi və ya ona aidiyyəti, aktın iştirakçılarının şəxsiyyəti və vəzifələrinə dair məlumatlar göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin sübutlar (videoyazı və akt) cavabdeh tərəfindən daha az məbləğdə ödəniş edilməsini, bununla da iddiaçıya zərər vurulması ilə bağlı hallarıın təsdiq edilməsi üçün məhkəmə tərəfindən nəzərə alına bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı "vurduğu real zərər kimi 1000 manat, həmin vəsaitin məbləğindən cari günə qədər bank uçot dərəcəsi üzrə hesablanmış 71 manat faizin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçıASC-yə ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edldiyindən və iddiaçıdan dövlət rüsumundan azad olunması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 203.2-ci maddəsinə əsasən, səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı "Cavabdeh İddiaçı ASC-yə vurduğu real zərər kimi 1000 (bir min) manat, həmin vəsaitin məbləğindən cari günə qədər bank uçot dərəcəsi üzrə hesablanmış 71 manat faizin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçıASC-yə ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar