Məhkəmə qərarları › İş №e-2(011)-602/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-602/2023

06.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-602/2023 06.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş 25 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 manat aylıq sabit pul məbləğində alimentin iddiaçıdan tutulub cavabdehin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə 19 sentyabr 2010-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 25 sentyabr 2011-ci il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflərin nikahı Xətai Rayon Məhkəməsinin 2(011)- 1378/2016 saylı, 13 dekabr 2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamədən görünür ki, cavabdehlə birgə nikahdan doğulmuş X1 cavabdehin himayəsində qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır. Cavabdehlə nikahları pozulduğu gündən bu günədək övladının saxlanması üçün iddiaçı hər ay aliment ödəmişdir. İddiaçının həmin qətnamədə alimentin qazancının ¼ hissəsinə yönəldilməsindən məlumatı olmamışdır. O, sadəcə aliment ödəməli olduğunu bildiyindən, qətnamənin heç bir zaman icraya yönəlməməsinə baxmayaraq, hər ay mütəmadi olaraq ata kimi övladının xərclərini qarşılamışdır. 19 oktyabr 2018-ci il tarixli razılaşmadan göründüyü kimi cavabdehlə birgə nikah dövründə əldə etdikləri mənzilin bölünməsi zamanı cavabdehə iddiaçı tərəfindən 30000 manat kompensasiya ödənilmişdir. Lakin son 4 aydır ki, iddiaçıya məlum olmuşdur ki, aliment ödənişi onun əmək haqqının ¼ hissəsinə yönəlmişdir. Bu səbəbdən də onun aliment borcu yaranmışdır. İddiaçının aylıq əmək haqqı 2022-ci ilin yanvar ayından artmışdır. Onun maaşı artaraq 1700 manat olmuşdur. Aylıq maaş kartına köçürülən məbləğ 1396 manatdır. İddiaçının iş yeri Şirvan şəhərində yerləşir. Hər gün Bakıdan Şirvana gedib-gəlmək üçün aylıq olaraq 400 manata yaxın miqdarda xərci çıxır. Onun özünə qalan məbləğlə ailəsini saxlamağı, himayəsində olan onkoloji xəstə anasına baxmağı, eyni zamanda yüksək məbləğdə aliment ödəməyi mümkün deyildir. İddiaçı 25 avqust 2018-ci il tarixdə yenidən ailə qurmuş, 03 sentyabr 2019-cu il təvəllüdlü X2 anadan olmuşdur. Bundan əlavə, iddiaçının anasının onkoloji xəstəliyinin müalicəsinə görə götürdüyü bank kreditlərinə aylıq 350 manata yaxın ödənişləri vardır. Qeyd olunan səbəblərdən onun maddi vəziyyəti alimentin hazırkı səviyyədə qalmasına imkan vermir. Cavabdeh "xxxx" MMCdə şöbə müdiri vəzifəsində işləyir. Vəzifəsinə əsasən də yüksək maaşı vardır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli 2(011)-1378/2016 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 25 sentyabr 2011-ci il təvəllüdlü X1 anasının himayəsində qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı 25 avqust 2018-ci il tarixdə yenidən ailə həyatı qurmuş, həmin nikahdan 03 sentyabr 2019-cu il təvəllüdlü X2 anadan olmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci madəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78, 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir:- aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında;- sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinə əsasən, qanunverici valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Qanunvericinin müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğdə tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Göründüyü kimi Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə əsasən hazırkı iş üzrə aliment hissəvi şəkildə tutulmuş, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli 2(011)- 1378/2016 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda İddiaçı ondan hissəvi qaydada tutulan alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində tutulmasını xahiş edir. Konstitusiya Məhkəməsi Plenum qərarının mövqeyinə əsasən, öncəki məhkəmə qərarı ilə alimentin hissəvi şəkildə tutulması qət edilmişdirsə, sonradan alimentin miqdarı dəyişdiriləcəyi halda da o, hissəvi şəkildə tutulmalıdır. Həmçinin məhkəmə yuxarıda göstərilənləri hazırkı işə tətbiq edərək hesab edir ki, hazırkı işdə tərəflərin birgə nikahından doğulmuş uşaq İddiaçı himayəsində olmadığından və həmin uşaq üçün hazırda iddiaçıdan tutulan aliment iddiaçının tələbi ilə tutulmadığından, hazırda iddiaçının ondan qazancının müəyyən hissəsi kimi tutulan alimentin sabit pul məbləğində tutulmasını tələb etmək hüququ yoxdur. Belə bir tələb irəli sürmək hüququ aliment ödənilən şəxsə, yəni Cavabdeh məxsusdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehlə birgə nikahdan doğulmuş 25 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 manat aylıq sabit pul məbləğində alimentin iddiaçıdan tutulub cavabdehin xeyrinə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar