Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6252/2025 21.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh "xxxx" MMC-ə qarşı "mənəvi zərərin ödənilməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “mənəvi zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 60000 (altmış min ) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat , ümumilikdə 60125 (altmış min yüz iyirmi beş) manat pulun və ödənilmiş 270,50 (iki yüz yetmiş manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, X5 20 dekabr 2017-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi İsuzu NPR 66L markalı 90-JB 652 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Ağsu rayonunun ərazisindən keçən 164-cü kilometrliyində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə ziyan vurmamalıdır” kimi tələblərini pozaraq yolun hərəkət hissəsinin sağ kənarı ilə eyni istiqamətdə hərəkət edən piyada X6 vurmuş, nəticədə ona beyin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin sınıqları, başın sol gicgah təpə nahiyəsinin qançırı və onun fonundakısıyrığı, solsağrı nahiyəsinin qançırı, soləlin sıyrığı, sağ və sol diz oynağının sıyrıqları, solayağın sıyrığı xəsarətləri yetirərək ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində həyatını itirmiş X8 İddiaçı oğludur. Şəki Apellyasiya Məhkəməsinin 1(107)- 116/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Ağsu Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli hökmü ilə CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X2 təyin olunmuş üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Hadisə nəticəsində həyatını itirmiş Hüseynov Sabit oğlu İddiaçı oğludur. Qeyd edim ki İddiaçı mərhum oğlunun faciəvi şəkildə ölümündən sonra hələ də özünə gələ bilmir və bu ölüm ona mənəvi iztirablar verir. X4 faciəvi şəkildə ölümü həyatının sonuna qədər iddiaçının qəlbində sağalmayacaq dərin izlər buraxmışdır. X4 ölüm səbəbi "xxxx"MMC”-nin sürücüsü X1 məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Ona görə də, bu ziyan CavabdehMMC tərəfindən ödənməlidir. Bu ziyan nə qədər ödənsə də, X6 heç vaxt geri qaytara bilməyəcək. Lakin hesab edirik ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsa idi mərhum hal-hazırda həyatda olardı və iddiaçı mənəvi istirab çəkməyəcəkdi. İddiaçı hesab edir ki, hadisə nəticəsində ona 60000 (altmış min) manat mənəvi ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədilə kompensasiya kimi 5000 manat təklif edilmiş, lakin onlar təklifi rədd etmişlər. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, "xxxx" MMC-nin sürücüsü X5 20 dekabr 2017-ci il tarixdə idarə etdiyi İsuzu NPR 66L markalı 90-JB 652 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini piyada X6 vurmuş, onun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. "xxxx" MMC tərəfindən MMCnin maddi imkanları daxilində iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədilə kompensasiya kimi 5000 manat təklif edilmiş, lakin iddiaçı bu təklifi qəbul etməmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1996-cı ildə, Ağsu rayonu, Yenilik kəndində doğulmuşdur, onun anası İddiaçı, atası isə X3r. İş materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 1(107)-116/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən, onun müdafiəçisinin apelyasiya şikayəti isə təmin edilmiş və Ağsu Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmişdir. Ağsu Rayon Məhkəməsinin 13 aprel 2018ci il tarixli hökmü ilə CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X2 təyin olunmuş üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. X5 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin apelyasiya şikayəti təmin edilməməsi, hökmün baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin Hökmdən görünür ki, X5 20 dekabr 2017-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi İsuzu NPR 66L markalı 90-JB652 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Şamaxı-Yevlax yolunun Ağsu rayonunun ərazisindən keçən 164-cü kilometrliyində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə ziyan vurmamalıdır” kimi tələblərini pozaraq yolun hərəkət hissəsinin sağ kənarı ilə eyni istiqamətdə hərəkət edən piyada X6 vurmuş, nəticədə ona beyin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin sınıqları, başın sol gicgah təpə nahiyəsinin qançırı və onun fonundakı sıyrığı, sol sağrı nahiyəsinin qançırı, sol əlin sıyrığı, sağ və sol diz oynağının sıyrıqları, sol ayağın sıyrığı xəsarətləri yetirərək ölümünə, habelə Cavabdeh MMC-yə 300 manat məbləğində maddi ziyan vurmaqla “İsuzu NPR 66L” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X5 cavabdeh "xxxx" MMC-nin sürücüsü olmuş, 20 dekabr 2017-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi İsuzu NPR 66L markalı 90-JB652 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı- Yevlax yolunun Ağsu rayonunun ərazisindən keçən 164-cü kilometrliyində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq piyada X6 vurmuş, onun ölümünə səbəb olmuş, Şəki Apellyasiya Məhkəməsinin 1(107)-116/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Ağsu Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli hökmü ilə CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X2 üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir, İddiaçı X4 anasıdır, dəyən zərər məhz cavabdeh "xxxx" MMCnin əməkdaşının MMC-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədardır, hazırda iddiaçı cavabdehdən mənəvi ziyana görə 60000 manat tələb edir, cavabdeh "xxxx" MMC iddiaçıya 5000 manat məbləğində pul vəsaiti verməyə razıdır. Bununla belə, hadisənin baş verməsində cavabdehin təqsirli, hüquqazidd əməlini istisna edən, hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsini istisna edən hallar məhkəmə tərərindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır ki, hazırki iş üzrə də "xxxx" MMC-nin işçilərinin hüquqa zidd – təqsirli əməli ilə baş vermiş yol hərəkət hadisəsi nəticəsində iddiaçının oğlunun ölməsinin onda mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarması mübahisəsizdir. Bu, həm də onunla bağlıdır ki, iddiaçı ilə mərhum şəxs - oğlu arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması və ona dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə baş vermiş hadisənin iddiaçının oğlunun ölümü ilə nəticələnməsini, iddiaçının yaşını, mənəvi sarsıntıya və iztirablara dözüm həddini, cavabdeh təşkilatın əmlak vəziyyətini və digər diqqətəlayiq hallar nəzərə almaqla, vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədilə 10000 manat məbləğində kompensasiyanın cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 125 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 125 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1117-ci maddəsinə əsasən, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1118.2-ci maddəsinə əsasən, itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-dən mənəvi ziyanın əvəzi qismində 10000 manat, hüquqi yardıma görə ödənilmiş 125 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsində cavabdehlərə aid edilməli, cavabdehdən ödənilmiş dövlət rüsumunun kəsiri kimi 120 manat alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC-dən mənəvi ziyanın əvəzi qismində 10000 (on min) manat, hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat və ödənilmiş dövlət rüsumunun kəsiri kimi 120 (yüz iyirmi) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6252/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6252/2025
21.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver