Məhkəmə qərarları › İş №e-2(011)-6280/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6280/2025

03.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6280/2025 03.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin və əvvəlki dövr üçün 3 illik müddət həddində alimentin tutulması və mediasiya sessiasının keçirilməsi barədə ödənilmiş 50 manat pul məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdehilə qeyri rəsmi nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X4 anadan olmuşdur. Azərbaycan Respublikası 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 254 nömrəli, xx.xx.2022-ci il tarixli, Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Hazırda cavabdehə qarşı “Aliment tutulması” tələbi mövcuddur belə ki, qızlarının saxlanılmasında özünün də bir valideyn kimi iştirak etməsinə baxmayaraq onun maddi təminatının təminində problemlərlə üzləşir. Belə ki, qızı azyaşlı olduğundan heç yerdə işləyə bilmir. Cavabdeh qızından imtina edərək aliment ödəməyəcəyini, övladını istəmədiyini və iddiaçı hara müraciət etsə belə aliment ödəməyəcəyini bildirərək, aliment tələbinin verilməsinə dair iddialardan dəfələrlə imtina etdirmişdir. Həmçinin, xx.xx.2022-ci il təvəllüdlü X3 maddi ehtiyaclarını ödəməsi üçün cavabdehin maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Doğum haqqında arayışdan görünür ki, X4 xx.xx.2022-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV seriyalı, 813382 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ seriyalı, 420087 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. İş materiallarında olan Bakı 20 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/20/2025-00546 saylı, xx.xx.2025-ci il tarixli “X2 (İMS) İştirak edilməməsi barədə” Arayışdan görünür ki, Cavabdeh İMS-də iştirak etməmiş, İddiaçı isə mediasiya sessiyasında iştirak etmişdir. Mübahisənin predmeti aliment və 3 yaşına qədər uşağın saxlanma xərclərinə dair əlavə ödəniş tələbi olmuşdur. İddiaçı tərəfindən ilkin mediasiyanın keçirilməsi üçün 60 AZN məbləğində (50 AZN İMS, 10 AZN kargüzarlıq xərci) mediasiya xərci ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh və İddiaçı xx.xx.2022-ci il tarixdə X4 adında övladı dünyaya gəlmişdir, hazırda X4 anası İddiaçı ilə yaşayır, iddiaçı cavabdehdən uşağın saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində aliment və əvvəlki dövr üçün 3 illik müddət həddində aliment tələb edir. Bununla belə uşağın saxlanılması üçün aliment tutulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulmalı aliment miqdarının müəyyən edilməsinə münasibətdə qeyd edir ki, bu zaman tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olması, uşağın əvvəlki yaşayış səviyyəsi və onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər hallar nəzərə alınmaqla cavabdehdən hər ay minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində alimentin tutulması müəyyən edilməlidir. Məhkəmə, alimentin hansı vaxtdan tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı aliment tələbi ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti ərizənin məhkəməyə verildiyi həmin tarixdən başlanmalıdır. Məhkəmə iddia tələbinin “əvvəlki dövr üçün 3 illik müddət həddində alimentin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığı barədə sübutetmə yükü iddiaçının öhdəsinə düşür, lakin iddiaçı buna dair sübutları məhkəməyə təqdim etməmiş, belə hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı deyil. Məhkəmə, iddia tələbinin “mediasiya xərci” hissəsinə münasibətdə hesab edir ki, bu xərc iddiaçının məhkəməyə müraciət etməsi ilə bağlı xərclərə aid olduğundan cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixindən hesablanmaqla, hər ay minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment tutulmalı, həmçinin Cavabdeh mediasiya xərci kimi ödənilmiş 50 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, iddiaçı aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən o, dövlət rüsumunun ödənilməsindən azaddır, cavabdehin dövlət rüsumundan azad olması halı məhkəmə tərəfindən müəyyən olunmadığından, Cavabdeh 49,52 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci bəndinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 (sıfır tam yüzdə altmış iki) misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdehn mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 49 (qırx doqquz) manat 52 (əlli iki) qəpik məbləğində pul vəsaiti Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar