Məhkəmə qərarları › İş №e-2(011)-641/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-641/2023

13.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-641/2023 13.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin alınması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı –yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il doğum tarixli X3 yetkinlik yaşına çatanadək hər ay 193 manat məbləğində alimentin, yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il doğum tarixli X3 3 yaşı tamam olana qədər hər ay 150 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçya ödənilməsi barədə qətnamə qəbul edilməsini ahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı Asan Xidmət Mərkəz qeydiyyat şöbəsində 493 nömrə ilə rəsmi nikaha daxil olmuşlar. Rəsmi nikahdan xx.xx.2020-cı il doğum təvəllüdlü X4 dünyaya gəlmişdir. Aralarında olan ailə münasibətləri 2020-ci ilin may ayından faktiki olaraq pozulmuşdur. İddiaçı qeyd olunan tarixdən övladı ilə birgə valideynlərinin himayəsində yaşayır. Qanunvericiliyin tələbinə görə hər bir valideyn öz uşaqlarını saxlamağa, onların maddi təminatlarını ödəməyə borcludurlar. Ancaq cavabdeh övladı ilə bağlı öz vəzifə borcunu yetirmir. Ona görə də hal-hazırda uşağın bütün maddi və mənəvi tələbatlarını iddiaçının valideynləri ödəyir. Tərəflərin övladı az yaşlı və qulluğa ehtiyacı var. Bu hal iddiaçının çalışmağımın qarşısını alır. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o təkbaşına edə bilmır. Bu səbəbdən iddiaçı övladını saxlamaq üçün zəruri vəsaitəyə ehtiyac var. Uşağın maddi ehtiyaclarını ödəməsi üçün cavabdehin maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Bütün bunlara əsasən iddiaçı hesab edir ki, uşağın və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, övladının saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən övladının saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Qanunun tələbi üzrə iddiaçı xx.xx.2022-ci il tarixdə aralarında olan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün müraciət etmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiyaya ödənilmiş 50 manat ilkin mediasiya xərcini iddiaçı ödəmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən yalnız aliment hissəsində qəbul ediyini bildirdi. Belə ki, uşağın 3 yası çatanadək ayda 150 manat ödəməyə imkanı yoxdur. İş materiallarına əlavə edilmiş: 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ seriyalı, 328642 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ- lV seriyalı 424927 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qızı göstərilmişdir. xx.xx.2022-ci il tarixli Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, iddia uşağın yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaq alimentin məbləği hər ay 193 manat müəyyən edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “uşağın 3 yaşı tamam olanadək cavabdehdən hər ay 150 manat məbləğində pul vəsaitinin tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Buna görə də iddianın həmin hissəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin həqiqətən də zəruri vəsaitə malik olmasına dair hər hansı sübut təqdim etmədiyindən, bununla da cavabdehin zəruri vəsaitə malik olması müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə qismən təmin edilərək, cavabdehdən hər ay 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Bundan başqa, məhkəmə alimentin və uşağın 3 yaşı tamam olanadək cavabdehdən tutulan alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin və uşağın 3 yaşı tamam olanadək cavabdehdən tutulan alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də xx.xx.2020-cu il təvəllüdlü X1 üçün alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 193 (yüz doxsan üç) manat sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək, yəni xx.xx.2023-cü il tarixədək X2 hər ay 50 (əlli) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentin və uşağın 3 yaşı tamam olanədək alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar