Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6639/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X5 qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 80.000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın və 330.50 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs X2 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə səbəb olmuşdur. X4 16 iyul 2010-cu il tarixli 2/k saylı əmrlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin Regionlar üzrə Qaz İstismar İdarəsi X8 sahəsinin 2 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarətçiçilingər vəzifəsində işləyərkən səhlənkarlıq edərək işə laqeyd münasibət göstərib öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək Siyəzən şəhəri, A.Cabbarov 23 ünvanındakı yaşayış evinin ev daxili qaz avadanlıqlarına normativ aktların tələblərinə uyğun şəkildə baxış keçirməmiş, mövcud qüsurları vaxtında aşkar etməmiş, təhlükəli şəraitdə qazdan istifadə edilməsinə yol vermişdir. Belə ki, hadisə baş vermiş hamam otağının həcmi və qorunma sistemi notmativ aktların tələblərinə uyğun olmamış, hamam otağında quraşdırılmış axımlı suqızdırıcının tüstü bacası normaların tələblərinə uyğun qoşulmamışdır ki, bu da müəyyən normaya hesablanmış oksigen çatışmazlığı şəraitində ifrat dərəcədə açılmış təbii qazın tam yanmaması səbəbindən yaranan dəm qazının hamam otağına dolmasına və nəticədə X3 21 yanvar 2014-cü il tarixdə həmin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölməsinə səbəb olmuşdur. Baş vermiş cinayət hadisəsi ilə əlaqədar başlanılmış cinayət işi üzrə ibtidai istintaq aparılmış məhkəməyə göndərilmiş cinayət işi üzrə Siyəzən Rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli hökmü çıxarılmış və hadisənin Vüqar Poladovun təqsiri ucbatından baş verməsi öz əksini tapmışdır. X1 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən əsas cəza kimi təyin olunan 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayəti və baş verən hadisə nəticəsində iddiaçıya və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin təqsirli olub-olmamasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, iş materiallarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin 1(059)-19/2014 saylı, 02 iyul 2014-cü il tarixli hökmünə əsasən X4 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən əsas cəza kimi təyin olunan 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının arvadı 21 yanvar 2014-cü il tarixdə dəm qazı ilə zəhərlənmə nəticəsində ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının arvadının ölümündə cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Bundan başqa, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (AR MM-nin 1099.1-ci maddəsi). İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (AR MM-nin 1099.2-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının arvadının ölümündə cavabdehin təqsiri vardır. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, şübhəsiz ki, iddiaçının öz arvadını itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının ən yaxın ailə üzvlərindən biri hesab edilən arvadının ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşının səhlənkarlığı, işə laqeyd münasibəti, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının arvadının dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz Cavabdeh İB-nin əməkdaşının Cavabdeh İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçı cavabdehin işçisinin təqsiri üzündən öz arvadını itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın ölümü həddindədir. Beləliklə, işin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh təşkilatın əməkdaşının təqsirli hərəkəti nəticəsində iddiaçının arvadının ölməsi iddiaçının yüksək dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, arvadının ölümü nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə iddianın qismən təmin edilməsini və iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq 55.000 manat pulun tutulmasını ağlabatan hesab edir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 330.50 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 330.50 manat dövlət rüsumunun 228 manat hissəsi tutulub iddiaçıya ödənilməli, qalan 102.50 manat isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq Cavabdehndən 55.000 (əlli beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş 228 (iki yüz iyirmi səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. 330.50 (üç yüz otuz manat əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun qalan 102.50 (bir yüz iki manat əlli qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-6639/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6639/2022
24.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver