Məhkəmə qərarları › İş №e-2(011)-6647/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6647/2023

25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6647/2023 25.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahından dünyaya gəlmiş övladları X6 və X1 üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsinin alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Xətai Rayon Məhkəməsinin 2(011)-7248/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə iddiaçı arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan dünyaya gəlmiş X6 və X1 üçün hər uşağa 160 manat olmaqla, ümumilikdə 320 manat alimentin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Hal hazırda Cavabdeh maddi gəlirləri xeyli artmış, 3 iş yerində əmək müqaviləsi əsasında çalışır. Həmçinin digər formada (xidməti müqavilə və s.) çalışması da istisna edilmir. Bu səbəbdən də, cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi aliment olaraq tutulub iddiaçıya ödənilməlidir. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, bu günə qədər məhkəmə qətnaməsi ilə 320 manat aliment məbləği müəyyən edilmiş, o isə bu məbləğdən daha yüksək məbləğdə aliment ödəmişdir, kompyuter sahəsində çalışdığı üçün sərbəst iş qrafiki ilə işləyir, hazırda tələb olunan aliment məbləğini ödəməyə razıdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7248/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2019-cu il tarixdən hesablanmaqla, hər ay hər uşağa görə 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 710038 saylı doğum haqqında şəhadətnamədən görünür ki, 26 mart 2011-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 238317 saylı doğum haqqında şəhadətnamədən görünür ki, 31 dekabr 2013-cü il təvəlüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı 12 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/12/2023-00707 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı və Cavabdeh iştirak etmişdir, 50 manat məbləğində mediasiyaya dair xərc İddiaçı tərəfindən ödənilmiş, İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İş materiallarında olan X7 Xidmətinin məktubundan və EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir və ümumilikdə 5930,71 manat məbləğində əmək haqqı alır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan iki yetkinlik yaşına çatmayan uşaqları var: xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəlüdlü X5 və onlar analarının yanındadır, xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş hər ay hər uşağa görə 160 manat, ümümilikdə 320 manat aliment məbləği uşağların saxlanması məqsədi ilə yetərli deyildir. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)- 7248/2019 saylı qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, təhsilini, mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, onun saxlanmasına cəlb edilməli olan şəxsin qadın olmasını, cavabdehin aylıq qazancını, onun müntəzəm gəlirinin olmasını, habelə cavabdehin aliment ödəmək barədə razılığını və iddia tələbini nəzərə alaraq, alimentin iddiaçının aylıq əmək haqqının (gəlirlərinin) 1/3 hissəsi məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşaqların valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir....Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir....Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7248/2019 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay 2 uşağa görə 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, cavabdehdən dövlət mədaxilinə 100 manat məbləğində dövlət rüsumu alınmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7248/2019 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəlüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla Cavabdeh hər ay 2 uşağa görə 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar