Məhkəmə qərarları › İş №e-2(011)-667/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-667/2024

13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-667/2024 13.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi,iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdehnə qarşı Cavabdehndən mənəvi zərərə görə 80.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 330 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 dekabr 2018-ci il tarixdə saat 20:30 radələrində iddiaçının oğlu Sənan bibisi oğlu Əlidən test kitabı almaq üçün onlara getmişdir. Sənan iddiaçının baldızı Günelgilə gedəndən sonra birlikdə oturub çay içmişlər. Günel isə onlara çay verdikdən sonra evin ikinci mərtəbəsində namaz qılmış, həmin vaxt Məhəmməd, Əli və Sənan birlikdə oynamaq üçün evin birinci mərtəbəsində yerləşən giriş qapısından sağ tərəfdə yerləşən otağa getmişlər. Həmin otaqdan gündəlik istifadə olunmamışdır. Uşaqlar orada oynayarkən çox güclü partlayış olmuşdur. Partlayış baş verən zaman ətrafdakı bütün evlər silkələnmişdir. İddiaçı tələsik evdən çıxıb Günelgilin evinə gəlmiş və onların həyətinə girən kimi Sənanın paltarları yanmış vəziyyətdə həyət qapısına tərəf gəldiyini görmüşdür. Yoldaşı Sənanı quçaqlayıb mənə verdi və özü isə evə tərəf getdi. Onlar Günelgilin evinə doğru yaxınlaşdılar, evə çatanda Əlinin yana-yana talvarın altında olduğunu gördülər. Onu əynindəki yanan paltarları çıxartdılar, evə girdikdə isə Günelin Məhəmmədi qucağında çölə çıxarıdğını gördülər. Uşaqları xəstəxanaya aparmışdırlar. Xəstəxanada göstərilən ilkin tibbi yardımdan sonra onların vəziyyətinin yaxşı olmadığı və müalicənin davam etdirilməsi üçün elə həmin gecə Bakı şəhərində yerləşən 5 saylı xəstəxananın nəzdindəki yanıq xəstəxanasına aparmışdılar. Uşaqların yanıq xəsarətləri ciddi olmuş və həkimlər ilk gündən yaşamaq imkanlarının zəif olduğunu bildirmişlər. Göstərilən bütün tibbi yardımlara baxmayaraq Əli 10 dekabr 2018-ci il tarixdə, Məhəmməd 14 dekabr 2018- ci il tarixdə, Sənan isə 16 dekabr 2018-ci il tarixdə öldülər. Qaz sızması iddiaçının baldızı Günelin evinin qarşısındakı darvazanın yanında açıq -aydın göründüyü üçün bu barədə mərhum Əli 27 noyabr 2018-ci il və 05 dekabr 2018-ci il tarixlərində, iddiaçının həyat yoldaşı Rauf isə 08 dekabr 2018-ci il tarixdə 104 qaynar xəttə zəng vurmuş, vəziyyəti izah etmişdilər. Lakin heç bir nəticəsi olmamış, 05 dekabr 2018-ci il tarixdə sonradan adını bildiyi Məhəmməd Nuruyev adlı şəxs gələrək təmirin mümkün olmadığını bildirmiş və getmişdir. Cavabdeh əməkdaşları X2 Regional Qaz İstismar İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətində mühəndis vəzifəsində, həmçinin, X1 X15 İdarəsinin Masallı Xidmət Сahəsinin Təmir Bərpa Xidmətinin nəzarətçiçilingəri vəzifəsində işləyərkən, Masallı rayonu Sığıncaq kənd sakini X10 məxsus olan fərdi yaşayış evinin həyət qapısının qarşısından keçən yeraltı qaz kəmərində qaz sızma olması barədə, məlumat almasına baxmayaraq, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək həmin qaz sızmasının qarşısını almaması səbəbindən 08 dekabr 2018-ci il tarixdə baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin, yəni X6, X3 və X13 ölümünə səbəb olan səhlənkarlıq etmişlər. Masallı rayon məhkəməsinin 1(050)-55/2019 saylı, 03 oktyabr 2019cu il tarixli hökmünə əsasən X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2.-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin həmin hökmlə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifətutma hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Masallı rayon Məhkəməsinin 1(050)-55/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli hökm qanuni qüvvəyə minmiş və hökm icraya yönəldilmişdir. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə Cavabdeh Lənkəran X15 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətinin əməkdaşlarının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının azyaşlı oğlu və azyaşlı baldızım bacım uşaqlarının faciəvi surətdə ölməsi ilə bağlı iddiaçının və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarından görünür ki, Masallı Rayon Məhkəməsinin 1(050)-55/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli hökmünə əsasən əsasən X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2.-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin həmin hökmlə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifətutma hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin Hökmün surətindən həmçinin görünür ki, təqsirləndirilən şəxs X2 X15 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa xidmətində mühəndis vəzifəsində, X1 X15 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir Bərpa Xidmətinin nəzarətçi-çilingər vəzifəsində işləyərkən Masallı rayonu Sığıncaq kənd sakini X10 məxsus olan fərdi yaşayış evinin həyat qapısının qarşısından keçən yeraltı qaz kəmərində qaz sızma olması barədə məlumat almasına baxmayaraq, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək həmin qaz sızmasının qarşısını almaması səbəbindən 08 dekabr 2018-ci il tarixdə baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin, yəni X6, X3 və X13 ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Masallı Rayon Məhkəməsinin 1(050)-55/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli hökmü qanuni qüvvəsini almışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarı

1. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh səhlənkarlığı, yəni işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının oğlu və baldızının iki övladının ölümü ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşlarının Cavabdeh fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehin işçilərinin təqsiri üzündən yaxınlarının ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 80000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 30000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə, təmin edilmiş iddia tələbinin həcminə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 165 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar