Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6778/2024 09.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “digər valideynin razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 13 avqust 2009-cu il təvəllüdlü X6 və 08 iyul 2012-ci il təvəllüdlü X4 adlı uşaqlarını Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasından aparmaq hüququnun tanınması və həmin uşaqlara atasının iştirakı olmadan ümumvətəndaş pasportunun alınması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 2008-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla, 03 iyul 2012-ci ildə rəsmi nikah qeyd etdirmişlər. Nikah 1027 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Birgə nikahdan 13 avqust 2009-cu il təvəllüdlü X6 və 08 iyul 2012-ci il təvəllüdlü X4 adlı iki uşaqları doğulub. İddiaçı tətil vaxtlarında uşaqları ilə birlikdə xarici ölkələrə getmək istəyir. Lakin Cavabdeh uşaqları ölkədən kənara çıxarmaq üçün razılıq vermədiyi üçün iddiaçı heç bir yerə uşaqlarla birlikdə gedə bilmir. Cavabdeh uşaqların ölkə ərazisindən aparılıb gətirilməsi üçün razılıq vermədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Aşağıda qeyd edilənlərə əsasən iddiaçının tələbi tam haqlıdır. İddiaçının özü və uşaqları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubdurlar. İddiaçı uşaqlarını başqa ölkəyə aparmaq istəsə də, buna nail ola bilmir, çünki uşaqlarının atasından razılıq ərizəsi alınması mümkün deyildir. Nəticədə uşaqların sərbəst hərəkət etmək azadlığı pozulur və o, mənsub olduqları dövlətdən başqa ölkəyə sərbəst gedib-gələ bilmirlər ki, bu da onların hüquqlarının məhdudlaşmasına səbəb olur. Hesab edir ki, uşaqların atasının onların ölkə hüdudlarından kənara aparılması üçün razılıq verməməsi, uşaqların hüquqlarının digər valideyn tərəfindən həyata keçirilməsinə mane ola bilməz. Nəzərə alınmalıdır ki, uşaqların ölkədən gedə bilməməsi atasının buna razılıq verməsinin mümkün olmaması ilə əlaqədardır. Uşaqların və ya onunla birlikdə yaşayan iddiaçı anasının bu məsələdə heç bir təqsiri yoxdur. Uşaqların atasının razılığı olmadığından uşaqların başqa ölkəyə getməsi mümkün ola bilmir. Həmçinin qeyd edilməlidir ki, atanın razılığı olmadan uşaqların başqa ölkəyə getməsi uşaqların öz mənafelərinə xidmət edir və burada atanın mənafeləri əleyhinə yönələ biləcək hal müəyyən olunmur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər. İddiaçı izahatında bildirmişdir ki, övladı 13 avqust 2009-cu il təvəllüdlü X3 təhsili ilə əlaqədar ölkə xaricinə getmək zərurəti yaranmışdır. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək uşaqların iddiaçının nəzarəti altında ölkədən çıxmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş 13 avqust 2009-cu il təvəllüdlü X6 və 08 iyul 2012-ci il təvəllüdlü X4 bildirmişlər ki, anaları ilə səyahət etmək istəyirlər. X6 xaricdə təhsil almaq istədiyini, lakin gedə bilmədiyini bildirmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, tərəflərin birgə münasibətlərindən 13 avqust 2009-cu il təvəllüdlü X6 və 08 iyul 2012-ci il təvəllüdlü X4 anadan olmuşdur. İddiaçı övladının təhsili ilə əlaqədar ölkə hüdudlarından kənara çıxmağın vacib olduğunu bildirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, Nümayəndə iddiaçının vəkilidir, göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” vəkil bürosunun hesabına iddiaçı tərəfindən 320 manat vəsait ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində isə təsbit edilmişdir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Uşaq hüquqları haqqında” Qanun: 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: 9.1 və 9.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 9.3-cü maddəsində isə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas ola bilən hallar göstərilmişdir. 11.1-ci maddəsinə əsasən, bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 11.2-ci maddəsində müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, uşaqla onun valideynləri arasında elə bir bağlılıq əlaqəsi mövcuddur ki, hətta onun valideynləri daha birgə yaşamasalar belə və ya münasibətlərinə son qoysalar belə, həmin əlaqə "ailə həyatı" təşkil edir. Valideynlə uşağın birlikdə olmaq hüququndan istifadə etmələri “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş "ailə həyatı"nın fundamental elementini təşkil edir (valideynlər arasında əlaqələr qırılmış olsa belə) və daxili qanunvericilikdə bu hüquqdan istifadəyə maneə yaradan tədbirlərin nəzərdə tutulması Avropa Konvensiyasının 8-ci maddəsi ilə qorunan hüquqa müdaxiləyə bərabərdir. Bununla yanaşı, Avropa Məhkəməsi bildirir ki, Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına zərər verə biləcək addımlar atmaq hüququna malik deyil. Bu sahədə həlledici məsələ dövlətin ona verilən qiymətləndirmə sərbəstliyinin hüdudları çərçivəsində əks maraqlar arasında ədalətli balansa riayət edib-etmədiyini müəyyənləşdirməkdir, lakin onu da yadda saxlamaq lazımdır ki, uşağın üstün maraqları birinci növbədə nəzərə alınmalıdır. Bununla belə, valideynlərin maraqları da, xüsusən onların uşaqla mütəmadi təmasda olmaq hüququ işdəki müxtəlif maraqlar balanslaşdırılarkən nəzərə alınmalı olan amildir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası: 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demoktratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa İnsan hüquqları Məhkəməsinin 13 iyul 2000-ci il tarixli qərarı: Konvesiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırmasında müəyyən olundu ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlar hazırkı iş üzrə iddiaçı olan anasının yanında qalırlar. İddiaçı övladlarının təhsil alması və istirahət etməsi məqsədilə müvəqqəti olaraq onunla birlikdə Azərbaycan Respublikasından kənara cavabdehin iştirakı olmadan getmələrini xahiş etmişdir. Uşaqların isə onunla getməsinə cavabdehin valideyn kimi müvafiq razılığı olmadığı üçün onlar Azərbaycan Respublikasının sərhədlərini keçə bilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı şəraitdə yetkinlik yaşına çatmayan uşaqların təhsil alması, istirahət, əqli və mənəvi cəhətdən inkişaf etməsi üçün Azərbaycan Respublikasından getmək hüququnun, onlardan ayrı yaşayan digər valideynin razılığından asılı edilməsi, uşaqların maraqlarına və qanuni mənafeyinə ziddir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin razılığını rəsmi olaraq almaq mümkün olmadığından, iddiaçının uşaqları ilə birlikdə qanunla müəyyən edilmiş qaydada sərbəst surətdə ölkədən getmək hüquqları pozulur, bir sözlə iddiaçı uşaqları ilə birlikdə sərbəst hərəkət edərək müvəqqəti olaraq istirahət, müalicə, təhsil və s. məqsədlə ölkədən getmək hüququndan məhrum olur. Məhkəmə hesab edir ki, himayəsində olan valideyn tərəfindən uşaqların müvəqqəti olaraq xarici ölkəyə aparılması digər valideyni Ailə Məcəlləsinin 61.1 və 61.2-ci maddələrində nəzərdə tutulmuş hüquqlardan məhrum etmir. Məhkəmə iddia tələbinin 13 avqust 2009-cu il təvəllüdlü X5 və 08 iyul 2012-ci il təvəllüdlü X2 uşaqlara atasının iştirakı olmadan ümumvətəndaş pasportunun alınması hissəsinə münasibətdə qeyd edir ki, sözügedən tələb qətnamənin icrasından irəli gələn tələb olduğu üçün tələb bu hissədə də təmin olunması zəruridir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən yetkinlik yaşına çatmayanların xarici pasport alması üçün məhz hər iki valideynin icazəsi tələb edilir. Nə qədər ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında sözügedən tələbə münasibətdə razılıq əldə edilməmişdir, həmin hissədə də iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 13 avqust 2009-cu il təvəllüdlü X3 və 08 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anaları İddiaçı ilə Cavabdeh razılığı olmadan Azərbaycan Respublikası ərazisindən müvəqqəti olaraq kənara getmələrinə icazə verilməli, 13 avqust 2009-cu il təvəllüdlü X5 və 08 iyul 2012-ci il təvəllüdlü X2 cavabdehin iştirakı olmadan pasportun verilməsi təmin edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, hazırkı mülki iş üzrə iddiaçı vəkillə təmsil olunmuşdur. Göstərilmiş hüquqi yardıma görə iddiaçı tərəfindən vəkil bürosunun hesabına 320 manat vəsaitin ödənilməsi də iş materialları ilə təsdiq edildiyindən, həmin vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 100.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 100 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. 13 avqust 2009-cu il təvəllüdlü X3 və 08 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anaları İddiaçı ilə Cavabdeh razılığı olmadan Azərbaycan Respublikası ərazisindən müvəqqəti olaraq kənara getmələrinə icazə verilsin. 13 avqust 2009-cu il təvəllüdlü X5 və 08 iyul 2012-ci il təvəllüdlü X2 cavabdehin iştirakı olmadan pasportun verilməsi təmin edilsin. İddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və dövlət rüsumuna görə ödənilmiş 100 (bir yüz) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-6778/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6778/2024
09.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver